Məhkəmə qərarları › İş №2(006)-3617/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3617/2021

04.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3617/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ilin oktyabr ayında mülkiyyətində olan avtonəqliyyat vasitəsinin satışından əldə etdiyi bir miqdar puldan əvvəldən tanıdığı Cavabdeh borc vermişdir. Həmin ərəfələrdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən dəmir yolu deposunun yaxınlığında olan çayxanalardan birində olduğu zaman Cavabdeh ona yaxınlaşmış və 4500 manat məbləğində pulun ona borc şəklində verməsini xahiş etmişdir. Belə ki, Erkin həmin vaxt bildirmişdir ki, broyler toyuqlarının topdan satışı ilə məşğul olur və həmin işin dövriyyəsi üçün ona pul lazımdır, əgər ona borc pul verilərsə qısa müddət ərzində pulu geri qaytaracaq. Əlavə olaraq Erkin İddiaçı bildirmişdir ki, əgər həmin pulla daha çox qazanc əldə edərsə, aldığı borcu artıqlaması ilə qaytaracaqdır. Həmin söhbətdən bir gün sonra Erkinin ticarət sahəsində bacarıqlı şəxs olduğunu düşünüb 4500 manat məbləğində vəsaiti borc şəklində ona vermiş, Erkin borcu alarkən ən geci 3 ay ərzində qaytaracağına söz vermiş, lakin üzərindən 3 ay keçdikdən sonra Erkindən verdiyi pulu tələb etdikdə, o, müxtəlif bəhanələrlə hal-hazıradək aldğı borcu qaytarmaqdan yayınmışdır. Yuxarıda qeyd edilən hal ilə bağlı İddiaçı tərəfindən aidiyyəti üzrə Nəsimi RPİ-yə şikayət ərizəsi ünvanlanmış və Cavabdeh barəsində qanuni tədbir görülməsi xahiş olunmuşdur. Polis Şöbəsində həmin ərizə üzrə ondan başqa X2 və X1 da izahatları alınmışdır ki, sonradan ona məlum olmuşdur ki, Cavabdeh həm də həmin şəxslərdən borc alaraq geri qaytarmamışdır. Cavabdeh Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə dəvət edilərək izahatı alınmış, izahatında ondan qeyd edilən məbləğdə borc aldığını və hal-hazıradək qaytarmadığını etiraf etmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi, Cavabdeh 4500 manat məbləğində pulun, gecikdirilmiş vaxt üçün illik beş faiz olaraq 300 manat vəsaitin və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4830 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri BPİnin Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin 20.08.2020-ci il tarixli məktubunda bildirilir ki, Cavabdeh ilə İddiaçı arasında yaranmış münasibətin mülki xarakterli olduğundan o, məhkəməyə müraciət etməlidir. İş materiallarındakı Cavabdeh Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, İddiaçı 4500 manat borclu olduğunu etiraf edir. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflər arasında borc pulun verilməsi ilə bağlı hüquq münasibətləri yaranmış, Cavabdeh İddiaçı 4500 manat məbləğində borc pul almışdır. Cavabdeh iddiaçıya olan borcunu üç ay müddətinə kimi qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd olunan Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan əlavə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Eyni Məcəllənin 449.1-ci maddəsində deyilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış və iddiaçı cavabdehə 4500 manat məbləğində pul vəsaitini borc vermiş, cavabdeh isə müqavilə üzrə onun üzərinə düşən öhdəliyi yerinə yetirməyərək pulu iddiaçıya qaytarmamışdır. Cavabdeh 4500 manat həcmdə borcu olduğunu Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsində etiraf etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 4500 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən verilmiş pulun bir illik 5% faizi miqdarında pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində də təmin edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı borc kimi verdiyi 4500 manat əsas borcun gecikdirilməsinə görə illik 5% olmaqla hesablanmış faiz borcu 300 manat (4500 x 5%=225/12 ay=18,75 x 16 ay=300) təşkil edir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmalı, cavabdeh Cavabdeh əsas borc üzrə 4500 (dörd min beş yüz) manat, həmin borcun illik 5% olmaqla hesablanmış faiz borcu üzrə 300 (üç yüz) manat vəsaitin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4830 manat pul məbləğinin tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 4500 (dörd min beş yüz) manat, həmin borcun illik 5% olmaqla hesablanmış faiz borcu üzrə 300 (üç yüz) manat vəsaitin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4830 (dörd min səkkiz yüz otuz) manat pul məbləğinin tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar