Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3731/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplom almaq və s.» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplom almaq və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, göstərilən tələbə mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehin rəsmi hüquqi qeydiyyatının ünvanı barədə sübut (müvafiq dövlət reyestrindən çıxarış) təqdim olunmamışdır (gələcəkdə qətnamənin nəticəsinin icrasız qalmasının mövcudluğu baxımından). Həmçinin, Azərbaycan Respublikası Təhsil Nazirliyi artıq mövcud olmamaqla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi kimi formalaşmışdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia ərizəsində iddia tələblərinin aydın göstərilməməsi (tələblər iddiaçı tərəfindən dəqiq göstərilməli, mücərrəd olmamalı) mülki işin gələcəkdə hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə yarada bilər. Bu hal, tələbin qeyri-müəyyənliyinə, dolayısı ilə iddia ərizəsinin məzmun tələblərinə riayət olunmadığına dəlalət edir. Bundan əlavə isə iddiaçı diplomun ona verilməsini xahiş etmiş və bu cür iddia isə iddia icraatının növü olmamaqla inzibati icraatın növüdür. Belə ki, cavabdehə qarşı iddia tələbləri ayrı-ayrılıqda və dəqiq şəkildə ifadə edilmədiyindən və bu səbəbdən məhkəmə üçün qeyri-müəyyən qaldığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmin Məcəllənin 149.2.3-cü maddəsində qeyd olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində gösərilməlidir. Beləliklə, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia ərizəsində göstərilən məsələ ilə bağlı vəzifəli şəxsin hərəkətindən (və ya hərəkətsizliyindən) şikayət qaydasında müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçı tərəfindən 100 AZN (bir yüz manat) məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, İddiaçı tərəfindən ödənilmiş 100 AZN (bir yüz manat) məbləğində dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3, 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplom almaq və s.» tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya iddia ərizəsində göstərilən məsələ ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 AZN (bir yüz manat) məbləğində dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3731/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3731/2024
09.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver