Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3621/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Komisar oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdən payın ayrılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 Komisar oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdən payın ayrılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 31 oktyabr 2008-ci ildən ünvan 1 ünvanındakı 7 otaqlı, ümumi sahəsi 94,3 kv.m yaşayış, 72,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə 2 otağın mülkiyyətçisidir. Hazırda həmin mülkiyyətdən öz payını ayırmaq istəyir. Paylı mülkiyyətdən iddiaçının payını ayırmaq mümkündür, çünki bütün payçıların payları, eləcə də iddiaçının payı təcrid olunmuşdur. Yəni, iddiaçının payının ümumi paydan ayrılması nəticəsində heç bir paya zərər dəyməyəcəkdir. Payının ayrılmasına razılıq vermələrinə dair payçılara müraciət etsə də, onların heç biri notariat kontoruna iddiaçı ilə birgə gedib buna razılıq vermirlər. Göstərilənlərə əsasən ünvan 1 ünvandakı ümumi birgə mülkiyyətdən iddiaçıya məxsus olan 2 otağın (y/s-26,3 kv.m, k/s – 8,8 kv.m) ayrılması və iddiaçıya ayrıca reyestrdən çıxarış verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin azadılması barədə ərizə təqdim edərək, ünvan 1 ünvandakı ümumi birgə mülkiyyətdən iddiaçıya məxsus olan 2 otağın (y/s-26,3 kv.m, k/s – 8,8 kv.m) ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarındakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində istifadədə olan 0,01934 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 94,3 kv.m yaşayış, 72,9 kv.m köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 2 otaq (y/s-26,3 kv.m, k/s-8,8 kv.m), Cavabdeh1 Komissar oğlunun 1 otaq (y/s – 9,7 kv.m., k/s – 17,9 kv.m), Cavabdeh2 1 otaq (y/s – 15,9 kv.m., k/s – 52,3 kv.m), Cavabdeh3 3 otaq (y/s 42,4 kv.m., k/s – 9,8 kv.m) adlarına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1599 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: Beləliklə işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində istifadədə olan 0,01934 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 94,3 kv.m yaşayış, 72,9 kv.m köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyətçiləridirlər. Hazırda iddiaçı mübahisəli əmlakın naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır. Göründüyü kimi mülkiyyət hüququ (o cümlədən mülkiyyət hüququnun xüsusi növü olan paylı mülkiyyət hüququ) üç səlahiyyəti (sahiblik, istifadə, sərəncam) özündə birləşdirir və həmin səlahiyyətlərdən birinin məhdudlaşdırılması mülkiyyət hüququnun pozulmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Bundan əlavə, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Həmçinin, Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Hazırki iş üzrə müəyyən olunmuş işin faktiki hallarından isə göründüyü kimi texniki pasporta əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində istifadədə olan 0,01934 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 94,3 kv.m yaşayış, 72,9 kv.m köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evindən iddiaçının payının ayrılması mümkündür. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində istifadədə olan 0,01934 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 94,3 kv.m yaşayış, 72,9 kv.m köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evinin (texniki pasportda göstərildiyi kimi) paylara uyğun olaraq 2 otaq (y/s-26,3 kv.m, k/s – 8,8 kv.m) - İddiaçı payı naturada bölünərək ayrılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində istifadədə olan 0,01934 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 94,3 kv.m yaşayış, 72,9 kv.m köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evinin (texniki pasportda göstərildiyi kimi) paylara uyğun olaraq 2 otaq (y/s-26,3 kv.m, k/s – 8,8 kv.m) - İddiaçı payı naturada bölünərək ayrılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3621/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3621/2022
19.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver