Məhkəmə qərarları › İş №2(006)-3711/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3711/2025

08.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3711/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasından katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı «gecikmə günləri silinməklə, borcun olmaması barədə "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatların verilməsinin həvalə edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı «gecikmə günləri silinməklə, borcun olmaması barədə "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatların verilməsinin həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gecikmə günləri silinməklə (sıfırlanmaqla) borcunun olmaması barədə "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatların verilməsinin cavabdeh LPO Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə qaytarılmaq şərti ilə illik 20 faiz olmaqla 5.000 manat mıəbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə borc öhdəliyi onun tərəfindən heç bir gecikmə olmadan vaxtında icra edilmiş və kredit üzrə borc tam bağlanmışdır. Bu yaxınlarda Bakı şəhərində fəaliyyət göstərən banklardan birinə ona kreditin verilməsi üçün müraciət etdikdə məlum olmuşdur ki, onun adına "xxxx" MMC-nin reyestrində aktiv krediti mövcuddur və kredit üzrə borc ödənilmədiyi təqdirdə o, problemli borclu olaraq adına yenidən kredit götürə bilməyəcək. Halbuki, kredit üzrə borcun onun tərəfindən 2010cu il tarixdə tam bağlandığına baxmayaraq, cavabdeh tərəf bocunun olmaması barədə məlumatları müvafiq orqana vaxtında və lazımi qaydada təqdim etməmiş və səhlənkarlıq nəticəsində adı problemli borclu olaraq qalmış, nəticədə istehlakçı kimi konstitusion hüquqları məhdudlaşdırılmışdır. Yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, cavabdeh bu müddət ərzində banka borcunun olmadığı halda reyestrdə məlumatlara dəyişiklik etmədən saxtakarlığa və qanunsuzluğa yol vermişdir. Bir də bu məsələyə digər tərəfdən baxaraq, lap ehtimal edilsə ki, 2009-cu il tarixli kredit müqaviləsi mövcuddur, lakin üzərindən 15 ildən çox müddətin keçməsinə baxmayaraq cavabdehin borc ilə əlaqədar ona qarşı məhkəmədə iddia qaldırmaması da artıq o borcun olmadığı anlamına gəlir. Kredit üzrə borcu olsa idi, cavabdeh tərəf borcun qaytarılması ilə bağlı çoxdan məhkəməyə müraciət etmiş olardı. Hüquq nəzəriyyəsindən belə bir nəticəyə gəlmək olar ki, qarşılıqlı hüquq və vəzifələr yaradan münasibətlərdə bir tərəfin tələb hüququnun itirilməsi, digər tərəfin də icra etmək vəzifəsinin itirilməsinə səbəb olur. Belə ki, icra etmək vəzifəsi və tələb etmək hüququ bir biri ilə qarşılıqlıdır və məntiqli olaraq birinin itirilməsi digərinin də itirilməsinə səbəb olur. Bir tərəf üçün hər hansısa tələb barədə vəzifəsini yaradan da məhz digər tərəfin həmin tələb barədə hüququnun olmasıdır ki, bu hüququn itirilməsi öhdəliyin xitamına səbəb olur. Yəni vəzifə hüquqdan doğduğu üçün hüququn itirilməsi vəzifəni də avtomatik olaraq özü ilə aparır. Buradan belə bir nəticəyə gəlmək olar ki, nəinki bir illik iddia müddətinin, hətta on illik iddia müddətinin belə üzərindən xeyli müddətin keçməsini nəzərə aldıqda, cavabdeh artıq həmin borcun ondan tələb edilməsi ilə bağlı bütün maddi və prosessual hüquqlarını itirmişdir və bu müddət ərzində bir dəfə də olsun barəsində məhkəməyə müraciət edilməmişdir. Məhkəməyə müraciət edilsə idi belə məhkəmə tərəfindən müddətin keçməsi ilə əlaqədar iddia rədd ediləcək idi. Hal-hazırda iqtisadi durumun onun üçün ağır olduğunu, 3 övladından birinin Türkiyə Respublikasında təhsil aldığını, digər övladının isə 11-ci sinif şagirdi olaraq ali təhsil müəssisəsinə hazırlaşdığını, həmçinin ailəsinin və anasının dolanışığının tək onun üzərində olduğunu nəzərə alaraq, hər bir vətəndaş kimi onun da zəruri hallarda bəzi ailə-məişət problemlərinin həlli üçün banklara müraciət etmək və müəyyən məbləğdə kredit götürmək ehtiyacları yaranır. Vətəndaşlara qarşı banklar tərəfindən belə qanunsuzluqların edilməsi halları tez-tez baş verir və Azərbaycan Respublikası Ali Məhkəməsində yüzlərlə belə işlərə baxılaraq artıq məhkəmə təcrübəsi belə formalaşmışdır. Üzərindən 15 il keçməsinə və hələ də ona qarşı cavabdeh tərəfindən borcun qaytarılması tələbi ilə müraciətin edilməməsi o deməkdir ki, belə bir borc yoxdur və adına olan gecikmə günləri silinməklə reyestrə borcun olmaması barədə məlumatlar daxil edilməlidir. Həmçinin diqqətə çatdırır ki, ləğv prosesində olan "xxxx" ASC-nin bir çox əməkdaşlarına qarşı cinayət işləri belə başlanmış və çox sayda əməkdaş (bank rəhbərliyi daxil olmaqla) müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmışlar. Hesab edir ki, o da həmin şəxslərin qurbanlarından biridir. «Kredit büroları» haqqında Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən Kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. Qanunun 10.2-ci maddəsinə əsasən Kredit tarixçəsinin subyekti neqativ məlumatın bu Qanunun 10.1-ci maddəsində göstərilən müddətdən tez məhv olunmasını tələb edə bilməz. Göründüyü kimi, 10 il keçdikdən sonra kredit tarixçəsində olan neqativ məlumatların silinməsi tələb edildiyi halda təmin edilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO Cavabdeh ASC-nin iddiaya etirazında göstərilmişdir ki, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı «kredit müqaviləsi üzrə borcun və gecikmə günlərinin silinməsi» tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, iddiaçının iddiası əsassızdır və aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, Bankın əməliyyat sisteminə əsasən, İddiaçı onunla LPO Cavabdeh ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 6.516,06 manat borcu mövcuddur. Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən «şərəf borcu» da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir.» hüquqi mövqe göstərilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı LPO Cavabdeh ASC-yə qarşı «kredit müqaviləsi üzrə borcun və gecikmə günlərinin silinməsi» tələbinə dair iddia ərizəsinin rədd edilməsi xahiş olunmuşdur. İş materialları: "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli çıxarışından görünür ki, İddiaçı kredit hesabatı (kredit tarixçəsi ilə bağlı zəruri məlumatlar) müfəssəl şəkildə göstərilmişdir. İddiaçı aktiv öhdəlikləri kimi LPO Cavabdeh ASC ilə bağladığı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 3.775,34 manat borcunun mövcud olduğu qeyd edilmişdir. Həmçinin müəyyən edilir ki, şəxsin "xxxx" ASC ilə bağladığı 3100 ABŞ dollar məbləğində xx.xx.2015-ci il tarixli, "xxxx" ASC ilə bağladığı 2919 manat məbləğində xx.xx.2014-cü il tarixli, "xxxx" ASC ilə bağladığı 1000 manat məbləğində xx.xx.2013-cü il tarixli kredit müqavilələri və habelə sonralı tarixdə bağlanmış kredit müqavilələri üzrə borcları gecikdirilmədən ödənilmişdir. İddiaçı LPO Cavabdeh ASC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan (xəbərdarlıq məktubundan) görünür ki, o, iddia ərizəsində qeyd olunan məsələləri cavabdehin nəzərinə çatdırmış, 5 gün müddətində "xxxx" MMC-nin Mərkəzləşmiş kredit reyestrində adına aktiv görünən 2009-cu il tarixli kredit müqaviləsi üzrə gecikmə günlərinin silinməsi şərti ilə borcunun olmaması barədə reyestrə məlumatların verilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyinə dair cavabdehi xəbərdar etmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixinə İddiaçı bank əməliyyat sistemində Ləğv prosesində olan Cavabdeh ASC qarşısında xx.xx.2009-cu il tarixli Kredit müqaviləsi üzrə ödənilməmiş 3.775,34 manat əsas, 2.740,72 manat faiz borcu, ümumilikdə 6.516,06 manat məbləğində borc öhdəliyi mövcuddur. xx.xx.2009-cu il tarixli 05 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 1.200 manat ödəniş edilmişdir. xx.xx.2009-cu il tarixli 11 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 1.925 manat ödəniş edilmişdir. xx.xx.2009-cu il tarixli 07 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 1.000 manat ödəniş edilmişdir. xx.xx.2009-cu il tarixli 15 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 400 manat ödəniş edilmişdir. xx.xx.2010-cu il tarixli 20 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 242 manat ödəniş edilmişdir. Məhkəmənin sorğusuna LPO Cavabdeh ASC-nin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, kredit müqaviləsi 2009-cu il tarixli olduğundan və müqavilənin üzərindən uzun müddət keçdiyindən kredit dosyesi arxivdə aşkarlanmamışdır. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəməyə xatırladır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2-2(102)-575/2023 №-li iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə formaşlaşdırılmış hüquqi mövqeyə görə də Ali Məhkəmədə oxşar mübahisələr üzrə çıxarılmış qərarlarda MPM-in 77.1-ci maddəsinə əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit verən təşkilat tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin borcalana verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Məhkəmə araşdırması nəticəsində iddiaçının həmin kredit müqaviləsi üzrə borc götürməsi inkar olunmasa da, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən iddiaçının xx.xx.2009cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2009-cu il tarixdə 1.200, xx.xx.2009-cu il tarixdə 1.925, xx.xx.2009-cu il tarixdə 1.000, xx.xx.2009-cu il tarixdə 400 və xx.xx.2009-cu il tarixdə isə 242 manat ödəniş etməsi özlüyündə xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmiş 5.000 manat məbləğində kreditin tam olaraq ödənilməsi qənaətinə gəlmək mümkündür. Habelə borclu barəsində müvafiq reyestr məlumatlarından müəyyən edilir ki, şəxs daha sonrakı illərdə müxtəlif bank təşkilatları ilə müxtəlif məbləğlərdə borc-kredit münasibətlərinə daxil olmuşdur və həmin kreditlər üzrə borclar da gecikdirilmə olmadan ödənilmişdir. Hazırda cavabdeh olan bank iddiaçıya hesablanmış borcun hansı əsasdan yaranmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir, belə olan halda borcun hesablanmasının qanuni əsası mövcud olmadığından həmin borc silinməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Ləğv prosesində olan LPO Cavabdeh ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə gecikmə günlərinin sayı silinməklə, borcunun olmaması barədə "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatların verilməsi cavabdeh LPO Cavabdeh ASC-yə həvalə edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Ləğv prosesində olan LPO Cavabdeh ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə gecikmə günlərinin sayı silinməklə, borcunun olmaması barədə "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatların verilməsi cavabdeh LPO Cavabdeh ASC-yə həvalə edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar