Məhkəmə qərarları › İş №2(006)-3568/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3568/2020

10.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3568/2020 10.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin İddiaçı ilə bağladıqları müqaviləyə zidd olaraq, iddiaçının bhphotovideo.com saytından sifariş etdiyi APPLE MACBOOK Pro (APPLE N1BP/QC/İ5/8G/16 GB/512GBSSD/655/SG/13) markalı kompüterin çatdırılmaması nəticəsində məruz qaldığı 3568 manat məbləğində maddi, 5000 manat məbləğində mənəvi, eyni zamanda hüquqi xidmət xərclərinə görə çəkdiyi 1000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. Cavabdeh “xxxx” MMC 2015-ci ildən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən logistika şirkətidir. İddiaçı xx xxxxxxx 2019-cu il tarixində X2 yerləşən bhphotovideo.com saytından 2099 ABŞ dolları məbləğində APPLE MACBOOK Pro (APPLE MBP/QC/15/8G/16 GB/512GBSSD/655/SG/13) markalı kompüter sifariş edib. Məhsulun daşınması ilə bağlı xxxx MMC ilə iddiaçı arasında online müqavilə bağlanılıb. Müqaviləyə əsasən, xxxx MMC sifariş edilən məhsulun X4 içərisində qəbul edilməsi üçün anbar xidməti təmin etməyi, məhsul cavabdehin X2 yerləşən anbarına gəldikdən sonra isə iddiaçıya çatdırılmasını təmin etməyi, iddiaçı isə əvəzində qərarlaşdırılmış məbləği ödəməyi öz öhdəsinə götürüb. Cavabdeh şirkətin saytında ABŞ-dan sifariş edilən məhsulların həftədə 1 dəfə Bakı anbarına çatdırıldığı göstərilib. xx xxxxxxx 2019-cu il tarixində iddiaçının poçt ünvanına məhsulun anbara (xxxx MMC-nin X2 yerləşən anbarına) çatdırıldığı ilə bağlı bildiriş daxil olub. İddiaçı bir həftə gözləyib, lakin məhsul göndərilmədiyi üçün cavabdehlə əlaqə saxlayanda ona bildirilib ki, məhsul sistemə vurulmasa da, hal-hazırda anbardadır və növbəti reyslə göndəriləcəkdir. Bir müddət sonra İddiaçı təkrar qaydada şirkətə müraciət edərək bildirib ki, onun sifariş etdiyi məhsul hələ də ona çatdırılmayıb. Cavabdeh tərəfindən bildirilib ki, müvafiq araşdırılma aparılacaq, araşdırmanın nəticəsi barədə müştəriyə məlumat veriləcək. Bundan sonra araşdırmanın nəticəsi kimi iddiaçıya bildirilib ki, sözügedən məhsul ümumiyyətlə, anbara verilməyib. İddiaçı cavabdehdən xahiş edib ki, məhsul çatdırılmayıbsa, bununla bağlı sənəd ona təqdim etsinlər ki, o da məhsulun sifariş verildiyi sayt qarşısında iddia qaldıra bilsin. xx xxxxxx 2019-cu il tarixindən etibarən iddiaçıya heç bir məlumat verilməyib. İddiaçı bildirir ki, o bu hadisə ilə bağlı məhsulun sifariş verildiyi bhphotovideo.com saytı ilə əlaqə saxlayıb. Ona bildirilib ki, onlar əməkdaşlıq etdikləri FOX şirkəti vasitəsi ilə xx xxxxxxx 2019-cu il tarixində məhsulun çatdırılmasını həyata keçiriblər. Məhsulun çatdırıldığını sübut edən sənəd iddiaçıya təqdim olunub. İddiaçı xx xxxxxx 2020-ci il tarixində iddiaçıya müraciət edərək bildirib ki, müqavilə üzrə çatdırılmasını öhdəsinə götürdüyü APPLE MACBOOK Pro (APPLE MBP/QC/İ5/8G/16 GB/512GBSSD/655/SG/13) məhsulun 1 həftə ərzində çatdırılmasını təmin etsin, əks təqdirdə, 2099 ABŞ dolları məbləğində maddi, 1000 manat dəyərindəki mənəvi zərərimin əvəzini ödəsin. Cavabdeh iddiaçının tələbini araşdırmayıb, ona bu günə kimi heç bir cavab verməyib. İddiaçı bildirir ki, X4 daxilində məhsulun daşınmasını həyata keçirən FedEx şirkətinin tərtib etdiyi xx xxxxxx 2019-cu il tarixli cavab məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının sifariş etdiyi APPLE MACBOOK Pro (APPLE MBP/QC/İ5/8G/16 GB/512GBSSD/655/SG/13) kompüter qəbul olunub, lakin cavabdeh şirkət iddiaçı ilə aralarındakı müqaviləyə zidd olaraq, məhsulun iddiaçıya təhvilini həyata keçirməyib. İddiaçı təkrar edir ki, məhsul 2099 ABŞ dolları (manat ekvivalenti ilə 3567 manat) dəyərində olub və iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində bu məbləğdə zərərə məruz qalıb. Bundan əlavə iddiaçı qeyd edir ki, artıq 3 aydan çoxdur ki, o, məhsulunun vəziyyəti ilə bağlı cavabdehdən məlumat almağa çalışır. İddiaçıya əvvəlcə məhsulun anbara çatdırıldığını, lakin sistemdə görünmədiyini bildirən şirkət sonradan məhsulun anbarda olmadığını bildirib və iddiaçıya bununla bağlı hər hansı rəsmi sənəd təqdim etməkdən də imtina edib. Cavabdehə rəsmi qaydada göndərilən pretenziya məktubuna da heç bir cavab verilməyib. Bu müddətdə iddiaçı ciddi əsəb və stress keçirib, nəticədə o, mənəvi zərərə məruz qalıb. İddiaçı məhsulun və ya məruz qaldığı zərərin ona verilməsini təmin etmək məqsədi ilə 1000 manat məbləğində hüquqi xidmət müqaviləsi imzalayıb. İddiaçı hesab edir ki, cavabdeh bu günə kimi sifariş etdiyi kompüteri verməməklə aralarındakı müqavilənin şərtlərini pozduğundan o, 2099 ABŞ dolları və 1000 manat məbləğində maddi zərərə, 5000 manat məbləğində mənəvi zərərə məruz qalmışdır. İddiaçı bildirir ki, hal-hazırda cavabdeh şirkətin təqsirli hərəkətləri nəticəsində o, aylardır ki, sifariş etdiyi məhsulu istifadə edə bilmir. Halbuki o, bütün professional faəliyyətini kompüterlə həyata keçirir. İddiaçı cavabdehə dəfələrlə müraciət edib sifariş verdiyi məhsulun aqibəti ilə bağlı məlumat almaq istəsə də, onu hər dəfə müxtəlif bəhanələrlə göndəriblər. İddiaçı bildirir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində o, maddi, həmçinin mənəvi zərərə məruz qalıb. Belə ki, dəfələrlə müraciət etdiyi halda cavabdeh tərəf əvvəlcə məhsulun onlara məxsus anbarda olduğunu bildirsə də, daha sonra iddiaçıya cavab verməyib. Halbuki iddiaçı bu kompüteri bir neçə ay ərzində pul toplayıb alıb, lakin ona aldığı məhsulun aqibəti ilə bağlı heç bir məlumat verilməyib və nəticədə mənəvi sarsıntı keçirib. İddiaçı təkrar edir ki, o, hal-hazırda mübahisə predmeti olan kompüteri cavabdeh şirkətdən aylardır ki, təhvil ala bilmir. Halbuki əlində həmin məhsulun cavabdeh şirkətin anbarına çatdırıldığı ilə bağlı qəbz var və bunu şirkətə təqdim edib. İddiaçı bu müddət ərzində bu əşyadan məhrum olmağı onu maddi və mənəvi zərərə məruz qoyub. Yuxarıda göstərilənlərə əsasən cavabdeh xxxx MMC-nin İddiaçı ilə bağladıqları müqaviləyə zidd olaraq, iddiaçının bhphotovideo.com saytından sifariş etdiyi APPLE MACBOOK Pro (APPLE N1BP/QC/İ5/8G/16 GB/512GBSSD/655/SG/13) markalı kompüterin çatdırılmaması nəticəsində məruz qaldığı 3568 manat məbləğində maddi, 5000 manat məbləğində mənəvi, eyni zamanda hüquqi xidmət xərclərinə görə çəkdiyi 1000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməyinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, “3568 manat kompüterin itirilməsinə görə zərərin əvəzinin ödənilməsi” hissəsində iddianı dəqiqləşdirərək vurulmuş maddi zərərə görə 2099 ABŞ dollarının (ödənilən günün məzənnəsi nəzərə alınmaqla) cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat vermiş iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İddiaçı xx xxxxxxx 2019-cu il tarixində bhphotovideo.com saytı vasitəsilə 2099 ABŞ dolları məbləğində APPLE MACBOOK Pro (APPLE MBP/QC/15/8G/16 GB/512GBSSD/655/SG/13) markalı kompüter sifariş etmişdir. X5 yerləşən “FedEx” şirkətinin xx xxxxxx 2019-cu il tarixli cavab məktubundan görünür ki, iddiaçının sifariş etdiyi “APPLE MACBOOK Pro” (APPLE MBP/QC/İ5/8G/16 GB/512GBSSD/655/SG/13) markalı kompüter cavabdeh tərəfə xx.xx.2019-cu il tarixdə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil “xxxx” MMC-yə ünvanladığı pretenziya məktubundan görünür ki, o, “xxxx” MMC-dən üzərinə düşən öhdəliklərini icra etməsi, əks halda 2099 ABŞ dolları məbləğində maddi və 1000 manat dəyərində mənəvi zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. Beləliklə məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx xxxxxxx 2019-cu il tarixində çatdırılmasını “xxxx” MMC-yə həvalə etmək şərti ilə X1 2099 ABŞ dolları məbləğində APPLE MACBOOK Pro (APPLE MBP/QC/15/8G/16 GB/512GBSSD/655/SG/13) markalı kompüter sifariş etmişdir. İddiaçının sifariş etdiyi “APPLE MACBOOK Pro” (APPLE MBP/QC/İ5/8G/16 GB/512GBSSD/655/SG/13) markalı kompüter cavabdeh “xxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə təhvil alınsa da, iddiaçıya müqavilədə nəzərdə tutulmuş qaydada təslim edilməmişdir. Hazırda iddiaçı cavabdeh “xxxx” MMC-nin onunla bağladığı müqaviləyə zidd olaraq, sifariş etdiyi “APPLE MACBOOK Pro” (APPLE N1BP/QC/İ5/8G/16 GB/512GBSSD/655/SG/13) markalı kompüterin təhvil verilməməsi nəticəsində məruz qaldığı 2099 ABŞ dolları məbləğində maddi, 5000 manat məbləğində mənəvi, eyni zamanda hüquqi xidmət xərclərinə görə çəkdiyi 1000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında yük daşınmasına dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən öhdəliyi pozacaq hər-hansı hərəkətin edilmədiyi, cavabdeh tərəfindən isə əksinə müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyi müəyyən edilmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq, hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, yükün daşınması müqaviləsində nəzərdə tutulan qaydada müqavilə predmeti olan əşyanın müvafiq şirkət tərəfindən anbarına çatdırıldığı təqdirdə sifarişçiyə təhvil vermədiyindən, iddia tələbi maddi zərərərin ödənilməsi hissəsində əsaslıdır və təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə əşyanın satış müqaviləsi ilə müəyyən edilmiş dəyəri tutulmalıdır. Çünki cavabdeh iddiaçı ilə aralarında olan razılaşma üzrə ona təhvil verilmiş avadanlığı iddiaçıya (sifarişçiyə) vaxtında təhvil verməməklə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilən, icra ilə bağlı olan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da İddiaçı müvafiq maddi ziyana məruz qalmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 832.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 859.1-ci və 859.2-ci maddələrinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. İddiaçının mənəvi ziyana görə 5000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, İddiaçı sifariş etdiyi “APPLE MACBOOK Pro” (APPLE MBP/QC/İ5/8G/16 GB/512GBSSD/655/SG/13) markalı kompüterin “xxxx” MMC tərəfindən ona çatdırılmaması nəticəsində mənəvi sarsıntı keçirməsi halı şübhəsizdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirmir və hesab edir ki, mənəvi zərər üzrə iddia tələbinin tələb olunan məbləğdə deyil, 500 manat məbləğində təmin olunması daha ədalətli və ağlabatandır. İddiaçı həm də 1000 manat hüquqi xidmət xərclərinin cavabdehdən tutulmasını xahiş etmişdir. Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçı ilə vəkili arasında hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin bağlandığına dəlalət edən hər-hansı sübut təqdim edilmədiyindən və bununla da xidmətlərin göstərilməsi müqabilində pulun ödənilməsi faktı müəyyən etmək mümkün olmadığından hüquqi xidmətin göstərilməsi xərcinə görə cavabdehdən iddiaçının xeyrinə pul tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi ziyana görə 2099 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla), vurulmuş mənəvi zərərə görə 500 manat cavabdeh “xxxx” MMC-dən alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 14 manatı məbləğində pul cavabdeh “xxxx” MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərə görə 2099 (iki min doxsan doqquz) ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla), mənəvi zərərə görə 500 (beş yüz) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 14 manatı məbləğində pul cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar