Məhkəmə qərarları › İş №2(006)-3693/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3693/2025

10.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3693/2025 10.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair ilk iddiası; Cavabdeh2 İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.500 ABŞ dolları məbləğində pul, ödənilmiş 62,50 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hal-hazırda 7.416 manat pul tələbi məbləğindən ilk iddianın 2.500 ABŞ dolları Azərbaycan nominalı ilə 4.650 manat məbləğində pul vəsaiti çıxılaraq ilk iddia tələbinin əvəzləşdirilməsi, qalan 2.768 manat məbləğində pul vəsaitinin İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların təqdim etdikləri investisiya layihəsinə sərmayə qoymaq məqsədi ilə ümumilikdə 5.000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Bu vəsait iddiaçı tərəfindən şəxsi vəsait hesabına ödənilmiş və qarşı tərəfin təklif etdiyi işgüzar əməkdaşlıq və qazanc vədlərinə əsaslanaraq həyata keçirilmişdir. Ödənilmiş məbləğin yalnız 2.500 ABŞ dolları hissəsi cavabdehlər tərəfindən təxminən 1 il 6 ay əvvəl iddiaçıya qaytarılmış, lakin qalan 2.500 ABŞ dolları bu günə qədər geri qaytarılmamışdır. Bu məbləğin qaytarılması üçün iddiaçı cavabdehlərə dəfələrlə şifahi və yazılı şəkildə müraciət etmişdir. Lakin cavabdehlər hər dəfə müxtəlif bəhanələrlə ödəməni gecikdirmiş, son nəticədə isə ümumiyyətlə iddiaçının zənglərinə və müraciətlərinə cavab verməmişlər. Qeyd olunan faktları nəzərə alaraq, cavabdehlərin hər ikisinin iddiaçı ilə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmədikləri qənaətinə gəlinmişdir. Hazırda iddiaçıya vurulmuş maddi zərər 2.500 ABŞ dolları məbləğində olub, bu məbləğ şəxsi büdcəsinə ciddi təsir göstərmişdir. Cavabdehlərin borcu könüllü şəkildə qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunan borc münasibəti və faktları təsdiq edən sübutlar mövcuddur. Belə ki, cavabdehlərlə arada baş vermiş elektron yazışmalar (mesajlar), həmçinin borcun verilməsi anını əks etdirən video qeyd iddiaçı tərəfindən təqdim ediləcək və işə əlavə olunacaqdır. Bu sübutlar cavabdehlərin borcu qəbul etdiklərini və pulların hansı məqsədlə onlara verildiyini açıq şəkildə təsdiq edir. Bu səbəbdən, məhkəmə tərəfindən cavabdehin hərəkətlərinə hüquqi qiymət verilərək, iddiaçının pozulmuş hüquqlarının bərpasını təmin etmək üçün iddia tələbinin təmin edilməsi – ədalət mühakiməsinin həyata keçirilməsi baxımından olduqca vacibdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi onunla əsaslandırmışdır ki, o və tanışı Cavabdeh1 2022-ci ilin aprel ayından başlayaraq Türkiyə Respublikasının Sparta şəhərində təsisçi olaraq «Alma fabrikasında» biznes qurmuşlar. Sparta şəhərində yaşamaq məqsədi ilə biznes dövrü üçün hər bir şəraiti olan 6 otaqlı (X5) 600 ABŞ dolları (1.020 manat) mənzili aylıq icarəyə götürərək orada yaşamışlar. Həmin dövrdə Bakıda yaşayan qonşusu və rəfiqəsi Cəfərova Məlahət və onun oğlu (hal-hazırda cavabdeh, ilkin iddia üzrə iddiaçı) Cəfərov X3 olduğu vaxt ona zəng edərək İddiaçı iş tapmasını xahiş etmişlər. Sonuncuların xahişinə cavab olaraq, hələ normal bir iş olmadığından hələlik gəlməmələrini, amma yaxşı iş tapan kimi onlara xəbər etdiyi zaman gəlmələrini məsləhət görmüşdür. Bundan əvvəl 2021-ci ildə Məlahət Cəfərova və İddiaçı yaşadıqları evlərini satmaq istədiklərini ona bildirdikdə, o, sonuncuların yaşadığı evi almaq istədiyini bildirmişdir. Onlar razılaşaraq 15 noyabr 2021-ci il tarixdə o, İddiaçı evini satdığına görə 10.000 manat beh pul vermişdir. İddiaçı həmin günü evi satmadığını bildirərək verdiyi 10.000 manat beh pulun 8.500 manatını qaytararaq, qalan 1.500 manatı öz zəruri ehtiyaclarına xərclədiyini və yaxın müddət ərzində həmin 1.500 manatı qaytaracağını söz verməsinə baxmayaraq, 4 ildən çoxdur ki, İddiaçı həmin 1.500 manatı ona qaytarmır. Buna baxmayaraq, onun özünün 600 manat pul vəsaitinə aviabilet alaraq 2022-ci ilin aprel ayının əvvəlində İddiaçı Bakıdan Türkiyəyə yaşadıqları evə gəlmişdir. O və Cavabdeh1 və Elmin 3 ay ərzində kirayə yaşadıqları evdə, sahibkarlıq etdikləri «Alma Fabrikası»nda işləmiş və ona 1.500 ABŞ dolları (2.550 manat) əmək haqqı ödəmişlər. Bundan başqa, Elmir Cəfərov 3 ay ərzində kirayədə yaşadıqları evdə onun üçün gündəlik tələbat olunan siqaret, yeyib-içmək, geyim əşyalarına 700 ABŞ dolları (1.190 manat), 3 ay üçün isə 2.100 ABŞ dolları (3.570 manat) xərcləmişdir. Bundan əlavə, Türkiyə Respublikasının Sparta şəhərində kirayə yaşadıqları evə görə ayda 600 ABŞ dolları (1.020 manat) kirayə pulu 3 nəfərə bölünərək ayda 200 ABŞ dolları (340 manat), 3 ay üçün isə 600 ABŞ dolları (1.020 manat) İddiaçı üzərinə düşən payı ödəməmişdir, əvəzində isə o (Cavabdeh2) ödəmişdir. Bundan əlavə, 3 ay keçdikdən sonra İddiaçı öz puluna 220 ABŞ dollarına (368 manat) təyyarə bileti alaraq, hava limanı Türkiyənin Antalya şəhərində Sparta şəhərindən 120 km aralıda olduğu üçün özü 60 ABŞ dolları (102 manat) taksi sürücüsünə ödəmişdir, Bakıya yola salmışdır. Bundan əlavə, 2022-ci ilin oktyabr ayında dəvəti olmadan Məlahət Cəfərova və oğlu İddiaçıla birlikdə Türkiyədə Sparta şəhərində kirayədə yaşadıqları evə gələrək, Elmin yenə də sahibkarlıq etdikləri fabrikdə işləyərək ayda 500 ABŞ dolları, 10 ay üçün isə 5.000 ABŞ dolları əmək haqqı almasına baxmayaraq, 200 ABŞ dolları hesablamaqla 10 ay üçün cəmi 2.000 ABŞ dolları (3.400 manat) kirayə pulunu verməməklə ziyan vurmuşlar. Yuxarıda qeyd etdiyi kimi cavabdeh İddiaçı Türkiyə Respublikasının Sparta şəhərində kirayə yaşadıqları evin onun payına düşən ayda 200 ABŞ dolları hesablanmaqla, 13 ay üçün (13 x 200) 2.600 ABŞ dolları (3.820 manat), təyyarə üçün iki aviabiletə xərclədiyi 600 + 220 = 820 ABŞ dolları (1.388 manat), taksi sürücüsünə verdiyi 60 ABŞ dolları (102 manat), Bakıda satılan evə görə verdiyi 10.000 manat beh puldan 1.500 manat borclu qalan məbləğ və onun gündəlik tələbatı üçün 3 ay ərzində xərclədiyi 700 ABŞ dolları (1.020 manat), ümumilikdə isə 3.480 ABŞ dolları (5.916 manat) və 1.500 manat, ümumi pulu Azərbaycan nominalı ilə hesablamaqla 7.416 manat məbləğində pul vəsaiti məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd edir ki, yuxarıda göstərilənlərlə bağlı sübut növü kimi telefon «WhatsApp» səs və mesaj yazışmaları məhkəmədə təqdim olunacaqdır. İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qismən - Cavabdeh2 1600 manat məbləğində borcunun olması hissəsində qəbul etdiyini bildirərək ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmədən ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə etdi, ilk iddianı qismən qəbul etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ilk iddia üzrə iddiaçı tərəf 5.000 ABŞ dolları vermişdir. Həmin puldan 2.500 ABŞ dollarını qaytarmışlar. Cavabdeh1 hazırda Rusiya Federasiyasındadır. 5.000 ABŞ dollarını 2 günlük almışlar. Qaytarmaq istəyəndə 2.500 ABŞ dolları qaytarmışlar. İşlər çətinləşmiş, yerdə qalan 2.500 ABŞ dollarını qaytara bilməmişlər. Məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 ilə Cavabdeh2 məxsus telefondan Whatsapp tətbiqi vasitəsilə video-görünütülü əlaqə saxlanılaraq izahatında bildirmişdir ki, ilk iddia üzrə iddiaçı tərəf 5.000 ABŞ dolları vermişdir. Həmin puldan 2.500 ABŞ dollarını qaytarmışlar. 5.000 ABŞ dollarını 2 günlük almışlar. Qaytarmaq istəyəndə 2.500 ABŞ dolları qaytarmışlar. İşlər çətinləşdiyindən yerdə qalan 2.500 ABŞ dollarını qaytara bilməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, ilk iddia üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - «WhatsApp» tətbiqindən istifadə edilməklə aparılan danışıqlardan (mətn və audio formatlı) aydın olur ki, tərəflər arasında borc və beh kimi fərqli səpkili münasibətlər mövcud olmuşdur. - 16.10.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı ilk iddia üzrə cavabdehlərə müraciət edərək, 2.500 ABŞ dolları məbləğində borcun qaytarılmasını xahiş etmiş, əks təqdirdə məhkəməyə iddia ərizəsi təqdim edəcəyi barədə xəbərdarlıq etmişdir. - 10.06.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, ilk iddia üzrə İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 63 manat dövlət rüsumu ödənilmişdir. - 10.06.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, ilk iddia üzrə İddiaçı tərəfindən Bakı şəhəri 31 saylı Vəkil Bürosuna 100 manat ödəniş edilmişdir. - 02.07.2025-ci il tarixli 28582 saylı ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 60 manat dövlət rüsumu ödənilmişdir. Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə ilk iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda qarşılıqlı iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və X2 ilk iddia üzrə İddiaçı 5.000 ABŞ dolları məbləğində borc aldıqlarını, həmin borc məbləğinin 2.500 ABŞ dollarını qaytardıqlarını, lakin borcun qalan hissəsi olan 2.500 ABŞ dollarını qaytarmadıqlarını etiraf etmişlər. İlk iddia üzrə cavabdehlər borcun qalan hissəsinin vaxtında ödənilmədiyini maddi vəziyyətinin pisləşməsi, işlərin əvvəlki kimi yaxşı getməməsi ilə əsaslandırmış, həqiqətən ilk iddia üzrə iddiaçıya 2.500 ABŞ dolları məbləğində borcun qaldığını etiraf etmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddi hüquq normalarından göründüyü kimi, ilk iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçıdan borc almış, həmin borcun yarısını qaytarmış, digər yarısını tam və vaxtında qaytarmamışdar. Beləliklə, ilk iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçı qarşısında icra etmədiyi öhdəlik həcmində mülki cavabdehlik daşıyır. Bu səbəbdən, məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, 2.500 ABŞ dolları (ödəniş anında Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) və ödənilmiş 62,50 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulmalıdır. İlk iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, ilk iddia üzrə iddiaçı vəkilin hüquqi yardımı olmadan da məhkəməyə müraciət etmək imkanına malik olan şəxsdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 1.600 manat pul almış, həmin pul vəsaitini vaxtında qaytarmamışdır. Eyni maddi hüquq normalarının tələbinə görə, qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı qarşısında icra etmədiyi öhdəlik həcmində mülki cavabdehlik daşıyır. Bu səbəbdən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, 1.600 manat pul vəsaiti İddiaçı Cavabdeh2 xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia üzrə dövlət rüsumu tələb edilmədiyindən qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Qalan hissədə qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı ilə qarşılıqlı iddia üzrə cavabdeh arasında kirayə haqqı və sair xərclərin (bazarlıq, azuqə və s. alınmasına sərf olunan vəsait) bölüşdürülməsi məsələlərini tənzimləyən hər hansı müqavilə olmamış, qarşılıqlı iddia üzrə cavabdeh ümumi tanışlıq və razılıq əsasında qarşılıqlı iddia üzrə iddiaçı və ilk iddia üzrə digər cavabdehlə birlikdə X1 şəhərində müəyyən müddət ərzində birgə yaşamışdırlar. Bu səbəbdən, qarşılıqlı iddia qalan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair ilk iddiası qismən təmin edilsin. 2.500 ABŞ dolları (ödəniş anında Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) və ödənilmiş 62,50 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. 1.600 manat pul vəsaiti İddiaçı Cavabdeh2 xeyrinə tutulsun. Qarşılıqlı iddia üzrə dövlət rüsumu tələb edilmədiyindən qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar