Məhkəmə qərarları › İş №2(006)-3824/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3824/2023

19.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3824/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Əkbər oğlu xx.xx.1990-cı il tarixdə Goranboy rayonunun Səfikürd kəndində doğulmuş və xx.xx.2023-cü il tarixdə ölmüş X2 atasıdır. X7 2008-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılaraq getmiş, hərbi xidmətdə olduğu dövrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməklə bağlı təklif etmiş və təklifi qəbul etdiyindən 2009-cu ilin noyabr ayından 2010-cu ilin yanvar ayına qədər Silahlı Qüvvələrin təlim Tədris Mərkəzində müvafiq kurs keçmişdir. Kursu bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmətini davam etdirmişdir və 2018-ci ildə tərxis olunmuşdur. X7 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tank bölüyünün baş mexanik sürücü vəzifəsində müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən heç bir əsas olmadan hazırda şərti olaraq «Tərtər işi» kimi tanınan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin tərkib hissəsi kimi Azərbaycan Respublikası Hərbi Prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işi üzrə 2017-ci ilin may ayında X7 şübhəli şəxs qismində tutulmuş, sonradan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Tərtər Hərbi Məhkəməsinin müvafiq qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sonrakı tarixlərdə həbs qətimkan tədbirinin müddəti iki dəfə uzadılmışdır. X2 barəsində cinayət təqibi aparılan əməlləri törətməsi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair barəsində aparılan cinayət təqibinə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmiş və Azərbaycan Respublikası CPM-nin 162.2-ci maddəsinə əsasən X7 həmin tarixdə həbsdən azad edilmişdir. X7 əsassız ittihamlara məruz qalmış, 2017-ci ilin may ayında təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində həbi qətimkan tədbiri seçilmiş, həbs müddəti bir neçə dəfə artırılmış, həbsinin ilk 1 ayını ağır işgəncələrə məruz qalmış, həbsdən barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilərək xx.xx.2018-ci il tarixdə buraxılmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata eeçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi ziyan və mənəvi zərər vurulmuşdur. X7 cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edirdi. O, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin may ayında almışdır. "xxxx" ASC-nin Naftalan şəhər filialından təqdim edilmiş çıxarışdan görünür ki, onun həmin dövrdə orta aylıq əmək haqqı məbləği 1.091 manat təşkil etmişdir (yanvar-may 2017-ci il gəlirləri toplanıb və 5-ə bölünüb). X5 cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2017-ci ili naprel ayına qədər, yəni 10 ay - iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr 2017-ci il və yanvar, fevral, mart 2018-ci il tarixləri ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. Bu isə 10.910 manat edir (1.091x10=10.910). İddiaçı onun oğluna vurulmuş mənəvi zərərə görə 10.000 manat kompensasiya tələb edir. Göstərilənlərə əsasən vurulmuş mənəvi zərərə görə 100.000 (bir yüz min) manat məbləğində kompensasiyanın və 10.910 (on min doqquz yüz on) manat maddi ziyanın cavabdeh vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçıya vurulmuş mənəvi zərərlə bağlı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçının oğlu X7 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tank bölüyünün baş mexanik sürücü vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən heç bir əsas olmadan hazırda şərti olaraq «Tərtər işi» kimi tanınan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin tərkib hissəsi kimi Azərbaycan Respublikası Hərbi Prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işi üzrə iddiaçının oğlu X7 şübhəli şəxs qismində tutulmuş, sonradan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272-cü maddəsində nəzərdə tutulmuş ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Tərtər hərbi Məhkəməsinin müvafiq qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sonrakı tarixlərdə həbs qətimkan tədbirinin müddəti iki dəfə uzadılmışdır. İddiaçının oğlunun ittiham olunduğu əməlləri törətməsi sübuta yetirilmədiyindən Azərbaycan Respublikasının CM-nin 272-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində aparılan cinayət təqibinə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmiş və Azərbaycan Respublikası CPM-nin 162.2-ci maddəsinə əsasən həmin tarixdə həbsdən azad edilmişdir. Bu müddət, yəni 2017-ci ilin may ayından 2018-ci ilin may ayından 2018ci ilin mart ayına qədər olan 10 aylıq dövr ərzində iddiaçının oğlunun qanunsuz və əsassız ittihamlarla üzləşməsi təkcə onun özünün deyil, həm də atası olaraq iddiaçının və bütövlükdə ailəsinin mənəvi əzab və iztirablar çəkməsi ilə nəticələnmişdir. İddiaçının hərbi qulluqçu olan oğlu dövlətə xəyanət kimi xüsusilə ağır cinayəti törətməkdə ittiham olunduğundan kiçik ərazi olan Goranboy rayonununun Səfikürd kənddində qohum və qonşuların əksəriyyətinin bir-birini tanıması şəraitində yaşaması həmin mənəvi iztirabların, peşmançılıq və nikaranlıq hissələrinin kəskin formada təzahür etməsinə gətirib çıxarmışdır. İddiaçının oğlunun 2 azyaşlı övladı olduğundan atalarının olmadığı müddətdə həmin azyaşlı övladlarının təminatları, o cümlədən ailəyə mənəvi-psixoloji dəstəyin göstərilməsi iddiaçının üzərinə düşmüşdür. İddiaçı oğlunun həbsdə olduğu dövrdə Naftalan şəhər İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində işlədiyindən onun iş yoldaşlarının oğlunun işi ilə bağlı subyektiv sual, mülahizə və mövqeləri iddiaçının mənəvi iztirablarını kəskinləşdirmiş, onun əmək fəaliyyətinə mənfi təsir göstərmiş, iş şəraitində yaranmış neqativ əhval-ruhiyyə ailə münasibətlərinə də sirayət etmişdir. İddiaçı oğlunun qanunsuz və əsassız həbsi nəticəsində ona özünə və ailəsinə vurulmuş mənəvi zərərə görə 100.000 (bir yüz min) manat kompensasiya tələb edir. Göstərilənlərə əsasən iddia ərizəsində əks olunmuş 10.910 (on min doqquz yüz on) manat maddi ziyanın və mənəvi zərərə görə 100.000 (bir yüz min) manat məbləğində kompensasiyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, hazırki mülki iş üzrə İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüş X2 atasıdır. X7 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tank bölüyünün baş mexanik sürücüsü vəzifəsini icra edərkən heç bir əsas olmadan hazırda «Tərtər işi» kimi tanınan iş çərçivəsində qanunsuz azadlıqdan məhrumetməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. O, aparılmış istintaq işi çərçivəsində 2017-ci ilin may ayında şübhəli şəxs qismində tutulmuş, daha sonra ona Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Tərtər Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sonradan həmin həbs qətimkan tədbirinin müddəti iki dəfə uzadılmışdır. Lakin, onun təqsirləndirdiyi əməlləri törətməsi sübuta yetirilmədiyindən barəsində aparılan cinayət təqibinə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsi ilə xitam verilmiş və o, həmin tarixdə həbsdən azad edilmişdir. X7 əssassız ittihamlara məruz qalmış, 2017-ci ilin may ayında təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş həbsin müddəti bir neçə dəfə artırılmış, həbsinin ilk 1 ayı ağır işgəncələrə məruz qalmışdır. Bununla da, ona ağır maddi və mənəvi ziyan vurulmuşdur. Həmçinin o, cinayət məsuliyyətinə cəlb edilərkən MN-nin N saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmət göstərirdi. O, sonuncu dəfə əmək haqqını 2017-ci ilin may ayında almışdır. Onun aylıq ortalama əmək haqqısı 1091 manat təşkil etmişdir. O, cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2018-ci ilin aprel ayınadək, yəni 10 ay ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. Mərhum və hazırki mülki iş üzrə iddiaçı Goranboy rayonunda yaşayırdılar və iddiaçı İcra Hakimiyyətində çalışır. Mərhumun Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi kimi ağır bir maddə ilə təqsirləndirilməsi onun və ailəsinin çoxsaylı ağır təhqirlərə və təzyiqlərə məruz qalmasına səbəb olmuşdur. Onlar barəsində əhali arasında mənfi fikrin formalaşmasına gətirib çıxarmışdır. Bununla da o, və ailəsi ağır mənəvi istirab çəkmişlər. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

6. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1990-cı il tarixdə Qasım-İsmayılov rayonunun Səfikürd kəndində anadan olmuş, atası İddiaçı, anası X8r.

8. İş materiallarında olan Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X6 arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 37 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir.

9. İş materiallarında olan Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2012-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, atası X7, anası X3r.

10. İş materiallarında olan Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2014-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, atası X7, anası X3r.

11. İş materiallarında olan Goranboy rayon hərbi komissarlığı tərəfindən verilmiş AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2010-cu il tarixdən xx.xx.2018-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixdən müharibə dövründə hərbi xidmətdə olmuş, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «a» bəndinə əsasən xidmət müddəti başa çatdığına görə ehtiyyata buraxılmışdır.

12. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Hümmət Məmmədov tərəfindən N nömrəli hərbi hissəsinitn kommandiri polkovnik Məhərrəm Həsənova ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda istintaq olunan və istintaq qrupunun üzvvü olduğu ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs, N nömrəli hərbi hissənin tank bölüyünün baş mexaniksürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X2 barəsində cinayət təqibi aparılan əməlləri törətməsi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair barəsində aparılan cinayət təqibinə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmiş və Azərbaycan Respublikası CPM-nin 162.2-ci maddəsinə əsasən X5 həmin tarixdə həbsdən azad edilmişdir.

13. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışından görünür ki, X4 xx.xx.2017-ci il tarixdə 987,81 manat, xx.xx.2017-ci il tarixdə 400 manat, xx.xx.2017-ci il tarixdə 877,98 manat, xx.xx.2017-ci il tarixdə 1.277,98 manat, xx.xx.2017-ci il tarixdə 165 manat, xx.xx.2017-ci il tarixdə 786,75 manat, xx.xx.2017-ci il tarixdə 877,98 manat ödəniş edilmiş, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tariəxədək cəmi 5.456 manat mədaxil, 5.382 manat məxaric olunmuşdur.

14. İş materiallarında olan Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 442 № ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi travmatik ikincili və ya residivləşən qanaxma göstərilmişdir.

15. İş materiallarında olan X13 tərəfindən yazılmış və Goranboy rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********218 nömrəli ərizədən görünür ki, xx.xx.2023-cü ildə oğlu X7 vəfat etmiş, əri İddiaçı oğlu X2 hüquqi varisi kimi tanınmasına etiraz etmir, razıdır.

16. İş materiallarında olan X6 tərəfindən yazılmış və Goranboy rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********490 nömrəli ərizədən görünür ki, xx.xx.2023-cü ildə əri X7 vəfat etmiş, qaynatası İddiaçı əri X1 hüquqi varisi kimi tanınmasına etiraz etmir, razıdır.

17. İş materiallarında olan X13 tərəfindən yazılmış və 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********938 nömrəli ərizədən görünür ki, oğlu X7 yol-nəqliyyat hadisəsi nəticəsində xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, əri İddiaçı iddia təmin ediləcəyi təqdirdə təyin ediləcək kompensasiya məbləğini almasına heç bir iddia tələbi yoxdur və gələcəkdə də olmayacaqdır.

18. İş materiallarında olan X6 tərəfindən yazılmış və 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********939 nömrəli ərizədən görünür ki, əri X7 yol-nəqliyyat hadisəsi nəticəsində xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, qaynatası İddiaçı iddia təmin ediləcəyi təqdirdə təyin ediləcək kompensasiya məbləğini almasına heç bir iddia tələbi yoxdur və gələcəkdə də olmayacaqdır.

19. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən İddiaçı xx.xx.2005-ci il tarixdən Goranboy rayonu, Səfikürd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır.

20. İş materiallarında olan Goranboy rayon İcra Hakimiyyəti Başçısının Səfikürd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı 4 nəfər ailə üzvləri - X13 (həyat yoldaşı), X6 (gəlini), X12 (nəvəsi), X9 (nəvəsi) ilə Goranboy rayonu, Səfikürd kəndində qeydiyyatdadırlar və yaşayırlar.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

21. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının oğlu X7 qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, 2017-ci ilin may ayında təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş həbsin müddəti bir neçə dəfə artırılmış, Raul Məmmədovun təqsirləndirdiyi əməlləri törətməsi sübuta yetirilmədiyindən barəsində aparılan cinayət təqibinə xx.xx.2018-ci il tarixdə xitam verilmiş və o, həmin tarixdə həbsdən azad edilmişdir. İddiaçının oğlu sonuncu dəfə əmək haqqını 2017-ci ilin may ayında almış, onun aylıq ortalama əmək haqqısı 1091 manat təşkil etmişdir. Raul Məmmədov cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2018-ci ilin aprel ayınadək - 10 ay ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. xx.xx.2023-cü il tarixdə Raul Məmmədov vəfat etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, mərhum oğlunun ağır bir maddə ilə təqsirləndirilməsi onun və ailəsinin çoxsaylı ağır təhqirlərə və təzyiqlərə məruz qalmasına səbəb olmuş,onlar barəsində əhali arasında mənfi fikrin formalaşmasına gətirib çıxarmışdır. Bununla da onlar ağır mənəvi istirab çəkmişlər. Bu səbəbdən iddiaçı vurulmuş maddi ziyana görə 10.910 manat,vurulmuş mənəvi zərərə görə 100.000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

22. Məhkəmə iddiaçının oğlu X2 qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyriqanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyriadekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

23. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».

24. Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir.

25. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

26. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.

27. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir.

28. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.

29. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.

30. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

31. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab edilirlər.

32. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

33. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

34. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.

36. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.

37. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

39. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il).

40. Məhkəmə qeyd edir ki, iddiaçının oğlu X2 əsassız olaraq 10 ay müddətində həbsdə olması və barəsində ibtidai istintaq orqanı tərəfindən aparılmış cinayət təqibinin əsassız olması təsdiq olunduğundan, iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlı olmuşdur.

41. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum oğlu əvvəllər əmək fəaliyyəti işə məşğul olduğundan və onun azadlığının məhdudlaşdırılması səbəbindən əmək haqqından mərhum olduğundan və müvafiq bank hesabından çıxarışla əmək haqqının 10 ay üzrə hesablanması qanuni olduğundan və bu hüquq vərəsəlik üzrə keçdiyindən (digər vərəsələr buna etiraz etmədiyindən) iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində əsaslı olmuşdur.

42. Məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 10.910 (1.091 manat x 10 ay = 10.910) manat məbləğində pul tutulmalıdır.

43. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

45. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

46. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. İddiaçının xeyrinə mənəvi zərərin tutulması barədə qətnamə qanuni qüvvəyə mindikdə və o, həmin məbləği alana kimi vəfat etdikdə bu tələb vərəsəlik üzrə keçir.

47. Məhkəmə qeyd edir ki, həm iddiaçı tərəf sırf özünün keçirmiş olduğu mənəvi ziyanı məhkəmədə müvafiq sənədlərlə və digər sübutlarla təsdiq edə bilməmiş, həmçinin oğlunun keçirmiş olduğu mənəvi ziyanın isə vərəsəlik üzrə keçməsi «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı ilə ziddiyyət təşkil etdiyindən iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində əsassız hesab edilməlidir.

48. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində təmin edilməməlidir.

49. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə maddi ziyana görə 10.910 (on min doqquz yüz on) manat pul tutularaq ona verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

52. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə maddi ziyana görə 10.910 (on min doqquz yüz on) manat pul tutularaq ona verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar