Məhkəmə qərarları › İş №2(006)-3779/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3779/2022

04.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3779/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən vurulmuş maddi ziyana görə cəmi 15.846 (on beş min səkkiz yüz qırx altı) manat, mənəvi ziyana görə 100.000 (yüz min) manat olmaqla cəmi 115.846 (yüz on beş min səkkiz yüz qırx altı) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirməklə qəti olaraq 5 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının əvvəli 13 oktyabr 2018-ci il tarixdən hesablanmaqla, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2020-ci il tarixli hökmünə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmişdir. İşin yuxarıda qeyd edilən hallarından müəyyən olunur ki, iddiaçı qanunsuz olaraq cinayət təqibinə məruz qalmış, yol-nəqliyyat hadisəsi 12 oktyabr 2018-ci il tarixdə baş verdiyi halda 23 iyun 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin hökmünə əsasən bəraət verilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hadisə baş verən günə kimi “Daewoo BS 090” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhərində sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 06/1-15 nömrəli məktubundan görünür ki, Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara (fiziki şəxslərə) dair məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən keçirilən seçmə statistik müayinə əsasında əldə olunur. 2019-cu ildə sözügedən fəaliyyətlə məşğul olan şəxslərin orta aylıq nominal əmək haqqı Bakı şəhəri üzrə 792.3 manat olmuşdur. Beləliklə, qeyd olunanlar nəzərə alınsa, İddiaçı 13 oktyabr 2018-ci il tarixdən 23 iyun 2020-ci il tarixinədək 20 ay ərzində həbsdə olduğu müddət ərzində itirilmiş mənfəəti (20x792.3=5.846) 15.846 manat olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X3 məhkəməyə xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində maddi ziyana görə 15.846 manat, mənəvi ziyana görə 100.000 manat, cəmi 115.846 manat məbləğində vəsaitin ona ödənilməsini tələb etmişdir. İlk növbədə bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1 -ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Digər tərəfdən Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən isə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə məyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Mənəvi ziyanın vurulması ilə bağlı bildirmişdir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın z ki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, maiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər r-əllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən əxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Bununla yanaşı, iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi əsassız hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə onun işləməsi, aylıq gəlir və qazancını sübut edəcək faktlar təqdim etməmişdir. Bu baxımdan iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi ağlabatan deyildir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(101)-362/2019 saylı Hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, ona CM-nin 263-1.3-cü maddəsi ilə 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrl-ayrılıqda qismən toplamaq və əsas cəzanı əlavə cəzaya birləşdirməklə İddiaçı qəti olaraq 5 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrum etmə czası təyin edilmiş, İddiaçı ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzaını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkmiş və cəzaçəkmə müddətinin başlanğıcı 13 oktyabr 2018-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-31/2020 saylı, xx.xx.2020-ci il tarixli Hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli,1(101)-362/222019 saylı Hökmündən məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(101)-362/2019 saylı hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri ləğv edilmiş, o dərhal məhkəmə iclası zalından həbsdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 09 fevral 2022-ci il tarixli, 06/1-15№-li cavab məktubundan görünür ki, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara (fiziki şəxslərə) dair məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən keçirilən seçmə statistik müayinə əsasında əldə olunur. 2019-cu ildə sözügedən fəaliyyətlə məşğul olan şəxslərin orta aylıq nominal əmək haqqı Bakı şəhəri üzrə 792,3 manat, Şirvan şəhəri üzrə isə 321,4 manat olmuşdur. 2020-ci ildə koronovirus pandemiyası ilə əlaqədar seçmə statistik müayinə keçirilmədiyindən sorğuda tələb olunan göstəriciyə dair məlumatlar əldə olunmamışdır. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olundu ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(101)-362/2019 saylı Hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, ona CM-nin 263-1.3-cü maddəsi ilə 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrl-ayrılıqda qismən toplamaq və əsas cəzanı əlavə cəzaya birləşdirməklə İddiaçı qəti olaraq 5 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrum etmə czası təyin edilmiş, İddiaçı ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzaını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkmiş və cəzaçəkmə müddətinin başlanğıcı 13 oktyabr 2018-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-31/2020 saylı, xx.xx.2020-ci il tarixli Hökmünə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(101)-362/2019 saylı hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri ləğv edilmiş, o dərhal məhkəmə iclası zalından həbsdən azad edilmişdir. Hazırda iddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən vurulmuş maddi ziyana görə cəmi 15.846 manat, mənəvi ziyana görə 100.000 manat olmaqla cəmi 115.846 manat pulun tutularaq ona ödənilməsini, cavabdeh isə iddia tələbinin rədd edilməsini məhkəmədən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir; 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyataxtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarında, AR MM-nin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda, mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkmiş şəxsin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi zərərlə bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının nümayəndəsinin izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, İddiaçı əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, X1 xeyrinə ədalətli həddə, yəni vurulmuş mənəvi ziyana görə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 12 oktyabr 2018-ci il tarixdən 23 iyun 2020-ci il tarixə qədər, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin Hökmünə əsasən, iddiaçının cəzasının müddətinin hesablandığı tarixdən Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının Bəraət Hökmünün çıxdığı tarixə qədər həbsdə olmuşdur (1 il 8 ay). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ijlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən vurulmuş mənəvi ziyana görə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən vurulmuş mənəvi ziyana görə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar