Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-367/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) - Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdyevin tərtib etdiyi 20 avqust 2019-cu il tarixli Aktın etibarsız hesab edilməsi, iddiaçıya vurulmuş 1000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4215/2018 nömrəli, 11.05.2018-ci il tarixli icra vərəqinə əsasən ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinin boşaldılması nəzərədə tutulmuşdur. İşin icraatını həyata keçirən Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdiyev “İcraata başlamaq haqqında” 16.04.2019-cu il tarixli qərar vermiş və iddiaçıya məxsus ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinin boşaldaraq, obyektin açarını heç bir hüququ olmayan Cahangirova Tahirə Möhübbət qızına vermiş və bu barədə 20 avqust 2019-cu il tarixli Akt tərtib etmişdir. İddiaçı hesab edir ki, Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdyevin tərtib etdiyi 20 avqust 2019-cu il tarixli Akt etibarsız hesab edilməlidir. Belə ki, cavabdeh iddiaçının xəbəri və iştirakı olmadan 20 avqust 2019-cu il tarixinə ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinin boşaldaraq, açarlarını adı tələbkarların siyahısında olmayan və məhkəmə tərəfindən iştirakına xitam verilmiş şəxsə, Cahangirova Tahirə Möhübbət qızına vermişdir ki, bu da qanunsuz və əsassızdır. Digər tərəfdən iş üzrə verilmiş icra vərəqəsində yalnız qeyriyaşayış sahəsinin yalnız boşaldılması nəzərdə tutulmuş, oranın kimə təhvil verilməsi isə qeyd olunmamışdır. Buna baxmayaraq, Nəsimi rayon icra şöbəsi qanunsuzluq edərək iddiaçıya məxsus qeyri-yaşayış sahəsini icra vərəqəsində göstərilmədiyi və adı tələbkarların siyahısında olmayan habelə iştirakına məhkəmə tərəfindən xitam verilmiş, Cahangirova Tahirə Möhübbət qızına təhvil vermişdir ki, bu da yol verilməzdir. Əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-4215/2018 nömrəli, 11.05.2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 07.09.2017-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin iddiaçı T.Cahangirovanın cavabdehə qarşı iddiasını rədd edilməsinə aid hissədə ləğv edilməsini, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası həmin tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin iddiaçı T.Cahangirovanın iddia tələbi üzrə icraata xitam verilmiş hissə istisna olmaqla qalan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İddiaçı T.Cahangirovanın Bakı Apellyasiya Məhkəməsinin 07.09.2017-ci il tarixi qərardadından verdiyi kassasıya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 16.01.2018-ci il tarixli qərarı ilə (iş 2(102)-9234/2018) kassasiya şikayətinin təmin edilməməsini, qərardadı dəyişdirilmədən saxlanılmasını qərara almışdır. X1 Möhübbət qızının iştirakına xitam verilmişdir və o tələbkar ola bilməz. Lakin apellyasiya instansiyası verdiyi icra vərəqəsindən həmin halı nəzərə almayaraq, Cahangirova Tahirəni işdə tələbkar kimi göstərmiş, nəticədə qanunsuz olaraq, mübahisəli qeyri-yaşayış sahəsinin açarları T.Cahangirovaya təhvil verilmişdir. Bundan sui-istifadə edən Cahangirova Tahirə həmin qeyri-yaşayış sahəsinə daxil olaraq, oradakı iddiaçıya məxsus kondisioneri, servis dəstlərini və iki yeşik arağı götürmüşdür. Bundan başqa, obyektin üzərinə Bakı Apellyasiya Məhkəməsinin 14 may 2018-ci il tarixli 2(103)-6019/2018 saylı qərardadına əsasən həbs qoyulmuşdur. Əlavə olunmuş 08/01 saylı 27 fevral 2018-ci il tarixli Hərracın Protokoluna əsasən ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinin açıq hərracdan iddiaçı qalib elan olunmaqla əldə edildiyi təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.02.2015-ci il tarixli, 2( 102)-406/2015 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı Cahangirova Tahirə Möhübbət qızının kassasiya şikayəti isə təmin edilməmişdir. 27.02.2018-ci il tarixli, 08/01 saylı hərrac protokolundan görünür ki, İddiaçı ünvan 2 ünvanda yerləşən 6 mərtəbəli binanın 1-ci mərtəbəsinin bir hissəsinin (55,1 kv.m) əldə edilməsinə dair hərracın qalibi olmuşdur həmin protokol məhkəmə qaydasında mübahisələndirilmişdir və bu günədək qüvvədədir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.05.2018-ci il tarixli, 2(103)-4215/2018 saylı qətnaməsindən görünür ki, ünvan 2 ünvanda yerləşən 55,1 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.05.2018-ci il tarixli, 2(103)- 6019/2018 saylı qərardadından görünür ki, ünvan 3 ünvanda yerləşən 55,1 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinin (Tovuz kafesinin) üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.01.2018-ci il tarixli, 2(102)-9234 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.09.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, iddiaçı Cahangirova Tahirə Möhübbət qızının həmin qərardaddan verdiyi kassasiya şikayəti isə təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, icra vərəqəsindəki yalnışlıqların aradan qaldırılması barədə apellyasiya instansiyasının hakimi Məmməd Məmmədova ərizə ilə müraciət olunmuşdur. Əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 01 iyul 2021-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, “Sizin ünvanımıza 19.06.2021 -ci il tarixdə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, 2(103)- 4215/2018 saylı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11.05.2018-ci il tarixli icra vərəqəsi icra olunması üçün Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin iş üzrə Siz ərizə ilə Bakı Apellyasiya Məhkəməsinin MK-na müraciət edərək bildirmişsiniz ki, 11.05.2018-ci il tarixli icra vərəqəsində tələbkar kimi göstərilmiş Cahangirova Tahirə Möhübbət qızının cavabdehə qarşı iddiasının rədd edilməsinə aid hissəsi ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir, lakin icra vərəqəsində T.Cahangirova barəsində icraya xitam verilməsi barədə məlumat olmadığı üçün icra vərəqəsinin icrasında problemlər yaranmışdır. Ərizə əsasında mülki işin materialları məhkəmə tərəfindən araşdırılmış və məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 2(l03)-7512/2017 saylı 07.09.2017-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin iddiaçı T.Cahangirovanın cavabdehə qarşı iddiasının rədd edilməsinə aid hissəsinin ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7512/2017 saylı 07.09.2017-ci ii tarixli qərardadın təsdiq olunmuş surəti 2(103)-4215/2018 saylı 25.12.2020-ci il tarixli məktubla Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilərək 11.05.2018-ci il tarixli icra vərəqəsinin icrası zamanı qeyd edilən həmin qərardadın mövcudluğunun nəzərə alınması xahiş edilmişdir. Odur ki, icra vərəqəsinin icrası ilə əlaqədar Siz rəsmi qaydada bilavasitə Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə müraciət edə bilərsiniz.” Həmçinin əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, “2(103)-4215/2018 sayiı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.05.2018-ci il tarixli icra vərəqəsi icra olunması üçün Sizə göndərilmişdir. Həmin iş üzrə cavabdeh İddiaçı ərizə ilə Bakı lipellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək bildirmişdir ki, 11.05.2018- m il tarixli icra vərəqəsində tələbkar kimi göstərilmiş Cahangirova Tahirə Möhübbət qızının föavabdehə qarşı iddiasının rədd edilməsinə aid hissəsi ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir, lakin icra vərəqəsində T.Cahangirova barəsində icraya xitam verilməsi barədə məlumat olmadığı üçün icra vərəqəsinin icrasında problemlər yaranmışdır. Ərizə əsasında mülki iş materialları Məhkəmə tərəfindən araşdırılmış və məlum felmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi 07.09.2017-ci il tarixli qərardadı ilə (iş Ns 2(103)-7512/2017) Rayon Məhkəməsinin qətnaməsinin iddiaçı T.Cahangirovanın cavabdehə qarşı iddiasının rədd edilməsinə aid hissəsinin ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Odur ki, 07.09.2017-ci il tarixli qərardadın təsdiq olunmuş surəti sizə göndərilir və 11.05.2018-ci il tarixli icra vərəqəsinin icrası zamanı qeyd edilən həmin qərardadın mövcudluğunun nəzərə alınması xahiş edilir.” Göründüyü kimi Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdyevin tərtib etdiyi 20 avqust 2019-cu il tarixli Akt qanunsuz olmaqla etibarsızdır. Göründüyü kimi icra məmuru qətnamənin icrası zamanı nöqsanlara yol verərək, obyektin təhvil verilməsi barədə göstəriş olmadığı halda qeyri-yaşayış sahəsini tələbkar kimi iştirakına xitam verilmiş Cahangirova Tahirə Möhübbət qızına təhvil verməkdə pozuntuya yol vermiş məhkəmə öz növbəsində işdəki sübutlara deyil, öz şəxsi mülahizələrinə uyğun olaraq, Cahangirova Tahirə Möhübbət qızının şikayətini qanunsuz təmin edərək özünün çıxardığı qərardadı ləğv etməklə haqlı olmamış, bununla maddi və prosessual hüquq normalarının tələbini kobud pozmuşdur. Bu qanunsuzluqlara görə iddiaçı maddi zərərlə yanaşı stress və depresiyalar keçirmişdir. Odur ki. hesab edir ki, mənəvi zərər kimi 1000 manat cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və onun nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 20.08.2019-cu il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən 53,1 kv.metr ölçüdə qeyri-yaşayış sahəsi boşaldılaraq tələbkar Cahangirova Tahirə Möhübbət qızına təhvil verilmişdir. Eyni zamanda iddiaçıya məxsus əşyalar da Cahangirova Tahirə Möhübbət qızına təhvil verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01.07.2021-ci il tarixli 6ÜŞ-14417/21 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 2(103)- 7512/2017 saylı 07.09.2017-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin iddiaçı T.Cahangirovanın cavabdehə qarşı iddiasının rədd edilməsinə aid hissəsinin ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7512/2017 saylı 07.09.2017-ci il tarixli qərardadın təsdiq olunmuş surəti 2(103)-4215/2018 saylı 25.12.2020-ci il tarixli məktubla Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilərək 11.05.2018-ci il tarixli icra vərəqəsinin icrası zamanı qeyd edilən həmin qərardadın mövcudluğunun nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.01.2018-ci il tarixli 2(102)-9234 saylı qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.09.2017-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 21.04.2017-ci il tarixli qətnaməsi iddiaçı Cahangirova Tahirə Möhübbət qızının cavabdeh İddiaçı qarşı iddiasının rədd edilməsinə aid hissədə ləğv edilmiş, iddiaçı Cahangirova Tahirə Möhübbət qızının cavabdeh İddiaçı qarşı iş üzrə icraata xitam verilməsi qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qərarı ilə iddiaçı Cahangirova Tahirə Möhübbət qızının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.09.2017-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin 18.03.2019-cu il tarixli 2(103)-4215/2018 saylı icra vərəqəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 11.05.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, D.Əliyeva küçəsi, 241 saylı binada yerləşən 53,1 kv.metr ölçüdə olan qeyriyaşayış sahəsinin boşaldılması qət edilmişdir. 16.04.2019-cu il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri, D.Əliyeva küçəsi, 241 saylı binada yerləşən 53,1 kv.metr ölçüdə olan qeyri-yaşayış sahəsi boşaldılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 72.2-ci maddəsinə əsasən bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyriyaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. Həmin Qanunun 72.3-cü maddəsinə əsasən icra məmuru çıxarılmanın günü və vaxtı haqqında borcluya rəsmi bildiriş verir. Bildiriş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci və 135.3-cü maddələrində müəyyən edilmiş qaydada verildikdə rəsmi qaydada təqdim edilmiş hesab olunur. Müvafiq bildirişi almış borclunun olmaması çıxarılmanın həyata keçirilməsinə mane olmur. Həmin Qanunun 72.6-cı maddəsinə əsasən icra məmuru borclunun əmlakının mühafizəsini təmin edir və bununla bağlı xərcləri borclunun üzərinə qoyur. Borclunun əmlakı üç ildən çox olmayan müddət ərzində mühafizə edilir. Həmin müddət bitdikdən sonra göstərilən əmlak sahibsiz əmlakın satılması üçün müəyyən edilmiş qaydada satılır. Borclunun əmlakının satılmasından əldə edilən vəsait dövlət büdcəsinə keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 72.7-ci maddəsinə əsasən borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 11.05.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, D.Əliyeva küçəsi, 241 saylı binada yerləşən 53,1 kv.metr ölçüdə olan qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.09.2017ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 21.04.2017-ci il tarixli qətnaməsi iddiaçı Cahangirova Tahirə Möhübbət qızının cavabdeh İddiaçı qarşı iddiasının rədd edilməsinə aid hissədə ləğv edilmiş, iddiaçı Cahangirova Tahirə Möhübbət qızının cavabdeh İddiaçı qarşı iş üzrə icraata xitam verilməsi qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icra olunması üçün cavabdehə göndərilmiş və cavabdeh tərəfindən 16.04.2019-cu il tarixli İcraata başlamaq haqqında qərarla icra sənədi üzrə icra icraatına başlanılmışdır. İcra məmuru tərəfindən 20.08.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən 53,1 kv.metr ölçüdə qeyri-yaşayış sahəsi boşaldılaraq tələbkar Cahangirova Tahirə Möhübbət qızına təhvil verilmişdir. Eyni zamanda qeyri-yaşayış sahəsində olan iddiaçıya məxsus əşyalar da Cahangirova Tahirə Möhübbət qızına təhvil verilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi icra məmuru tərəfindən qeyri-yaşayış sahəsi boşaldıldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində və icra sənədində, həmçinin özünün İcraata başlamaq haqqında qərarında da nəzərdə tutulmayan, eyni zamanda iş üzrə tərəf olmayan Cahangirova Tahirə Möhübbət qızına (Cahangirova Tahirə Möhübbət qızının iddiasına dair iş üzrə icraata xitam verilmişdir) təhvil verilmişdir. Bundan başqa, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən qeyri-yaşayış binasından olan iddiaçıya məxsus əşyaların mühafizəsini özü təşkil etməli olduğu halda, qanunazidd olaraq həmin əşyaları da Cahangirova Tahirə Möhübbət qızına təhvil vermişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi aktın etibarsız hesab edilməsi hissəsində yuxarıda göstərilənlərə əsasən əsaslı olduğundan təmin edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdyev tərəfindən tərtib edilmiş 20 avqust 2019-cu il tarixli Akt etibarsız hesab edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdyev tərəfindən tərtib edilmiş 20 avqust 2019-cu il tarixli Akt etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-367/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-367/2022
13.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver