Məhkəmə qərarları › İş №2(006)-3675/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3675/2021

11.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3675/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X21» MMC-nin qiymətləndirmə rəyinə əsasən, 140.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsində istifadədə olan 0,08000 ha torpaq sahəsində yerləşən 96 nömrəli 9-mərtəbəli binada, 97,4 kv.m ümumi, 68.03 kv.m yaşayış sahəsi olan 5 otaqdan ibarət mənzilin, 12.09.2008-ci il tarixli 197/08/PB saylı kredit müqaviləsinə əsasən, ipoteka predmeti olması səbəbindən, mənzilin ümumi dəyəri olan 140000 manatdan "xxxx" ASC-yə ödənilməli olan 60.000 manat çıxılmaqla, qalan 90.000 manat pulun, həmçinin qeyd edilən mənzilin "xxxx" ASC tərəfindən ələ keçrilməsi zamanı mənzildə olan ona məxsus dəyərli əşyaların - Rumıniya istehsalı olan “D-10” mebel dəstinin - 15.000 (on beş min) manata, 2 ədəd 3x4 metr ölçüdə İran xalçalarının - 600 manata, hərəsi 1000 manat dəyərində olan “Toshiba” və “LG” firmalarının istehsalı olan soyuducuların - cəmi (iki min) manata, 2 dəst yemək servisinin -700 manata, 1 dəst çay servisinin - 200 manata, 1 dəst qəhvə servisinin - 150 manata, mətbəx mebelinin - 400 manata hesablanaraq, həmin əşyaların ümumi dəyərinin, yəni 18.050 (on səkkiz min əlli) manat məbləğində zərərin, həmçinin mənəvi zərərə görə 10.000 (on min) manat pulun, yəni cəmi 108.050 (yüz səkkiz min əlli) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC tərəfindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 03 sentyabr 2010-cu il tarixli 2(81)-1940/ 2010 saylı qətnaməsi ilə ondan, yəni İddiaçı 34376,73 ABŞ dolları əsas, 20567,0 gecikdirilmiş faiz, 27856,50 ABŞ dolları dəbbə pulu, ümumilikdə 82800.23 ABŞ dollarının milli manat ekvivalentinə borc tələbini hüquqi yardıma görə 500 manat və 20 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. "xxxx" MMC-nin eksperti tərəfindən əslində 180.000 manat dəyərində olan Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsində istifadədə olan 0,08000 ha torpaq sahəsində yerləşən 96 nömrəli 9-mərtəbəli binada, 97,4 kv.m ümumi, 68.03 kv.m yaşayış sahəsi olan 5 otaqdan ibarət 38 saylı mənzil cəmi 64.000 manat (2011-ci ilin dolların manata nisbəti 0,78 qəpik məzənnədə dəyəri nəzərə alınmaqla - 82.051 ABŞ dolları) dəyərində qiymətləndirilmiş, cavabdeh tərəfindən açıq hərracın nəticələri haqqında protokol tərtib edilərək mənzil Bankın adına rəsmiləşdirilmişdir. "xxxx" MMC-nin eksperti tərəfindən Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsində istifadədə olan 0,08000 ha torpaq sahəsində yerləşən 96 nömrəli 9-mərtəbəli binada, 97,4 kv.m ümumi, 68.03 kv.m yaşayış sahəsi olan 5 otaqdan ibarət mənzilin qərəzli, qeyriobyektiv, ədalətsiz, həqiqətə uyğun olmayan məlumatlar yazmaqla (mənzilin təmirə ehtiyacının olması qeyd edilməklə) 64.000 manata qiymətləndirilməsi ilə qətiyyən razı olmayaraq, adı çəkilən mənzilin yenidən qiymətləndirilməsi üçün, «X21» MMC-yə müraciəti əsasında, «X21» MMC-nin 22.10.2018-ci il tarixli H /52-GHM saylı rəyinə əsasən Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsində istifadədə olan 0,08000 ha torpaq sahəsində yerləşən 96 nömrəli 9 mərtəbəli binada, 97,4 kv.m ümumi, 68.03 kv. m yaşayış sahəsi olan 5 otaqdan ibarət mənzil 2011-ci ilin mart ayına 140.000 (yüz qırx min) manat məbləğində, 2018-ci ilə görə isə 130.000 (yüz otuz min) manat məbləğində dəyərləndirilmişdir. 140.000 manat dəyəri olan adı çəkilən mənzilin dəyərindən qat-qat aşağı qiymətlə, yəni 64.000 manat dəyərində qiymətləndirilməsi ədalətsizlikdir. 12.09.2008-ci il tarixli 197 /08/ PB saylı kredit müqaviləsi üzrə X5, X9 və X3 tərəfindən ayrı-ayrı vaxtlarda, ümumilikdə 25.175 ABŞ dolları kredit borcu ödənilmişdir. "xxxx" ASCyə ümumilikdə ödəniş cədvəli üzrə 66.963 ABŞ dolları pul ödənilməli olduğu halda, bunun 25.175 ABŞ dolları ödənilmişdir. Buna baxmayaraq, cavabdeh təşkilat göstərilən ödənişi nəzərə almadan, cərimə və faiz məbləğini süni surətdə artırmaqla ipoteka predmetini ələ keçirməyə nail olmuşdur. X5 "xxxx" ASC-yə 01 fevral 2010-cu il tarixdə 2.000 ABŞ dolları (iki min ABŞ dolları), 15 dekabr 2008-ci ildə ABŞ dolları (iki min beş yüz qırx iki ABŞ dolları); 21 noyabr 2008-ci ildə 3.487 ABŞ dolları (üç min dörd yüz səksən yeddi ABŞ dolları); 07 may 2009-cu ildə 1.617 ABŞ dolları (min altı yüz on yeddi ABŞ dolları); 15 may 2009-cu ildə 2.180 ABŞ dolları (iki min yüz səksən ABŞ dolları); 15 yanvar 2009-cu ildə 2.791 ABŞ dolları (iki min yeddi yüz doxsan bir ABŞ dolları); 08 may 2009-cu ildə 920 ABŞ dolları (doqquz yüz iyirmi ABŞ dolları); 17 iyun 2009-cu ildə 147 ABŞ dolları (yüz qırx yeddi ABŞ dolları); 17 iyun 2009-cu ildə 2.700 ABŞ dolları (iki min yeddi yüz ABŞ dolları); 07 may 2009-cu ildə 1.617 ABŞ dolları (min altı yüz on yeddi ABŞ dolları); 07 may 2009cu ildə 2.383 ABŞ dolları (iki min üç yüz səksən üç ABŞ dolları), ümumilikdə 22.384 ABŞ dolları (iyirmi iki min üç yüz səksən dörd ABŞ dolları ödənişlər etmişdir. Lakin etdiyi 22.384 ABŞ dolları (iyirmi iki min üç yüz səksən dörd ABŞ dolları "xxxx" ASC və məhkəmə tərəfindən nəzərə alınmamış, Bankdan götürülmüş 49.000 ABŞ dolları əsas borcdan çıxılmamışdır. Əldə etdikləri sənədlərdən məlum olmuşdur ki, "xxxx" ASC hərraca çıxardığı Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsində istifadədə olan 0,08000 ha torpaq sahəsində yerləşən 96 nömrəli 9 mərtəbəli binada, 97,4 kv.m ümumi, 68.03 kv.m yaşayış sahəsi olan 5 otaqdan ibarət mənzili özü almış, sonradan isə həmin mənzili 13.12.2014-cü il tarixdə RX seriyalı ******* saylı Hüquqların (Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, X11 adlı şəxsə 60.000 manata satmışdır. Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsində istifadədə olan 0,08000 ha torpaq sahəsində yerləşən 96 nömrəli 9-mərtəbəli binada, 97,4 kv.m ümumi, 68.03 kv. m yaşayış sahəsi olan 5 otaqdan ibarət mənzilinin "xxxx" ASC tərəfindən ələ keçirilməsi zamanı mənzildə olan ona məxsus dəyərli əşyalarının ələ keçirilməsi nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Belə ki, adı çəkilən mənzildə olan ona məxsus əşyaların qiymətlərini dəyərləndirirərək qeyd edir ki, Rumıniya istehsalı olan “D-10” mebel dəstini - 15.000 (on beş min) manata, 2 ədəd 3x4 metr ölçüdə İran xalçalarını - 600 manata, hərəsi 1000 manat dəyərində olan “Toshiba” və “LG” markalı soyuducuları - cəmi 2.000 (iki min) manata, 2 dəst yemək servisini - 700 manata, 1 dəst çay servisini - 200 manata, 1 dəst qəhvə servisini - 150 manata, mətbəx mebelini - 400 manata almışdım. Ümumilikdə 18.050 (on səkkiz min əlli) manata aldığı əşyaları mübahisəli mənzilin ələ keçirilməsi nəticəsində ona qaytarılmalı olduğu halda, qaytarılmamış və hazırda həmin əşyaların ümumi dəyərinin, yəni 18.050 (on səkkiz min əlli) manatın ona qaytarılmasını tələb edir. Hesab edir ki, 12.09.2008-ci il tarixli 197 /08/ PB saylı kredit müqaviləsi üzrə borc məbləği yenidən hesablanaraq, «X21» MMC-nin qiymətləndirmə rəyinə əsasən, 140.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsində istifadədə olan 0,08000 ha torpaq sahəsində yerləşən 96 nömrəli 9-mərtəbəli binada, 97,4 kv.m ümumi, 68.03 kv. m yaşayış sahəsi olan 5 otaqdan ibarət mənzilin, 12.09.2008-ci il tarixli 197 /08/ PB saylı kredit müqaviləsinə əsasən, ipoteka predmeti olması səbəbindən, mənzilin ümumi dəyəri olan 140.000 manatdan "xxxx" ASC-yə ödənilməli olan 60.000 manat çıxılmaqla, qalan 80.0 manat pulun, həmçinin qeyd edilən mənzilin "xxxx" ASC tərəfindən ələ keçirilməsi zamanı mənzildə olan ona məxsus dəyərli əşyalarının ələ keçirilməsi nəticəsində ona dəyən 18.050 (on səkkiz min əlli) manat məbləğində zərər, yəni ümumilikdə 98.050 (doxsan səkkiz min əlli) manat pul "xxxx" ASC tərəfindən ona ödənilməlidir. Hüquqi dövlət və mülki cəmiyyət prinsiplərinin təmin olunduğu demokratik dövlətdə, dövlət maraqları və fərdi maraqlar arasında ədalətli tarazlığın təmin olunması vacib şərtlərdəndir. Məhz insan hüquq və azadlıqlarının təmin olunmasını özünün ali məqsədi elan etmiş demokratik dövlət fərdin qanuni maraqlarının müdafiəsinə üstünlük verir. Beləliklə, cavabdehin hüquqa zidd təqsirli hərəkətləri nəticəsində ona 98.050 (doxsan səkkiz min əlli) manat məbləğində maddi ziyan və 10.000 (on min) manat məbləğində mənəvi ziyan dəymişdir. Cavabdehin hərəkətləri nəticəsində güclü mənəvi sarsıntı keçirməyi nəzərə alınaraq, cavabdehdən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. O, özü elmlər doktoru, professor olduğu halda, "xxxx" ASC tərəfindən ona vurulmuş maddi və mənəvi zərərə görə məhkəməyə üz tutub, onun hüquqlarının tapdalanmasına göz yummamağını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X2 yuxarıda qeyd olunan məzmunda izahat verərək, ddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4876/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı “PARA" BOKT ASC-nin İddiaçı qarşı əldən çıxmış faydaya görə ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4876/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və X23 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “PARA" BOKT ASC və X11 cəlb edilməklə hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Respublika Xammal və X23 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində istifadədə olan 0.08000 ha torpaq sahəsində yerləşən 96 nömrəli 9 mərtəbəli binada, 97,4 kv.m ümumi, 68.03 kv.m yaşayış sahəsi olan 5 otaqdan ibarət 38 saylı mənzil barəsində tərtib edilmiş 17 mart 2011-ci il tarixli ekspert rəyi və buna əsasən keçirilmiş hərracın nəticələri haqqında protokol etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-2183/2020 saylı, 29.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, üçüncü şəxs Cavabdeh BOKT ASC tərəfinden apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4878/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı oğiuhun cavabdehlər Azərbaycan Respubiikası Respublika Xammal və X23 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı (üçüncü şəxslər; “Para" BOKT ASC və X11) ekspert rəyinin və hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)-1001/21 saylı, 16.02.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2183/2020 nömrəli iş üzrə 29 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, iddiaçını 1968-ci ildən tanıyır. İddiaçı mübahisəli mənzildə evə köçməsi münasibətilə 2004-cü ilin dekabr ayının sonlarında qonaqlıq məclisi keçirmişdir. Məclisə özü onu qonaq kimi dəvət etmişdir. Həmin vaxt o, otaqlara baxmış, otaqların hamısında mebellər və digər ev əşyaları var idi. Həmin əşyaların xarici görünüşləri dəqiq yadında deyil və qiymətləri haqqında məlumatı yoxdur. Sonradan evlə bağlı mübahisələr olduğunu eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, iddiaçını uzun illərdir ki, tanıyır. İddiaçı mübahisəli mənzildə evə köçməsi münasibətilə 2004-cü ilin dekabr ayının sonlarında qonaqlıq məclisi keçirmişdir. Məclisə özü onu qonaq kimi dəvət etmişdir. Həmin vaxt o, otaqlara baxmış, ev yeni təmir edilmiş və otaqların hamısına yeni mebellər və digər ev əşyaları alınmış idi. Həmin əşyaların xarici görünüşləri dəqiq yadında deyil və qiymətləri haqqında məlumatı yoxdur. Sonradan evlə bağlı mübahisələr olduğunu eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, sürücü işləyir. İdiaçıya məxsus bağ evindəki “LG” markalı televizoru mübahisəli mənzilə 2004-cü ildə aparmışdır. Evə daxil olan zaman evdə mebellər və digər ev əşayaları olan soyuducu, kondisioner və sair əşyalar görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o, iddiaçını uzun illərdir ki, tanıyır. İddiaçı mübahisəli mənzildə evə köçməsi münasibətilə 2004-cü ilin dekabr ayının sonlarında qonaqlıq məclisi keçirmişdir. Məclisə özü onu qonaq kimi dəvət etmişdir. Həmin vaxt o, otaqlara baxmış, ev yeni təmir edilmiş və otaqların hamısına yeni mebellər və digər ev əşyaları alınmış idi. Həmin əşyaların xarici görünüşləri dəqiq yadında deyil və qiymətləri haqqında məlumatı yoxdur. Sonradan evlə bağlı mübahisələr olduğunu eşitmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi "xxxx" ASC ilə İddiaçı arasında 12.09.2008-ci il tarixdə 197/08/PB saylı kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsinin təminatı olaraq 197/08/PB saylı, 12.09.2008-ci il tarixli ipoteka müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 96, mənzil 38 öhdəliklərin təminatı kimi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. 12.09.2008-ci il tarixli, 197/08/PB saylı kredit müqaviləsi üzrə borclu üzərinə götürüyü öhdəlikləri icra etmədiyindən, bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, nəticədə kredit müqaviləsinin təminatı kimi 12.09.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 96 №-li, 9 mərtəbəli binada İddiaçı məxsus 97,4 m2 ümumi, 68,03 m2 yaşayış sahəsi olan 5 otaqdan ibarət 38 №-li mənzilin cavabdeh və qeyrilərin mənzildən çıxarılmaqla açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən 34376,73 ABŞ dolları əsas borc, 20567 ABŞ gecikdirilmiş faiz, 27856,5 ABŞ dolları dəbbə pulu, cəmi 82800,23 ABŞ dolları milli manat ekvivalentində, hüquqi yardıma görə 500 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi işə baxan birinci instansiya məhkəməsi tərəfindən qət edilmişdir. Tutmanın yönəldilməsi nəticəsində açıq hərrac vasitəsilə satılmış Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 96 saylı evin 38 saylı mənzilinin hal-hazırki mülkiyyətçisi cavabdeh X7r. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X21» MMC-nin qiymətləndirmə rəyinə əsasən, 140.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsində istifadədə olan 0,08000 ha torpaq sahəsində yerləşən 96 nömrəli 9-mərtəbəli binada, 97,4 kv.m ümumi, 68.03 kv.m yaşayış sahəsi olan 5 otaqdan ibarət mənzilin, 12.09.2008-ci il tarixli 197/08/PB saylı kredit müqaviləsinə əsasən, ipoteka predmeti olması səbəbindən, mənzilin ümumi dəyəri olan 140000 manatdan "xxxx" ASC-yə ödənilməli olan 60.000 manat çıxılmaqla, qalan 90.000 manat pulun, həmçinin qeyd edilən mənzilin "xxxx" ASC tərəfindən ələ keçrilməsi zamanı mənzildə olan ona məxsus dəyərli əşyaların - Rumıniya istehsalı olan “D-10” mebel dəstinin - 15.000 (on beş min) manata, 2 ədəd 3x4 metr ölçüdə İran xalçalarının - 600 manata, hərəsi 1000 manat dəyərində olan “Toshiba” və “LG” firmalarının istehsalı olan soyuducuların - cəmi (iki min) manata, 2 dəst yemək servisinin -700 manata, 1 dəst çay servisinin - 200 manata, 1 dəst qəhvə servisinin - 150 manata, mətbəx mebelinin - 400 manata hesablanaraq, həmin əşyaların ümumi dəyərinin, yəni 18.050 (on səkkiz min əlli) manat məbləğində zərərin, həmçinin mənəvi zərərə görə 10.000 (on min) manat pulun, yəni cəmi 108.050 (yüz səkkiz min əlli) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC tərəfindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki iddiaçı tərəfindən ümumiyyətlə zərərin mövcud olması və ona maddi zərər vurulmasına səbəb olan cavabdehin qanunsuz hərəkətlərinin təsdiqi barədə sübutlar təqdim edilməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə iş materiallarında olan sübutlarla iddianın əsassız olması müəyyən olunur. Belə ki, qanuni qüvvəsini almış çox saylı məhkəmə aktları ilə müəyyən edilən və iş üçün preyudisiya əhəmiyyətinə malik olan faktlardan göründüyü kimi iddiaçıya məxsus mənzilə dair keçirilən hərrac müxtəlif əsaslarla məhkəmə qaydasında onun tərəfindən mübahisələndirilmiş, hərracın qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozulmaqla keçirilməsi halı öz təsdiqini tapmamışdır. Qeyd olunan halların hazırkı məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi, yenidən sübut edilməsi yolverilməzdir və bu hallar artıq müəyyən edilmiş hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya real olaraq zərər dəyməsi işdə olan sənədlərə əsasən müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İddiaçı həmçinin hərrac zamanı mübahisəli mənzildə olan əşyaların cavabdeh tərəfindən qanunsuz ələ keçirildiyinə istinad etsə də, bu əşyaların qeyd edilən zaman orada olduğunu və daha sonra cavabdehin qanunsuz sahibliyinə keçdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki iddiaçı sübut etməlidir ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan əmlakdan məhrum olmuş və həmin əmlak məhz cavabdehin faktiki sahibliyindədir. Məhkəmə baxışı zamanı iddiaçı tərəfindən verilmiş vəsatətə əsasən dindirilən şahidlər Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən 96 nömrəli 9 mərtəbəli binanın 38 saylı mənzilində 2004-cü ilin dekabr ayının sonlarında evə köçməsi münasibətilə keçirilmiş qonaqlıq məclisində iştirak etdiklərini və həmin zaman mübahisəli əşyaların orada olduğunu təsdiq etsələr də, bu əşyaların hərrac keçirilərkən cavabdeh tərəfindən qanunsuz olaraq əldə etdiyini sübut edən hallar haqqında hər hansı məlumatı verə bilməmişlər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan və bununla da maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar