Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-381/2022 30.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «kompensasiyanın, əldən çıxmış faydanın və s. ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «kompensasiyanın, əldən çıxmış faydanın və s. ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar cavabdehdən iddiaçının xeyrinə 0,399120 ha torpaq sahəsinə görə 39.912 manat, 1098 ədəd alma ağacına görə 109.800 manat, əldən çıxmış faydaya görə 164.700 manat və dəymiş zərərin əvəzi kimi 20.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ ilə iddiaçıya və ailəsinə məxsus olan torpaqları Ləki-Qəbələ dəmir yolunun tikintisi ərazisinə düşmüşdür. İddiaçı kimi onun mülkiyyətində Qəbələ rayonunun Çarxana kəndində 2.22 ha torpaq sahəsi olmuşdur. Ailəsinin gəliri və dolanışığı əsasən bu torpaq sahəsi hesabına olmuşdur. Mülkiyyət hüququ ilə ona məxsus olan bu torpaq sahəsinin 0.339859 ha hissəsi birinci dəfə Ləki-Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə düşmüşdür. Mülkiyyət hüququ ilə ailəsinə məxsus olan Qəbələ rayonunun Çarxana kəndində olan 2.22 ha torpaq sahəsində bar verən 1224 alma ağacı olmuşdur. Qeyd olunan sahədə 1224 bar verən alma ağacının olmasını: xx.xx.2018-ci il tarixli, Qəbələ rayonunun Çarxana kənd İnzibati Ərazi üzrə nümayəndəsi Rəhim Qubadov, Qəbələ Rayon Hacalı Bələdiyyəsinin sədri İntiqam Dadaşov, Qəbələ Rayon Çarxana kənd sakinləri: Rövşən İsmayılov, İlham Əliyev, Gündüz Bayramov, Ədalət Əliyev və İddiaçı tərəfindən tərtib edilərək imzalanmış Akt da təsdiq edir. Qeyd olunan xx.xx.2018-ci il tarixli Aktın əsli sübut kimi məhkəməyə təqdim edilmişdir. Mülkiyyətində olan Qəbələ rayonunun Çarxana kəndində 2.22 ha torpaq sahəsinin Ləki- Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə düşən 0.339859 ha üçün "xxxx" QSC tərəfindən ona 7.423 manat məbləğində kompensasiya ödənilmişdir. Bu barədə iddiaçı ilə "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. "xxxx" QSC tərəfindən ona 7.423 manat məbləğində ödənilən kompensasiya: 0.339859 ha torpaq sahəsi üçün torpağın qiyməti kimi 1.224 manat, 126 alma ağacı üçün isə 6.199 manat olmuşdur. Sonradan "xxxx" QSC tərəfindən dəmir yolunun yeri müəyyən hissələrdə dəyişmiş və onun 0.399120 ha torpaq sahəsi ikinci dəfə Ləki-Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə düşmüşdür. "xxxx" QSC tərəfindən ona ikinci dəfə Ləki-Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə düşmüş 0.399120 ha torpaq sahəsinə görə ümumi olaraq 7.103 manat məbləğində kompensasiya təklif olunmuşdur. Qeyd olunan-torpaq sahəsi qanunsuz olaraq taxıl sahəsi kimi qeydə alınmışdır. Halbuki ona məxsus 2,22 ha torpaq sahəsində 1.224 ədəd bar verən alma ağacları əkilmişdir və bütün ağaclar dəmir yolu tikintisi ilə əlaqədar məhv olmuşdur. Onunla "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandıqdan sonra Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ona verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışda torpaq sahəsi 1.2581 ha göstərilmişdir. Buna səbəb torpağın satılması və bununla bağlı bölgü planında yaranmış dəyişiklik olmuşdur. Hazırkı iddia ərizəsi ilə kompensasiyasını mübahisələndirdiyi 0,399120 ha torpaq sahəsi də Çıxarışda göstərilən 1.2581 ha torpaq sahəsinin içindədir. Təxmini qalan 62-63 sot torpaq sahəsinə yaxın günlərdə ayrıca Çıxarış veriləcəkdir və məhkəməyə təqdim edəcəkdir. Ona təklif olunan kompensasiya Azərbaycan Respublikasının qanunlarına və bazar qiymətlərinə uyğun deyil. Belə ki, mülkiyyət hüququ ilə ona məxsus olan Qəbələ rayonunun Çarxana kəndində olan 2.22 ha torpaq sahəsində bar verən 1224 alma ağacı olmuşdur. Birinci dəfə Ləki-Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə 0.339859 ha torpaq sahəsi, ikinci dəfə isə 0.399120 ha torpaq sahəsi düşmüşdür. Lakin ona dəyən ziyan təkcə bu torpaqlarla əlaqədar olmamışdır. Belə ki, dəmir yolunun çəkilişi ilə və texnikaların hərəkti ilə əlaqədar demək olar ki, İddiaçı məxsus 2.22 ha torpaq sahəsi tam və bu torpaq sahəsində olan 1224 alma ağacı da tamamilə məhv olmuşdur. Bu ağaclardan 126 ağacın qiyməti ödənilsə də, qalan 1098 ağacın pulu hələ də ödənilməmişdir. Bununla da bir ailə əsas gəlirindən məhrum olunmuşdur. İndiki çətin dövrdə, dövlətin sahibkarlara, fermerlərə yardımlar etdiyi bir vaxtda dövlətin adından çıxış edən bir orqanın belə hərəkətləri heç bir halda başadüşülən deyil. Mülkiyyətində olan torpağın dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın, əldən çıxmış faydanın və dəymiş zərərin əvəzinin ödənilməsi barədə qanunsuz olaraq taxıl sahəsi kimi qeydə alınmışdır. Halbuki ona məxsus 2,22 ha torpaq sahəsində 1224 ədəd bar verən alma ağacları əkilmişdir və bütün ağaclar dəmir yolu tikintisi ilə əlaqədar məhv olmuşdur. Ləki-Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə onun birinci dəfə 0.339859 ha torpaq sahəsi, ikinci dəfə isə 0.399120 ha torpaq sahəsi olmaqla 73 sot torpaq sahəsi düşmüşdür. 0.339859 sot torpaq sahəsi üçün onların qarşılıqlı razılaşmaları əsasında bu sahədə olan torpaq sahəsinin və ağacların pulu ödənilmişdir (əslində açıq aydın görünür ki, həmin ödənişlər də istinad olunan normativ aktlara və torpağın, ağacların ədalətli bazar qiymətinə uyğun olmamışdır). Lakin, 0.399120 ha torpaq sahəsi üçün torpaq pulu və 1098 ağacın pulu bu günə kimi ödənilməmişdir. Ləki- Qəbələ dəmir yolunun tikintisi ilə əlaqədar 0.399120 ha torpaq sahəsinin hər sotu bu ərazidə ən azı 1000 manat təşkil edir. Bu əsasdan da ona bazar qiymətinə əsasən, torpaq sahəsinə görə 39.912 manat ziyan dəymişdir və bu pul cavabdehdən tutulmaqla ona ödənilməlidir. Dəmir yolunun çəkilişi və texnikaların hərəkti ilə əlaqədar demək olar ki, ona məxsus 2.22 hektar torpaq sahəsi və bu torpaq sahəsində olan 1.224 alma ağacı da məhv olmuşdur. Bu ağaclardan 126 ağacın qiyməti ödənilsə də qalan 1098 ağacın pulu həl də ödənilməmişdir. Hər bir alma ağacının qiyməti ən azı 100 manatdır. 1098 alma ağacı ilə əlaqədar ona 109.800 (1098x100=109.800 manat) manat zərər dəymişdir. Bir alma ağacının yenidən əkliərək bar verən vəziyyətə gətirilməsi üçün on azı 5 il lazımdır. Bir alma ağacı 1 ildə ən azı 30 kq olmaqla və qiyməti orta hesabla 1 manat olmaqla 30 manat gəlir gətirir. 1 ildə 1 alma ağacından orta hesabla ən azı 30 manat xeyir götürülməsi nəzərə alınarsa, 5 ildə 1098 alma ağacında əldən çıxmış fayda 164.700 manat təşkil edir. Azərbaycan Dəmir Yolları QSC tərəfindən Ləki-Qəbələ dəmir yolunun tikintisi gedən əraziyə düşən 0.399120 ha torpaq sahəsinə görə 39.912 manat, 1.098 alma ağacına görə 109.800 manat, əldən çıxmış faydaya görə 164.700 manat pul məhkəmə qaydasında tutularaq ona ödənilməlidir. Onun Azərbaycan Respublikasının vətəndaşı kimi Ləki-Qəbələ dəmir yolunun tikintisinə heç bir etirazı yoxdur. Lakin, bu dəmir yolunun tikintisi ilə əlaqədar ona dəymiş maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada və bazar qiymətləri ilə onlara ödənilməlidir və bildiyinə görə bu ödənişlərin edilməsi üçün dövlət tərəfindən kifayət qədər maliyyə vəsaiti ayrılıb. Mülkiyyət hüquqlarının bərpası ilə əlaqədar müraciətləri, mülkiyyət hüquqlarımın pozulması ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə dəfələrlə şifahi və yazılı müraciətlər etmişdir. Lakin, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti şifahi və yazılı müraciətlərinə ya cavab verməmiş, ya da natamam cavab vermiş və beləliklə də mülkiyyət hüquqlarını bərpa etməmişdir. Bu səbəbdən də pozulmuş hüquqqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət elmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncamının icra edilməsi ilə əlaqədar olaraq “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi” layihəsi çərçivəsində layihə altına düşən torpaq sahələri barədə kadastr planlarının tərtib edilməsi və onlardan çıxarışların verilməsi ilə əlaqədar ADY ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) yanında Daşınmaz Əmlakın Kadastrı ve Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli, 136H nömrəli müqavilə imzalanmışdır. Bu müqavilə üzrə layihə altına düşən torpaq sahələri barədə kadastr planlarının tərtib edilməsi və onlardan çıxarışların verilməsi ilə əlaqədar yerquruluşu işləri adıçəkilən qurum tərəfindən icra olunaraq sözügedən dəmir yolu xəttinin keçəcəyi daşınmaz əmlak obyektləri barədə məlumatlar ADY-yə təqdim edilmiş, həmin məlumatlar əsasında daşınmaz əmlak obyektləri müstəqil qiymətləndirilmə şirkəti tərəfindən bazar qiymətlərinə uyğun olaraq qiymətləndirilmiş və daşınmaz əmlak obyektləri mülkiyyətçilərinə aidiyyəti kompensasiya məbləğləri ödənilmişdir. İddiaçı mülkiyyətində Qəbələ rayonu, Çarxana kəndində yerləşən 2,22 ha torpaq sahəsi olmuşdur. Həmin torpağın 0,339859 ha sahəsi Ləki-Qəbəiə birxətli dəmir yolunun tikintisi gedən əraziyə düşmüş, buna görə ADY tərəfindən torpaq sahəsinə görə 7 423 manat, 126 ədəd alma ağacına görə 6 199 manat, cəmi 13 622 manat məbləğində kompensasiya məbləği ona ödənilmiş və xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi” layihəsinin tikintisində zəruri dəyişikliklər edilmiş, layihənin altına daimi və müvəqqəti olaraq düşən torpaq sahələri müstəqil qiymətləndirici şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdə qiymətləndirilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən 0,399120 ha torpaq sahəsi layihə altına düşmüş və nəticədə həmin torpaq sahəsinə görə 1.197 manat, əkilmiş taxıla görə 148 manat kompensasiya məbləği Göyçay rayon Notariat Kontorunun "xxxx" ASC-nin Ağdaş filialında olan bank hesabına köçürülmüşdür. İddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş ağaclar torpaq sahəsinin və həmin torpaq sahəsində olan əkinlərin xx.xx.2020-ci il tarixdə qiymətləndirilməsi zamanı aşkar olunmamışdır. Mübahisəli ərazinin "xxxx" ASC tərəfindən çəkilmiş şəkillərinə əsasən orada 1 ağac olub, onun da növü müəyyən edilmir. Sözügedən ərazidə yalnız taxılın əkildiyi aşkar edilmiş və buna müvafiq olaraq qiymətləndirilmişdir. Sözügedən ərazidə dəmir yol xəttinin tikintisi zamanı 1.098 ədəd ağacılarının məhv edilməsi qəti şəkildə ağlabatan deyil və iddiaçı tərəfindən ağacların məhv edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əvvəlki məhkəmə iclasında təyin edilmiş ekspertiza nəticəsində verilmiş rəy də mötəbər sübut kimi qəbul edilə bilməz, belə ki, ekspert mübahisəli torpaq sahəsinin qiymətini torpağın yerləşdiyi Qəbələ rayonundakı bazar qiyməti ilə deyil, Zaqatala rayonundakı torpaq sahələrinin qiymətinə uyğunlaşdırıb. Həmçinin, alma ağacları olmadığına görə maddi zərərdən söhbət gedə bilməz. Mənəvi zərərlə bağlı isə iddiaçı fiziki ağrı, sarsıntı keçirməli idi, lakin iddiaçı iddia tələbinin mənəvi zərər hissəsində də sübutlar təqdim etməmişdir. Qeyd olunanlardan göründüyü kimi İddiaçı hazırda mübahisələndirdiyi onun mülkiyyətində olan torpaq sahəsinə, üzərində əkilmiş taxıla görə kompensasiya məbləği tam şəkildə ödənilmiş, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Çarxana kənd İnzibati Ərazi üzrə nümayəndəsi Qubadov Rəhim, Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin sədri Dadaşov İntiqam, Qəbələ rayon Çarxana kənd sakinləri İsmayılov Rövşən, Əliyev İlham, Bayramov Gündüz, Əliyev Ədalət, mülkiyyətçi İddiaçı tərəfindən imzaları ilə təsdiq edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Ləki dəmir yolu stansiyası - Qəbələ birxətli dəmir yolunun çəkilişi zamanı layihə çərçivəsində mülkiyyətçi İddiaçı mülkiyyətində olan 2.22 ha özəl pay torpağı sahəsinə baxış keçirildikdə 2016-ci ildə əkilmiş 1224 ədəd alma ağacının olduğu müəyyən edilmişdir. Hal-hazırda həmin ağaclar sağlam vəziyyətdədir və yüksək miqdarda məhsuldarlıq verməsi gözlənilir. “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncamına əsasən Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi və tikinti işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.3.7-ci yarımbəndində göstərilmiş məbləğin 30 (otuz) milyon manatının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ayrılması qərara alınmışdır. İddiaçı ilə "xxxx" QSC (etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4) arasında bağlanılmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Qəbələ rayonu, Çarxana kəndində yerləşən ümumi sahəsi 2.2204 ha olan torpaq sahəsinin 0.339859 ha hissəsini alıcı "xxxx" QSC-nin mülkiyyətinə verməyi, QSC isə həmin torpaq sahəsinə görə 7.423 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Çarxana kəndində yerləşən 1.2581 ha kənd təsərrüfatı təyinatlı topaq tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim edilmiş AA seriyalı, 625939 nömrəli, xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü barədə məlumatdan görünür ki, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Qəbələ rayonu, Çarxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı topağın faktiki və sənəd üzrə sahəsi 1.2581 ha təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim edilmiş A seriyalı, 653111 nömrəli, xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü barədə məlumatdan görünür ki, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Qəbələ rayonu, Çarxana kəndində yerləşən kənd təsərrüfatı təyinatlı topağın faktiki və sənəd üzrə sahəsi 0.6225 ha təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Çarxana kəndində yerləşən 0.6225 ha kənd təsərrüfatı təyinatlı topaq tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qəbələ X14 Mərkəzinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Qəbələ rayonun Çarxana kəndində ysrləşən 1 hektar torpaq sahəsinin bazar qiyməti 4000-6000 (dörd-altı min manat) arasında dəyişə bilər. İddiaçı məxsus Qəbələ rayonu Çarxana kəndində yerləşən 2,22 ha torpaq sahəsində hazırda alma ağacları yoxdur, həmin ərazinin bir hissəsi “X10” QSC-nin ərazisinə düşmüş, digər hissəsində isə taxıl əkilmişdir. Həmin ərazidə hazırda meyvə ağacları mövcud deyildir, tikinti işləri və digər aparılan işlərlə əlaqədar meyvə bağı yoxdur. Meyvə ağacları 3-cü ildən başlayaraq ilkin meyvə verməyə başlayır. 1 meyvə ağacı 3-cü ili 2-4 kq, 4-cü ili 4-6 kq, 5-ci ili 6-8 kq, 6-cı ildə 8-14 kq meyvə verə bilər. Bağın məhsula düşməsi bağa edilmiş qulluqdan, kompleks aqrotexniki tədbirlərdən asılıdır. Bağ əkildiyi 3-cü ildən sonra 4 ildə cəmi orta hesabla təxminən 26 kq alma məhsulu verə bilər. Həmin məhsulu pulla ifadə etsək (almaıın orta hesabla bazar satış qiyməti) 1,20 qep.x 26 kq -31,20 (otuz bir manat, 20 qəpik) olur. Demək bir ədəd alma ağacından alınan gəlir 31,20 (otuz bir manat, 20 qəpik) ola bilər. Məlumat üçün bildiririk kı, qeyd olunan məlumatlar sorğu əsasında yazılmışdır. Həmin qiymətlər mütəmadi dəyişə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 10/1527 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qəbələ X14 Mərkəzinin 1 saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilən məlumatlara istinad edərək İddiaçı məxsus Qəbələ rayonu Çarxana kəndində yerləşən 2,22 ha torpaq sahəsində hazırda alma ağacları yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 7/233 saylı ekspert rəyindən görünür ki, birinci sual üzrə Qəbələ rayonu, Çarxana kəndində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Ləki-Qəbələ dəmir yolunun tikintisi üçün, mühafizə zolağı daxil olmaqla, ayrılmış əraziyə düşdüyü müəyyən edilir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssiləri tərəfindən qərardadda qoyulmuş 1-ci sual üzrə müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən, həmin ərazidə çəkilmiş dəmir yolunun koordinatlarını müəyyən etmək mümkün olmadı. İkinci sual üzrə Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən 1 sot torpaq sahəsinin hazırki real bazar qiyməti təqribən 1500,0 manat, 1 hektar torpaq sahəsinin hazırki real bazar qiyməti təqribən 150000,0 manat məbləğində (1500+1500+1500+1390):4 müəyyən edilir (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 9/5548 saylı ekspert rəyindən görünür ki, iş materialında olan 05 yanvar 2022-ci il tarixli, 01 nömrəli Mütəxəssis rəyinə əsasən İddiaçı məxsus Qəbələ rayonu Çarxana kəndində yerləşən 2,22 ha torpaq sahəsində hazırda alma ağacları yoxdur, həmin ərazinin bir hissəsi “X10” QSCnin ərazisinə düşmüş, digər hissəsində isə taxıl əkilmişdir. Həmin ərazidə hazırda meyvə ağacları mövcud deyildir, tikinti işləri və digər aparılan işlərlə əlaqədar meyvə bağı yoxdur və 1 ədəd alma ağacından əldə edləcək gəlirin miqdarı 31,20 (26 kq x 1,20 man) manat müəyyən edilir. Mütəxəssis rəyində çəkilməli olan xərclər öz əksini tapmadığından həmin məbləği müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan Dəmir Yolları“ QSC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Qəbələ rayonu Çarxana kəndində yerləşən fərdi torpaq sahəsinin məhkəmə işi ilə əlaqədar A1-AK-İA- 220124/1 saylı müqaviləyə əsasən koordinatları verilən ərazinin Azersky peykindən 2018, 2019 və 2020-ci illərə aid arxiv peyk təsvirlərinin müqayisəli təhlili nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsində 2018 və 2019-cu ilin noyabr ayının təsvirlərində qazıntıdan əvvəl torpaq sahəsinin şərq sərhədində ağacın mövcudluğu görünür, lakin 2020-ci ilin sentyabr ayının təsvirində qazıntı nəticəsində ağacın kəsildiyi müşahidə olunur. X7 imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, o, ali təhsilli aqronom kimi Çarxana kənd sakini İddiaçı onun 2 (iki) hektar 22 sot torpaq sahəsinə məsləhətçi kimi iştirak etmişdir. İddiaçı yuxarıda göstərilən sahəyə alma bağı salmaq istədiyini və hər ağaca nə qədər xərc çəkməli olduğu barədə ondan məsləhət almışdır. O, İddiaçıla həmin sahəyə baxış keçirmişdir. Sonuncu onun aqronom məsləhəti ilə həmin sahəyə təqribən 1.200 ağac əkdirdi. Aqronom məsləhəti ilə əkilmiş hər ağaca orta hesabla 7-8 manat birinci il üçün xərc hesablanmışdır. Növbəti illərdə isə ona 4-5 manat xərc tələb olunacağını bildirmişdir. X3 imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, o, ali təhsilli aqronomdur. Qəbələ rayonunda 1 alma ağacına bir il müddətinə (yerin şumlanması, əkinə hazırlanması və s.) hər ağac üçün 7-8 manat, növbəti illər məhsula qədər 4-5 manat xərc hesablanmışdır. Məhsula düşdükdən sonra isə hər ağaca təqribən 25-30 kq hesabı ilə məhsul verir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Əliyev X8 rayonu, Çarxana kəndində yerləşən 2.2204 ha kənd təsərrüfatı təyinatlı topağın mülkiyyətçisi olmuşdur. “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncamının icra edilməsi ilə əlaqədar olaraq Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi və tikinti işlərinin aparılması məqsədilə 30 milyon manat məbləğində pulun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ayrılması qərara alınmışdır. İddiaçı ilə "xxxx" QSC arasında bağlanılmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2019cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, İddiaçı mülkiyyətində olan Qəbələ rayonu, Çarxana kəndində yerləşən ümumi sahəsi 2.2204 ha olan torpaq sahəsinin 0.339859 ha hissəsini 7.423 manat müqabilində alıcı "xxxx" QSC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı məxsus Qəbələ rayonu, Çarxana kəndində yerləşən 0.399120 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi gedən əraziyə düşdüyündən cavabdeh yenidən alqı-satqı müqaviləsinin bağlanmasını təklif etmiş, qiymətləndirici şirkətinin xx.xx.2020-ci il tarixli rəyinə əsaslanaraq həmin torpaq sahəsinə görə 1.197 manat, əkilmiş taxıla görə isə 148 manat kompensasiya məbləğini Göyçay rayon Notariat Kontorunun "xxxx" ASC-nin Ağdaş filialında olan bank hesabına köçürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 211-ci maddəsinin tələblərinə görə mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Mülki Məcəllənin 246.1, 246.3, 246.5 və 246.7-ci maddələrinə görə bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun3.1.1-ci əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyacıdır. Həmin Qanunun 4-cü maddəsinin tələblərinə görə bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Qanunun 23.1.1-ci və 23.1.5-ci maddələrinə görə bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlillərinin toplanması və təhlil edilməsini, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edilməsini həyata keçirir. Həmin Qanunun 58-ci maddəsinin tələblərinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Mülki işin materiallarından göründüyü kimi iddiaçı məhkəmə müraciət etməklə cavabdehin alınmanın təsirinə məruz qalan daşınmaz əmlakın heç bir əsas olmadan alqısatqı qiymətini müəyyən etdiyinə, xx.xx.2019-cu il tarixdə bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə razılığın əldə olunmasına baxmayaraq hazırda kompensasiya ödənilməsi barədə cavabdehin təklifinin qanunsuz və əsassız olduğuna, kompensasiyanın qiymətləndirilməsində nəzərə alınmalı bütün amillərin QSC tərəfindən nəzərə alınmadığına, 1.098 ədəd bar verən alma ağaclarının dəmir yolu tikintisi ilə əlaqədar məhv olmasına baxmayaraq bunun müqabilində hər hansı kompensasiya məbləğinin təklif edilmədiyinə istinad etmişdir. Cavabdeh tərəf isə layihənin altına daimi və müvəqqəti olaraq düşən torpaq sahələrinin qiymətləndirici şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdə qiymətləndirildiyinə, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən 0,399120 ha torpaq sahəsinə görə 1.197 manat, əkilmiş taxıla görə 148 manat həddində hesablanmış kompensasiya məbləğinin ədalətli olduğuna istinad edərək, eyni zamanda alma ağaclarının mövcudluğu müəyyən edilmədiyindən buna görə kompensasiya ödəməkdən imtina etdiyini bildirərək iddianın əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki mülki işdə sözügedən torpaq sahəsinin Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi gedən əraziyə düşməsi, mülkiyyət hüququna müdaxilə üçün qanuni əsasın mövcudluğu (“Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncamı), tikinti işlərinin həyata keçirilməsi üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məsul olduğu, buna iddiaçının etirazı olmadığı işin mübahisələndirilməyən hallarıdır. Mübahisələndirilən hal cavabdeh tərəfindən təklif edilən kompensasiyanın mülkiyyətin qiymətinə mütənasib (proporsional) olub-olmamasıdır. Məhkəmə araşdırmasının predmeti olan alınmanın təsirinə məruz qalmış əmlaka görə kompensasiya olaraq cavbdehin etdiyi təklifin mütənasiblik prinsipi baxımından iddiaçının “gözləntilərinə” uyğun olub-olmaması barədə məsələ məhkəmənin gəldiyi qənaətə görə aşağıdakı kimi həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına (bundan sonra - Konvensiya) əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında qeyd edir ki, hər hansı məhrumetmə qanuni olmalı və qanuni məqsəd daşımasından əlavə həmçinin mütənasiblik tələbinə uyğun olmalıdır. İctimaiyyətin ümumi maraq tələbləri və şəxsin fundamental hüquqlarının müdafiəsi ilə bağlı tələblər arasında ədalətli tarazlıq (balans) olmalıdır, bu cür ədalətli tarazlığın axtarışı bütün Konvensiyaya xasdır. Zəruri tarazlığın əldə olunması o halda mümkün deyil ki, şəxs fərdi və həddən artıq yük daşıyır (Sporrong və Lönnroth İsveçə qarşı, 23 Sentyabr 1982). Həmin Qərarda göstərilir ki, xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət yükünə məruz qalarsa” ədalətli tarazlıq pozulmuş olur. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etdi ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. “Axverdiyev Azərbaycana qarşı” işində də Avropa Məhkəməsi göstərmişdir ki, ərizəçi öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur və özbaşına şəkildə müəyyən olunmuş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir. Bu fakta əsasən cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmır. İş materiallarından göründüyü kimi cavabdeh torpaq sahəsinin bazar qiyməti ilə bağlı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələb etdiyi qaydada məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmiş, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə istinad edərək 1 sot torpaq sahəsi üçün 29,99 manat olmaqla, 39,912 dot torpaq sahəsi üçün ağlaban olmayan 1.197 manat məbləğində kompensasiya təklif etmişdir. Halbuki “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun dövlət ehtiyacları üçün alınan əmlakın bazar qiymətinin müəyyən edilməsi qaydalarına aid müvafiq maddələrin tələblərinə görə torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə cavabdehin istinad etdiyi torpaq sahələrinin və əkin bitkilərinə görə əldən çıxan fayda barədə qiymətləndirici şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-ci və 58.2-ci maddələrinin tələblərinə cavab vermədiyindən hazırki işdə sübut qismində qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən ədalətli kompensasiya məbləğinin müəyyən edilməsi ilə əlaqədar ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/233 saylı eskpert rəyinə əsasən, Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən 1 sot torpaq sahəsinin hazırki real bazar qiyməti təqribən 1.500,0 manat, 1 hektar torpaq sahəsinin hazırki real bazar qiyməti isə təqribən 150.000,0 manat məbləğində (1500+1500+1500+1390):4 müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri sayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyil və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o halda kifayət qədər yüksək olur ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar işə baxılan zaman müəyyən edilməsin. Beləliklə işdə olan materiallarına əsasən məhkəmə dövlət ehtiyacları üçün alınmanın təsirinə məruz qalan torpağa görə ödənilməli olan kompensasiya məbləği ilə əlaqədar qeyd edir ki, Qəbələ rayonu, Çarxana kəndi ərazisində yerləşən 1 sot torpaq sahəsinin bazar qiymətinin təqribən 1.000,0 manat məbləğində müəyyən edilməsi ağlabatan, ədalətli və ən əsas iddiaçının-mülkiyyətçinin “gözləntilərinə” tam uyğun (iddia ərizəsində göstərilən məbləğə) hesab edilməli, alınan 0,399120 ha torpaq sahəsinə görə kompensasiya olaraq 39.912 manat iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə cavabdeh tərəfin mübahisəli torpaq sahəsində əkilmiş taxıla (alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya kimi) görə 148 manat kompensasiya məbləğinə münasibətdə iddiaçının hər-hansı etirazının olmadığını nəzərə alaraq hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən təklif etdiyi məbləğdə pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavlər edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən qeyd etməyi zəruri sayır ki, dövlət ehtiyacları üçün alınana daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında əlavə haqq ödənilir. Beləliklə istinad olunan normativ-hüquqi akta əsasən 20 % satınalma dəyəri o şəxslərə tətbiq olunur ki, onların əmlakı dövlət ehtiyacları üçün alınır. Məhkəmə qeyd olunan halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı hazırki mübahisəyə tətbiq edilməli, alınmanın təsirinə məruz qalan torpaq sahəsinin və üzərində əkilmiş taxılın ümumilikdə hesablanmış qiymətinin 20% miqdarında əlavə nəzərə alınmaqla ödənilməlidir (39.912+148*20%=8.012). Məhkəmə iddianın “1098 ədəd məhv olmuş alma ağacına görə pul ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. İddiaçı iddia ərizəsində mülkiyyət hüququ ilə ona məxsus olan Qəbələ rayonunun Çarxana kəndində olan 2.22 ha torpaq sahəsində bar verən 1.224 alma ağacının olduğuna, dəmir yolunun çəkilişi ilə əlaqədar bu torpaq sahəsində olan 1.224 alma ağacının tamamilə məhv olduğuna, bu ağaclardan 126 ağacın qiymətinin ödənildiyinə, qalan 1.098 ağacın kompensasiyasının hələ də ödənilmədiyinə istinad etmişdir. Lakin iş materiallarından göründüyü kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki iddiaçı ona məxsus olan ağacların məhv olmasını, ağacların ərizədə istinad etdiyi miqdarda olmasını, baş verməsi ehtimal edilən zərərin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının məhkəmədə öz təsdiqini tapmayan hallarının müəyyən edilməsini təmin etmək üçün istinad etdiyi dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Belə ki, hazırki işdə cavabdeh tərəfindən zərərin baş verməsinə səbəb ola biləcək qanuna zidd hərəkətə (hərəkətsizliyə) yol verilməsi faktını iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə (xx.xx.2018-ci il tarixli akt, X11 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt, X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt) əsasən müəyyən etmək mümkün olmamışdır. Əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Qəbələ rayonu Çarxana kəndində yerləşən fərdi torpaq sahəsinin məhkəmə işi ilə əlaqədar verilən ərazisinin “Azersky” peykindən 2018, 2019 və 2020-ci illərə aid arxiv peyk təsvirlərinin müqayisəli təhlili nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsində 2018 və 2019-cu ilin noyabr ayının təsvirlərində qazıntıdan əvvəl torpaq sahəsinin şərq sərhədində bir ağacın mövcudluğunun göründüyünün, lakin 2020-ci ilin sentyabr ayının təsvirində qazıntı nəticəsində ağacın kəsildiyinin müşahidə edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən qeyd edilməlidir ki, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə iddia bu hissədə əssasız olduğundan rədd edilməlidir. Belə ki, hazırki işdə cavabdeh tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də onun məsuliyyət daşıması faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır. Məhkəmə eyni zamanda hesab edir ki, maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn (alma qğaclarına görə) əldən çıxmış faydanın hesablanması ilə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Məhkəmə iddianın “mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pulun ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə, iddiaçının özünə məxsus torpaq sahəsinin düzgün qiymətləndirilməməsi, buna görə məhkəmə çəkişmələrinə məruz qalması nəticəsində mənəvi sarsıntı keçirməsini qəbul edir. Lakin əsas tələblər qismən təmin olunduğundan, iddiaçının pozulmuş hüququnun bərpa edilməsi mənəvi zərərin ödənilməsi kimi də qəbul edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, torpaq sahəsinə və üzərində əkilmiş taxıla görə ədalətli kompensasiya olaraq 40.060 manat (39.912+148), hesablanmış məbləğinin 20% miqdarında əlavə olaraq 8.012 manat, cəmi 48.072 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 4 manatı məbləğində pul cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. 48.072 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 4 manatı, cəmi 48.076 manat məbləğində pul cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 86 manatı İddiaçı, 14 manatı isə cavabdeh "xxxx" QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-381/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-381/2022
30.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver