Məhkəmə qərarları › İş №2(006)-3732/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3732/2025

06.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3732/2025 06.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iş üzrə (açar sözlər: kredit müqaviləsi, mənəvi ziyanın ödənilməsi) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, kreditor 2023-cü ilin aprel ayında başa çatan müəyyən müddətə 45.400 ABŞ dolları məbləğində Alana kredit təqdim edir. Alan hər ayın 27-də Kreditora hər ay 1250 ABŞ dolları ödəməyi öhdəsinə götürür. - Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Emil Qocayev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışından görünü ki, xx.xx.2025ci il tarixdə vətəndaş İddiaçı müraciət edərək, tanışı Cavabdeh Əbdülxaliq oğlu adlı şəxsə 2022-ci ildə Yasamal rayonu ərazisində borca 45000 pul verdiyini,lakin sonuncunun vədinə əməl etmədyini borcunu qaytarmadığını bildirmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaş Cavabdeh Əbdülxaliq oğlu izahatında 2022-ci ilə tarixində borc pul götürdüyünü, müxtəlif vaxtlarda isə hissə-hissə şikayətçiyə ödəniş etdiyini bildirmiş və sonuncu ödənişini 2025-ci il mart ayında ödədiyini və şiakyətçiyə borcu olmadığını bildrimişdir. Vətəndaş İddiaçı müraciətinin DİO-nun səlahiyyətlərinə aid olmadığını bildirilmiş və Qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadığı üçün "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Republikası Qanunun 7.10-cu maddəsinə əsasən müraciəti məhkəmə orqanlarına etməyi tövsiyyə olunmuşdur. - İddiaçı tərəfindən təqdim edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 25.408,82 manat məbləğində qalıq borcu vardır. - Mülki iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdeh xx.xx.2024cü il tarixində 500 manat, xx.xx.2024-cü il tarixində 500 manat, xx.xx.2024-cü il tarixində 500 manat, xx.xx.2024-cü il tarixində 400 manat, xx.xx.2024-cü il tarixində 500 manat, xx.xx.2024-cü il tarixində 500 manat, xx.xx.2025-ci il tarixində 400 manat, xx.xx.2025-ci il tarixində 100 manat, xx.xx.2025-ci il tarixində 200 manat ödəniş etmişdir. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edərək, Cavabdeh onun xeyrinə 42.500 manat (25.000 ABŞ dolları) əsas borc, 10.000 manat əldən çıxmış faydanı 1000 manat mənəvi zərəri və 218 manat dövlət rüsumu , cəmi manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh onun bərbəri idi. Bərbər vəzifəsində işləsədə, maşın biznesi ilə məşğul olurdu və ondan borca pul istəmişdi qısa müddər ərzində qaytarmaq şərti ilə. xx.xx.2022-ci il tarixində Cavabdeh ilə kredit müqaviləsi bağlamışdı. Bu müqaviləyə görə Cavabdeh ondan 45.400 ABŞ dolları məbləğində pul borc götürmüşdü. Kredit müqaviləsi aralarında bağlanmış və bir müddət Cavabdeh vaxtlıvaxtında yəni müqavilədə göstərildiyi kimi hər ayın 27-dək borcun bir hissəsini hissə-hissə gah manatla, gah dollarla ümumiyyətlə 20.000 ABŞ dolları məbləğində ödədi, lakin sonradan pulun ödənilməsi heç bir səbəb olmadan dayandırıldı. Müqavilənin şərtlərinə görə götürülmüş pul məbləği 2023-cü ilin aprel ayınadək qaytarılmalı olduğu halda, o, bu günə kimi borcun qalan hissəsini yəni 25.000 ABŞ dolları (42.500) manat pulunu ala bilməmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də, Cavabdeh pulu verməkdən, borcu qaytarmaqdan boyun qaçırır, məsuliyətdən yayınır. Onun bu pula çox ehtiyacı var . Dəfələrlə borcun ödənilməsini istəsə də, hər dəfə bir bəhanə ilə vaxtı uzadıb. O, artıq haqqını tələb etməkdən yorulmuşdur. Cavabdeh özünü kobud və laqeyd aparır. Onun müraciətlərinə heç bir məhəl qoymur. Hesab edir ki, ona həm də mənəvi zərər vurur. Onu da qeyd etmək istərdi ki,borc pulun tələb edilməsi, mütəmadi olaraq əsəb və gərginlik keçirməyi onun səhhətinə də ciddi təsir göstərmişdir. Ona 45.400 ABŞ dollar məbləğində borcdan yalnız 20000 ABŞ dolları məbləğ ödənilsədə, borcun qalan 25.000 ABŞ dolların hal-hazırda ödənilməsindən cavabdeh imtina edir. b) iddiaya etiraz: Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdırlar ki, onun İddiaçı borcu yoxdur və borcunu ödəmişdir heç bir borcu qalmayıb. Sadəcə hüquqi savadı olmadığı üçün ödənişləri əl bə əl verirdi və verdikcə iddiaçıdan kağız imzalı almırdı ki həqiqətən ödəmişdir. Üstəlik bildirir ki Azərbaycan Respublikasında bütün pul əməliyyatları Azərbaycan manatı ilə olmalıdır, olmadığı təqdirdə həqiqi sayılmır. Həmdə Azərbaycan Respublikasında müqavilə Azərbaycan dilində yazılmalıdır, başqa dildə yazılan müqavilə həqiqi deyil. Üstəlik müqavilə notariusda (notariat ofisində) bağlananda həqiqi sayılır, digər şəxsin üçüncü şəxsin yani notariusun iştirakı və imza möhürü əsasında. Üstəlik o, həqiqətən borclu olsaydı neçə illərdən sonra ondan şikayət etməzdi və iddia qaldırmazdı. Polisdə də ifadə verdim ki borcu yoxdur. Üstəlik düşünür ki ekspertiza keçirilməlidir çünki yadına gəlmir nəyəsə imza atmağı. Və tərcüməsinidə notarial təsdiqsiz edib çünki notarius təsdiq etmir. Qanunla faizə borc vermək qanundan kənar hərəkətdir, faizə borcu yalnız lisenziyası olan bank verə bilər. b) məhkəmə icraat iştiakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın tam təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, o, İddiaçı olan borcunu tam şəkildə ödəmişdir. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1 və 390.5-ci maddələrinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1 və 740.2-ci maddələrinin tələblərinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı tələbləri qismən əsaslıdır. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində yazılı formada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə müəyyən müddət üçün 45.400 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Müqavilədə borcun qaytarılma şərtləri, aylıq ödəniş qrafiki və borcun tam ödənilmə müddəti aydın şəkildə göstərilmişdir. Bu hal tərəflər arasında borc münasibətlərinin mövcudluğunu təsdiq edir. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən irəli sürülən, borc müqaviləsinin notarial qaydada bağlanmalı olması barədə arqumentlər məhkəmə tərəfindən əsassız hesab edilir. Məhkəmə qeyd edir ki, borc münasibətlərinin yaranması üçün müqavilənin notarial formada bağlanması zəruri şərt deyildir. İş materiallarından görünür ki, müqavilə yazılı formada tərtib edilmiş və həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmışdır ki, bu da borc öhdəliyinin mövcudluğunu təsdiq edən kifayət qədər hüquqi əsasdır. Həmçinin cavabdehin müqavilənin başqa dildə tərtib edilməsi, notarial qaydada təsdiq edilməməsi və bu səbəbdən etibarsız olması barədə dəlilləri də məhkəmə tərəfindən qəbul edilmir. Çünki iş materialları müqavilənin mövcudluğunu, tərəflərin iradə ifadəsini və müqavilənin faktiki icra edilməsini – yəni borcun hissə-hissə qaytarılmasını açıq şəkildə təsdiq edir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh borcun mövcudluğunu faktiki olaraq özü də inkar etmir, əksinə, müxtəlif vaxtlarda iddiaçıya ödəniş etdiyini bildirir. İş materiallarında mövcud olan qəbzlər və digər sübutlardan görünür ki, cavabdeh 2024– 2025-ci illər ərzində iddiaçıya bir neçə dəfə müxtəlif məbləğlərdə pul vəsaiti ödəmişdir. Bu faktın özü tərəflər arasında borc münasibətlərinin davam etdiyini və borcun tam icra olunmadığını göstərir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş cədvəlində cavabdehin ümumilikdə 19.981,18 ABŞ dolları məbləğində ödəniş etdiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş qəbzlərdə göstərilən məbləğ bu rəqəmdən az olsa da, iddiaçı cavabdehin faktiki olaraq daha çox məbləğdə ödəniş etdiyini özü etiraf edir və bu hal cavabdehin xeyrinə qiymətləndirilir. Eyni zamanda cavabdeh borcun tam ödənildiyini iddia etsə də, bu iddiasını təsdiq edən hər hansı etibarlı və mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, borcun tam icra edilməsi barədə iddia irəli sürən tərəf həmin halı sübut etməlidir. Lakin cavabdeh tərəfindən nə qəbzlər, nə bank köçürmələri, nə də digər yazılı sübutlar təqdim edilmədiyindən, onun borcun tam ödənilməsi barədə dəlilləri əsassız hesab olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı verdiyi pul (qalıq 25.000 ABŞ dolları məbləğində) məbləğinin cavabdehdən geri qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “10.000 manat əldən çıxmış faydanın ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı əldən çıxmış faydanı cavabdehin borc öhdəliyini vaxtında icra etməməsi nəticəsində yaranmış mümkün gəlir itkisi ilə əsaslandırmışdır. Lakin məhkəmə qeyd edir ki, əldən çıxmış faydanın mövcudluğu ehtimallara və ümumi mülahizələrə deyil, real, konkret və sübut edilmiş gəlir imkanlarına əsaslanmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən əldən çıxmış faydanın hansı konkret fəaliyyət nəticəsində əldə ediləcəyi, həmin gəlirin mənbəyi, həcmi və mütləq şəkildə əldə olunacağı barədə hər hansı sənəd və ya obyektiv sübut təqdim edilməmişdir. İddiaçı yalnız borc məbləğinə ehtiyacı olduğunu və bu vəsaitdən istifadə edə bilmədiyini bildirmiş, lakin həmin vəsaitin hansı konkret məqsədlə yönəldiləcəyi və bunun nəticəsində hansı gəlirin əldə ediləcəyi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, pul vəsaitinin müəyyən müddət ərzində istifadə edilməməsi özüözlüyündə əldən çıxmış faydanın mövcudluğunu təsdiq etmir. Əldən çıxmış faydanın tanınması üçün iddiaçı tərəfindən həmin gəlirin real, qaçılmaz və yüksək ehtimalla əldə ediləcək gəlir olduğu sübut olunmalıdır. Bu isə yalnız nəzəri imkanlara və subyektiv gözləntilərə əsaslana bilməz. Bundan əlavə, iş materialları cavabdehin borcu müəyyən müddət ərzində hissə-hissə ödədiyini təsdiq edir ki, bu da iddiaçının vəsaitdən tamamilə məhrum edilmədiyini göstərir. Bu şəraitdə iddiaçının əldən çıxmış faydaya məruz qalması barədə iddiası real zərər kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanın mövcudluğu, məbləği və cavabdehin hərəkətləri ilə birbaşa səbəbli əlaqəsi sübut olunmadığından, həmin tələbin təmin edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Məhkəmə iddia tələbinin “1000 manat mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı mənəvi zərərin onun borcun qaytarılmaması səbəbindən keçirdiyi əsəb, stress və psixoloji gərginliklə əlaqədar yarandığını bildirmiş, bu halın səhhətinə mənfi təsir göstərdiyini iddia etmişdir. Lakin məhkəmə qeyd edir ki, mənəvi zərərin mövcudluğu yalnız subyektiv hiss və emosional narahatlıqla əsaslandırıla bilməz, bu hal obyektiv şəkildə qiymətləndirilməli və iş üzrə sübutlarla təsdiq olunmalıdır. Lakin iş materiallarından görünür ki, tərəflər arasında yaranmış münasibətlər sırf əmlak xarakterli olub, borc öhdəliyinin icra edilməməsi ilə bağlı mübahisədən ibarətdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş materiallarda mənəvi zərərin faktiki mövcudluğunu və dərəcəsini təsdiq edən tibbi sənədlər, psixoloji rəy, müalicə xərclərinə dair sübutlar və ya digər obyektiv məlumatlar mövcud deyildir. Bləliklə iddiaçının mənəvi zərərə dair iddiaları ümumi xarakter daşıdığından və konkret faktlarla əsaslandırılmadığından iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş (cəmi 25.000 ABŞ dolları) hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 173.2 manat tutulmalı, qalan məbləğ iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 25.000 ABŞ dolları məbləğində pul (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) və ödənilmiş dövlət rüsumuna görə 173.2 manat alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 25.000 ABŞ dolları məbləğində pul (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) və ödənilmiş dövlət rüsumuna görə 173.2 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissədi onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar