Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3803/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) – Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş 7756 manat məbləğində maddi, həmçinin maddi ziyan hissəsində qətnamə icra olunan günə kimi hər ay üçün hazırkı orta aylıq əmək haqqı nəzərə alınmaqla ümumi məbləğin, eyni zamanda 100.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi X1 07 avqust 2019-cu il tarixli qərarı ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmin tarxdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. 07 avqust 2019-cu il tarixdə Səbail Rayon Məhkəməsinin qərarına əsasən isə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, ittihama əsasən, guya qohumu X7 və tanışı X4 ilə birlikdə yetkinlik yaşına çatmayan şəxs 23 noyabr 2002-ci il təvəllüdlü X8 barəsində adam oğurluğu cinayəti törətmişdir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-93/2021 saylı 17 dekabr tarixli hökmü ilə AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən barəsində bəraət hökmü çıxarılmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-601/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-93/2021 saylı 17 dekabr 2021-ci il tarixli hökmü ona dair hissədə qüvvədə saxlanılmışdır. İbtidai istintaq orqanın elan edilmiş əssasız ittihamına əsasən 07 avqust 2019-cu il tarixdən 17 dekabr 2021-ci il tarixədək, yəni 2 il 4 ay 10 gün Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. xx xxx 1994-cti il tarixdə anadan olmuş, lakin çox kiçik yaşlarda hər iki valideyinini itirmişdir. Belə ki, baş vermiş avtomobil qəzası nəticəsində atası X5 xx.xx.1996-cı il tarixdə, anası X9 isə xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Həbs olunduğu günədək nənəsi X6 ilə birlikdə yaşamışdır. Lakin həbsdə olduğu müddətdə, yəni xx.xx.2020-ci il tarixdə nənəsi X6 vəfat etmişdir. Barəsində bəraət hökmü çıxarıldığı gün həm valideyn himayəsindən, həm də onu böyüdüb boya-başa çatdırmış nənəsindən məhrum olmuşdur. Həbsdə olduğu üçün nənəsinin dəfn və yas mərasimində belə iştirak edə, onun son günlərində yanında ola bilməmişdir. Yəni ibtidai istintaq orqanın əsassız və ədalətsiz ittihamı onu bir çox mənəvi şeylərdən məhrum etmişdir. Ona dəymiş mənəvi ziyanın həcmi pulla belə ölçülə bilməz. Həyatın ən sərt üzünü görmüş, valideyn himayəsindən məhrum olmuş, 3 ilə yaxın müddətdə əsassız olaraq azadlıqdan məhrum edilmiş, onu böyüdən nənəsini həbsdə olarkən itirmiş bir şəxsdə yaranan mənəvi sarsıntını diqqətə çatdırmaq belə çox çətindir. Barəsində çıxarılmış qanunsuz və ədalətsiz ittiham nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Bundan başqa əsassız olaraq ona ittiham elan edildiyi günədək “Azəriqaz" X11 Regional Qaz istismarı İdarəsində aylıq 277 manat məbləğində əmək haqqı alaraq çalışmışdır. Həbs edildiyi üçün 2 il 4 ay 10 gün müddətində aylıq əmək haqqından məhrum olmuşdur. Ona faktiki olaraq 7756 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda da işsizdir. Barəsində çıxarılmış qanunsuz ittiham hökmü əsasında şərəf və ləyaqəti ləkələnmişdir. Yəni ibtidai istintaq orqanının əsassız ittihamı nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. İddiaçının nümayəndəsi (vəkili) - Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı - İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddaçı bildirmişdir ki, ittiham edildiyi günə qədər o "Azəriqaz” istehsalat X12 Qaz İstimarı İdarəsində işləmiş və aylıq 277 manat əmək haqqı almışdır. Lakin aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etməmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. Eyni zamanda iddiaçının həmin İdarədən işdən azad olunmasının barəsində cinayət təqibinin başlanması ilə bağlılığı sübut olunmur. Ümumiyyətlə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığı halda işçinin əmək müqaviləsinə xitam verilməsi nəticəsində yaranmış əmək mübahisəsi işçi və işəgötürən arasında tənzimlənməlidir. Bu baxımdan maddi ziyanın ödənilməsi tələbi Maliyə Nazirliyinə deyil, işəgötürənə yönləndirilməlidir. İddiaçı həmçinin 100.000 manat mənəvi ziyanın ödənilməsini tələb edir. Hesab edir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Lakin hazırkı iddiaçıya qarşı hər hansı cinayət törədilməmiş, yalnız onunla bağlı cinayət işi başlanılsa da, sonradan ona bəraət verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı ilə "Azəriqaz” istehsalat Birliyi arasında bağlanmış xx.xx.2016-cı il tarixli 276 saylı Xidmət müqaviləsindən görünür ki, iddiaçı tərəfindən nəzarətçi-çilingər xidmətini göstərməyi, "Azəriqaz” istehsalat Birliyi isə 277 manat aylıq xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, müqavilə yolu ilə işə götürülmüş İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər heç bir üzürlü səbəb göstərmədən işə gəlməmişdir. "Azəriqaz” istehsalat X12 Qaz İstimarı İdarəsinin Göygöl rayonu üzrə xidmət sahəsinin xx.xx.2019-cu il tarixli SH-01/05-01-161 saylı məktubundan görünür ki, Göygöl rayonu üzrə xidmət sahəsində müqavilə yolu ilə işə götürülmüş İddiaçı rəhbərliyin icazəsi olmadan uzunmüddətli işə gəlmədiyi və xidməti müqaviləçilərin qeydiyyatı tabelində qeydiyyatdan keçmədiyi üçün, onunla bağlanmış xidməti müqaviləyə xitam verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. xx.xx.2019-cu il tarixli İttiham aktından görünür ki, 07 avqust 2019-cu il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)- 601/2022 saylı qərarından müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli hökmünə əsasən İddiaçı təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə bəraət verilmiş, barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə zalından dərhal həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının göstərilən qərarı ilə dövlət ittihamçısının protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli 1(101)-93/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə istintaqa (xx.xx.2019-xx.xx.2021) cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək, hüquqları məhdudlaşdırılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1 -ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1 -ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1 -ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1 -ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1 -ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia həmin hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 29.000 (iyirmi doqquz min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 29.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları (2 il 4 ay 10 gün müddətinə yaxın həbsdə olmasını) nəzərə alır. Məhkəmə iddia tələbinin maddi ziyanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı, ona ittiham elan edildiyi günədək “Azəriqaz" X11 Regional Qaz istismarı İdarəsində aylıq 277 manat məbləğində əmək haqqı alaraq işləməsini qeyd etsə də, iş materialları ilə iddiaçının "Azəriqaz” istehsalat X12 Qaz İstimarı İdarəsinin Göygöl rayonu üzrə xidmət sahəsində xx.xx.2019-cu il tarixədək işləməsi, həmin tarixdən sonra heç bir üzürlü səbəb göstərmədən işə getməməsi və həmin əsasa görə də onunla bağlanmış xidmət müqaviləsinə xitam verilməsi müəyyən olunmuşdur. Bu halda məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış xidmət müqaviləsinə xitam verilməsinin onun qanunsuz həbs müddəti ilə əlaqədar olmadığından iddia göstərilən hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya vurulmuş mənəvi zərərə görə 29.000 (iyirmi doqquz min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ona daha artıq həddə mənəvi zərər vurulmasına, habelə ona maddi zərər vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 29.000 (iyirmi doqquz min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3803/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3803/2022
30.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver