Məhkəmə qərarları › İş №2(006)-364/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-364/2023

02.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-364/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı «faiz borcunun tutulması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «faiz borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(006)-2167/2020 saylı qətnaməsinin qəbul edildiyi 12 mart 2020-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 13 oktyabr 2022-ci il tarixədək olan 2 il 7 ay müddətində hər il üçün 305.65 manat olmaqla 825 manat (6113 Azn/100%=61,13 x 5%=305 Azn, 305,65 Azn x 2 il 7 ay - 825,255 Azn) gecikməyə görə faiz borcunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli 2(006)-2167/2020 saylı qətnaməsi ilə onun cavabdehə qarşı «pul tələbinə dair» iddia ərizəsi təmin edilərək Cavabdeh cəmi 6113 manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minib və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi borclu Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmamışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 8(006)-388/2021 saylı qərardadı ilə Cavabdeh ölkədən getmək hüququ müvəqqəti oİaraq məhdudİaşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2022-ci il tarixli məktubunda Cavabdeh məhkəmə qərarın könüllü müddət ərzində icra etmədiyi, tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmadığı və borclunun Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 3(006)-2365/2021 saylı qərarı ilə 500 manat miqdarında inzibati qaydada cərimə edildiyi bildirilmişdir. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxladığından, bununla da onu pulundan fayda əldə etməkdən məhrum etdiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq 20 avqust 2022-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək 5 gün müddətinə 760.37 pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini cavabdehin nəzərinə çatdırmışdır. Lakin bir nəticə əldə etmək mümkün olmamışdır. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli 2(006)-2167/2020 saylı qətnaməsindən görünür ki, 5.000 manat əsas borcun və müqavilə müddəti bitəndən sonrakı dövr üçün illik 5 % hesabı ilə 1.083 manat olmaqla, cəmi 6.083 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Eyni zamanda göstərilən qətnamədən müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2022-ci il tarixli xx/xx-3569 saylı məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh 6113 manat pul vosaiti tutularaq İddiaçı ödənilməlidir. İcra sənədi əsasında Nəsimi rayon icra şöbəsində başlanılmış icraat zamanı tələb könüllü müddətdə təmin edilməmiş, borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu Cavabdeh Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 500 manat miqdarında inzibati qaydada cərimə olunmuş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müveqqəti olaraq məhdudlaşdırılmışdır. Məhkəmə qərarının icrası nəzarətdə saxlanılmaqla, tələbin təmin edilməsi istiqamətində zəruri icra tədbirlərinin davam etdirilməsi yerli icra qurumuna tapşırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli 2(006)-2167/2020 saylı qətnaməsi ilə 5.000 manat əsas borcun və müqavilə müddəti bitəndən sonrakı dövr üçün illik 5 % hesabı ilə 1.083 manat olmaqla, cəmi 6.083 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün müvafiq icra şöbəsinə yönəldilmişdir. Lakin bu günə kimi cavabdeh iddiaçıya olan borcundan heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(006)- 2167/2020 saylı qətnaməsinin qəbul edildiyi 12 mart 2020-ci il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 13 oktyabr 2022-ci il tarixədək olan 2 il 7 ay müddətində hər il üçün 305.65 manat olmaqla 825 manat gecikməyə görə faiz borcu alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar