Məhkəmə qərarları › İş №2(006)-3710/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3710/2025

09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3710/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi, əmlakın geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi, əmlakın geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ayaqqabının təmir olunmayan şəkildə zədələnməsi nəticəsində maddi dəyərinin (250 avro və ya təxminən 460 manat) ona ödənilməsi və ya eyni modelin yenisi ilə əvəz olunması; yaşadığı mənəvi narahatlıqla bağlı mənəvi zərərə görə kompensasiya müəyyən olunması; ayaqqabının ona təhvil verilməsi və ya lazım olduqda ekspertizaya təqdim olunmasına şərait yaradılması; Cavabdeh MMC-nin məsuliyyətinin müəyyən olunaraq qanunvericiliyə uyğun tədbirlərin görülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ayaqqabının təmir olunmayan şəkildə zədələnməsi nəticəsində maddi dəyərinin (250 avro və ya təxminən 460 manat) ona ödənilməsi və ya eyni modelin yenisi ilə əvəz olunması; yaşadığı mənəvi narahatlıqla bağlı mənəvi zərərə görə 400 manat kompensasiyanın ödənilməsi; ayaqqabının ona təhvil verilməsi və ya lazım olduqda ekspertizaya təqdim olunmasına şərait yaradılması; Cavabdeh MMC-nin məsuliyyətinin müəyyən olunaraq qanunvericiliyə uyğun tədbirlərin görülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə şəxsi ayaqqabısını təmizlənməsi üçün Cavabdeh MMC-nin Nəsimi filialına təhvil vermişdir. Ayaqqabı orijinal keyfiyyətli brend məhsul idi və 2024-cü ilin avqust ayında alınmışdı. xx.xx.2024-cü ildə geri almaq üçün müəssisəyə yaxınlaşdıqda, ayaqqabının daxili örtüyünün ciddi şəkildə zədələndiyini, deformasiya olduğunu və əvvəlki formasını itirdiyini müşahidə etmişdir. Məsul əməkdaşlar – vətəndaşları qəbul edən Aynur adlı xanım və təmizləmə işçisi məsuliyyəti üzərilərindən atmağa çalışmışlar və vəziyyəti əvvəlcədən belə olduğunu iddia etmişlər. Halbuki təhvil prosesi cəmi bir neçə saniyə çəkmişdi və həmin vaxt heç bir baxış və qeydəalma prosesi aparılmamışdı. Bu səbəbdən müəssisənin ayaqqabının əvvəlki vəziyyəti ilə bağlı dedikləri yalnız subyektiv təxminlərə əsaslanır və əsassızdır. Qeyd etmək istərdi ki, hadisə zamanı təxminən 20-30 dəqiqəlik mübahisə müddətində əməkdaşlar - xüsusilə resepsiyada olan Aynur xanım və təmizləmə ilə məşğul olan işçi - özlərinin də səhv etdiklərini dolayı şəkildə etiraf etmişlər. Ayaqqabıya dərman vasitəsi tətbiq edildiyini, bu səbəbdən müəyyən deformasiya yarandığını bildirmişlər və sonda demişlər ki, «əgər ödəniş etməsəniz, əmək haqqımızdan tutulacaq». Ardınca ayaqqabının qalmasını, iç hissəsinin sabah təmirə göndəriləcəyini təklif etdilər. Bu, zədələnmənin onların məsuliyyətsizliyi nəticəsində baş verdiyinin dolayı etirafı idi. Daha sonra isə, telefonla əlaqə saxladığı zaman bildirildi ki, ayaqqabının iç hissəsini təmir etmək mümkün deyil və ödəniş etmədiyi halda onu qaytara bilməzlər. Bu yanaşma həm etik, həm də hüquqi baxımdan qəbuledilməzdir. Bundan əlavə, təmizləmə məntəqəsində ona bildirilmişdir ki, ayaqqabının alt hissəsi əvvəlcədən sarı olub. Lakin o, ayaqqabısını ağ rəngdə olan alt hissəsinin şəklini təqdim etdikdə, demişlər ki, «biz onu düzəldə bilərik». Bu da onu göstərir ki, ya əvvəl ayaqqabıya baxmadan yanlış fikir formalaşdırıblar, ya da onu təmizləyərkən yanlış müdaxilə nəticəsində bu cür deformasiya baş verib. Əməkdaşlar əvvəlcə ayaqqabının altının sarı olduğunu iddia etmişlər. Lakin bu iddialar əsassız olduğundan və özləri də zədənin orada yarandığını başa düşdüklərindən, daha sonra demişlər ki, «içini düzəltməyə çalışacağıq». Növbəti gün isə bildirilmişdir ki, təmir mümkün deyil və üstəlik, ödəniş etmədiyi təqdirdə ayaqqabısını da qaytarmayacaqlar. Bu isə açıq şəkildə onun mülkiyyət hüququnun pozulmasıdır. Bundan əlavə, onun narazılığı əsasında aldığı cavab məktubunda qeyd olunmuşdur ki, guya ayaqqabı 5 ilə yaxındır istifadə olunur. Bu iddia tam əsassızdır və rəsmi alış sənədi ilə təkzib olunur. Ayaqqabı 2024-cü ilin avqust ayında alınmış və təmizləməyə təhvil verilənədək normal istifadə olunmuşdur. İstifadəyə uyğun vəziyyətdə olan bir məhsulun cəmi bir təmizlik prosedurundan sonra zədələnməsi, onun məsuliyyətsiz şəkildə təmizlənməsindən xəbər verir. Qeyd etmək istəyir ki, ona təqdim olunmuş cavab məktubunda heç bir üzrxahlıq yer almamış, əksinə məsuliyyəti istehlakçının üzərinə atmaq cəhdi müşahidə olunmuşdur. Bu isə müştəri məmnuniyyətinə və qanunvericiliyə uyğun olmayan yanaşmadır. İstehlakçının maddi və mənəvi zərərə uğramasına laqeyd yanaşılan bu münasibət, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun birbaşa pozulmasıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, ekspert rəyi tamamilə qərəzli, savadsız və gülüş doğuran, eyni zamanda ixtisas sahələri olmayan bir qurum tərəfindən verilmişdir. İxtisas sahəsi reyestrdə var. Orta bazar qiyməti yenisinin ekspert rəyindəki qiymət alıntıları ilə hesabladıqda 320 manat civarındadır. Rəydə 500 manat olaraq hesablanıb, əsaslandırılmayıb formul yoxdur. Ekspert heç bir baxış keçirmədən, laboratoriyada yoxlama aparmadan şəkil üzərindən rəy bildirmişdir, bu da kobud şəkildə qanun pozuntusudur və verilmiş lisenziyaların dərhal dəyandırılmasına əsasdır. Ekspert bu cür ayaqqabıların 5 il istifadə olunduğunu və illik aşınmanın 20 % olaraq götürməsinin hansı normativ hüquqi aktlara görə bəyan edir, bəlkə o, avtomobillərin amortizasiyası ilə çarıqları səhv salıb. Avtomobil təkəri də 4 ildən artıq istifadə edilə bilmir. Ekspert ayaqqabının cavabdehin quru təmizləmə mərkəzinə gəldiyi zaman hansı halda olduğunu görmədən nəyə əsaslanaraq ayaqqabı içliyinin rənginin quru təmizləmə mərkəzində kimyəvi reagentlərin təsirindən getdiyini iddia edir? Fiziki olaraq insan dabanı hərəkət etdikdə ayaqqabı içliyini sürtür və sürtünmə nəticəsində çap üsulu ilə yansıdılmış loqo və yazılar silinir və bu da gündəlik həyatda hər bir insanın rastlaşdığı bir haldır. Ayaqqabının bir il geyinilməsi, yıpradılması, ağarması, didilməsi (quru təmizləməyə gətirilərkən oranın əməkdaşları tərəfindən qeyd olunmuş və təhvil verən şəxs tərəfindən imzalanmışdır) onun qiymətini salmaması, içliyindəki yazının silinməsinin onun qiymətini iki dəfə azaltması cəfəngiyatdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, İspaniya, Barselona şəhərində 250 Avroya «Pinko» markalı ayaqqabıya görə ödəniş həmin gün saat 17:13-də ("xxxx" ASC) icra edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə həmin ayaqqabını 35,10 manat xidmət haqqı olmaqla təmizlənməsi üçün Cavabdeh Quru Təmizləməyə təhvil vermişdir. Ayaqqabının geri təhvil alınması üçün təyin edilmiş vaxt xx.xx.2025-ci il, saat 12:00 kimi qeyd edilmişdir. Qəbzdə ayaqqabı qəbul edilərkən üzərində sürtünmə, ağarma, didilmə və digər defektlərin olduğu qeyd edilmişdir. Təqdim olunmuş elektron məktublardan görünür ki, İddiaçı ayaqqabını geri təhvil almağa getmiş, ayaqqabının içliyinin kimyəvi təmizləmədən sonra yararsız hala düşməsindən narazılıq etmiş, cavabdeh iddiaçının pretenziyalarını qəbul etməmiş, xidmətə görə ödəniş olunmayacağı halda ayaqqabının geri qaytarılmayacağı nəzərinə çatdırılmışdır. Bundan sonra İddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 05 may 2025-ci il tarixli və 15 may 2025-ci il tarixli məktublarından görünür ki, iddiaçıya qanunvericiliyin tələbləri sadalanmış, ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli 01 saylı məktubundan görünür ki, Cavabdeh MMC məhkəməyə iddia tələbinə münasibətini (mülahizəsini) bildirmişdir. Qeyd olunmuşdur ki, İddiaçı adlı müştəri xx.xx.2025-ci il tarixdə şirkətin filialına müraciət edərək ayaqqabının təmizlənməsi xidmətindən istifadə etmişdir. Ayaqqabı qəbul edilərkən üzərində olan sürtünmə, ağarma, didilmə və digər defektlər qeyd olunmuş və bu barədə qəbul çeki tərtib edilərək müştəri tərəfindən imzalanmışdır, yəni müştərinin mübahisələndirdiyi hal Cavabdeh MMC-nin fəaliyyəti zamanı əmələ gəlməmişdir. Müştəri də çeki imzalamaqla bunu təsdiq etmişdir. Ayaqqabı qəbul edildiyi vəziyyətdə maksimum dərəcədə təmizlənərək müştəriyə geri təhvil verilmişdir. Lakin müştəri Cavabdeh MMCnin işçilərini təhqir etmiş, nalayiq ifadələr işlətmiş və ayaqqabının yeni alındığı zamana aid fotoşəklini göstərərək bildirir ki, ona həmin vəziyyətdə təhvil verilməli idi. Bununla yanaşı, ayaqqabının içərisindəki yazıların silinməsini xidmətin nəticəsi kimi təqdim etmişdir. Quru təmizləmə xidməti ayaqqabını yeni vəziyyətə qaytarmaq deyil, yalnız mövcud vəziyyətdə təmizləmək məqsədi daşıyır. Sözügedən ayaqqabı bu çərçivədə təmizlənmiş və geri təhvil verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh MMC-nin xidmətində hər hansı bir qayda pozuntusu və ya məsuliyyətsizlik hallarının olmadığını bildirir, lazım gəldikdə əlavə izahat və sənədləri təqdim etməyə hazır olduqlarını diqqətə çatdırmışlar. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MB18/1085 saylı qiymətləndirmə rəyindən görünür ki, iddiaçıya məxsus «Pinko» markalı ayaqqabı xx.xx.2025-ci il tarixdə həyata keçirilmiş kimyəvi təmizləmə nəticəsində zədələnmişdir. Baxış zamanı ayaqqabının iç astarındakı yazı və işarələrin silindiyi müəyyən edilmişdir. Həmin zədələrin aradan qaldırılması üçün orta bazar qiyməti ilə 70 manat vəsait tələb olunur. Qeyd olunmuşdur ki, brend orijinallığını bərpa etmək isə yalnız loqo çapı ilə mümkündür, amma o da 100 % eyni görünüşdə olmur. İddiaçıya məxsus xx.xx.2025-ci il tarixdə həyata keçirilmiş kimyəvi təmizləmə nəticəsində zədələnməsi nəticəsində əmlak (istifadə müddəti nəzərə alınmaqla) öz dəyərini 200 manat məbləğdə itirmişdir. Qiymətləndirmə xərci 300 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. 1132-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. «İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında» Azərbaycan Respublikası Qanununun: 9.8-ci maddəsinə əsasən, icraçı istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda, zədələdikdə istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və xidmət göstərməli), bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın (materialın) dəyərini və dəymiş itkiləri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir. 10-cu maddəsinə əsasən iş görülməsində və xidmət göstərilməsində, istehlakçının həyatını, sağlamlığını və ya əmlakının təhlükəsizliyini təmin etməyən materialların, avadanlıqların cihazların, alətlərin, qurğuların və başqa vasitələrin tətbiqi nəticəsində vətəndaşın həyatına, sağlamlığına və ya əmlakına zərər dəyərsə, icraçı onlar xassələrini bilib-bilmədiyindən asılı olmayaraq məsuliyyət daşıyır. 12-ci maddəsinə əsasən, istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Fundamental Hüquqlar Haqqında X1 38-ci maddəsində deyilir ki, İttifaqın siyasəti istehlakçıların yüksək səviyyəli müdafiəsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2024-cü ildə İspaniyanın Barselona şəhərində 250 avro dəyərində əldə etdiyi «Pinko» markalı ayaqqabını xx.xx.2025-ci il tarixdə kimyəvi təmizlənməsi üçün cavabdehə təqdim etmiş, təqdim olunarkən üzərində sürtünmə, ağarma, didilmə və digər defektlər olsa da (iddiaçı müvafiq qəbzə imza etməklə ayaqqabı təhvil verilərkən ayaqqabının qeyd edilən vəziyyətdə olmasını etiraf etmişdir), ayaqqabının içliyində hər hansı qüsur olması qeyd edilməmişdir. Ayaqqabını kimyəvi təmizləmə xidməti göstərən cavabdehdən geri təhvil alarkən iddiaçı ayaqqabının içliyinin üzərində ayaqqabı markasının yazınını silinməsindən narazı qalmasını bildirməklə, bunun aradan qaldırılmasını tələb etmişdir. İlkin olaraq xidmət göstərən cavabdeh müştərinin bu təklifi ilə razılaşsa da, (tərəflər arasında müvafiq tətbiq üzrə yazışmalar bunu deməyə əsas verir) sonradan razılaşma müsbət nəticələnməmişdir. Yəni xidmət göstərən müəssisə təmizləmənin qüsursuz icra edilməsini bildirməklə, yaranan qüsurun aradan qaldırılmasından imtina etmişdir. İddiaçı ayaqqabısının bu vəziyyətdə olmasının səbəbini araşdırmış, xidmətin keyfiyyətlə icra edilməməsi səbəbindən müvafiq xidmətə görə ödəniş etməmiş, nəticədə isə xidmət göstərən şəxs iddiaçının ayaqqabısını ona geri qaytarmamışdır. Cavabdeh iddiaçının bu tələbinə qarşı ayaqqabını təmizləməyə qəbul edərkən tərtib etdiyi qəbzdə ayaqqabıda olan qüsurlara dair apardığı qeydləri dəlil olaraq irəli sürsə də, göstərilən qeydlərin ayaqqabının adi təyinatına uyğun olaraq və müddət nəzərə alınmaqla (xx.xx.2024xx.xx.2025) istifadəsindən irəli gələn hallar olması inkar edilmir. Lakin iddiaçının tələbi məhz ayaqqabının loqo yazısının silinməsindən irəli gələn halın aradan qaldırılmasından ibarətdir. İş üzrə təyin edilmiş qiymətləndiricinin rəyində həmin vəziyyətin kimyəvi təmizləmə nəticəsində yarandığı qeyd olunmuşdur. Belə ki, rəydə göstərilmişdir ki, qiymətləndirməyə təqdim edilən “Pinko” markalı ayaqqabıya ilkin vizual baxış zamanı ayaqqabının astarındakı yazı və işarələrin silindiyi müəyyən edilmişdir. Bu cür silinmə kimyəvi təmizləmə zamanı istifadə olunan güclü həlledicilər (xüsusən xlor tərkibli və ya ağır deterjanlar) çap olunmuş loqo və yazıları solğunlaşdırıb silə bilər. Ayaqqabının içindəki yapışqanlı hissələr də belə maddələrə həssas olur, bu da yazıların qopmasına səbəb ola bilər. Kimyəvi təmizləmə zamanı ayaqqabının rəng dəyişməsi (solma və qaralma), materialın sərtləşməsi və çatlaması, yapışqan hissələrin boşalması, daxili astarın zədələnməsi (astar parçası büzüşə və ya nazilib çırılmağa meyilli ola bilər, içdəki brend loqosu, ölçü yazısı, model kodu çap olunmuşsa, həll olub silinə bilər), metal və bəzək detalların korroziyası, daban və altlıq zədələnməsi müşahidə oluna bilər. Göründüyü kimi, ayaqqabının içliyi cavabdeh tərəfindən göstərilən xidmət nəticəsində, yəni aparılan kimyəvi təmizləmə zamanı yaranmışdır. Bununla da, ayaqqabıya 70 manat məbləğində ziyan vurulmuşdur. Həmçinin iddiaçıya məxsus əmlakın əsassız olaraq cavabdehə saxlanması aradan qaldırılmalı, əmlak qanuni sahibinə geri qaytarılmalıdır. Ayaqqabının dəyərinin azalması səbəbindən iddiaçıya 200 manat ödənilməsi tələbi ilə bağlı məhkəmə onu qeyd edir ki, ayaqqabı geyim olaraq insanın bədən kütləsinin təsiri altında bütün vücudun səthlə təmasından irəli gələrək daha çox amortizasiyaya məruz qalmışdır, belə olan təqdirdə ayaqqabının xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gündəlik olmasa da, belə adi təyinatına uyğun istifadəsi təbii ki, əmlakın dəyər itkisinə səbəb olan haldır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Eyni zamanda vurulmuş mənəvi zərərlə bağlı məhkəmə onu da qeyd edir ki, iddia tələbinin iddiaçıya məxsus olan ayaqqabıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi hissəsində tam həcmdə təmin edilməsi onun ruhi vəziyyətinə xoş təsir edən hal kimi qiymətləndirilməklə kifayətlənməsi mümkün hesab edilməlidir. Odur ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dəymiş maddi zərərə görə 70 manat maddi ziyan Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli və iddiaçıya məxsus ayaqqabı Cavabdeh MMC-dən alınaraq İddiaçı təhvil verilməlidir. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 manat tərəflərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən dəymiş maddi zərərə görə 70 (yetmiş) manat pul tutularaq İddiaçı ödənilsin. İddiaçı məxsus “Pinko” markalı xx.xx.2025-ci il tarixdə kimyəvi təmizlənmə üçün Cavabdeh MMC-yə verilmiş ayaqqabı Cavabdeh MMC-dən alınaraq İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat xərc İddiaçı və Cavabdeh MMC-dən müştərək qaydada tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar