Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3778/2025 18.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Fərəcova Gülşən Sabit qızı, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, X3 bütün müayinə nəticələri Məhkəmə Tibbi Ekspertizası tərəfindən dəqiq tədqiq edilməklə, yenidən doğru təhlil aparılmaqla, prosedurda hər hansı bir səbəbdən səhlənkarlığa yol vermiş həkim və ya həkimlər araşdırma nəticəsində müəyyən olunaraq qanunla müvafiq məsuliyyətə cəlb olunmasının təmin edilməsini məhkəmədən xahiş etmiş və heç bir kompensasiya tələbi olmadığını bildirmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsinin məzmunundan müəyyən edilir ki, İddiaçı X1 yaranmış təngnəfəsliknəfəs darlığı narahatlığı ilə Göyçay rayonunda yerləşən “X6”na, Göyçay Rayon Mərkəzi Xəstəxanasına,daha sonra həkim göndərişi əsasında Bakı şəhərində yerləşən Kəpəz Hospitalına müalicə üçün gətirmişdir. İddiaçının iddiasına görə, Kəpəz Hospitalında çalışan cavabdeh baş həkim, invaziv kardioloq Cavabdeh pasient X2 yaxşı olmadığını və bir çox analizlərinin zəif olduğunu nəzərə almamış, pasientin səhətinə biganə yanaşmış, ona stasionar müalicə yazmamışdır. Nəticədə, pasient xx.xx.2025-ci il tarixdə səhər saatlarında ürək fəaliyyəti dayanaraq vəfat etmişdir.İddiaçının fikrincə, cavabdeh törətdiyi bu səhlənkarlığa, işinə laqeyd və vicdansız yanaşdığına görə cinayət məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1.-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının əsas məqsədi cavabdehin cəzalanması və məsuliyyətə cəlb olunmasıdır. Lakin mülki mühakimə icraatı yalnız şəxslərin mülki hüquq və vəzifələrindən irəli gələn mübahisələrin həllinə yönəldilmişdir. İddiaçının tələbi isə cinayət xarakterli məsələlərə – yəni şəxsin məsuliyyətə cəlb olunması və cəzalandırılması tələbinə aiddir. Bu isə cinayət prosesual qanunvericiliyi ilə tənzimlənir və həmin tələb mülki icraat predmeti ola bilməz. Cinayət Prosessual Məcəllənin 204.1-ci maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Həmin Məcəllənin 209.1-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş səbəblər və əsaslar mövcud olduğu bütün hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işi başlamalıdır. Beləliklə, iddiaçı əgər cavabdehin əməllərində cinayət tərkibinin olduğunu düşünürsə, ilk növbədə, bu barədə məlumatları cinayət prosesini həyata keçirən orqanlara- təhqiqat, istintaq, prokurorluq orqanlarına göndərməli,daha sonra işə məhkəmədə cinayət mühakimə icraat qaydasında baxılaraq qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı xəstənin ölümünə səbəb olduğu üçün həkim səhlənkarlığının cəzalandırılması tələbinə dair iddia ərizəsinin, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №2(006)-3778/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3778/2025
18.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver