Məhkəmə qərarları › İş №2(006)-3764/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3764/2024

24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3764/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsi əməkdaşları tərəfindən ona vurulmuş 5000 manat əldən çıxmış faydaya, 1500 manat nəqliyyat xərclərinə və 30000 manat mənəvi ziyana görə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən cəmi 36500 manat pul məbləğinin tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur, orta təhsillidir. Ailəlidir. Əsas peşə fəaliyyəti sürücülük fəaliyyətidir. AC seriyalı 540555 nömrəli sürücülük vəsiqəsinə malik olmaqla fərdi qaydada fiziki şəxs kimi fəaliyyət göstərmişdir. 15 noyabr 2017-ci il tarixdən 2023-cü ilin ortalarına qədər Bakı şəhərində fəaliyyəti olan “X1” şirkətində nəqliyyat müfəttişi vəzifəsində işləmişdir. Həmin vaxt işlədiyi vəzifə müvəqqəti olaraq ixtisara salınmışdı və təkrar işə qəbul üçün dəvət gözləməsində olmuşdur. Xeyli müddətdir ki, KİA SPORTAGE markalı ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini mülki etibarnamə əsasında, sərəncam hüququ olmaqla idarə edir. Avtomaşının qabiliyyəti imkan verdiyi üçün sərnişin və kiçik qabaritli yük daşıma ilə məşğul olmuşdur. 10 aprel 2024-cü il tarixdə Bakı şəhəri ərazisində idarə etdiyi avtomaşınla hərəkətdə olarkən Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsinin əməkdaşı tərəfindən saxlanılmış və əsaslı iradlarına baxmayaraq həmin əməkdaş tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı (dövlət mövcud standartlara uyğun olmayan qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsi) törətmiş olması ilə bağlı inzibati protokol tərtib olunmuş və nəqliyyat vasitəsi dərhal, xx.xx.2024-cü il tarixdə, saat 10.15-də Bakı şəhəri Badamdar qəsəbəsindəki duracağa yerləşdirilmişdir. Həmin protokol əsasında İXM- nin 342.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmə əsası ilə barəsində 40 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən qəbul olunmuş qərar tərəfindən mübahisələndirilmiş, xx.xx.2024-cü il tarixdə tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət təqdim olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-1414/2024 saylı qərarı ilə şikayəti təmin olunmuş, Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən tərtib edilmiş 10 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə minmişdir. Mülki etibarnamə əsasında sərəncamında və istifadəsində olan KİA SPORTAGE markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil yalnız 21 may 2024-cü il tarixdə, 41 gündən sonra Yol Polisi İdarəsinin duracağından buraxılmışdır, ona qaytarılmışdır. Göründüyü kimi, Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsi əməkdaşlarının bu qanunsuz hərəkətləri ilə ona maddi və mənəvi ziyan yetirilmişdir. Avtomaşını 41 gün ərzində duracaqda saxlanılmış, avtomaşından istifadə hüququndan məhrum olmuşdur. Avtomaşından sərnişin və kiçik qabaritli yük daşıma üçün istifadə edəcəyi hər gün üçün ən azı 100-120 AZN, təxminən 5000 AZN qazanc əldə edə biləcəkdir ki, bu hal əldən çıxmış fayda kimi qiymətləndirilməlidir. Abşeron rayonunun Novxanı kəndində aləsinə məxsus bağ evi vardır və yay mövsümünün gəlməsi ilə bağlı avtomaşınından məhrum edildiyi müddət ərzində həmin evdə təmir işləri aparmışdır. Avtomaşının duracaqda olması səbəbindən təmir üçün inşaat materiallarını kənar nəqliyyat vasitələrinin xidmətlərindən istifadə etməklə daşıtdırmışdır ki, bu da ona təxminən 1000 manata başa gəlmişdir. Göstərilən 41 gün ərzində özü və ailə üzvləri taksi xidmətlərindən istifadə etmək məcburiyyətində qalmışlar ki, bu xidmətə 500 AZN vəsait xərcləməli olmuşdur. Özü intizamlı sürücü olmuş və heç vaxt qayda pozuntusuna yol verməmişdir. Qanunsuz olaraq inzibati tənbehə məruz qalması və 41 gün ərzində avtomobilindən məhrum edilməsi onda, sözün həqiqi mənasında “şok” vəziyyəti yaratmışdır. Haqqının bərpa olunması üçün çəkdiyi əziyyətlər onda psixoloji gərginlik yaratmışdır. Artıq xeyli müddət idi ki, psixoloji gərginlik içərisində olmuşdur ki, bu da onun şəxsi həyatına mənfi təsirlərini göstərmişdir. Göründüyü kimi, DYP idarəsi tərəfindən ona həmçinin mənəvi ziyan yetirilmişdir. Bu mənəvi ziyanın ölçüsü heç bir maddi dəyərlə əvəzlənə bilməz. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etirazla (mülahizə) məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi kimi yuxarıda göstərilmiş məbləğlərin hər hansı bir əsası sübut olaraq işin materiallarında göstərilməmişdir. Yəni, onun daşıma şirkətilə hər hansı xidmət müqaviləsi bağlaması, habelə bu şirkətə ödəniş etməsi ilə bağlı sübutlar mövcud deyildir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, iddiaçının iddia edərək təzminat qismində tələb etdiyi məbləğlərin reallığı isbat olunmadığı təqdirdə şübhəli və ağlabatan olmayan kimi qəbul edilə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi maddi və mənəvi zərərlərin ona tətbiq edilmiş inzibati tənbeh tədbirilə birbaşa əlaqəsi yoxdur. Yəni, o, iddia ərizəsində göstərdiyi zərərlərin dəyməməsi üçün başqa üsullardan istifadə edə bilərdi. İş materiallarından göründüyü kimi İddiaçı Bakı şəhəri Baş X5 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş inzibati protokol haqqında qərarını əsas göstərərək maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi Maliyyə Nazirliyinə münasibətdə 3-cü şəxs qismində deyil, hüquq pozuntusunu törədən qurum qismində cavabdeh olaraq yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab etmişdir ki, həmin iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» AR Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən daxili işlər orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. İnzibati xətalarla bağlı araşdırmalar zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanların cəlb olunması zəruridir. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, cavabdehin etirazını, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı barəsində Bakı şəhər BPİ X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli avtonəqliyyat saxlanılma qəbulu barədə aktdan görünür ki, saat 10:15-də KİA markalı ** EE *** DQN avtomobilin açarı sahibinə təhvil verilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhər BPİ X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarını mübahisələndirməklə, həmin qərarın ləğvinə və inzibati iş üzrə icraata xitam verilməsinə nail olmuşdur. Məhkəmə İddiaçı avtomobilinin qanunsuz olaraq duracaqda saxlanılmasına görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq qısa müddətə də avtomobilinin duracaqda saxlanılması ilə ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.” Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. İşin mübahisəsiz halıdır ki, iddiaçının avtomobili qanunsuz olaraq duracaqda saxlanılmış, həmin müddət ərzində o bir sıra məhrumiyyətlərlə üzləşmiş, nəqliyyat vasitəsinin olmaması ona müəyyən narahatlıqlar yaşatmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün 200 manat məbləğində müəyyən olunmalıdır. Müəyyən edilmiş məbləğın hansı mənbədən ödənilməsinə dair cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Polis haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 6-cı bəndinə əsasən şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur. Qanunun həmin maddəsinin 7-ci bəndinə əsasən polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada ödənilir. Həmin Qanunun 39-cu maddəsinə əsasən polisin fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, qanunla müəyyənləşdirilmiş qaydada bağlanmış müqavilələr əsasında, habelə dövlət və qeyri-dövlət fondlarının vəsaiti hesabına maliyyələşdirilir. Göründüyü kimi, polisin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiyindən polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyanın mənbəyi kimi “dövlət büdcəsinin vəsaiti” çıxış edir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, bu ifadə ilə dövlət nəzərdə tutulur, dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamə”nin 1-ci bəndinə görə, Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə iddia tələbinin “Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsi əməkdaşları tərəfindən ona vurulmuş 5000 manat əldən çıxmış fayda və 1500 manat nəqliyyat xərclərinin tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 200 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 200 manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar