Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3671/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin və direktor Cavabdeh2 üzərinə təsis payına uyğun olaraq xalis mənfəətin (dividendin) hesablanaraq ona ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi 55 olan Cavabdeh1 MMC 24.05.2017-ci ildə tarixdə 100 faizlik payla X4 tərəfindən təsis edilib. 06.02.2018-ci il tarixdə X1 təsis etdiyi hüquqi şəxsdəki payının 40 %-ni X5, 15%-ni İddiaçı1, 10%-ni Cavabdeh2, 15%-ni X6, 10%-ni X3, 10%-ni X7 əldə etmişdir. Cavabdeh1 MMC-də tikinti şirkətidir və Zərifə Əliyeva küçəsi 59 və Üzeyir Hacıbəyov küçəsi 66-da yerləşən istifadə müddəti bitmiş (qəzalı) vəziyyətdə olan hər iki binanın sökülməsi, həmin ərazidə yeni binaların tikilib, sakinlərin yerləşdirilməsi şirkətə həvalə edilmişdir. Bununla əlaqədar olaraq Cavabdeh1 MMC fəaliyyətə başlayaraq, qeyd edilən ünvanlardakı binaları sökmüş və eyni zamanda tikilməkdə olan binalardan satışları həyata keçirmişdir. Eyni tikilən binadan yaşayış və qeyri-yaşayış sahələrinin əksər hissəsi satılmış və bununla da, Cavabdeh1 MMC külli miqdarda mənfəət əldə etmişdir. 10%-lik səhmlə təsisçi və eyni zamanda direktor Cavabdeh2 dəfələrlə şirkətə məxsus sənədlərlə tanış olub, dividendləri hesablamaq üçün şərait yaratmağını xahiş etsə də, bu imkanı yaratmamış, sonradan isə ümumiyyətlə sənədlərlə tanış etməkdən imtina etmişdir. Hal-hazırda Cavabdeh1 MMC-nin maliyyə vəziyyəti ilə bağlı dəqiq məlumatı olmasa da, təxmini hesablamalarına görə ona verilməli olan dividend məbləği 2 milyon manatdan çoxdur. Göründüyü kimi, Mülki Məcəllənin tələblərinə əsasən xalis mənfəəət təsisçilər arasında bölüşdürülməlidir. Lakin Cavabdeh1 MMC-nin direktoru olan Cavabdeh2 istədiyi təsisçiyə dividend verir, istəmədiyinə vermir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək məhkəməyə yazılı vəsatət təqdim etdi və izahat verərək bildirdi ki, iddia tələbi (xalis mənfəətin bölünməsi) cəmiyyətin ümumi yığıncağının həll etdiyi məsələ olmaqla, cəmiyyətin müstəsna səlahiyyətidir. Bu məsələnin müzakirəsinə və həllinə məhkəmə qaydasında baxılması cəmiyyətin təsərrüfat və təşkilati fəaliyyətinə dövlət orqanının müdaxiləsi hesab olunur. Cəmiyyətin əldə edilən gəlirlərin müəyyən edilməsi və gəlirdən ona düşən pul vəsaitinin ödənilməsinin təmin edilməsi məsələlərinin həlli yalnız bu məsələlərin ümumi yığıncağın gündəliyinə salınması ilə mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Muradov və digərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 iyun 2017-ci il tarixli Qərarına əsasən cəmiyyətin xalis mənfəəti iştirakçılar arasında tamamilə və qismən bölüşdürülə bilər, bəzən isə ümimiyyətlə bölüşdürülə bilməz. Göründüyü kimi, cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsini öz maliyyə vəziyyətinə uyğun olaraq bölüşdürə, qismən bölüşdürə və ya ümumiyyətlə bölüşdürməyə bilər və bu cəmiyyətin ümumi yığıncağının səlahiyyətindədir. Hazırki tələbə məhkəmə qaydasında baxılması yolverilməzdir. Bu səbəbdən hazırki işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 verilmiş vəsatətə etiraz etdi və izahat verərək bildirdi ki, Cavabdeh1 MTK tərəfindən X2 qarşı “verilən dividendin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişlər. e-2-2(113)-1774/2021 saylı kommersiya işi hakim Ü.Həsənovanın icraatındadır. Göründüyü kimi, cavabdeh tərəfindən bir neçə təsisçiyə dividend veridliyi halda İddiaçı1 qarşı dividendin verilməməsi qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən cavabdeh tərəfin vermiş olduğu vəsatətin rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfindən verilmiş vəsatəti araşdırıb, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 iyun 2017-ci il tarixli Qərarına əsasən cəmiyyətin xalis mənfəəti iştirakçılar arasında onların bölgü aparılan günə mövcud olan mayasının dəyərinə uyğun olaraq bölünməlidir. Xalis mənfəət iştirakçılar arasında tamamilə və ya qismən bölüşdürülə bilər, bəzən isə ümumiyyətlə bölüşdürülə bilməz. Bu isə əsasən məhdud məsuliyyətli cəmiyyətin maliyyə vəziyyəti ilə əlaqədardır. İş materiallarında olan “xxxx” MMC-nin Nizamnaməsinin 4.3-cü bəndindən görünür ki, yığıncağın müstəsna səlahiyyətlərinə cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi aiddir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçının iddia tələbi (xalis mənfəətin (dividendin) ödənilməsi) cəmiyyətin ümumi yığıncağında həll edilməli məsələlər olmaqla yığıncağın müstəsna səlahiyyətinə aid olan məsələdir. Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən məsələlərin müzakirəsinə və həllinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Məhkəmə qeyd edir ki, cəmiyyətin əldə edilən gəlirlərin müəyyən olunması və gəlirlərdən səhmdara düşən pul vəsaitinin ödənilməsinin təmin edilməsi məsələlərinin həlli yalnız bu məsələlərin ümumi yığıncağın gündəliyinə salınması ilə mümkündür. Bundan əlavə məhkəmə mülki qanunvericiliyin mülki hüququn subyektləri kimi cəmiyyət üzvlərinin mülki hüquqlardan biri olan ümumi yığıncaq hüququnun məhkəmə müdafiəsinə təminat verməsini və cəmiyyət üzvlərinin pozulmuş ümumi yığıncaq hüquqlarının bərpasını məhkəmə qaydasında tələb etmək hüququnun mövcud olmasını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, İddiaçı1 təsis payına uyğun olaraq xalis mənfəətin (dividendin) hesablanaraq ödənilməsi ilə əlaqədar cəmiyyətə müraciət edərək, ümumi yığıncağın çağırılmasını tələb etmək, bu hüququ həyata keçirilmədiyi təqdirdə, ümumi yığıncağın keçirilməsi və ümumi yığıncağın keçirilməsinin nəticəsinə dair xalis mənfəətin (dividendin) hesablanaraq verilməsi öhdəliyinin qoyulmasını (pozulmuş ümumi yığıncaq hüquqlarının bərpasını) məhkəmə qaydasında tələb etmək kimi hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı "pul" tələbinə dair iş üzrə icraata xitam verilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı "pul" tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3671/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3671/2021
27.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver