Məhkəmə qərarları › İş №2(006)-3646/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3646/2023

30.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3646/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pulun və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kapital Bank" ASC-dən 826 manat pul vəsaitinin ona qaytarılması, mənəvi zərərə görə 1000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun-cəmi 1856 manat pulun cavadehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC tərəfindən verilmiş **********1 1955 nömrəli əmək haqqı kartı ona məxsusdur. 02 mart 2022-ci il tarixində, 12:50 radələrində əmək haqqı kartından pul çıxarmaq üçün Cavabdeh ASC-yə məxsus olan və ünvan 1-də yerləşən “Makıo Mart” marketin qarşısında yerləşən bankomatdan pul çıxarmaq istəmişdir. Bunun üçün özünə məxsus olan plastik kartı bankomata daxil etmiş və pin kodunu yığmışdır. Bankomatdakı kart məlumatlarına baxdığı zaman hesabında 826 manat pul olduğunu görmüşdür. O, qeyd edilən məbləği kartından çıxartmaq üçün həmin məbləği qeyd etmiş və “enter” düyməsini sıxmışdır. Düyməni sıxdıqdan sonra bir neçə dəqiqə dayanaraq pulun çıxmasını gözləmişdir. Lakin, pulun çıxmadığını görmüş və bir neçə dəqiqə dayanaraq pulun hazırlanmasını gözləmişdir. Gözləməsinə baxmayaraq kart hesabımdan 826 manat pul çıxmamışdır. Bundan sonra kartını götürərək oradan getmişdir 03 mart 2022-ci il tarixində Cavabdeh ASC-nin Bakıxanov qəsəbəsində yerləşər filialla müraciət etmişdir. Oradan çıxarış almış və bu zaman 02 mart 2022-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəşəbəsi, S.Mehmandarov küçəsi 28-di yerləşən “Makro Mart” marketin qarşısındakı bankomatdan 826 manat pulunun çıxarıldığını öyrənmişdir. Həmin 826 manat pulunun kənar şəxs və ya şəxslərin çıxarılması ilə bağlı xx.xx.2022-ci il tarixində Sabunçu RPİ-nin İŞ-nin cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Lakin indiyənədək həmin pul ona qaytarılmamışır. Dəfələrlə cavabdeh “Kapital Bank" ASC-dən 826 manat pulunun ödənilməsini tələb etsə də bu günədək həmin pulu cavabdehdən ala bilməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirir və pulunu verməkdən yayınır. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır. Cavabdeh ASC iddiaya qarşı etirzla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində İddiaçı bildirmişdir ki, xx.xx.2022ci il tarixdə ona məxsus olan əmək haqqı kartından saat 12:50 radələrində pul çıxarmaq üçün Bankın “Makro Mart” marketin qarşısında olan bankomatdan pul çıxarmaq istəyərkən, bankomatdan pul çıxmamış, iddiaçı bir neçə dəqiqə dayandıqdan sonra getmiş və 826 manat pul məbləğini iddiaçıya məlum olmayan digər şəxs götürmüşdür. Bundan sonra şəxs hüquq mühafizə orqanlarına müraciət etmiş, lakin bugünə qədər şəxsə həmin pul qaytarılmamışdır. İddia ərizəsində də qeyd edildiyi kimi iş üzrə xx.xx.2022-ci il tarixdə cinayət işi başlanılmışdır. Bu ərizəyə əlavə edilən Bankın həmin plastik kartdan 826.00 manatın məxaricinə dair mövcud görüntülər xx.xx.2022-ci il tarixli 157000/2-2834 nömrəli məktubla Suraxanı RPŞ-nə təqdim edilmişdir. Həmin materiallardan da görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:02:36-da İddiaçı kartdan pulun məxaric edilməsinə dair əməliyyata başlamışdır. 12:02:50-də iddiaçı bankomata parolu daxil etmişdir. 12:03:43-də Firuzə Quliyevaya digər şəxs yaxınlaşır. 12:03:47-də Firuzə Quliyeva kartı bankomatdan çıxarmışdır. 12:03:54-də həmin şəxs Firuzə Quliyevaya hansısa istiqamətə işarə edərək, nəsə deyir. 12:03:58-də Firuzə Quliyeva həmin şəxsin göstərdiyi istiqamətdə hərəkət etməyə başlayır. 12:03:58-də pullar hazır edilərək, təqdim edilir. 12:04:09-da həmin şəxs bankomatdan pulları götürür. Həmin görüntülərdən də göründüyü kimi, pulu götürən şəxs özü əvvəlcədən Firuzə Quliyeva ilə söhbətləşmiş, Firuzə Quliyevanə həmin məkandan uzaqlaşdırmış və pulu götürmüşdür. Təqdim edilən görüntülərlə həmin şəxsin eyniləşdirilməsi hüquq mühafizə orqanları üçün çətinlik təşkil etməməlidir. Həmin görüntülər Suraxanı RPŞ-yə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Həmin fotolardan aydın şəkildə göründüyü kimi, pulu götürən şəxsin əməllində cinayət tərkibi vardır. Həmin pulların İddiaçı indiyə qədər təqdim edilməməsi Bankın məsuliyyəti xaricindədir. Bank öz üzərinə düşən öhdəliyi icra edərək, operativ şəkildə görüntüləri hüquq mühafizə orqanına təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən pulun məxaric edilmə əməliyyatı 1 dəqiqə 22 saniyə yaxın çəkdiyindən, burada bankomatın texniki nasazlığından da danışmaq olmaz. Beləliklə də, pulu bankomatdan götürən şəxsin şəxsiyyətini müəyyən etmək mümkündür və bu eyniləşdirmənin aparılması Bankın səlahiyyəti xaricindədir; Bank həmin görüntüləri qısa müddət ərzində hüquq mühafizə orqanlarına təqdim edərək, işin vaxtında araşdırılması üçün öz üzərinə düşən bütün hərəkətləri etmişdir. Bu səbəbdən də cari iş üzrə Bankın ümumiyyətlə cavabdeh qismində çıxış etməsi faktı özü də qanunvericiliyin müddəaları ilə ziddiyyət yaratmış olur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sabunçu rayon Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, təhqiqat materialına əsasən Zəngilan rayonu, Yenikənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yusif Qasımov küçəsi ev 41-də yaşayan İddiaçı 09 mart 2022-ci il tarixində Sabunçu RPİ-nin 13-cü PB-nə ərizə ilə müraciət edərək, 01 mart 2022-ci il tarixində, saat 13:00-dan 14:00-dək olan müddət ərzində özünə məxsus “Kapital Bank" ASC tərəfindən verilmiş 5103 0714 2217 1955 nömrəli bank kartından naməlum şəxs və ya şəxslərin ünvan 1 ünvanında fəaliyyət göstərən “Makro Mart" marketir qarşısındakı bankomatda 826 manat nəğd pulunun çıxarıldığını bildirmişdir. İş materiallarında olan Sabunçu rayon Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, cinayət işi üzrə istintaqın hazırki mərhələsində iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh ASC tərəfindən ünvan 2 ünvanda yerləşən bankomatla aparılan 826 manat vəsaitin nağdlaşdırılmasına dair mövcud görüntülər (disk) Sabunçu RPİ-nin 13-cü PB-nə təqdim edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Sabunçu rayon polis idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə əməliyyat axtarış tədbirləri davam etdirilir. Məhkəmə araşdırması zamanı "xxxx" ASC tərəfindən təqdim edilmiş video diskə baxış keçirilən zaman müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə saat 12:02:43-də İddiaçı "xxxx" ASC-yə məxsus bankomat vasitəsi ilə kartdan pulun məxaric edilməsinə dair əməliyyata başladıqda ona digər şəxs yaxınlaşmış, əlini tuşlamaqla nəsə göstərmiş, 12:03:54-də və 12:03:58-də Firuzə Quliyeva bankomatın qarşısından yayınmaqla oradan uzaqlaşmış, 12:04:10 üzündə tibbi qara maska olan kişi cinsli şəxs bankomatdan pulu götürməklə oradan uzaqlaşmışdır. İşin mübahisələndirilməyən tərəfi ondan ibarətdir ki, iddiaçıya məxsus **********11955 nömrəli əmək haqqı kartından xx.xx.2022-ci il tarixində "xxxx" ASC-yə məxsus “Makro Mart” marketin qarşısında olan bankomatından 826 manat pul çıxarılmışdır. Məhkəmə iclasında cavabdehin təqdim etdiyi subutlarla müəyyən edildi ki, həmin pul məbləği başqa şəxs tərəfindən götürülmüşdür. Təqdim edilmiş diskdə olan bankomatın nəzarət qurğusundan çıxarılmış fotoşəkillərdə digər şəxsin pulu götürməsi fotoşəkillərdə əks olunmuş texniki məlumatlarla sübut olunur. Belə ki, 12:02:43-də əks olunmuş fotoşəkilin üzərində olan texniki məlumatlara əsasən İddiaçı "xxxx" ASC-yə məxsus bankomat vasitəsi ilə kartdan pulun məxaric edilməsinə dair əməliyyata başladıqda transaksiyanın sorğulandığı qeyd olunur. Bu zaman iddiaçı üzü bankomada doğru olmuşdur. Bankomatın nəzarət qurğusu vasitəsi ilə əks olunmuş fotoşəkildəki texniki məlumatlara əsasən bankomatda nağd pulun sorğulanması prosesi getdiyi 12:03:54-də Firuzə Quliyevanın bankomatın qarşısında olması, lakin bankomatın ekranından üzünü əks istiqamətdə çevirməsi müşahidə olunur, bunula da onun bankomatda gedən proseslərə nəzarət etmək imkanının olmaması görünür. Bu zaman F. Quliyevaya istiqamət işarəsi verərək onun yanında cavan yaşlarında olan kişi cinsli şəxsin durması da fotoşəkildə əks olunmuşdur. Bankomatdan nağd pulun təqdim edilməsi prosesi qetməsini bildirən 12:03:58-də əks olunmuş fotoşəkildə Firuzə Quliyevanın bundan əvvəl təsvir edilmiş vəziyyətdə olması görünür. Bankomatdan 12:04:09-da nağd pulun verilməsi zamanı bankomatın qarşısında iddiaçının olmadığı, bundan əvvəl onun yanında durmuş və istiqamət göstərən şəxsin bankomata yaxınlaşması və bu zaman sol əlini gödəkçəsinin cibinə yönəltməsi görünür. Bankomatdan nağd pulun verilməsi bitdiyi 12:04:14-də yuxarıda qeyd oluna şəxsin bankomatdan uzaqlaşdığı əks olunur. Qeyd olunan məlumatlara əsasən bankomatda nağd pulun verilməsi prosesinin tamamlandığı, pulun bankomata geri qaytarılmadığı, pulun kənar şəxs tərəfindən götürdüyü sübuta yetirilir. İddiaçının cavabdehə qarşı tələbinin əsassız olması qeyd olunanlarla yanaşı, Sabunçu rayon Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərarının olması, bundan əlavə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmaması əsası ilə dayandırılması və əməliyyat axtarış tədbirləri davam etdirilməsi ilə də təsdiq edilir. Bununla baş vermiş hadisədə cavabdehin təqsiri olmadığı sübuta yetirilir. Cavabdeh bankomatın mülkiyyətçisi olan hüquqi şəxs olmaqla, pulun qaytarılmasına dair tələbə münasibətdə cavabdehlik daşıya bilməz. Məhkəmə iddianın dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, iddia əsassızdır. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyekt müəyyən edilməklə ona qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia təlləbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. (Mülki Prosessual Məcəllənin 50-ci maddəsi) Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia üzrə cavab verməli olan şəxs cavabdeh "xxxx" ASC deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı cavabdehə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədi və göstərilənlər işin araşdırılmış halları ilə müəyyən olunmadı. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pulun və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar