Məhkəmə qərarları › İş №2(006)-36/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-36/2023

18.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-36/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi ilə İddiaçı MMC-nin X2 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC X2 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində Cavabdeh2 zəbt etdiyi 72 kv.m torpaq sahəsindən cavabdehin çıxarılması, həmin sahədə cavabdehin inşa etdiyi tikililərin cavabdehin hesabına sökülməsi və həmin sahənin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli şəhadətnaməyə əsasən, ünvan 1 ünvanında yerləşən 1881.4 kv.m torpaq sahəsi "xxxx" MTK-nın adına özəlləşdirilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin “Özünəməxsus ərazidə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli 543 nömrəli Sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 01-04/352 nömrəli razılıq məktubu, "xxxx" MTK-nın xx.xx.2003-cü il tarixli, 01 nömrəli müraciəti, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli, 001043 nömrəli və xx.xx.1999-cu il tarixli, 000202 nömrəli şəhadətnamələri nəzərə alınaraq, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi (şəhadətnaməyə əsasən Tağızadə 25), 3004-cü məhəllədə yerləşən özəlləşdirilmiş 1881.4 kv.m ərazidə qeyri-yaşayış tikilisinin sökülməsi şərti ilə, həmin MTK tərəfindən yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. Həmin Sərəncama əsasən "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə 18 mərtəbəli çoxmənzilli yaşayış binası inşa edilmişdir. Bina inşa edildikdən sonra "xxxx" MTK tərəfindən inşa edilmiş binada yerləşən yaşayış və qeyri-yaşayış sahələri ayrıayrı şəxslərə satılmış və bununla bağlı müvafiq müqavilələr bağlanmışdır. Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə yerləşən "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə "xxxx" MTK və Cavabdeh1 arasında xx.xx.2004-cü il tarixdə 2 müqavilə bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə "xxxx" MTK inşa etdiyi sözügedən binanın 1-ci mərtəbəsində yerləşən ayrı-ayrılıqda sahəsi 125 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini Cavabdeh1 satmış, sonuncu həmin sahələrin dəyərini MTK-ya ödəmişdir. Sonradan "xxxx" MTK hazırki iş üzrə iddiaçı olan İddiaçı MMC-yə qoşulmuş və bununla əlaqədar onun hüquqi varisliyi İddiaçı MMC-yə keçmişdir. Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində ümumilikdə 250 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini almasına baxmayaraq, satın aldığı qeyri-yaşayış sahələrinə bitişik, İddiaçı MMC-yə məxsus 72 kv.m sahəni özbaşına zəbt etmiş və öz sahəsinə qatmışdır. Halbuki, onunla "xxxx" MTK və ya İddiaçı MMC arasında hər hansı yazılı və ya şifahi razılaşma olmamış, Cavabdeh1 tərəfindən zəbt olunmuş sahəyə dair hər hansı məbləğ "xxxx" MTK və ya İddiaçı MMC-yə ödənilməmişdir. İddiaçı MMC özbaşına zəbt olunmuş 72 kv.m qeyri-yaşayış sahəsinin geri qaytarılmasını Cavabdeh1 dəfələrlə tələb etsə də, bu haqlı tələbə əməl edilməmişdir. Göründüyü kimi, Cavabdeh1 hərəkətləri İddiaçı MMC-nin sahiblik, istifadə və sərəncam vermək hüquqlarını ehtiva edən mülkiyyət hüququnu kobud şəkildə pozmuş və pozmaqda da davam edir. Hazırda İddiaçı MMC qanuni əsaslarla ona məxsus daşınmaz əmlak üzərində hüquqlarını həyata keçirə bilmədiyindən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı MMC iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri 72 kv.m torpaq sahəsindən çıxarılmaları, həmin sahədə cavabdehlərin inşa etdiyi tikililərin onların hesabına sökülməsi və həmin sahənin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin vəkili-nümayəndəsi ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6033/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır (hakim: Rəşid Səmədov). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6033/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zəbt etdikləri 72 kv.m torpaq sahəsindən cavabdehlərin çıxarılmaları, həmin ünvanda cavabdehlərin inşa etdikləri tikililərin onların hesabına sökülməsi və həmin sahənin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi qət edilmişdir (hakim: Rəşid Səmədov). Cavabdeh2 ərizə təqdim edərək, həmin qiyabi qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar; maraqlarına toxunan şəxslər X2 və X4 qiyabi qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin onun maraqlarına toxunulduğu hissədə ləğv edilib, apellyasiya məhkəməsində əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3810/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadları ilə Cavabdeh2 ərizəsi təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6033/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, mülki işin təzələnərək mahiyyəti üzrə baxılması; Nəsimi Rayon Məhkəməsinin ləğv edilmiş 2(006)-6033/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsindən maraqlarına toxunan şəxslər X2 və X4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin geri qaytarılması qərara alınmışdır (hakim: Rəşid Səmədov). Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X2 iddia ərizəsinə qarşı etiraz və mülahizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsi üzrə İddiaçı MMC-nin “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişlər. Etiraz və mülahizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə digər vətəndaşlar kimi, onlar da müqavilə bağlamış və hazırda qüvvədə olan müqaviləyə və çıxarışa əsasən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları vardır. Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsi ümumilikdə 695.40 kv.metr qeyri-yaşayış sahəsindən ibarətdir və həmin qeyri-yaşayış sahəsi paylı mülkiyyət hüququ ilə onlara məxsusdur. Bu barədə onlara reyestrdən çıxarış verilmişdir. Lakin iddiaçı iddia edir ki, binanın birinci mərtəbəsində yerləşən 250 kv.metr qeyri-yaşayış sahəsini iş üzrə cavabdehlərə satmışdır. Halbuki, iddiaçı iddia edir ki, binanın yarım-zirzəmisində yerləşən 250 kv.metr qeyri-yaşayış sahəsini iş üzrə cavabdehlərə satmışdır. Digər tərəfdən, iddiaçının iddia etdiyi 72 kv.metr torpaq sahəsində ümumi istifadədə olan pilləkənlər inşa edilmiş və qeyri-yaşayış sahələrinə (1-ci mərtəbəyə və yarım-zirzəmiyə) giriş-çıxış üçün istifadə olunur. Həmin ərazi maili olduğu üçün pilləkənlərsiz giriş-çıxış mümkün deyil. Əlavə olaraq qeyd edilmişdir ki, mübahisə məhz yarım-zirzəmi ilə bağlıdırsa, onların maraqlarına toxunmur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3810/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məkhəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır (hakim: Rəşid Səmədov). Məhkəmə Ekspertizası Mərkəzinin 10/784 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyi xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 36/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir (hakim: Günay Abidova). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-36/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 iddia ərizəsi verilməzdən əvvəl öldüyünə görə iddia ərizəsinin “Cavabdeh1 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilmişdir (hakim: Günay Abidova). xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə yerləşən mübahisəli qeyri-yaşayış sahəsinə yerli baxış keçirilərkən İddiaçı MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) X3 bildirmişdir ki, cavabdehə 250 kv.m. əmlak satılmasına baxmayaraq, o, 2.2 metr qanunsuz artırma edib, bundan Rayon İcra Hakimiyyətinin, polisin sahə rəisinin və onların xəbəri olmayıb. Hazırki tələbləri odur ki, həmin qanunsuz artırma sökülsün. Cavabdehin “Al market”lə olan müqaviləsində çıxarışda göstərilən sahənin qeyd edildiyini yəqin etdi. Yerli baxış zamanı müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi, həqiqətən də, “Al market”ə icarəyə verilmişdir (hakim: Günay Abidova). Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı MMC-nin vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə gəlməmiş, Gəncə Şəhər Məhkəməsində əvvəlcədən təyin edilmiş məhkəmə iclası olduğuna görə üzrlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini, tərəflər arasında heç bir razılaşma, barışıq olmadığını bildirərək, onun iştirakı olmadan işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəməyə gəlməmiş, ərizə təqdim edərək, əvvəlki məhkəmə iclasları dövründə iş materialları ilə tanış olduğunu, iddia ərizəsinə əlavə olunan sənədlərdə mübahisəli binanın plan-cizgiləri qoyulsa da, onun hazırki binanın real plan-cizgiləri ilə uyğunsuzluq təşkil etdiyini, təqdim olunan plan-cizgilərdən fərqli olaraq dəfələrlə dəyişikliyə məruz qaldığını, hazırda da binanın təqdim olunan plan-cizgi ilə xeyli fərqləndiyini, MTK-nın ona məxsus əmlak üzərində heç bir haqqı olmadığını, məhkəməyə təqdim olunan binanın plan-cizgisinin reallığı əks etdirmədiyindən mötəbər sübut kimi məhkəməyə təqdim olunsa da, sübut qismində baxıla bilməyəcəyini, bu plan-cizgi ilə nəyi sübut etmək istədiklərini hələ də analaya bilmədiyini, icra hakimiyyətinin binanın tikintisinə verdiyi icazədə göstərilən məlumatların da yanlış olduğunu və həqiqəti əks etdirmədiyini, iddia ərizəsinə əlavə olunan sənədlərin göstərilən binaya aid olmadığını bildirmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin ərizələrini nəzərdən keçirib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh2 (VÖEN: **********) Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: aktiv) və əsas fəaliyyəti “digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət”dir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyət təşkilati-hüquqi formasında yaradılan kommersiya hüquqi şəxsidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq kommersiya hüquqi şəxsləri göstərdikləri fəaliyyətdən gəlir əldə etmək məqsədilə yaradılırlar. Cavabdeh2 (VÖEN: **********) isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan, dövlət qeydiyyatından keçmiş fərdi sahibkardır. Deməli, hazırki mübahisənin subyektiv tərkibinin sahibkarlıq fəaliyyətinin subyektləri olması işin mübahisəsiz halını təşkil edir. Tərəflər arasında olan münasibətlərin xarakterinə və mübahisənin predmetinə münasibətdə isə qeyd edilməlidir ki, İddiaçı MMC ("xxxx" MTK-nın hüquqi varisi) Cavabdeh2 satılmış qeyri-yaşayış sahəsinin onun tərəfindən qanunsuz artırıldığını bildirərək, həmin artırmanın cavabdehin hesabına sökülüb, cavabdehin qanunsuz artırılmış sahədən çıxarılması və iddiaçıya verilməsini tələb edir. İddiaçı məhdud məsuliyyətli cəmiyyət təşkilati-hüquqi formasında olan kommersiya hüquqi şəxsi olduğundan, onun nizamnaməsinə uyğun olaraq göstərdiyi fəaliyyətdən gəlir əldə etmək niyyətinin olması işin mübahisəsiz halıdır. Cavabdehin vergi ödəyicisi olması, ev kirayəsi istisna olmaqla, daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyətini həyata keçirməsi, yerli baxış keçirilən zaman obyektin qeyri-yaşayış sahəsi olmasının və cavabdeh tərəfindən “Al market”ə icarəyə verilməsinin müəyyən edilməsi onu deməyə əsas verir ki, cavabdehin də niyyəti gəlir əldə etməkdir. Deməli, iddiaçı tərəf ("xxxx" MTK-nın hüquqi varisi İddiaçı MMC) cavabdehə qeyri-yaşayış sahəsini satmaqla, cavabdeh tərəf isə həmin sahəni alıb icarəyə verməklə kommersiya münasibətlərində olmuşlar. Nəzərə alınmalıdır ki, hazırki mübahisənin predmeti də məhz qeyri-yaşayış sahəsinin artırmasıdır, belə olan halda məhkəmə hesab edir ki, hazırki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4, 32.7-ci maddələrinin tələblərinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı MMC-nin X2 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar