Məhkəmə qərarları › İş №2(006)-368/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-368/2020

17.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-368/2020 17.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Sərkərli Sara Vüqar qızının katibliyi, iddiaçının nümayəndəsi x1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 37 saylı evin, 28 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh 4800 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x2 izahatında bildirdi ki, İddiaçı ailə üzvlərilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 37 saylı evin, 25 saylı mənzilində yaşayır. Mənzil Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən 02 oktyabr 2013-cü il tarixdə onun adına qeydiyyatdan keçmişdir. Mənzili alqısatqı yolu ilə əldə etdikdən sonra mənzildə təmir işləri apararaq yaşamağa başladılar. Bir müddət sonra üst mərtəbədə yaşayan qonşuları Cavabdeh mülkiyyətində olan məzildən su axaraq mənzili yaşayış üçün yararsız hala salmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2017 saylı iş üzrə, 28 fevral 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 947 manat məbləğindən pul tutulması qət edilmişdir. Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən olunmuş zərəri tam ödəməsə də, öz vəsaiti hesabına mənzildə təmir işləri apardı. Belə ki, cavabdeh mənzilində olan nasaz su xətlərini dəyişdiyini bildirmişdir. Lakin bir müddət sonra yenə də cavabdehə məxsus olan mənzildən ona məxsus mənzilə su sızmağa başladı. Bu barədə cavabdehə bildirdikdə o, günahın təmir işlərini icra edən ustalarda olduğunu, dəymiş ziyanın həmin ustalardan tələb etmədiyini bildirdi. Cavabdehin mülkiyyətində olan 28 saylı mənzildən təkrar su axıdılması nəticəsində ona məxsus olan mənzilin sanitar qovşağı, dəhliz və elektrik naqilləri yenə də yararsız hala düşmüşdür. Ustaların ilkin hesablamalarına görə mənzilinə vurulmuş ziyanı aradan qaldırmaq üçün 4800 manat pul tələb olunur. Bakı şəhər Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil-Kommunal İstismarı sahəsinə mənzilinə baxış keçirib akt tərtib edilməsi üçün müraciət etmişdir. 77 saylı Mənzil-Kommunal İstismarı sahəsinin əməkdaşları mənzilə baxış keçirib akt tərtib edilməsindən imtina etdilər. İmtinaya səbəb kimi isə daha əvvəl bir dəfədə 28 saylı mənzildən onun mənzilinə su axıdılması nəticəsində mənzilinin yararsız hala düşdüyünü, onların mənzilinə baxış keçirib 26 oktyabr 2016-cı il tarixli akt tərtib etdiklərini və onun icrasının vəziyyətini bilmədikləri üçün yenidən akt tərtib etməklərinin mümkünsüz olduğunu, yeni aktın yalnız məhkəmənin sorğusu əsasında tərtib edə biləcəklərini bildirirlər. Sonda iddiaçının numayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddiaqismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli, 2(006)-473/2017 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 947 manat məbləğində pul tutulması, Cavabdeh dövlət nəfinə iş üzrə keçirilmiş ekspertiza xərci 50 manat məbləğində pul tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2020-ci il tarixli, № 22852 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 25 saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 28 saylı mənzilin isə 25 saylı mənzilin üstündə 5-ci mərtəbədə yeləşdiyini, 25 saylı mənzilin yaşayış otağında və yardımçı tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, 25 saylı mənzilə yuxarı mərtəbədəki 28 saylı mənzildən su sızmasının faktiki davam etdiyini, eləcə də Nəsimi rayonu 77 saylı MİKS-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsində yerləşən 37 saylı evin 25 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 28 saylı mənzildən su axıdıldığı və nəticədə 25 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 25 saylı mənzilə yuxarı mərtəbədəki 28 saylı mənzildən su sızmasının faktiki davam etdiyini, eləcə də 28 saylı mənzilin sanitar qovşağında yuyunmaq üçün su vannası və ya duş-kabina olmadığını və yuyunarkən suyun birbaşa döşəmənin üzərinə axıdıldığını nəzərə alaraq, 25 mənzilə su sızması 28 saylı mənzilin su, kanalizasiya xətlərində yaranan qəzadan və eləcə də döşəmə altı izolyasiya qatında əmələ gələn qüsurlarından baş verə bilər. Su sızması nəticəsində 25 saylı mənzildə yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 988 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan 28 mart 2017-ci il tarixli aktdan görünür ki, həmin binanın vətəndaşı Cavabdeh mülkiyyətində olan 28-ci mənzildən mütəmadi olaraq 25-ci mənzilə su axır, belə ki, mənzilin tualetinə, girişinə, hamamına və mətbəxinə axıdılan su nəticəsində ziyan dəymişdir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır və iddia ərizəsində göstərilən 4800 manat məbləğində vurulmuş maddi zərər cavabdehdən qismən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2020-ci il tarixli 22852 saylı rəyindən görünür ki,Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 37 saylı evin, 28 saylı mənzilinə suyun sızma halları nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunan (xidmət haqqı və istifadə ediləçək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 988 manat müəyyən edilir. Bundan başqa iddiaçı iddia ərizəsində ona dəymiş mənəvi zərər kimi 2000 manat məbləğində pul vəsaitinin ona ödənilməsi barədə tələb irəli sürmüş və bildirmişdir ki, cavabdehin mənzilindən suyun axıntısı nəticəsində o eyni zamanda mənəvi sarsıntı və əsəb gərginliyi keçirmişdir. Lakin, bununla bağlı iddiaçı hər-hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. Odurki, məhkəmə hesab edir ki, iddia ərizəsi həmin hissədə rəddedilməlidir. Beləliklə, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 988 (doqquz yüz səksən səkkiz) manat alınaraq İddiaçı verilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odurki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 988 (doqquz yüz səksən səkkiz) manat pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar