Məhkəmə qərarları › İş №2(006)-3624/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3624/2023

18.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3624/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 860 manat, mənəvi ziyana görə 5.000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi ev 137, 55 saylı mənzildə 3 nəfərdən ibarət ailəsi ilə birlikdə yaşayır. Yaşadığı mənzil 1992-ci ildə Qarabağ uğrunda döyüşlərdə iştirak etdiyinə və yaralandığına görə işlədiyi 4 saylı Tikinti Trestindən növbədənkənar verilmiş və o, həmin mənzili xx.xx.2010-cu ildə xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində ********** № ilə qeydiyyatdan keçirmişdir. Yaşadığı çoxmərtəbəli evin bütün mənzillərinə Bakı Elektrik Şəbəkə tərəfindən mərkəzləşdirilmiş qaydada sayğac quraşdırılmışdır. Onun yaşadığı mənzil, binanın 1-ci mərtəbəsində olmasına baxmayaraq, mənzilinin sayğacı binanın 5-ci mərtəbəsində, ümumi «Şit»in içində quraşdırılmışdır. Həmin zaman onun mənzilinə gələn elektrik xətti ümumi «Şit»ə yerləşdirilmiş sayğacdan liftin yanı ilə çəkilmiş və onun mənzilinə ayrı xəttlə birləşdirilmişdir. Onun mənzilinə birləşdirilən elektrik xətti bilavasitə, elektrik şəbəkəsinin işçiləri və nəzarətçiləri tərəfindən həyata keçirilmişdir. Həmin zaman onun evindən çıxan elektrik xətti ümumi «şit»dən gətirilən xəttə birləşdirilmiş və suvağın altında yerləşdirilmişdir. Kənar şəxslərin həmin xəttə müdaxiləsi qeyri-mümkündür. Sayğacına kart vasitəsi ilə pul yükləmək mümkün olmadığı üçün «199» saylı qaynar xəttə zəng etmişdir. Qaynar xəttin tapşırığı ilə elektrik nəzarətçisi Xəqani adlı şəxs sayğaca baxış keçirmişdir. Sonradan ona məlumat verilmədən guya işıq idarəsinin nəzarətçiləri sayğacda olan nasazlıqların aradan qaldırılması üçün baxış keçirmiş və guya müəyyən etmişlər ki, onun mənzilinə daxil olan işıq xəttinə haradansa bir xətlə birləşdirilmişdir. Bu barədə xx.xx.2022ci il tarixdə 227795 №-li akt tərtib edilmiş və 721 manat 46 qəpik cərimə yazılmışdır. Aktın yazılmasından onun xəbəri olmamış və akt onun iştirakı olmadan yazılmışdır. Ona görə də, tərtib edilmiş aktın ləğv edilməsi və ona yazılmış 721,46 manat pul vəsaitinin silinməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1741/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 227795 №-li akt əsasında yazılmış 721 manat 46 qəpik cərimə silinmiş və ödədiyi 30 manat dövlət rüsumu cavabdehə yazılmışdır. Verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2041/2023 saylı qətnaməsi ilə təmin edilməmiş və iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh "xxxx" ASC tərəfindən ona qarşı edilmiş qanunsuzluqdan uzun müddətdir ki, əziyyət çəkmişdir və ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Cavabdehin ona qarşı olan haqsız tələbi ilə əlaqədar, o, uzun müddət işlədiyi müəssisələrdən məcburi olaraq ayrılmış və həmin müddətlərdə ona əmək haqqı yazılmamış və o, məcburiyyət üzündən yol xərclərini ödəmişdir. Belə ki, mübahisəli iş başlayarkən, o, Xaçmaz rayonu Xudat qəsəbəsində Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətə məxsus «Torq Çelik» firmasında quraşdırıcı çilingər (montajçı) işləyirdi. Həmin zaman o, məcburiyyət üzündən "xxxx" ASC-nin qanunsuzluğu il əlaqədar bir neçə dəfə - təxminən 20 dəfədən çox gəlib-getməyə məcbur olmuşdur. O cümlədən, Xudat şəhərindən 4 dəfə gəlib getmişdir. Xudat şəhərindən gəlib-getmək ona 40 manata (20+23) başa gəlir. Deməli 4 x 40 = 160 manat yol xərci çəkmişdir. Həmçinin 20 dəfədən çox cavabdehin idarələrinə gedib-gəlməsinə 300 manatdan çox vəsait sərf etmişdir. Sonradan mübahisənin məhkəmə müstəvisinə keçməsi ilə əlaqədar iş Nizami Rayon Məhkəməsində olarkən o, iş yeri üzrə Xudat qəsəbəsindən 4 dəfə, Zəngilan rayonundan 3 dəfə, Gəncə şəhərindən 3 dəfə gedib-gəlmiş və həmin günlərin əmək haqlarını itirmişdir. Deməli mübahisəli iş 1-ci instansiya məhkəməsində olan zaman o, məcburən uzaq rayonlardan gedib-gəlməsi və əmək haqqını almaması ilə ümumilikdə ona 860 manat maddi ziyan dəymişdir. Mübahisəli işlə əlaqədar o və ailə üzvləri daim narahat olmuşlar. Mənzilin işıqları bir çox hallarda söndürülmüşdür. Onlar həmin hallardan çox mənəvi sarsıntılar keçirmişlər. Onlar işıq idarələri ilə dəfələrlə haqsız təqiblərə və böhtanlara düşmüşlər. Ona görə ona və ailə üzvlərinə vurulmuş mənəvi sarsıntıları mənəvi ziyan kimi qiymətləndirir və hesab edir ki, cavabdehin ona vurduğu mənəvi ziyana görə 5.000 manat pul ödəməlidir. Cavabdehin ona qarşı əsassız böhtanları psixoloji gərginlik keçirməsinə səbəb olmuşdur. Sonradan onun mənəvi sarsıntı və iztirablara məruz qalması, onun barəsində mənfi rəy formalaşdırmışdır. Onların səhhətlərinə, nüfuzlarına və maddi vəziyyətlərinə mənfi təsir göstərməsi, şərəf və ləyaqətlərinin alçaldılması, cəmiyyətdə işgüzar nüfuzlarının ləkələnməsi o qədər aşkardır ki, əlavə sübutlar toplanmasına lüzum belə yoxdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçı istinad etdiyi sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı, iddia ərizəsində bir neçə rayonlara gedib-gəldiyini qeyd etmiş, lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının belə çox gedib-gəlməsinin səbəbi Nizami Rayon Məhkəməsinin icraatında olan mülki işin ekspertizada olmasıdır. Həmin işin icraatı dayandırıldığı dövrdə iddiaçı rayondan gedibgəlməsi xərclərini cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçı süründürməçiliyə məruz qalmamışdır. İddiaçıya mənəvi olaraq da heç bir zərər vurulmamışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(007)-1741/2022 saylı qətnaməsindən göründüyü kimi, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «enerji sərfiyyatına görə hesablanmış əsassız borcun silinməsi» tələbinə dair iddiası təmin edilmiş, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 227795 nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 721,46 manat vəsaitin silinməsi, "xxxx" ASC-dən 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə-trasoloji ekspertizalarına sərf olunmuş 64 manat məbləğində vəsatin "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 2041/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(007)-1741/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi zərər vurulmasına, iddiaçının iddia ərizəsində qeyd etdiyi mülki işə baxılması ilə əlaqədar işə çıxmamasına, konkret günlərdə əmək haqqından məhrum olmasına, digər rayonlardan mülki işə baxılması ilə əlaqədar Bakı şəhərinə gəlibgetməsinə sərf etməsini qeyd etdiyi yol xərcinə və s.) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar