Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3777/2025 21.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Cavabdeh "xxxx" ASC “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri cavabdehin ərizəsi və ona əlavə edilmiş sənədlərlə birgə nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. a) İş materialları:
4. Cavabdehin ərizəsinə əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4601/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “cavabdeh tərəfindən artıq kredit ödəyicisi olduğu halda, adının bankların qara siyahısına (problemli ödəyici) kimi sistemə salınmasının qərəzli olduğu üçün cavabdeh "xxxx" ASCnin hərəkətinin qanunsuz hesab edilməsi və s.” tələbi barədə iddiası üzrə “cavabdeh tərəfindən artıq kredit ödəyicisi olduğu halda, adının bankların qara siyahısına (problemli ödəyici) kimi sistemə salınmasının qərəzli olduğu üçün cavabdeh "xxxx" ASC-nin hərəkətinin qanunsuz hesab edilməsi və adının problemli ödəyici siyahısından silinməsi; şəxsi vəsaiti 04 (dörd) manatı çıxardığı üçün 02 (iki) manat yəni, 50 faiz tutulmasının qanunsuz hesab edilməsi və həmin məbləğə görə 03 manat 80 qəpik (üç manat səksən qəpik) pensiyasından tutulan pulun hər ayına 50 faiz əlavə edilərək geri pensiya kartına qaytarılmasının təmin edilməsi; pensiyasından 2021-ci ilin fevral ayından hər ay qalan qalıq pulu bankdan tam əldə edə bilmədiyi üçün hər aylıq qalıq məbləği aylıq 50 faiz əlavə edərək ödənilməsi; "xxxx"ASC-yə məcbur olaraq (xırda pul ödəmək üçün bankomat olmadığından) ödədiyi 08 manat 74 qəpik pulunun hər ay üstünə 50 faiz gəlməklə geri qaytarılması; Cədvəldə göstərilən xırda pulun ödənilməsi üçün cavabdehin şərait yaratması; hər ay banka 185 manat 37 qəpik yaxud 185 manat 38 qəpik ödəməli olduğunun dəqiqləşdirilməsi; xx.xx.2025-ci il tarixində tutulan 0.43 AZN məbləğin üzərinə 50 faiz gəlməklə pensiya kartına qaytarılması; iddia ərizəsinə verdiyi 02 (iki) manatın cavabdehdən alınaraq ona ödənilməsi; Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin cavabdeh tərəfindən tanınaraq, aylıq pensiyanın başqa banka köçürülməsi vəzifəsinin üzərinə qoyulması; ona dəyən mənəvi zərərin əvəzi kimi cavabdehdən 10000 (on min) manat tutularaq iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçıların ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
5. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə:
6. Məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-4601/2025 nömrəli iş eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair olduğundan, hazırkı iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, cavabdeh tərəfin elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4601/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından, həqiqətən də, həmin iş üzrə tərəflərin, predmetin və əsasların hazırkı iş üzrə müvafiq olaraq tərəflərlə, predmet və əsaslarla eyni olduğu müəyyən edilir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 114.1, 114.1.2-ci maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 151.1-ci maddə. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 153.2, 153.2.4-cü maddə. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddə. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-153.6-cı maddə. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
8. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.
Nəticə:
9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153.2.4, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********). İddiaçıya eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.
Hakim: Günay Abidova