Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-363/2022 07.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə qarşı «maddi və mənəvi zərərə görə təzminat» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə qarşı «maddi və mənəvi zərərə görə təzminat» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən vurulmuş maddi ziyana görə 700 manatın, hüquqi xidmətlərə görə 700 manatın, 30 manat ödənilmiş dövlət rüsumunun və mənəvi zərərə görə 100.000 manatın, cəmi 101.430 manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 24.01.2020-ci il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciət edərək bildirmişdir ki, 24.01.2020-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında qonşusu Elşən adlı şəxs tərəfindən yumruq zərbəsi ilə sifət nahiyyəsindən vurularaq, arxası üstə yerə yıxılması nəticəsində xəsarət almışdır. Ona görə də, həmin şəxs barədə tədbir görülməsini xahiş etmişdir. Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı İlqar Həmidovun 24 fevral 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə və Bakı şəhəri Nəsimi rayon Prokuroru cənab Salman Məmmədliyə ünvanlanmış şikayəti əsasında həmin material Nəsimi rayon Prokurorunun müavini Kənan Əliyev tərəfindən öyrənilmiş və 06 avqust 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilərək, əlavə araşdırmanın davam etdirilməsindən ötrü Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və material üzrə araşdırmanın davam etdirilməsi 12 avqust 2020-ci il tarixdə Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsinin digər müstəntiqi X4 həvalə edilmişdir. X9 da materialların hərtərəfli, tam və obyektiv araşdırılması üçün heç bir tədbir görməmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsinə dair Nəsimi rayon Prokurorluğunun qəbul etdiyi 06 avqust 2020-ci il tarixli qərarda qeyd edilmiş göstərişlərə əməl etməmiş, 7 gün ərzində demək olar ki, heç bir prosessual hərəkətlər etmədən 19 avqust 2020-ci il tarixdə təkrarən cinayət işinin başlanmasının rədd edilməsi haqqında əsassız və qanunsuz qərar qəbul etmişdir. X9 qərarın tarixini qeyd edərkən saxtakarlıq edərək həmin tarixi əvvəlki tarixə qoymuşdur. Belə ki, qərarın qəbul edildiyi vaxtı göstərən 19 avqust 2020-ci il tarixdən sonra bir neçə dəfə X9un qəbulunda olmuş, baş vermiş hadisəni görən şahidlərin şəxsiyyəti, yaşadıqları ünvan, habelə ona qarşı cinayət törədən Cavabdeh1 atası Rizvan Yaqubovun iş yerini göstərməklə bu barədə habelə istintaq və təhqiqatdan yayınan Cavabdeh1 əyləşib getdiyi nəqliyyat vasitəsinin marka və nömrəsi barədə X9a məlumatlar vermişdir. X9 həmin vaxt iddiaçını aldadaraq həmin məlumatlarla əlaqədar tədbir görəcəyini, cinayətkarın müəyyən olunaraq onun barəsində qanuni tədbir görüləcəyini vədd etmiş, lakin bu dövrdə artıq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etdiyini ona bildirməmişdir. Davamlı şikayətləri əsasında həmin material Nəsimi rayon Prokurorunun müavini, kiçik ədliyyə müşaviri Kənan Əliyev tərəfindən öyrənilmiş, 19 avqust 2020-ci il tarixdli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar təkrarən ləğv edilərək əlavə araşdırmanın davam etdirilməsindən ötrü Nəsimi RPİ-nin İŞ-nə göndərilmiş, material üzrə araşdırmanın davam etdirilməsi 05.12.2020-ci il tarixdə həmin şöbənin müstəntiqi X5 həvalə edilmişdir. X10 tərəfindən 14 dekabr 2020-ci tarixdə bədən səthində olan xəsarətlərin dəqiq müyyən edilməsi üçün əlavə məhkəmə tibbi ekspertizası təyin olunmuş və iddiaçı müvafiq tibbi müayinələrdən keçmişdir. Keçirilmiş məhkəmə-tibb ekspeıtizasının 04.01.2021 -ci il tarixli, 43 saylı ekspert rəyinə əsasən bədənində 24.01.2020-ci il tarixdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. X10 aparılmış araşdırma nəticəsində belə qərara gəlmişdir ki, hadisə axşam saatlarında, bina həyətinin qaranlıq hissəsində, kənar şəxslərin nəzərindən kənar yerdə baş verməklə ictimai qaydanın pozulması müşahidə edilməmişdir. Baş vermiş hadisədə Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olan ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər mövcud olmamışdır. Hadisə tərəflər arasında əvvəlcədən formalaşmış gərgin şəxsi münasibətlər zəmnində baş vermişdir. X10, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2004-cü il 23 mart tarixli 1 N-li Qərarına istinad edərək göstərmişdir ki, xuliqanlıq cinayəti dedikdə, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik edilmədən ailədə, mənzildə, qohumlar arasmda, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişatında döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymtələndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan maddələri ilə tövsüf olunur. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası mövcud Cinayət Qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yalnız ağır, az ağır, yüngül dərəcəli bədən xəsarəti vetirildiyi halda yaranır. Lakin baş vermiş hadisə nəticəsində İddiaçı dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır. Buna görə də X10 belə qənaətə gəlmişdir ki, baş vermiş hadisədə hər hansı bir cinayət əməlinin tərkib əlamətləri deyil, Azərbaycan Respublikası İXM-nin 157-ci “döymə” maddəsinin tərkib əlamətləri vardır. HK-1/214 saylı material üzrə X10 tərəfindən 04 yanvar 2021- ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar Nəsimi rayon məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 6(006)-22/2021 saylı qərarı ilə ləğv edilərək əlavə araşdırmanın davam etdirilməsindən ötrü Nəsimi RPİ-nin İŞ-nə göndərilmiş, material üzrə araşdırmanın davam etdirilməsi 18 mart 2021 -ci il tarixdə Nəsimi rayon polis idarəsi istintaq şöbəsinin müstəntiqi polis baş leytenantı X8 həvalə edilmişdir. X1 qəbul etdiyi 27 mart 2021-ci il tarixli qərara əsasən İddiaçı döyülməsi faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması təkrarən rədd edilmişdir. HK-1/214 saylı material üzrə müstəntiq Kənan Kərimli tərəfindən 27 mart 2021 -ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar Nəsimi rayon məhkəməsinin 03 may 2021-ci il tarixli, 6(006)-46/2021 saylı qərarı ilə ləğv edilmişdir. X2 qəbul etdiyi 17 iyul 2021-ci il tarixli qərara əsasən İddiaçı döyülməsi faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması dördüncü dəfə rədd edilmişdir. Bütün bunlar onu təsdiq edir ki, Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində sözügedən material üzrə araşdırma obyektiv aparılmamışdır. Material üzrə həmin şöbədə qəbul edilmiş, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarlar dörd dəfə ləğv olunmasına baxmayaraq, bunun heç bir müsbət nəticəsi olmamışdır, həmin qərarlar ləğv edildikdən sonra heç bir əlavə araşdırma aparılmamış, qərarların ləğv edilməsi zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və məhkəmənin hakimi tərəfindən tərtib edilmiş qərarlarda verilmiş göstərişlərin heç birinə əməl edilməmiş, əvvəlki qərarların mexaniki surətdə köçürülməsi ilə kifayətlənilmişdir. Bundan başqa, hadisənin baş verməsindən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq 19-cu polis şöbəsi Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsini təmin etməmişdir. Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün dəfələrlə Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciət etmişdir. Nəsimi RPİ-nin 19-cu PŞ 11 avqust 2021-ci il tarixli 083.1184511.3224 saylı məktubla cavab verərək bildirmişdir ki, iddiaçının 24.01.2020-ci il tarixdə yaşadığı ünvanın qarşısında həmin binanın 71-ci mənzilində kirayədə yaşayan Elşən adlı şəxslə aralarında yaranan mübahisə zəminində sonuncunun yumruqla iddiaçının sifət nahiyyəsindən vurması nəticəsində ona xəsarət yetirməsi və etdiyi müraciətinə 19-cu PŞ-də səthi yanaşmasına narazılığı ilə əlaqədar PŞnə ünvanladığı ərizəsinə əsasən qeyd olunanların araşdırılaraq, ərizənin təhqiqatçı polis mayoru İ.Həmidovun icraatına verilərək araşdırılmışdır. Onun tərəfindən cinayət işinin başlanması rədd edilərək Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi barədə qərar qəbul olunmuş, inzibati icraat başlanmışdır. Elşən adlı şəxsin müəyyənləşdirilməsi istiqamətində tədbirlər keçirilmişdir. Onun qeyd olunan ünvanda bir müddət kirayədə yaşadığı və sonradan oradan naməlum ünvana köçdüyü məlum olmuşdur. 09.07.1986-cı il təvəllüdlü, Astara rayonu, Seləkəran kəndində qeydiyyatda olan Cavabdeh1 qohumluq əlaqələri nəzərə alınaraq onun yerinin müəyyənləşdirilməsi məqsədilə Astara RPŞ-nə yazılı müraciət olunmuşdur. Müsbət halda icraat davam etdiriləcəkdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərlə təsdiq edilir ki, Cavabdeh1 2020-ci ilin yanvar ayında ona qarşı fiziki zor tətbiq etmiş, onu döymüş, buna görə İXM- nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Ötən iki ilə yaxın müddət ərzində iddiaçı aldığı xəsarətlərlə əlaqədar müalicələr almış, müalicələrə xeyli pul sərf etmişdir. Cavabdeh1 barəsində iş üzrə digər cavabdeh 19-cu polis şöbəsi tərəfindən tədbir görülməməsi nəticəsində iddiaçı uzun müddətdir ki, mənəvi əzab əziyyət və iztirablar keçirir, onun barəsində tədbir görülməməsi, onun sərbəst surətdə şəhərdə gəzməsi, onu təhdid etməsi, 19-cu polis şöbəsinin əməkdaşlarının isə onun bu hərəkətlərinə göz yumması ona mənəvi cəhətdən əzab verir. Hüquqi yardım üçün vəkilə müraciət etməklə müəyyən vəsait xərcləmiş, dəfələrlə Cavabdeh1 barəsində olan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar rədd edilsə də, müsbət nəticəsi olmamışdır. Qeyd etdiklərinə əsasən iddiaçıya vurulmuş maddi və mənəvi ziyan cavabdehlər tərəfindən ödənilməlidir. Cavabdeh1 tərəfindən iddiaçıya münaqişə zəmnində xəsarət yetirməsi, bu hadisənin qonşuların gözü önündə baş verməsi, sağlamlığına zərər vurulması iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini deməyə əsas verir. Belə ki, şəxsin fiziki zorakılığa məruz qalması, sağlamlığına xəsarət yetirilməsi həmin şəxsə əsəb, stres yaşatmasına, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasına kifayət edir. Hətta bunun xüsusilə zərərçəkən şəxsin qonşuların gözünün önündə baş verməsi, həmçinin zərərçəkənin xəstəlikdən əziyyət çəkməsi onun fiziki baxımdan iztirab, mənəvi sarsıntı keçirməsini daha da artıran amillərdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 24.02.2020-ci il tarixli, 19.08.2020-ci il tarixli, 04.01.2021-ci il tarixli, 27.03.2021-ci il tarixli və 17.07.2021-ci il tarixli “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” Qərarların surətlərindən görünür ki, İddiaçı döyülməsi faktı əsasında toplanmış material üzrə hər hansı bir cinayətin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin 11 avqust 2021-ci il tarixli 083.1184511.3224 saylı məktubundan görünür ki, cinayət işinin başlanması rədd edilərək Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi barədə qərar qəbul olunmuş, inzibati icraat başlanmışdır. 12.05.2020-ci il tarixli 19VB nömrəli Vəkil orderindən görünür ki, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 Rayon Polis İdarəsinin 19-cu polis şöbəsində olan inzibati xəta işi ilə bağlı iddiaçıya hüquqi yardım göstərmişdir. 17.03.2021-ci il tarixli Ödəniş tapşırıqlarından, 20.11.2020-ci il tarixli 6933 nömrəli və 15.05.2020-ci il tarixli 26284 nömrəli qəbzlərin surətlərindən görünür ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə müvafiq olaraq 140 manat, 120 manat, 110 manat və 111 manat, cəmi 481 manat Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına ödəniş etmişdir. 17436 nömrəli, 110191 nömrəli, 35997 nömrəli, 35077 nömrəli, 29133 nömrəli və 29106 nömrəli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən müvafiq ödənişlər edilsə də, bu ödənişlərin təyinatı qeyri-müəyyəndir. 25.01.2020-ci il tarixli 411 nömrəli “Ambulator, stasionar xəstənin tibb kartasından” çıxarışdan görünür ki, iddiaçı bel fəqərələri nahiyyəsində olan kəskin ağrılardan şikayət etmiş, iddiaçıya klinikada qalmaq təklif edilmiş, lakin iddiaçı qəti imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş maddi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş maddi zərərin ödənilməsini tələb etsə də, maddi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının maddi zərərlə bağlı məhkəməyə təqdim etdiyi 110191 nömrəli, 35997 nömrəli, 35077 nömrəli, 29133 nömrəli və 29106 nömrəli qəbzlərdən isə iddiaçı tərəfindən edilmiş ödənişlərin təyinatı qeyri-müəyyəndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıya maddi zərərin vurulması iş materialları ilə təsdiq olunmadığından iddia tələbi maddi zərər hissəsində təmin oluna bilməz. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının Cavabdeh1 tərəfindən döyülməsi nəticəsində iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, döyülməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 500 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 17.03.2021-ci il tarixli Ödəniş tapşırıqlarından, 20.11.2020-ci il tarixli 6933 nömrəli və 15.05.2020-ci il tarixli 26284 nömrəli qəbzlərin surətlərindən görünür ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə müvafiq olaraq 140 manat, 120 manat, 110 manat və 111 manat, cəmi 481 manat Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına ödənişlər etmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 481 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağlabatan məbləğ hesab edir. Məhkəmə iddia tələbinin Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən də maddi və mənəvi zərərə görə təzminat tutulmasına dair hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçıya məhz Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində hər hansı bir maddi və ya mənəvi ziyan vurulmasına dair sübutlar iş materiallarında aşkar edilməmiş, iddiaçı tərəfindən təqdim edilməmiş və məhkəmə iclası zamanı belə hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən edilməli, Cavabdeh1 hüquqi xidmətlərə görə 481 manat, 30 manat ödənilmiş dövlət rüsumu və mənəvi zərərə görə 500 manat, cəmi 1011 manat tutularaq iddiaçıya ödənilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 hüquqi xidmətlərə görə 481 manat, 30 manat ödənilmiş dövlət rüsumu və mənəvi zərərə görə 500 manat, cəmi 1011 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-363/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-363/2022
07.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver