Məhkəmə qərarları › İş №2(006)-3635/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3635/2020

29.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3635/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxxxxxx" ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxx” ASC-nin İsmayıllı rayon elektrik şəbəkəsi tərəfindən ona vurulmuş 1200 (bir min iki yüz) manat və əldən çıxmış fayda kimi 600 (altı yüz) manat olmaqla, cəmi 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi zərərin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o - İddiaçı İsmayıllı rayon Sumağallı kəndində yaşamaqla əkinçilik və heyvandarlıqla məşğul olur. Mülkiyyətində bir neçə baş iribuynuzlu mal-qarası vardır. xx xxxxx 2020-ci il tarixdə kəndlərində yerləşən yüksək gərginlikli elektrik transfarmatorundan qaz xəttinə sızan elektrik enerjisi ona məxsus 1 baş damazlıq inək malını elektrik cərayanı vuraraq öldürmüşdür. Transfarmatorun ətrafında qoruyucu sipər çəkilmədiyindən, vaxtında təhlükəsizlik tədbirləri görülmədiyindən və elektrik sızmasının qarşısı alınmadığından elektrik xəttinin yaxınlığından keçən qaz xəttinə elektrik axını baş vermişdir. O, hadisə barədə və ona dəymiş zərərin ödənilməsi barədə “xxxxxxxx” ASC-nin İsmayıllı rayon elektrik şəbəkəsinə vaxtında məlumat vermişdir. Buna baxmayaraq ona heç bir cavab verilməmişdir. Bundan sonara o, elektron qaydada müraciət etmişdir. “xxxxxxxx” ASC isə ona elektron qaydada cavab verərək baş vermiş hadisədə onların günahının olmamasını göstərmişdir. O, kənd təsərrüfatı ilə məşğul olmaqla yeganə dolanışıq mənbəyi əkinçilik və heyvandarlıqdır. Ölən inək üçüncü balaya boğaz olmaqla damazlıq əhəmiyyətli mal kimi orta bazar qiyməti 1200 manat dəyərləndirilir. Cavabdehin təqsiri üzündən ona 1200 manat real zərərdən əlavə 600 manat da əldən çıxmış fayda kimi zərər dəymişdir. Belə ki, inək 3 aylıq boğaz olmudur, onun balası 200 manat, altı ay ərzində sağılacaq süd isə 400 manat qiymətləndirilir. Beləliklə ona vurulmuş ümumi real zərər 1800 manat təşkil edir. İnəyin elektrik cərəyanı vurması və ölməsi barədə hadisə günü, yəni xx xxxxx 2020-ci il tarixdə İsmayıllı RİHB-nin Sumağallı İƏB üzrə nümayəndəsi V.Xəlilovun, Sumağallı kənd bələdiyyəsinin sədri T.Mirzəyevin, cavabdeh təşkilatın nümayəndələrinin, onun və iki nəfər hal şahidinin iştirakı ilə inəyin transfarmatordan gərginliyin axması və elektrik cərəyanı vurub inəyi öldürməsi barədə akt tərtib olunmuşdur. Həmin akt tərtib olunarkən ərazi üzrə cavabdeh təşkilatın nümayəndələri Nadir Məmmədov və Sakit Dadaşov hadisə yerində olmuş, lakin akta imza etməkdən imtina etmiş, bu barədə də ayrıca akt tərtib olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq cavabdeh “xxxxxxxx” ASC-nin İsmayıllı rayon elektrik şəbəkəsi tərəfindən ona vurulmuş 1200 (bir min iki yüz) manat və əldən çıxmış fayda kimi 600 (altı yüz) manat olmaqla, cəmi 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi zərərin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İsmayıllı rayonu Sumağallı kənd İ.Ə.D üzrə nümayəndəsi V.Xəlilov, Sumağallı kənd bələdiyyəsinin sədri T.Mirzəyev, ərazi üzrə elektrik S.Dadaşov, hal şahidləri E.Xəlilov və Ş.Davidov, mal sahibi İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Sumağallı kəndinin aşağısında yerləşən işıq transformatorunun yanında təhlükəsizlik qaydalarına riayət edilməməsi nəticəsində bir baş iribuynuzlu malı cərəyan vuraraq öldürmüşdür. Əraziyə REŞ-in əməkdaşları tərəfindən baxış keçirilmiş və heyvanların məhvinə gərəkli dərəcədə cərəyanın olduğu müəyyən edilmişdir. İsmayıllı rayonu Sumağallı kənd İ.Ə.D üzrə nümayəndəsi V.Xəlilov, Sumağallı kənd bələdiyyəsinin sədri T.Mirzəyev, ərazi üzrə elektrik S.Dadaşov, hal şahidləri E.Xəlilov və Ş.Davidov, mal sahibi İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli imtina aktından görünür ki, hadisə yerində olan və baxış keçirən REŞ-in əməkdaşları Nadir Məmmədov və Sakit Dadaşov heç bir əsas gətirmədən aktı imzalamaqdan imtina etmişlər. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona dəymiş ziyanın ödənilməsi ilə bağlı İsmayıllı rayon E.Ş-nin rəisinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə “xxxxxxxx” ASC tərəfindən İddiaçı elektron müraciətinə cavab olaraq bildirilmişdir ki, KTM-in ərazisi tamamilə sipləşdirilmiş və abonentlər "Smart Kart" tipli sayğacla təchiz olunmuşdur. X3 tərəfindən KTM, kabel xətlərinə baxış keçirilmiş və cərəyan sızmasına heç bir səbəb yoxdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İsmayıllı rayon Baytarlıq idarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubundan görünür ki, Sumağallı kənd sakini İddiaçı Məmmədhüseyin oğlunun onlara etdiyi müraciət əsasında məlumat verirlər ki, yerli cins olan damazlıq dişi heyvanın halhazırda bazar qiyməti ilə 1200-1500 manat civarında dəyişir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, Mülki Məcəllənin 21.2, 1096 və 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmətərəfindənişin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıyaməxsus1 baş iri buynuzlu heyvanıntələf olması, heyvanın tələf olmasının məhz İsmayıllı rayonu, Sumağallı kəndinin aşağısında yerləşən işıq transformatorunun cərəyan sızdırması nəticəsindəbaş verməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır.Belə ki, İsmayıllı rayonu Sumağallı kənd İ.Ə.D üzrə nümayəndəsi V.Xəlilov, Sumağallı kənd bələdiyyəsinin sədri T.Mirzəyev, ərazi üzrə elektrik S.Dadaşov, hal şahidləri E.Xəlilov və Ş.Davidov, mal sahibi İddiaçı iştirakı ilə xx.xx.2020-ci il tarixdə bu faktı təsdiq edən akttərtib edilmişdir.Hadisənin “xxxxxxxx” ASC-nin əməkdaşlarının səhlənkarlığı ucbatından baş verdiyini təkzib edən hər-hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin Mülki Məcəllənin müvafiq maddələrinə istinadən qeyd etməyi zəruri sayır ki, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir və beləliklə də bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə zərərin mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Həmin Qaydaların 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Həmin Qaydaların 10.18.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin əvəzi olaraq 1200 manat məbləğində pul vəsaiti yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən cavabdeh tərəfindən ödənilməli və beləliklə də iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddianın əldən çıxmış fayda kimi 600 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbərsübutları (inəyin 3 aylıq boğaz olması və altı ay sağa biləcəklərini, bu hesabla 600 manat məbləğində gəlir əldə edə biləcəyini) məhkəməyətəqdimedə bilməmişdir. Halbuki əldən çıxmış faydanın bu məbləğdə olmasını sübut etmək yükü iddiaçının üzərinə düşür. Beləliklə də iddia bu hissədə qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərə görə 1200 (min iki yüz) manat məbləğində pul cavabdeh “xxxxxxxx” ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar