Məhkəmə qərarları › İş №2(006)-3673/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3673/2020

07.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3673/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Kazımlı Könül Rasim qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqandan istintaq zamanı müstəntiq tərəfindən ondan qanunsuz alınmış 5000 manat nağd pul maddi ziyan kimi ödənilməsi, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qanunsuz həbs etməyə görə vurulmuş mənəvi ziyana görə ona 40000 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,o, 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişdir. O zamanki qanunlara əsasən həm cinayət, həm də mülki işlərin aparılması zamanı istənilən şəxs etibarnamə əsasında nümayəndə və hətta müstəntiqin qərarı ilə müdafiəçi qismində iştirak edə bilərdi. 1992-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin belə bir tövsiyyəedici qərarı da oldu ki, hüquq firmalarının hüquqşunasları cinayət işləri üzrə həm istintaqda, həm də məhkəmədə tam hüquqlu müdafiəçi qismində iştirak etmək səlahiyyətinə malikdirlər. O, və digərləri də həmin normalara əsasən məhkəmələrdə nümayəndə və müdafiəçi qismində iştirak etməyə başlamışdır. Sonradan hökümət tərəfindən cinayət işlərinə çıxmaq məsələsinə tədricən qadağa qoyuldu. Mülki işlər üzrə nümayəndəliyə isə 2017-ci ilin son aylarına kimi icazə verilirdi. İndi isə bu fəaliyyətlə məşğul olmaq üçün yalnız vəkillərə icazə verilmişdir. Onu da qeyd edir ki, o, həmin fəaliyyətlə məşğul olan zaman vergi orqanlarından VÖEN almışdır. Müqavilə əsasında insanlara etdiyi hüquqi xidmətə görə fiziki şəxs kimi vergi ödəyirdi. Əlbəttə ki, bu fəaliyyətlə məşğul olan zaman bəzən xidmət göstərdiyi şəxslərlə mübahisələr də olurdu. İnsanlar özlərini haqlı bilib 2012-2014-cü illərdə Yasamal rayon 27-ci polis bölməsinə ondan bir neçə dəfə şikayətlər etmişdilər. Həmin şikayətlər bölmə tərəfindən araşdırılmış və bu işin mülki xarakter daşıdığını qeyd edərək cinayət işləri başlamamışlar. Amma buna baxmayaraq hər halda polis onu dəfələrlə bölməyə dəvət edərək onu sorğu-suala tutmuş vaxtını almış və əsəblərini tarıma çəkmişdir. Bütün fəaliyyəti boyu 7 belə şikayəti olub. 7 şəxsin şikayəti üzrə onu polisə dəvət etmiş və hər bir iş üzrə ayrıca təhqiqat aparılmışdır. Bütün işlər üzrə də cinayət işnin başlanılmasından imtina qərarları qəbul edilmişdir. Daha doğrusu, şikayətçilərin göstərdiyi faktlar əsassız olmuş ya da mülki xarakter daşımışdırş Hətta mülki xarakter daşısa da bu faktlar öz əksini tapmamışdır. Lakin bu faktlar tam araşdırılmasına baxmayaraq o zaman Yasamal rayonuna yeni təyin olunmuç prokuror Rasim Hacıyev barəsində həmin 6-7 iş üzrə materialları arxivdən götürüb barəsində AR CM-nin 178.2 və 178.2.4-cü maddələri ilə xx xxxx 2015-ci ildə cinayət işi başlamış və işin istintaqı Yasamal rayon X2 Şöbəsinin müstəntiqi Seymur Hidayətzadəyə həvalə edilmişdir. Lakin bu barədə ona heç bir bildiriş təqdim edilməmiş və barəsində saxta axtarış elan edilmişdir. Yalnız xx xxxxxx 2016-cı ildə müstəntiq onu mobil telefonla idarəyə dəvət etmişdir. Həmin gün müstəntiq onu dindirmədən bildirdi ki, prokurorun göstərişi belədir ki, onu saxlasın o vaxta kimi o zərərçəkmişlərin pulunu gətirib onlara verənə kimi. Bundan sonra müstəntiq onu şübhəli şəxs kimi cəlb etmə barəsində qərar təqdim etmədən və onu şübhəli şəxs kimi ifadəsini almadan və ona vəkil təqdim etmədən şübhəli şəxs qismində onu Yasamal rayon Polis İdarəsinin zirzəmisində yerləşən müvəqqəti saxlama yerlərindəki 4 saylı kameraya salmışdır. Bu zaman yalnız kamerada ona bildirdilər ki, müstəntiq Seymur Hidayətzadə prokurorla birləşib adətən insanlardan bu yollarla pul alırmışlar. O, kamerada 48 saat saxlanılmışdır. Kamerada olduğu zaman müstəntiq həyat yoldaşından onu buraxmağa görə əvvəl 13000 manat istəmiş sonradan isə 5000 manatla kifayətlənmişdirş Həyat yoldaşı həmin pulu borc alaraq Dadaşov Bəxtiyar adlı iş yoldaşına vermiş o da müstəntiqə çatdırmışdır. Tutulmağından 48 saat keçəndən sonra müstəntiq onu kameradan buraxmış və ondan tələb etmişdir ki, pulların qalan hissəsini gətirməsə onu yenə içəri salar. O, isə azad olan kimi ondan Baş Prokurorluğa şikayət etdi. Çünki o, heç kimə nə 13000 manat nə də 5000 manat verməli deyildir. Tutulmağı da qanunsuz idi. Müstəntiq onun həbs olunmağından istifadə edərək 5000 manat pulu da ailəsindən zorla almışdır. Baş prokurorluğun göstərişi ilə müstəntiq barəsində Yasamal rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma aparan zaman müstəntiq özünü təmizə çıxarmaq üçün daha bir saxtakarlığa yol vermişdirş Məsələn onu 17-xx xxxxxx 2016-cı il tarixlərdə kamerada şübhəli şəxs kimi saxlanandan 48 saatdan sonra müstəntiq onu elə kameradan da çıxarıb evə buraxmışdır. O müstəntiqdən soruşmuşdur ki, indi onun prosessual vəziyyəti nədir demişdir ki,ş o, hələlik şahiddir, pulların qalanını gətirsin ki işi bağlasın. Bu zaman heç bir ittiham və qətimkan sənədlərini ona təqdim etməmişdir. O, müstəntiqin hərəkətindən şikayət edəndən sonra müstəntiq saxta yollarla arxa tarixdən, yəni 19 fevral tarixində güya ona AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan etdiyini və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri barədə sənədləşmə aparmışdır. Təbii ki onun müttəhim kimi dindirilməyi barəsində də protokol olmayıb. Bunları müstəntiq saxtalaşdırıb. Çünki onun tərtib olunmuş həmin sənədlərdən xəbəri olmayıb. Müstəntiq bütün bunları özü saxtalaşdırıb. Həmin zaman o, Baş prokurorluğun istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasovdan məktub almışdır ki, barəsində cinayət işi AR CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Bu da o deməkdir ki, iş üzrə müqəssir müəyyən edilməmişdir. Bu məsələdən sonra o, özü şikayətlərini davam elədi. Müstəntiq isə Yasamal rayon Polis İdarəsindən işdən çıxarıldı və onun müstəntiqliyinə xitam verildi. Lakin Yasamal rayon prokuroru və müstəntiqin bünövrəsini qoyduğu bu saxta cinayət işi hələ 2 il yarım onun başını ağrıtdı. Yasamal rayon prokuroru heç bir halda bu saxta cinayət işinə xitam vermək istəmirdi. Özünü və paqon yoldaşını müdafiə edirdi. O, da şikayətindən durmurdu. Belə ki, barəsində cinayət işi başlanandan sonra aparılan bütün istintaq hərəkətləri qanunsuz və qərəzli olmuşdur. Əməlində cinayət təqibinin olmamasını Yasamal rayon prokuroru əvvəldən bilirdi. Çünki bu barədə dəfələrlə araşdırma olmuş və əməlində cinayət tərkibinin olmamasına dair hər bir epizod barəsində ayrıca qərar çıxarılmışdır.Barəsində cinayət işi başlansa da müstəntiq onu 17-xx xxxxxx 2016-cı il tarixdə 48 saat şübhəli şəxs kimi kamerada qanunsuz olaraq saxlamışdır. Bu barədə tutma protokolu və tutma qərarı ona elan edilməmiş şübhəli şəxs kimi ifadəsi alınmamışdır. Ona xx xxxxxx 2016-cı ildə yəni 48 saatdan sonra ittiham elan edilmədi və barəsində qətimkan tədbiri görülmədi və ifadəsi də alınmadı. Kameradan çıxdığından yalnız 2 gündən sonra, yəni xx xxxxxx 2016-cı ildə həmin cinayət işi CPM-nin 53.1.1-ci maddəsi ilə dayandırılmışdır. Əgər xx xxxxxx 2016-cı ildə ona ittiham elan edilsə idi onda ondan müqəssir kimi ifadə alınmalı idi və barəsində qətimkan tədbiri seçilməli idi. 19 fevral ilə 21 fevral arasında nə baş verdi ki, həmin cinayət işi AR CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Bunlar saxta sənədləşmələrdir. Bu prosessual və fiziki cəhətdən mümkün deyil. Onun bu qanunsuzluqdan Baş prokurorluğa etdiyi şikayətdən sonra yasamal rayon prokuroru xx xxxxxxxx 2016-cı il tarixli qərarı ilə həmin cinayət işinin AR CPM-nin 53.1.1-ci maddəsinə ilə dayandırılmasına dair xx xxxxxx 2016-cı il tarixli qərarını ləğv edərək cinayət işinin istintaqını təzələyərək işi Yasamal rayon X2 Şöbəsinə göndərmişdir. Amma Yasamal polisində yenə də dərindən araşdırma aparıb işin icraatına xitam verilmədi. Onun özünü isə hər dəfə polis və prokurorluğa çağırıb heç bir real istintaq hərəkətləri aparmayaraq ona mənəvi işgəncələr verilirdi və onu axşam saat 20:00 a kimi idarədə saxlayırdılar. Vaxtı gedirdi ailəsi ac qalırdı işləyə bilmirdi. Bundan sonra həmin cinayət işi yenidən 53.1.1-ci maddəsi ilə dayandırılmışdır. Bundan sonra o, yenə də şikayət elədi. Cinayət işinin xitam edilməsini tələb edirdi. Yenə də işi araşdırır, amma xitam etmirdilər. xx xxxxxx 2017-ci il tarixdə Baş prokurorluğu tərəfindən həmin cinayət işinin dayandırma qərarı yenə də ləğv edildi və iş Bakı Baş X2 və Təhqiqat İdarəsinə göndərildi. Onu orada çağırıb dindirdilər, Amma 3 saatdan sonra yenə də buraxdılar. xx xxxxxx 2017-ci ildə AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan həmin cinayət işi BPİ İstintaq və X4 Cinayətlərin İstintaqı şöbəsinin müstəntiqi Həbib Həbibliyə həvalə edilmişdir. Müstəntiq də onunla əlaqə saxlayaraq istintaqa dəvət edlədi və dindirəndən 2 saat sonra onu buraxdı. Müstəntiq həmin cinayət işini AR CPM-nin 53.1.1-ci maddəsinə əsasən həmin cinayət işində ayrıca xuliqanlıq faktı üzrə təqsirləndirilməli olan başqa bir şəxsin müəyyən edilməsi üçün AR CPM-nin 53.1.1-ci maddəsi ilə dayandırdı. xx xxxx 2017-ci il tarixdə AR CPM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan həmin cinayət işi yenidən təzələnərək həmin cinayət işinin Yasamal rayon Prokurorluğu tərəfindən başlandığını nəzərə alaraq işin Yasamal rayon Polis İdarəsinin İŞ tərəfindən istintaq və əməliyyat axtarış hərəkətlərinin aparılması üçün Bakı şəhər Prokurorluğuna göndərilmişdir.xx xxxx 2017-ci il tarixdə həmin cinayət işi Yasamal rayon İş-nin müstəntiqi Mübariz Qayıbovun icraatına verilmiş və istintaq davam etdirilmişdir. Yenə də o, həmin iş üzrə şifahi dindirilmişdir.xx xxxx 2017-ci ildə həmin cinayət işi dərhal AR CPM-nin 53.1.1-ci maddəsinə uyğun olaraq dayandırılmışdır. Amma işə yenə də xitam verilmədi. xx xxxxxxx 2017-ci ildə Yasamal RPİ istintaq Şöbəsinin rəisi Şahin Quliyev tapşırıqla həmin cinayət işini müstəntiq Ceyhun Məmmədova həvalə edilmişdir. Lakin sonradan həmin cinayət işi digər bir müstəntiq olan Asif Əliyevə həvalə edilmişdir. Asif Əliyev xx xxx 2018-ci ildə həmin cinayət işini icraatına qəbul etmiş və dərhal həmin gün yəni xx xxx 2018-ci ildə AR CPM-nin 53.1.4-cü maddəsi ilə dayandırmışdır. Bu isə o deməkdir ki, təqsirləndirilən şəxsin ya ağır xəstədir ya da xaricdərir. Onda bu müqəssir kimdi axi. O, isə nə ağır xəstə olmuş nə də ki xaricdə olmuşdur. xx xxxx 2018-ci ildə müstəntiq Asif Əliyev növbəti dəfə həmin cinayət işini ictaarına qəbul edərək istintaqı yenidən davam etdirmişdir. xx xxxx 2018-ci ildə yenə də həmin cinayət işi AR CPM-nin 53.1.4-cü maddəsi ilə dayandırılmışdır. O, dəfələrlə etiraz etmişdir ki, iş üzrə keçən insanlardan heç biri nə xəstədir nə də xaricə gedib. Bundan 3 ay sonra xx xxxxxxx 2018-ci ildə həmin cinayət işi yenidən təzələnərək onu yenə də polisə çağırdılar. Həmin gün yenə də həmin cinayət işini AR CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. Halbu ki, bundan əvvəl bildirdi kimi bütün bu dayandırma əməliyyatları əsassız idi. Həmin cinayət işində heç bir cinayət tərkibi yox idi. Qaldırılmış cinayət işi də qərəzli idi. xx xxxxxx 2018-ci ildən müstəntiq Asif Əliyev tərəfindən həmin cinayət işi yenidən təzələnmiş və istintaq davam etdirilmişdir. Həmin tarixdə də Əliyev Asif cinayət işinin icraatına xitam vermişdir. Lakin işin xitam edilməsinə dair ona heç bir yazılı məlumat verilməmiş, 3 ildən çox bir müddət ərzində ona qarşı edilən bu haqsızlığı həm mənəvi həm də maddi cəhətdən ödənilməmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Kazımlı Könül Rasim qızı iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon X2 Şöbəsinin baş müstəntiqi polis mayoru Asif Əliyevin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı hərəkətlərində cinayət tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına xitam verilmiş, barəsində başqa yerə getməmək haqqında seçilmiş qətimkan tədbiri ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”a görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsində qeyd olunur ki, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir.Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999cu il tarixli qərarının 14-cü bəndinə görə mənəvi ziyanın tutulması bir qayda olaraq vətəndaşın şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində tətbiq edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X3 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qeyd edilir ki, Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsində qeyd edilir ki, Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndində qeyd edilir ki, Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra — Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Odur ki, məhkəmə iddia tələbini əsaslı sayır və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının istintaq zamanı müstəntiq tərəfindən ondan qanunsuz alınmış 5000 manat nağd pul maddi ziyan kimi ödənilməsi, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qanunsuz həbs etməyə görə vurulmuş mənəvi ziyana görə ona 40000 manat kompensasiya ödənilməsi barədə tələbi qismən təmin edilməlidir. İddia məbləği qalan hissədə sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə alınmış 500 (beş yüz) manat maddi ziyan və 500 (beş yüz) manat məbləğində vurulmuş mənəvi ziyan tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə alınmış 500 (beş yüz) manat maddi ziyan və 500 (beş yüz) manat məbləğində vurulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar