Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3604/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyana görə 14.525 manat, mənəvi zərərə görə 300.000 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. O, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi N saylı hərbi hissədə kursant olmuşdur. xx.xx.2015-ci il tarixdən N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi işləməyə başlamışdır. Tərtər hadisələri çərçivəsində qanunsuz sorğu-suala və işgəncəyə məruz qalmış və elə işgəncə altında olarkən xx.xx.2017-ci il tarixdə qanunsuz olaraq ehtiyata buraxılmışdır. 07 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmişdir. Bəyanatda göstərilmişdir ki,: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq “Tərtər işi” adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquqmühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. 18 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da şərti olaraq “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə iddiaçının zərərçəkmiş şəxs olması öz təsdiqini tapmışdır. Hökmə əsasən təqsirləndirilən şəxslər cəmi 28 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni iddiaçının və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız təxris olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir (hökm səhifə 94). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökm qüvvədə saxlanılıb. Beləliklə, iddiaçıya sonuncu həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa zərər vurulmuşdur. Maddi ziyana görə iddiaçı aşağıdakı təzminatı istəyir: İddiaçı ona xəsarət yetirilən zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu kimi xidmətdə olmuşdur. İddiaçı xx.xx.2015-ci il tarixdə 3 illik müqavilə bağlayaraq xidmətə başlamışdır. 2017-ci ildə Tərtər hadisələri çərçivəsində saxlanılan zaman elə işgəncədə olarkən 31 may 2017-ci il tarixdə qanunsuz olaraq hərbidən təxris edilmişdir. Faktiki olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi müqaviləsi olduğu halda əsassız olaraq işdən çıxarılıb və faktiki olaraq 15 ay müddətində əmək haqqından məhrum edilib. 2017-ci il üçün iddiaçının orta əmək haqqısı 835 manat (2017-ci ilin 6 ayı üçün əmək haqqısı 5012 manat təşkil edir və bu da işlədiyi ayların sayına bölünərək orta əmək haqqı çıxarılır) təşkil edib. Həmçinin 15 ay üçün nəzərdə tutulan maddi yardım və 13-cü ödənişi almayıb. 15 ay (xx.xx.2017-xx.xx.2018)*835=12.525 manat, 2000 manat digər əlavələr (maddi, maaşa əlavə, 13-cü ödənişlər və s.). Beləliklə, iddiaçı maddi ziyanın əvəzi olaraq tələb etdiyi kompensasiyanın həcmi 14.525 manat təşkil edir. İddiaçı işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. İddiaçının qonşuları onu “Vətən xaini” hesab edərək ona nifrətlə baxmış, buna görə stres keçirmişdir. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı yerdə olan qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Odur ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərəri 300.000 (üç yüz min) manat məbləğində qiymətləndirir. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı rəsmi məlumatlardan da görünür ki, 2017-ci ilin may-iyun ayları ərzində Ağdam, Tərtər, Beyləqan və digər rayonlar ərazisində həm 1-ci, həm də 2-ci Ordu korpuslarının tərkibinə daxil olan müxtəlif hərbi hissələrdən N nəfər hərbi qulluqçu (zabit, gizir, müddətdən artıq və müddətli hərbi xidmət hərbi qulluqçuları) qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışlar ki, onlardan da 11 nəfəri bu qanunsuz proses zamanı həyatlarını itirmişdir. Başqa sözlə, cinayət əməlləri Müdafiə Nazirliyinin tabeçiliyində olan 1 Ordu korpusunda yüzlərlə hərbi qulluqçunu əhatə etmişdir, cinayət əməlləri qısa müddət ərzində deyil, ən azı 2 ay ərzində davamlı şəkildə həyata keçirilmişdir. Bu səbəblərdən də təqsirləndirilən şəxslərin belə böyük miqyasda və uzun müddət ərzində həyata keçirdiyi qanunazidd əməllər nəticəsində vurulmuş zərərin əvəzinin tutulması yuxarıda istinad edilən Mülki Məcəllənin 1100-cü maddəsinin tələbləri əsasında həyata keçirilməlidir. Həmin tələblərdən göründüyü kimi, dövlət orqanlarının və bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. İddiaçıya qarşı qanunazidd hərəkətlərin törədilməsi nəticəsində zərərin vurulması, zərərlə qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi Bakı Hərbi Məhkəməsinin istinad edilən hökmü ilə təsdiq olunur. Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə iddiaçıya qarşı qanunsuz hərəkətlərə yol verməklə ziyan vurmuş vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət verildiyindən və həmin hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq qərarı qəbul edildikdən sonra qüvvəyə mindiyindən hazırkı iddiaya baxılarkən preyudisial əhəmiyyətə malik olan akt kimi çıxış edir. Bakı hərbi məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündə iddiaçının işdən azad edilməsinin hüquqazidd olması qeyd edilmişdir, yəni məhkəmə tərəfindən buna hüquqi qiymət verilmişdir. İddiaçıya qarşı qanunsuz hərəkətlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən törədilsə də, hazırkı iddia üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşımır. Belə olan halda zərərin əvəzi dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmalıdır.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı və vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə etdikləri bildirib, təmin edilməsini xahiş etdilər.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. İddiaçı AO ******* nömrəli hərbi biletindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.
7. İş materiallarına İddiaçı bank hesabından çıxarış əlavə edilmişdir.
8. Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)-14/2024 nömrəli hökmündən görünür ki, X4 həmin vəzifədə işləyərkən qeyd edilən məqsədlər üçün yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq X6, X2 və digərləri ilə mütəşəkkil dəstədə birləşib Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət” Nizamnaməsinə əsasən öz borcunu dərindən dərk etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, Azərbaycan dövlətinin işinə mənafeyinə uyğun sayıq, namuslu və sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvələrini əsirgəməmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək, hərbi nizamnamələrin tələblərini möhkəm bilmək və vicdanla yerinə yetirmək, nalayiq hərəkətlər etməmək və yoldaşlarını belə hərəkətlərdən çəkindirmək kimi funksiyaları və digər bu kimi vəzifələri həmçinin dəstə üzvləri tərəfindən müəyyən edilmiş vəzifə bölgüsünə əsasən ona həvalə edilmiş dövlətə xəyanət faktları üzrə ilkin təhqiqat apararaq sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla mütəşəkkil dəstənin cinayətkar niyyətinə əsasən İ Ordu Birləşməsinin tabeliyində olan hərbi hissələrdə düşmənlə əməkdaşlıq etməkdə şübhəli hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etmək məqsədilə əvvəlcədən hazırlanmış plana və vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin Tərtər və Ağdam rayonları ərazisində yerləşən bölmələrinin hərbi qulluqçularının qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları”nın, xx.xx.2014-cü il tarixli, 72 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat”ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı şifahi formada ona həvalə olunmuş, prosessual şəxs kimi Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün qeyd edilən halların qanunvericilikdə nəzərdə tutulmayan qaydada və üsullarla araşdırılması məqsədilə mütəşəkkil dəstənin rəhbəri tərəfindən aparılmış vəzifə bölgüsü əsasında ona verilmiş tapşırığa əsasən və əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq 04 may 2017-ci il tarixdə axşam saatlarında dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasına gətirilərək 2-ci mərtəbədə otaqlardan birinə yerləşdirilmiş, N nömrəli hərbi hissənin reaktiv artilleriya batareya, reaktiv artilleriya tağımı, reaktiv artilleriya manqasının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq mütəşəkkil dəstənin adları qeyd edilən üzvləri və qeyriləri ilə birlikdə İddiaçı əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada tam lüt soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə həmin gün İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə qərargah binasının birinci və ikinci mərtəbəsində olan otaqlarında, dəhlizdə əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağlayıb sərbəst hərəkət etməsini məhdudlaşdıraraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə, habelə plastik boru və digər küt əşyalarla çoxsaylı zərbələr vurmuş, onu üzü üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutub, başını otaqda olan çəlləkdəki suyun içinə salıb bir neçə saniyə saxlanmasına, nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb nəfəs almasına imkan verməmiş, sonra yenidən həmin prosesin eyni qaydada bir neçə dəfə davam etdirilməsinə, habelə onun arxası üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün başından, qollarından və ayaqlarından tutub, əski parçasını onun ağzının üstünə qoyularaq əskinin üstündən ağzına su tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən əskini götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesin eyni qaydada bir neçə dəfə davam etdirmiş, boğularaq çabaladıqda tutub saxlanmış, daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb, elektrik cərəyanı verilməsindən ötrü mühəndis istehkam fəaliyyətlərində istifadə olunan KPM-1 adlı qurğunun naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə, bədəninə bir neçə dəfə elektrik cərəyanı vermiş, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırmaqla ac, susuz saxlanmasına baxmayaraq İddiaçı düşmənlə əlaqəsini inkar etdiyinə görə ona qarşı qanunsuz əməllərini davam etdirərək mütəşəkkil dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin üzvləri ilə birlikdə xx.xx.2017-ci il tarixə kimi eyni qaydada ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasında, daha sonra xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Yevlax rayonu Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin köhnə inzibati binasında mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada fiziki zor tətbiq edərək güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə verib 28 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə müəyyən etdi ki, N nömrəli hərbi hissənin reaktiv artilleriya batareya, reaktiv artilleriya tağımı, reaktiv artilleriya manqasının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İddiaçı (iddiaçı) xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxsi tərəfindən ağır pisixi və fiziki işgəncələrə məruz qalmışdır. Bu fakt nazirliyin vəzifəli şəxsləri barəsində aparılmış cinayət işi üzrə qəbul edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır.
10. Beləliklə, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqatçı olaraq təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən İddiaçı ağır pisixi və fiziki işgəncələrə məruz qalmasının” qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilməsi hazırkı iş üçün məcburi əhəmiyyət daşıyan (preyudisial), iddiaçının sübut etməkdən azad olduğu, mübahisəsiz haldır.
11. Hazırda iddiaçı Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən ona işgəncələr verilməsi nəticəsində 300.000 manat məbləğində mənəvi zərərə, həmçinin 01 iyun 2017-ci il tarixindən 17 avqust 2018-ci il tarixinə kimi müqaviləsi olduğu halda əsassız olaraq işdən çıxarılıb və faktiki olaraq 15 ay müddətində əmək haqqından məhrum edildiyinə, 15 ay üçün nəzərdə tutulan maddi yardımı, 13-cü ödənişi və digər ödəmələri almadığına görə, ümumilikdə 14.525 manat məbləğində maddi zərərə məruz qaldığını bildirir və cavabdeh Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına həmin məbləğin ona ödənilməsini məhkəmədən xahiş edir.
c) Məhkəmənin mövqeyi:
12. Məhkəmə Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən iddiaçının işgəncələrə məruz qalması nəticəsində ona dəymiş mənəvi zərərə görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına belə hüquqi qiymət verir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
13. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi “300.000 manat mənəvi zərərin ödənilməsi” hissəsində qismən təmin edilməli, “14.000 manat maddi ziyanın ödənilməsi” hissəsində təmin edilməməlidir.
14. İddia tələbinin “300.000 manat məbləğində mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalmışdır. İddiaçının Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 300.000 manat məbləğində kompensasiya tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, Mənəvi zərərin ödənilməsi iqtisadi rifahın artırılması, zərərçəkmiş şəxsin maddi cəhətdən zənginləşdirilməsi üçün bir vasitə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən, təyin olunacaq kompensasiya məbləği ədalət, məntiq və cəmiyyətin qəbul etdiyi mənəvi dəyərlər çərçivəsində mütənasib olmalıdır. Təcrübədə bu cür zərərlərin qiymətləndirilməsi zamanı məhkəmə bir sıra halları, o cümlədən zərərçəkmişə dəyən mənəvi sarsıntının dərəcəsini, hadisənin xarakterini, nəticələrini, tərəflərin sosial-iqtisadi vəziyyətini və hüquqazidd əməlin davametmə müddətini nəzərə alır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 14.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi ”mənəvi zərərin ödənilməsi” hissəsində qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 14.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
15. İddia tələbinin “14.525 manat maddi ziyanın ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı tələbin bu hissəsini əmək haqqı, ona əlavələr, əmək münasibətləri ilə əlaqədar əldən çıxmış fayda ilə əsaslandırılır.
16. İddiaçının məhrum olduğu əmək haqqı, ona əlavələr, əmək münasibətləri ilə əlaqədar əldən çıxmış fayda ilə əlaqədar qeyd edilməlidir ki, iş materiallarında olan sənədlər əsasında iddiaçının məhz “xidməti uyğunsuzluğa görə” (müvafiq Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən) ehtiyata buraxılması barədə əmr verilmişdir. Həmin əmrin iddiaçı tərəfindən mübahisələndirilməsi və ya əmrin qanunsuz olması barədə mötəbər sübut təqdim edilməmişdir. Deməli, əmr mübahisələndirilmədiyinə görə qüvvəsini itirməmişdir. Hazırda həmin əmrin mübahisələndirilmədiyini (mübahisə predmetini təşkil etmədiyini), həmin əmrin mübahisələndirilməsi məsələsinə baxılmasının inzibati məhkəmələrin yurisdiksiyasına aid olduğunu və əmrin qüvvədə olmasını nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasının qanunsuz olması barədə hər hansı sübut təqdim edilməmişdir. İddia ərizəsində “Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündə iddiaçının işdən azad edilməsinin hüquqa zidd olmasının qeyd edildiyi” göstərilsə də, məhkəmə tərəfindən elə bir qeyd müəyyən edilməmiş və bu barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə bir daha qeyd edilməlidir ki, iddiaçının işdən azad edilməsi ilə əlaqədar mübahisəyə baxılması hərbi məhkəmələrin deyil, inzibati məhkəmələrin yurisdiksiyasındadır. Buna görə də iddiaçının məhrum olduğu əmək haqqı və əlavələrə görə kompensasiya tələbi əsaslı hesab edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin əmri mübahisələndirərək müsbət nəticə əldə etsəydi, onun məhrum olduğu əmək haqqı və əlavələrin iddiaçıya ödənilməsi məsələsi də müvafiq olaraq öz həllini tapacaqdı.
17. Məhkəmə onu da qeyd edir ki, işçinin ehtiyata buraxılması barədə əmrin mübahisələndirilməsi işəgötürən ilə işçinin arasındakı əmək mübahisəsi olduğu üçün həmin mübahisəyə görə Maliyyə Nazirliyi əsl cavabdeh ola bilməz. Qeyd olunan mübahisə üzrə əsl cavabdeh Maliyyə Nazirliyi deyil, iddiaçının işəgötürəni qismində çıxış edən müvafiq dövlət orqanıdır. Bu tələbin cavabdeh Maliyyə Nazirliyinə qarşı təmin edilməsi həm də ona görə əsaslı hesab edilə bilməz ki, iddiaçı əmri mübahisələndirərək müsbət nəticə əldə etsə, dövlət büdcəsindən eyni məsələyə görə iki dəfə tutulma olacaq, bu isə yolverilməzdir. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi Bakı Apellyasiya Məhkəməsinin qətnamələrinə münasibətdə məhkəmə hesab edir ki, təqdim edilən qətnamələr iddiaçı barəsində deyil, başqa şəxslər barəsindədir. Prosessual qanunvericiliyə görə həmin qətnamələr heç bir halda məhkəmə üçün preyudisial əhəmiyyətə malik ola bilməz. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin bu hissəsinin təmin edilməsi üçün sübut və əsas yoxdur.
18. Məhkəmə hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmələrin iddianı maddi zərər hissəsində rədd etməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
19. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.
20. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi zərər görə kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir.
21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyektin isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
23. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»: Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
25. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
26. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
27. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası: Maddə 41. Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.
28. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
29. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.
31. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 13-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 14.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə:
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 14.000 (on dörd min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova