Məhkəmə qərarları › İş №2(006)-3685/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3685/2022

06.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3685/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi və mənəvi zərərin tam olmasa da, heç olmazsa bir hissəsi olan 9.900 (doqquz min doqquz yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb ona ödəniləcəyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh məktəb illərindən tanıyır. Onlar bir məktəbdə oxumuş və cavabdehin anası onların məktəbində müəllimə olmuşdur. 2020-ci ilin mart ayında iddiaçı Cavabdeh ilə təsadüfən yolda görüşmüşdür. Söhbət zamanı o, ona “Olimp" profilaktoriyasında avtomobil sobalarının təmiri və təmizlənməsi ilə məşğul olduğunu və həmçinin işlərinin yaxşı getdiyini söylədi. Sonra isə ona bildirdi ki, bir qədər pul tapa bilsə onu də bu işə qoşa bilər. iddiaçı ondan bu iş üçün nə qədər vəsait lazım olduğunu soruşduqda isə ilk olaraq 3800 (üç min səkkiz yüz) manat lazım olduğunu dedi və bildirdi ki, bu pula onun işi üçün avadanlıq sifariş verəcək, qurğu gələndən sonra isə dərhal işə başlayacaqlar. İddiaçı ona bu qədər pulunun olmadığını dedi. Belə olan halda əlillliyi ilə əlaqədar nə qədər təqaüd almağı ilə maraqlandı və bildirdi ki, o, həmin bankdan kredit götürə bilər. O, ilk olaraq bu barədə düşünəcəyini dedi. Lakin, bu söhbətdən sonra Cavabdeh hər gün ona zəng edərək pulu tez tapmağını və iş üçün lazım olan radiatoryuyan qurğunun alınmasının vacib olduğunu bildirərək onu təhrik etməyə başladı. O, bilirdi ki, onun heç kimi yoxdu, 2-ci qrup əlildir və işə ehtiyacı var. Odur ki, buna görə də bu şəxs ona psixoloji təsir göstərməyə başladı. Əlişahın uzun-uzadı təkidlərindən sonra o, xx.xx.2020 - ci il tarixində "Kapital Bank” ASC-nin "Bravo2" filialına gələrək oradan 4400 (dörd min dörd yüz) manat məbləğində kredit götürdü. Çünki, Əlişah sözügedən qurğunun dəyərinin 3750 (üç min yeddi yüz əlli) manat olduğunu, yerdə qalan məbləğin isə bu işə lazım olacaq digər avadanlıq və alətlərin alınmasına lazım olacağını dedi. O pulu götürəndən sonra onun işlədiyi "Olimp" avtotəmir sexinə gəlib 3750 manatı ona lazım olan əsas qurğunun alınması üçün verdi. Digər yerdə qalan məbləğə isə qaynaq aparatı və alətlər aldılar. Əlişah əsas qurğunun sifariş əsasında bir ay müddətində gələcəyini bildirdi. Ancaq sonra onun vədindən üç aydan çox vaxt keçsə də hələ də qurğu gəlib çıxmamışdı. Buna görə də o ona öz etirazını bildirərək pulu kreditə aldığını, bu neçə ayda qazanc olmadığından və bankın borcunu ödəməkdə çətinlik çəkdiyindən əgər iş alınmırsa pulun ona qaytarılmasını xahiş etdi. Əlişah isə hər müxtəlif bəhanələrlə söhbətdən yayınmağa çalışdırdı. Sonuncu dəfə iddiaçı ona 2020-ci ilin avqust ayında iş alınmırsa pulunu qaytar deyə təkid edəndə ona bir ay da dözməyini dedi. Nəhayət, 30 avqust 2020-ci il tarixində həmin qurğu gəldi. Bu zaman Əlişah bir daha bildirdi ki, onların işləri noyabr ayında başlayacaq. O da bu halda hətta çörək almağa belə imkanının olmadığın və yeganə gəliri olan əlillik pensiyasını kredit borcunun ödənməsinə verdiyini bildirdi. Sonra isə ondan onun ac və işsiz olduğunu bilərək onu 6 ay öncədən niyə borca saldığını soruşdu. Əlişah bu dəfə də ona etinasız halda gülərək hər şeyin yaxşı olacağını vəd etdi. Bundan sonra o, 13 noyabr 2020 tarixində "Covid-19" virusuna yoluxaraq xəstəxanaya yerləşdirildi. Elə həmin zaman da o, Əlişaha zəng edərək həmin qurğunu onsuz işlətməməyi bildirdi. O da qurğunun onsuz işlətməyəcəyinə söz verdi. 24 noyabr 2020-ci il tarixində xəstəxanadan buraxıldığı zaman maddi vəziyyəti çox pis olduğundan bir başa Əlişahın işlədiyi sexə yollandı. Bu zaman ona məxsus qurğunun işləndiyini və baxımsız vəziyyətdə bir tərəfdə olduğunu gördü. Əlişah ona bildirdi ki, çoxlu sayda müştəri olduğu üçün qurğunu istifadə edib və gəlirdən ona 1600 (bir min altı yüz) manat qazanc verəcək. On gündən sonra o pulu ona ödəyəcəyin bildirdi. Sonradan dəfələrlə Əlişahın etdiyi hədə-qorxulara baxmayaraq özündə güc tapıb Bakı şəhəri Polis idarəsinə yazılı müraciət etdi və bu iş hadisənin baş verdiyi əraziyə baxılması üçün Nəsimi rayon 20-ci polis bölməsinə yönəldildi. Polisdən isə bu işin mülki iddia olması səbəbindən məhkəmə vasitəsilə həll oluna biləcəyi yazılı şəkildə bildirilmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq da bildirmişdir ki, 2020-ci il aprel ayının 3-də kredit götürmüşdür. Kreditin məbləği 4.400 manat, təyinatı isə istehlakla bağlı (gündəlik tələbat) krediti olmuşdur. Hal-hazırda banka borcu vardır. Borcun geri qaytarılmasında bugünə qədər heç bir gecikməsi olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, İddiaçı onun dostudur. Atasını da tanıyır. Cavabdehı isə sonradan tanımağa başlamışdır. S.Eldar 4.400 manat məbləğində kredit götürmüşdür. S.Eldardan niyə kredit götürdüyünü soruşduqda S.Eldar ona demişdir ki, Əlişah ona aparat alacaqdır. K.Əlişah aparatı 5 ay sonra gətirdi. Rusiyadan gətirib. Sonradan S.Eldar xəstələndiyi zaman K.Əlişah onun xəbəri olmadan aparatı istifadə etmişdir. Həmçinin, aparatın işləmədiyini görmüşdür. Əlavə olaraq bir neçə aparat da almışdır, lakin onları da dəmir sexinə verib. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, S.Eldarı K.Əlişah vasitəsilə tanımışdır. K.Əlişah 3.750 manata aparatı sifariş edib. Aparat təp-təzə olub. Sonra K.Əlişah aparatı işlədib və aparat xarab olub. İçində su olub. Hal hazırda aparat İddiaçı tərəfindən götürülmüşdür. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, iddiaçı S.Eldarı tanıyır. Belə ki, o onların servisində işləyir. S.Eldar aparat almaq üçün gəldiyi zaman onu tanımışdır. Aparat soba aparatı olmuşdur. Onlarda bir ədəd aparat var idi, ikisini də təzə aldılar. S.Eldar xəstə idi. O vaxtı bir neçə dəfə S.Eldara məxsus aparatı işlətdilər. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, cavabdeh K.Əlişah onun müdiridir. S.Eldarda da aparat var idi, K.Əlişahda da. O, həmin aparatlarla faizlə işləyirdi. Belə ki, 40 manat gəlir əldə edilirdisə, onun 12 manatı ona, qalanı isə K.Əlişaha qalırdı. Məhkəmə proses iştirakçılarının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, İddiaçı tərəfindən "xxxx" ASC-nin filial müdirinə ünvanlanan Ərizədən görünür ki, borcalan banka ərizə ilə müraciət edərək, ona gündəlik tələbat məqsədləri üçün 4.400 manat məbləğində, 35 ay müddətinə nağ pul kreditin verilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirləri təşkil edəcəkdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2020-ci il tarixli, GTKR1861073A207 saylı kredit müqaviləsinə Əlavənin ödəniş qrafikindən və kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı bank tərəfindən 35 ay müddətinə, illik 26.9% ödəmək şərtilə 4.400 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan AR DİN Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsindən verilən xx.xx.2022-ci il tarixli, İddiaçı ünvanlanan məktubdan görünür ki, mübahisə mülki xarakter daşıdığından məhkəmə orqanlarına müraciət edilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında olan danışıq nəticəsində, cavabdeh iddiaçıdan müəyyən məbləğdə pul tələb edərək, onun üçün avadanlıq alacağını və onu işlədilməsi vəd etmişdir Bu məqsədlə iddiaçı xx.xx.2020ci il tarixdə "xxxx" ASC-yə müraciət edərək, bankdan 4.400 manat məbləğində kredit götürmüşdür. Həmin kredit məbləğini bütöv şəkildə cavabdehə avadanlıq alması üçün vermişdir. Sonradan iddiaçı həmin avadanlığın onun xəbəri olmadan istifadə edildiyini, artıq avadanlığın yararsız vəziyyətdə olduğunu görmüşdür. Hazırda iddiaçı ona dəymiş maddi və mənəvi zərərin əvəzi kimi 9.900 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir, cavabdeh isə iddia tələbi ilə razı deyildir, onun rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübut etmə yükü üzərinə düşən İddiaçı Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən müəyyən işlərini həyata keçirdiklərini, lakin aralarında razılaşdırılmış zəhmət haqqının cavabdeh tərəfindən ona tam ödənilmədiyini, hazırda cavabdeh tərəfindən ona 4.400 manat olmaqla, cəmi 9900 manat pulun ödənilməli olduğunu qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarına olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar