Məhkəmə qərarları › İş №2(006)-3716/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3716/2022

10.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3716/2022 10.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X2 Cavabdeh2 MMC-nin direktoru X6 və nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X2 Cavabdeh2 MMC-yə qarşı “əmək münasibətləri şəraitində dəymiş maddi və mənəvi ziyan tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X2 Cavabdeh2 MMC-yə qarşı “əmək münasibətləri şəraitində dəymiş maddi ziyan tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci ildə Ermənistan SSR-in Krasnoselo rayonunun Əmirxeyir kəndindən qaçqın düşərək Bakı şəhərində məskunlaşmışdır. Evlidir, iki uşağı var. İkili ali təhsillidir, Azərbaycan Dövlət Universitetini (indiki BDU) və X13 İnstitutunu bitirmişdir. 10 il müəllim işləmişdir. 1988-ci ildən meşə sahəsi üzrə fəhlə kimi işə başlayaraq, həmin sahədə direktor vəzifəsinə kimi yüksələrək demək olar bütün vəzifələrdə işləmiş, ona görə də bu sahə üzrə mütəxəssisdir. Bu müddət ərzində birbaşa iştirakı və nəzarəti ilə 2000 ha-dan artıq meşə salmış, 6 milyondan artıq meşə əkin materialları yetişdirmiş, həm özü əkmiş, həm də Abşeron yarımadasında və Respublikanın digər cəmi 150-200 min əkin materialı olan vaxtlarda 3 milyona yaxın əkin materialı yetişdirmişdir. İddiaçının 2004-cü ildə rəhbərlik etdiyi Ceyranbatan Meşə və Meliorasiya müəssisəsi ləğv edildikdən sonra da müxtəlif təşkilatlarda əkin materialları yetişdirməklə meliorativ və yaşıllıqlar məqsədli meşələr salınmasında işləmişdir. Şəki rayonunun Kişçay çay hövzəsinin yuxarı dağ hövzəsində 600 ha-a yaxın, yeni yaradılan Taxtakörpü (Şabran rayonu ərazisində) su anbarı ətrafında 200 ha-a yaxın meşə və yaşıllıqların salınmasını təmin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə bəzi su anbarları ilə birlikdə Ceyranbatan su anbarı da 2011-ci ildə Fövqəladə Hallar Nazirliyinə verilib. 2014-cü ildə "xxxx" MMC-nin o vaxtki rəhbəri, mərhum Şafiq Babayevin təkidli xahişlərini qəbul etmişdir, X9 Agentliyində (SEDA) FHN-nin nazir müavininin iştirakı ilə müsahibə komissiyasında olmuşdur, meşələrin yenidən əvvəlki vəziyyətinə bərpa olunması və genişləndirilməsi məqsədi ilə iddiaçıya əməli kömək edəcəklərinə söz verildikdən sonra təklifi qəbul edərək baş aqronom vəzifəsi ilə işə başlamışdır. İddiaçı ilə aylıq əmək haqqı 530 manat və ildə azı 4 dəfə, aylıq əməkhaqqı miqdarında mükafat kimi əlavə əmək haqqı verilməsi müqabilində əmək müqaviləsi imzalanmışdır. Müqavilə üzrə əməkhaqqı iddiaçının əvvəlki iş yerindəki əmək haqqından (1000 dollar ekvivalentində - o vaxt nəqd şəkildə 800 AZN idi) orta aylıq hesabı ilə 200-250 manat az olsa da çox böyük əməyi və əziyyəti olan bu meşələrin təkrarən bərpası naminə razılaşdı. Qısa zaman ərzində su nasos stansiyası və suvarma sisteminin bir hissəsini bərpa edərək, meşələrə su verilməsini təşkil etdilər. Meşələrdə işlərin təşkili üçün infrastrukturun qurulması və lazım olan illik maliyyə proqnozlarını hazırladı, Nazirlikdə müzakirələrdən sonra qəbul olundu. Lazımi texnika və aqreqatlar alındı və işlərə cəlb olundu. Lakin cəmi 20-yə yaxın fəhlə qəbul edildi ki, bu da FHN-nin özü tərəfindən yeni salınan 143 ha meşələrin saxlanmasına cəlb edildi. Agentlikdən müxtəlif bəhanələrlə əlavə işçilərin götürülməsinə imkan yaradılmadı. İddiaçı həmin fəhlələrin içindən iki nəfər ayıraraq köhnə meşələrin suvarılmasına cəlb etdi. Bu zaman onların ərazilərə aparıb-gətirilməsini iddiaçı öz şəxsi maşını ilə həyata keçirirdi, bəzi əraziləri isə müxtəlif texnoloji variantlar tətbiq edərək özü suvarırdı. Su tutmayan və suvarma sisteminin bərpası hələlik mümkün olmayan ərazilərə su verilməsi üçün öz şəxsi minik maşınının arxasına bağlayaraq ərazilərdə atılıb qalmış su boruları daşımışdır. Lakin idarədən nə bir litr yanacaq və digər köməklik edilib, nə də iddiaçı tələb etməmişdir. Bir ildən artıq meşə üzrə bütün işləri (ştatda olan müdir v.s- 8-10 nəfərin işi) iddiaçı tək özü həyata keçirmişdir. Lakin direktor Şafiq Babayevin ağır xəstəlik və vəfatından sonra SEDA-nın rəhbəri Baba Azakov (iddiaçı işə qəbul olunanda o rəis deyildi, müsahibədə iştirak edirdi) öz köhnə dostu Eldar Məmmədovu direktor müavini təyin edərək, direktor səlahiyyətlərini ona tapşırdı (Ş. Babayev hələ sağ olduğundan, rəhmətə gedənə qədər). O gələn kimi heç bir rəsmi qərar olmadan əmək müqavilələrinin dəyişdirilərək illik mükafatın 4 dəfədən bir dəfəyə endirilməsini (aydındır ki, SEDA rəhbəri ilə birlikdə bu qərara gəlmişdilər, yaranan böyük fərqi müxtəlif adlarla mənimsəmə məqsədi güdülürdü) tələb etdi. Lakin işçilər razılaşmadı. B.Azakov iddiaçıya müraciət etdi ki, ilk olaraq iddiaçı müqaviləyə imza atsın. İddiaçı meşələri iş yoldaşlarının və özünün mənafeyindən üstün tutaraq (bu meşələr və su anbarı çox mühüm strateji obyekt olaraq gələcək nəsillər üçün müstəsna əhəmiyyət daşıdığını nəzərə aldığından) ilk olaraq imzaladı, iş yoldaşları da iddiaçını məzəmmət edərək, kömək üçün ona ümidli olduqlarını dilə gətirərək, məcbur qalaraq yeni müqaviləyə imza atdılar. Beləliklə, iddiaçı ilə xx.xx.2014-cü il tarixli əmək müqaviləsi götürülərək (gizlədilib, yaxud məhv edilib, indiyə qədər məlum deyil), əvəzində xx.xx.2016-cı il tarixli yeni əmək müqaviləsi qoyuldu. Bu əməliyyatın heç hüquqi dildə adı belə yoxdur. Qısa müddətdən sonra Eldar Məmmədov meşə işlərinə maneə yaratmağa başladı. Şəxsi maşını ilə əraziyə getməyinə qadağa qoydu, fəhlələri başqa lazımsız işlərə ayırdı, meşə ərazilərindəki, meşəçi evlərini sökdürərək, müxtəlif lazımsız, uzunmüddətli tikinti işləri (hələ indiyədək də heç biri tamamlanmayıb) görməyə başladı. Digər qanunsuz və dağıdıcı hərəkətlərinə görə işçilərin bir neçəsinin nazirliyə şikayətindən sonra onun işdən azad edilməsi gündəmə gəlmişdi. Bu zaman SEDA-nın rəisi daha bir köhnə dostunu, yaxın dost qrupunun digər üzvü FHN-də işləyən, yaxın çevrəsi ilə Nazirə yaxın olan Tale Şamçıyevi direktor vəzifəsinə gətirdi və eləcə də Eldar Məmmədovun vəzifəsində qalmasını təmin etdi. T. Şamçıyev gələn kimi etiraf etdi ki, onun təsərrüfatdan anlayışı yoxdur, Nazir göndərib və deyib ki, buranı ona verir, bildiyi kimi idarə etsin. Ona görə də bütün işlər yenə Eldar Məmmədovun diktəsi ilə həyata keçirilirdi. Nə qədər təzyiqlər göstərilsə də, iddiaçı traktorlarla da olsa əraziyə gedərək işləri görməyə çalışırdı, yaranmış problemlər haqqında məlumat verir, şikayətləri də edirdi. İmkan düşdükcə iş üçün bütün təşəbbüslərinə ciddi-cəhtlə maneə yaradılırdı. İddiaçı məcbur olub meşə ərazisində yaranan problemlərlə əlaqədar, əlalxüsus da Bakı-Sumqayıt şossesinin kənarındakı 200 ha ərazinin uzun müddətdir susuz qalmasından və onun su problemini həlli üçün cənab nazir Kəmaləddin Heydərova xx.xx.2016-cı il tarixdə müraciət ünvanladı. Sonra SEDA-nin rəisi B. Azakov da vəfat etdi. Onun yerinə təyin olunan Kamal Qurbanov qısa müddət-bir ilə yaxın işlədi. O, iddiaçının işindən xəbərdar olduğundan, bir neçə nəfərin işini yerinə yetirdiyindən ayda təmiz 550 manat almağı üçün maaşını əlavə 125 manat artırdı. Lakin idarənin rəhbərliyi su anbarında əsaslı başqa bir işlər olmadığından pul silmək üçün yerlər axtarır, meşələrin məhvi istiqamətində səylərini daha da artırırdılar. xx.xx.2018-ci il tarixdə 0009 saylı əmrlə meşə təsərrüfatına aid olan bütün nasosxanalar Eldar Məmmədov və buraya aidiyyatı olmayan elektrotexniki qurğular üzrə mühəndis (əslində o Şəmkir və Mingəçevir su anbarlarında olan elektik stansiyaları ilə əlaqəli işdir) Fəxrəddin Alıyevə həvalə olundu. İddiaçı bunun nəticələrini əvvəlcədən gördüyündən təbii ki, yazılı surətdə qəti etirazını bildirdi və aidiyyəti yuxarı instansiyalara bildirdi. Bunlar təqdim etdiyi sənədlərdə aydın görünür. İddiaçı zənnində yanılmadı, günü bü gün heç bir nasosxana fəaliyyət göstərmir, meşələrə dörd ilə yaxındır su verilməsi mümkün olmayıb. İddiaçı idarənin fəaliyyətinin meşələrin məhvinə istiqamətləndiyini, yalnız öz maddi maraqları naminə çalışdıqlarını, nəinki illərdir yığılıb qalmış və yeni yaranmış problemlərin həllinin mümkün olmayacağını, heç cari işlərin də görülməsinə imkan verilməməsini nəzərə alıb, surəti Baş nazir Novruz Məmmədova olmaqla birinci vitse-prezident Mehriban xanım Əliyevaya xx.xx.2018-ci il tarixli məktubla müraciət etdi. Müraciətdə dörd əsas və ən böyük problemləri, o cümlədən Bakı- Sumqayıt şossesinin kənarındakı meşə sahəsi, onun ikinci bir tərəfdən sahillərin yuyulması nəticəsində məhv olması, nəticədə həmin avtomobil şossesinin artıq sürüşmə riskində olmasını bildirərək, tövsiyyə xarakterli təkliflərini verdi. Az sonra iddiaçıya Nazirlər Kabinetindən məktubun nəzarətə götürüldüyünü bildirən məktub göndərdilər. Sonra həmin məqsədlə layihələndirmə işləri aparıldı, çox böyük (7 miyondan artıq) vəsait ayrıldı və işlərə başlanıldı. İllərdir yaranmış böyük problemlərdən biri iddiaçının xahişindən sonra öz həllini tapdı. Lakin bundan sonra iddiaçıya qarşı təzyiqlər daha da artmağa başladı. 2019-cu ilin əvvəllərindən SEDA-nə rəis təyin olunan Yaşar Abbasovun savadsızlığından, səriştəsizliyindən və acgözlüyündən istifadə edərək onu da iddiaçının üstünə qaldıraraq daha dözülməz hala gətirdilər. İddiaçı məcbur olub burada baş verənlərin bir qismi, su anbarının düşdüyü vəziyyət, dövlətə qarşı düşünülmüş və planlı təxribatlar haqqında geniş yazaraq, FHN-nin bu anbarı saxlama qabiliyyətində olmadığını əsas gətirib, buraların əvvəlki sahiblərinə qaytarılması xahişi ilə surəti Baş X14maqla xx.xx.2019-cu il tarixli məktubla təkrar müraciət etmişdir. Yaşar Abbasov tamah məqsədi ilə Ceyranbatan su anbarından balıq tutdurub satmağa başladı. Balıqların satışdan artıq qalanlarının diri saxlanması üçün hovuz düzəltdirmək üçün göstəriş verdi. Eldar Məmmədov və Fəxrəddin Alıyev yeri müəyyən etdilər və özünə göstərərək razılığını alıb, hovuzun yerini qazdılar və nasos qoyaraq su anbarından su çəkdilər. İddiaçı yaxınlıqdakı əraziyə baxış keçirən zaman diqqətini çəkdi, yaxınlaşıb baxanda dəhşətə gəldi. Hovuz "xxxx" ASC-yə məxsus, su anbarından suyu götürüb içməli su kimi istifadə olunan Ceyranbatan sutəmizləyici qurğuya su ötürən böyük diametrli su borusunun üstündə, anbarın mühafizə bəndinin 7-8 metrliyində qazılıb. Qazılan yer də, su qəbuledici qurğuya qədər olan ara da qumsal torpaqdır. İddiaçı əvvəlcə özlərinə izah etdi ki, bu çox böyük təhlükə mənbəyidir, boru boyu sızılaraq yığılan su sürüşmə yarada bilər, Prezidentin yaxın vaxtlarda açılışını etdiyi, çox böyük vəsaitə başa gələn, Bakı şəhəri və ümumilikdə Abşeron yarımadasını içməli su ilə təmin edən, çoxsaylı insanların işlədiyi müasir və beynəlxalq səviyyədə inşa edilmiş su təmizləyici qurğu məhv ola bilər, hətta bu hadisə su anbarının dolu olması vaxtına düşərsə, bənd də dağıla bilər, Ceyranbatan qəsəbəsi, Sumqayıt və Abşeron kanalı ətrafı çox böyük dağıntılara və insan tələfatına səbəb ola bilər. Ancaq yenə təpkilərə və təzyiqlərə, böhtanlara məruz qaldı. Yarana biləcək fəlakətin miqyasını və ictimai rezonansı dərk edərək, surəti nazir K. Heydərova olmaqla, Nazirliyin Daxili təhlükəsizlik idarəsinə yazılı məlumat verdi. Digər əlaqəli təşkilatların da ciddi təpgisi nəticəsində balıq tutulması da, hovuz da ləğv edildi. 2020-ci ilin əvvəlində iddiaçının xahişi ilə qalan meşə sahəsinin mühafizəsi və sahillərin yuyulmasının qarşısının alınması məqsədi ilə layihənin başlanması zamanı yenidən gərginlik artdı və pik həddə çatdı. Layihədə kənardan torpaq daşınması üçün nəzərdə tutulan (1,5 milyon AZN-dən artıq) torpağın əvəzinə və bu məqsəd üçün nəzərdə tutulan vəsaiti mənimsəmək məqsədi ilə sahildə maillilik yaratmaq üçün 30 m enində çoxillik meşə zolağını məhv etmək istəyirdilər. Bu isə avtomobil yoluna daha 30 m yaxınlaşaraq yolu böyük risk altında qoymaq idi, və çox da uzun olmayan zaman kəsiyində sürüşmənin olma ehtimalı çox yüksək idi. İddiaçı bunun qarşısını əsaslandırılmış surətdə yazılı bildirərək aldı. Baş verənlərlə əlaqədar surəti cənab nazir Kəmaləddin Heydərova olmaqla, xx.xx.2020-ci il tarixli məktubla FHN-nin Daxili Təhlükəsizlik Baş idarəsinin rəisi Valeh Abdullayevə müraciət etdi. Meşəsiz ərazilərdə müəyyən işlər görülsə də (o da layihədən kənardır), əsas işlər yarımçıq olaraq qalırdı. Bildiyinə görə son nəticədə bu işləri görə bilməmişlər, ona görə də işlərin əsas hissəsinin başa çatdırılması üçün başqa şirkətə həvalə edilib, işlər hələ tam başa çatmayıb. SEDA rəisi Yaşar Abbasov bu işlərə və külli miqdarda mənimsəməyə görə vəzifəsindən azad edilib. İddiaçı kifayət qədər tanınan və müəssisədə yeganə meşəçi mütəxəssis olduğundan, ömrü boyu işlədiyi bütün yerlərdə təmiz və şərəfli işinə, bilik, bacarıq və təcrübəsinə görə onlar iddiaçıya bata bilmirdilər. Özləri savadsız və səriştəsiz olduqlarına görə, dəfələrlə məntiqsiz və riyakar böhtanlar (yeni meşə və tingliklərin texnologiyalara uyğun olaraq əkilməsi məqsədi ilə sahələrin təmizlənib, yanğın təhlükəsizliyinə tam riayət olunmaqla, havanın əlverişli vaxtı seçilərək, şumlanmış sahələrdə yığılmış zir-zibilin yandırılması zamanı mühafizə idarəsinə zəng vuraraq böhtanların atılması və işlərə bu yolla da maneə olmaları v.s. araşdıranlar təəssüf hissləri keçirirdilər) iddiaçını buradan aralamaq üçün bütün cəhdləri heç bir nəticə vermədiyindən yaşının 65 olmasından istifadə edib iddiaçını uzaqlaşdırmaq istədilər ki, öz çirkin niyyətlərini həyata keçirsinlər. Karantin rejimi dövründə iddiaçı evdə olan vaxt "xxxx" MMC-nin direktoru T. Şamçıyev ona xx.xx.2020-ci il tarixli, 37/00134(37/1) tarixli poçtla göndərdiyi məktubda 29 may 2020-ci il tarixdə əmək müqaviləsinə xitam veriləcəyini bildirmişdir, lakin məktub iddiaçıya çatmayaraq, geri qayıdıb və iddiaçı xx.xx.2020-ci tarixdə idarəyə gedib, məktubla tanış olmuş, surətinə imza atıb götürmüş və bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə müqaviləyə xitam veriləcək. İddiaçı həmin məktuba cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla izahlı surətdə cavab verib bildirdi ki, onun işlədiyi müəssisə büdcədən maliyyələşən dövlət müəssisəsi olmadığından qanuna görə əmək müqaviləsinə xitam verilə bilməz. xx.xx.2020-ci il tarixdə meşə ərazisində ərazidən keçən elektrik xəttində yanğın baş verdi. Yanğının söndürülməsində və daha böyük ərazilərə yayılmasının qarşısının alınmasında şəxsən aktiv iştirak etdi, təcrübəsi əsasında lazımi tədbirlərin görülməsinə rəhbərlik etdi, ərazini ancaq iddiaçı yaxşı tanıdığından yanğınsöndürmə maşınlarının keçidlərini təmin etdi, ərazidəki suvarma xətlərini açaraq yanğın ərazisinə su verilməsini, maşınların uzağa getmədən su təminatını, mövcud su borularından yanğınsöndürənlərin pompasına birləşmə verməklə yanğının söndürülməsində bacardığı hər şeyi etdi. Lakin meşəyə xeyli ciddi ziyan dəydi, şəxsi avtomobilinin dalına qoşub gətirib meşənin həmin ərazilərinin suvarmasını təşkil etdiyi plastik boruları xilas etməyə çalışanda əllərində yanıqlar yarandı, fəqət xilas edə bilmədi və yanıqlardan əlavə güclü allergiyalar yarandı. Meşələr iddiaçıya həyatı qədər önəmli olduğundan bu ona olduqca pis təsir etdi. Bunu görən idarə rəhbərliyində olan o qrup iddiaçıya öldürücü təsir məqsədi ilə (bəlkə də daha böyük ərazinin məhv olmasını istəyirdilər) böhtan atdılar ki, guya meşəni iddiaçı yandırmışdır. Bu isə bütün işçilərin sərt təpgisi ilə qarşılandı. Səhərisi günü iddiaçıya daha da mənəvi, psixoloji ziyan vurmaq məqsədi ilə komissiya düzəldib, guya meşənin onun tərəfindən qəsdən yandırılması haqqında Tale Şamçıyev, Eldar Məmmədov, Fəxrəddin Alıyev, onlara yaxın və qorxudulan bəzi 1-2 nəfərin iştirakı ilə akt tərtib etdilər, iddiaçı ilə sorğu-sual apardılar, yazılı və audio izahatlar aldılar. Bu artıq həm də, iddiaçını təhqir etmək demək idi. İddiaçıya qarşı cinayət işi qaldırmaq məqsədi ilə FHN-nin İstintaq idarəsinə göndərdilər. Buna rəhbərliyi və göstərişi isə SEDA-nın rəisi Yaşar Abbasov vermişdi. İddiaçı həm yanğının təsirindən, həm meşələrə və suvarma sisteminə dəyən ziyanın təsirindən və rəhbərlikdəkilərin iyrənci davranışlarının təsirindən xəstələndi. Hətta bu yetmirmiş kimi X10 Nazirliyinə zəng vurub ki, iddiaçıya xəstəlik vərəqəsi verilməsin. İddiaçını bütün həkimlərin komissiyası ilə müayinə etdilər və ciddi xəstəlikləri ortaya çıxdı. İddiaçı xx.xx.2020-ci il tarixdə surəti FHN-nin müavini Tapdıq Əmiraslanova olmaqla SEDA-nin rəisi Yaşar Abbasova həmin yanğın, onların yarıtmaz fəaliyyəti, daha böyük təhlükələrin olacağı ilə əlaqədar etirazını bildirdi, hətta rəhbərlik və himayə etdiyi qrupun əməllərinin şərəfsizlik olması haqqında birbaşa bildirdi. Doğrudan da qısa müddətdə dalbadal 4-5 böyük yanğınlar baş verdi, ümumilikdə 100 ha-a yaxın ərazini əhatə edən yanğınlar nəticəsində 50 ha-dan artıq çoxillik örtülü meşə sahələri məhv oldu. Bəlkə də iddiaçı orada olsaydı, bir hissəsini xilas edə bilərdi. FHN-nin istintaq idarəsi iddiaçının haqqındakı böhtan xarakterli tərtib olunmış sənədləri yerində ciddi araşdırdılar və onların iddiaçıya qəsdən şər və böhtan atdıqları tam aydınlığı ilə məlum oldu. İddiaçı su nasos stansiyalarının işləməməsi, suyun səviyyəsinin düşməsi və ilin axırına qədər lazımi səviyyəyə qalxma ehtimalının olmaması, meşələrdə başqa texnoloji işlərin görülməsi üçün fəhlə qüvvəsinin olmaması səbəbindən, çarəsiz vəziyyətdə qalaraq meşələrin gözləri önündə məhv olmasına dayana bilmədiyindən xx.xx.2020-ci il tarixdə iyun ayının 29-dan etibarən son 4 il üçün qalmış məzuniyyət haqqının ikisindən istifadə etmək və 3-4 ay öz hesabına məzuniyyətə çıxmağı haqqında ərizə verdi. Lakin direktor T.Şamçıyevin göstərişi ilə ərizəni qəbul etmədilər. Ona görə də xx.xx.2020-ci il tarixdə ona qanunvericiliyi pozmaqla yanaşı ölkənin ekoloji və iqtisadi təhlükəsizliyinə ciddi ziyan vurduğunu (əlbəttə ki, qaynı və vəzifələrdə onun arxası olan adamın vətənə və ölkə rəhbərinə xəyanətlə həbs olunması, ona bu işdə daha çox stimul verəcək) xatırladaraq ərizəni poçt vasitəsi ilə göndərdi. İddiaçı xəstəlik vərəqini idarəyə təhvil verəndə bildi ki, onun 65 yaşının tamam olması ilə əlaqədar xx.xx.2020-ci il tarixdən əmr verilib və poçtla göndərilib. İddiaçı ümumi şöbədən həmin əmrin surətini götürmüşdür. SEDA və onun idarəsi "xxxx" MMC yarandığı gündən həmişə yaşı 65-dən yuxarı şəxslər olub və hələ heç kimə bu yaş həddi tətbiq edilməyib. Hal-hazırda da yaşı 65-dən yuxarı 30-dan artıq adam var və rəhbərlikdəkilər də o yaş həddindədir. İddiaçı əmri aldıqdan sonra, əmrin tam olaraq qanunsuz olduğunu bildiyindən Səbail Rayon Məhkəməsinə əmrin ləğv edilməsi ilə işinə bərpa olunmağı və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi üçün iddia ərizəsi ilə müraciət etdi. İddia ərizəsi qanunvericiliklərə tam uyğun olaraq əsaslandırılmışdı və şübhə doğuracaq heç nə yox idi və bu bəlkə də işi aparan hakim Rəna Qafarovaya da tam aydın idi. Məhkəmənin ikinci iclasında qarşı tərəfdən SEDA rəisi Yaşar Abbasovun imzası ilə "xxxx" MMC-nin guya dövlət büdcəsindən maliyələşən müəssisə olması haqqında arayış təqdim edildi. İddiaçının arayışın saxta və yalan olması, hətta qanunvericilikdə nəzərdə tutduğu kimi cinayət xarakteri daşımasını qeyd etmişdir. Lakin hakim həmin arayışı əsas tutub iddianı təmin etmədi. İddiaçı məhkəmənin qərarından apellyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Apellyasiya məhkəməsinə də əsaslandırılmış izahatlarında birlikdə müraciətlərinə X3, Milli Məclisin İqtisadiyyat şöbəsindən aldığı məktubları da əlavə etmişdir. Birinci iclas zamanı isə Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyindən "xxxx" MMC-nin dövlət büdcəsindən maliyyələşən müəssisə statusuna malik olmadığı və Xəzinədarlıqda xəzinə xidmətində olmadığı haqqında rəsmi məktubu təqdim etdi. Lakin ikinci iclasda bu sənədə qarşı direktor Tale Şamçıyevin, SEDA rəisi Yaşar Abbasovun və çox təəssüflər olsun ki, Nazir müavini Tapdıq Əmiraslanovun imzası ilə "xxxx" MMC-nin büdcədən maliyələşən müəssisə olduğunu qətiyyətlə iddia etməklə bərabər, mənfəət vergisi vermədiklərinə dair vergi Bəyannaməsi təqdim etdilər. Bu isə onların hamısının savadsızlığını bir daha təsdiq etdi, çünki vergidən yayındıqlarını öz əlləri ilə təsdiq etmiş oldular. Təbii ki, bu da məhkəmədə təəssüf və gülüş yaratdı və məhkəmə iddiaçının iddiasını təmin etdi. İddiaçı ilə ilk əmək müqaviləsi xx.xx.2014-cü il tarixdə imzalanıb. Lakin həmin müqavilə heç bir hüquqi və iqtisadi əsas olmadan (bunun haqqında heç bir sənəd mövcud deyil) ləğv edilərək xx.xx.2016-cı il tarixdə yeni müqavilə imzalanıb. Müqavilədə fərq yalnız 4.3-cü bəndində olub, belə ki, əvvəlkində ildə aylıq əmək haqqı məbləğində 4 dəfədən az olmayaraq mükafat verilməsi nəzərdə tutulurdu, yeni müqavilədə isə bu ildə bir dəfəyə endirilib. xx.xx.2018-ci il tarixdə 8.2-ci bəndində əlavə edilərək əmək haqqı 125 manat artırılıb. İddiaçı əmək müqaviləsinin dəyişdirilməsinə ona görə razılıq verdi ki, yaranmış qənaət hesabına meşələrin inkişafına və su anbarının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına sərf olunacaq. Lakin əksinə olaraq meşələrdəki meşəçi evlərinin də sökülməsi ilə başlayaraq idarənin rəhbərlərinin fəaliyyəti meşələrin məhvi istiqamətinə yönəldi, su anbarının cənub hissəsi kanalizasiya sularının da əraziyə axması nəticəsində ekoloji fəlakət həddinə gəldi, "qənaət" olunan pullar isə müxtəlif adlar altında mənimsənildi. İddiaçının işdən azad olunma haqqında əmrin 1- ci bəndində isə göstərilir ki, məhz onunla bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsi ləğv olunur. Belə çıxır ki, bağlanmış ikinci müqavilənin hüquqi əsası olmayıb, iddiaçı ilə birlikdə bütün işçilər aldadılıb, həmin müqavilələr yalnız üzdə olan saxta sənəddir. Bu isə qanunla cinayət xarakterli işdir. Direktor müavini Eldar Məmmədov işə qəbul olunan vaxt da 2015-ci ildə iki dəfə həmin mükafatı verməmişdi. Beləliklə iddiaçıya ən azı 12755AZN ( 530 x 2 dəfə (2015-ci il)+ 530x3 dəfə x2 il(2016- 2017) + 655x3 dəfə x 3 il(2018-2020) +655x 4dəfə (məcburi boş qaldığı il-2021)=12755) ziyan dəymişdir. Bunun nəticəsində də iddiaçının pensiya fondunda 3188 AZN-dən artıq vəsait kənarda qalıb və bu onun pensiyasına mənfi təsir etmiş, yaşadığı bütün müddət ərzində pensiya məbləğində böyük həcmdə itkiləri yaranmışdır. Ona görə də iddiaçının gözləntisinin əksinə olaraq müəssisə rəhbərliyinin meşələr və su anbarındakı qərəzli fəaliyyəti əsas götürüb əsassız olaraq ona dəymiş 12755 AZN ziyanı ödənilməlidir. Müssisədə olan xidməti maşınlardan direktor və müavinləri ancaq evə-işə gedib gəlmək üçün və ailəsi üçün istifadə etdiyi halda (Şafiq Babayevin rəhbərlik dövrü istisna olmaqla) iddiaçı şəxsi avtomobilini müəssisənin işləri üçün istifadə etmişdir. Meşə işləri üçün fəhlələri əraziyə aparıb-gətirməklə yanaşı, yük maşını kimi həm müxtəlif yüklərin (sement, qum, çındıl, siyirtmələr v.s) daşınması və arxasına borular qoşmaqla qoşqu maşını kimi istifadə etmişdir. Sonradan meşələrə hər hansı xidməti və suvarma işlərinin qarşısının alınması üçün maşınının əraziyə buraxılmasının qarşısını almışlar. İddiaçı bu işləri təmənnasız yerinə yetirirdi. Bundan əlavə, suvarma sistemlərinin təmir-bərpası üçün siyirtmələr, sement-qum- çınqıl, siyirtmələr, elektrodlar və digər mal-materiallar almaq üçün müraciət etdikdə müxtəlif bəhanələrlə verilmirdi, ancaq özlərinin lazımsız işləri üçün hər şey anında alınırdı. Ona görə də məcbur olub materialları öz hesabına alırdı, 5000 AZN-dən artıq nağd pul xərcləmiş, bunu bütün meşə işçiləri və digərləri də təsdiq edə bilərlər. Ərazilərdə atılmış yararsız və köhnə siyirtmələri iddiaçı maşını ilə daşıyaraq 2-3 ədədindən birini yığmaqla 25-ə yaxın siyirtmələr hazırlayaraq suvarma sistemlərinin təmir- bərpasına işlətmiş, müəssisəyə ən azı 10 000 AZN, nazirlik tərəfindən damlama sistemli suvarma sisteminin qurulmasından sonra ərazilərə atılmış lazımsız və istifadə edilməyən plastik borularla bir çox ərazilərə suvarma məqsədi ilə su çəkmişdir ki, bu iş kənar şəxslər tərəfindən görülsə idi, ən azı 30 000 AZN təşkil edərdi, təkcə bu iki epizod üzrə 40 000 AZN xeyir vermişdir. İddiaçının aldığı bəzi mallar meşə işlərinin gündəlik görülən işlərin qeydiyyat kitabçasında da var. İddiaçının minik maşınını bu ağır şəraitdə işlətdiyindən mühərriki sıradan çıxdı və təmir üçün 1500 AZN-dən artıq xərcə düşmüşdür. Ümumilikdə materiallara 5000 AZN-ə yaxın, maşının təmirlərinə 1500-dən çox artıq xərc çəkmişdir. Yanacaq-sürtkü materiallarına çəkilən xərci isə idarə rəhbərlərinin xidməti avtomobillərinin aylıq xərci ilə uyğunlaşdırmaq olar. Belə ki, onların avtomobili yalnız iş (inzibati bina) ev arası işləsə də, iddiaçı əlavə olaraq orta hesabla ən azı 60-70 km sürmüşdür. Elə qanunvericilikdə nəzərdə tutulan normativlərə görə aylıq yürüş 2000 km nəzərdə tutulur və bu normativə görə onların aylıq yanacaq xərci təxminən 270 manat təşkil edir. İddiaçı 3 il maşınını bu məqsədlə işlətdiyindən təxminən 12 ay x 270 AZN x 3 il = 9720 AZN xərcləmişdir. Beləliklə də bu işlərə ümumilikdə 10 000 AZN-dən artıq xeyir verməklə yanaşı 16 220 AZN xərcləmişdir. İddiaçının nağd şəkildə xərclədiyi həmin 16 220 AZN "xxxx" MMC-dən tutularaq iddiaçıya geri ödənilməsi təmin edilməlidir. İddiaçı Apellyasiya Məhkəməsinin qərarından sonra nazir cənab Kəmaləddin Heydərova xx.xx.2020-ci il tarixli məktubla bütün bu baş verənlərlə əlaqədar məlumat verdi və çəkinmədən də doğru yol olan təklifini verdi. Həmin məktubun yerində müzakirəsi üçün məktub SEDA-nə, oradan da "xxxx" MMC-yə göndərilib. Guya iddiaçının həmin məktubu müəssisədə araşdırılmışdır. Ancaq əslində qaldırılan məsələlər qalıb bir kənarda, Eldar Məmmədov və Fəxrəddin Alıyevlə birlikdə iddiaçıya qarşı yenə də şər, böhtan atmaqla, şərəf və ləyaqətini tapdalayan ifadələr işlətməklə, işgüzar nüfuzuna və fəaliyyətinə böyük ölçüdə ziyan vurmağa çalışaraq 5 vərəqli "arayış" formasında məktub hazırlayıb, SEDA-nın yeni rəisi Hikmət Məmmədova göndəriblər. Həm də bilərəkdən və qəsdən iddiaçıya göndərilən surəti bir aya yaxın gecikdirməklə göndəriblər ki, iddiaçı reaksiya verənə qədər, məktub Nazirə çatdırılsın ki, nəticədə elə təsəvvür yaransın ki, guya iddiaçı şər-böhtan atmışdır. Həmin məktubda əsas hissədə olduğu kimi, nəticə kimi qeyd olunan 9 maddənin hamısı şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuzuna böyük ölçüdə ziyan vurma, şər-böhtan atılması olmaqla iddiaçıya mənəvi ziyan vurulmuşdur. Əlbəttə iddiaçı məktubu alan kimi dərhal surəti nazirə olmaqla SEDA rəisi Hikmət Məmmədova xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq, bunların növbəti şər-böhtan olmasını izahlı şəkildə bildirmiş və məhkəməyə müraciət edəcəyini qeyd etmişdir. Baş vermiş yanğın zamanı iddiaçıya çox ağır şər-böhtan atmaları ilə bağlı FHN-nin Əməliyyat-İstintaq İdarəsinin istintaqının yekunları həmin idarənin məktubunda bildirildiyi kimi Abşeron rayon Prokurorluğuna verilib, həmin sənədlər prokurorluqdan alınaraq araşdırılmalıdır. Burada qrup şəklində məqsədləri o olubdur ki, həm iddiaçını həbs etdirsinlər, həm də onu ölkədə hörmətdən və nüfuzdan salsınlar. İddiaçının fəaliyyəti dövlət televiziya və radiosunda, digər mətbuat orqanlarında geniş işıqlandırılıb, Hətta AzTV-də ayrıca veriliş hazırlanıb efirə verilib. Bəziləri iddiaçıda var, saxlayır. İddiaçının təkcə Ceyranbatan su anbarı ətrafında gördüyü işlərin dəyəri bu günkü qiymətlə hesablansa bir neçə on milyonlarla ölçülər. Mənəvi ziyan da bununla ölçülə bilər və 3-5%-i belə bir neçə milyon manat edər. Bunların ədalətsiz və qərəzli hərəkətləri nəticəsində iddiaçının uzun müddət min bir əziyyətlə və həvəslə yaratdıqlarını məhv etdilər, şər, böhtan atdılar, təhqir etdilər, üstəlik də iddiaçını qanunsuz olaraq işdən kənarlaşdırdılar və iddiaçı artıq 20 aydır ki, işsizdir və bu müddət ərzində həyatı qədər önəmli olan meşələrə heç bir xeyri dəymədi, aldığı məlumatlara əsasən bu vaxt ərzində də daha geniş şəkildə meşələri məhv etməkdə davam edirlər. Təkcə bu iki yazılı sənədlər əsasında iddiaçıya çox böyük mənəvi ziyan dəymişdir. İddiaçıya dəyən mənəvi ziyan yuxarıda qeyd etdiyi kimi bir neçə milyon təşkil edir, lakin iddiaçı bu ziyanı ən azı nazir müavini Tapdıq Əmiraslanovun, SEDA-nin keçmiş rəisi, hazırda Nazirlikdə işləyən Yaşar Abbasovun, "xxxx" MMC-nin direktoru Tale Şamçıyevin, onun üç müavinin (digər ikisi öz vəzifə səlahiyyətlərindən və borcundan istifadə etməmişdir) və idarə rəisi vəzifəsini tutan Fəxrəddin Alıyevin aylıq maaşlarının 20 misli həddində - 150 000 AZN dəyərləndirir və bu məbləğ "xxxx" MMC tərəfindən iddiaçıya ödənilməlidir. Əmək müqaviləsində əmək haqqına əlavə kimi verilməsini nəzərdə tutan qrafalarındakı 4 dəfə (ilkin müqavilə) və 1 dəfə illik mükafatın və əlavələrin verilməsi də hüquqi və iqtisadi nöqteyi-nəzərdən qeyri-müəyyəndir. Belə ki, bu mükafatlar ildə 4 dəfə (Novruz bayramı, Orucluq bayramı, Qurban bayramı və Dünya Azərbaycanlılarının həmrəyliyi və yeni il bayramları) bütün dövlət strukturlarında olduğu kimi, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xüsusi əmrinə uyğun (əmrdə əsasən bir aylıq maaş həddində nəzərdə tutulur) olaraq müəyyən məbləğlərdə və il ərzində cəmi bir aylıq maaş həddində olub, bəzən də bundan bir az artıq olub, bəzən də bir ayını verməyərək əmrlər icra olunmayıb. Onda müqavilə öhdəliyinin yerinə yetirilməməsinə görə iddiaçıya dəymiş maddi ziyanın həcmi daha böyük ola bilər. Belə ki, ilkin müqavilə bərpa olunduğu təqdirdə 17 200 AZN (530 AZN x 3 il(2015-2017) x 4 dəfə + 655 AZN x4 il (2018-2021)x4 dəfə) ziyan dəymişdir və bu hüquqi cəhətdən araşdırıldıqdan sonra, qanunauyğundursa "xxxx" MMC tərəfindən iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən İddiaçı xeyrinə xx.xx.2014 il tarixli əmək müqaviləsi bərpa olunmaqla, bu müqavilə üzrə iddiaçıya dəymiş 12 755 AZN ziyanın (bəlkə də 17 200) ödənilməsi və müəssisənin işləri üçün nağd şəkildə xərclədiyi 16 220 AZN, ümumilikdə 28 975 manat maddi, sağlamlığına dəyən zərərlə əlaqədar xərclədiyi 4500 AZN və 35 725 AZN mənəvi ziyanın (yekun olaraq 69 200) “Hidrotex" MMC- dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, 41.000 AZN mənəvi ziyanın “Hidrotex" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X2 Cavabdeh2 MMC-nin direktoru X8 və nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1108/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X4 Cavabdeh2 MMC-yə qarşı “işə bərpa edilmə və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8144/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1108/2021 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X4 Cavabdeh2 MMC-yə qarşı “işə bərpa edilmə və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X4 (SEDA) Cavabdeh2 MMC-nin Su anbarları ərazisinin yaşıllaşdırma İdarəsinin aqronomu vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının cavabdeh Fövqəladə Hallar Nazirliyi Su X4 (SEDA) Cavabdeh2 MMC-dən İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-826/2022 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8144/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə qeyd edir ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X2 Cavabdeh2 MMC-yə qarşı “əmək münasibətləri şəraitində dəymiş maddi və mənəvi ziyan tələbi”nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X2 Cavabdeh2 MMC-yə qarşı “əmək münasibətləri şəraitində dəymiş maddi və mənəvi ziyan tələbi”nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar