Məhkəmə qərarları › İş №2(006)-3826/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3826/2025

23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3826/2025 23.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Bakı şəhəri 42 saylı Notariat Ofisinə qarşı «borc tələbinin mübahisələndirilməsi və notarius tərəfindən verilmiş icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Bakı şəhəri 42 saylı Notariat Ofisinə qarşı «borc tələbinin mübahisələndirilməsi və notarius tərəfindən verilmiş icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 42 saylı Notariat Ofisinin "xxxx" ASC-nin ərizəsi əsasında çıxardığı xx.xx.2025-ci il tarixli icra qeydinin ləğvi və borcun düzgün hesablanmayan 3.500 manat hissəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 42 saylı Notariat Ofisinin 02 aprel 2025-ci il tarixli icra qeydinə əsasən təklif olunub ki: «"xxxx" ASC-nin xeyrinə İddiaçı BPM**********89 (03KLK1********) nömrəli müqavilə ilə müəyyən edilmiş müddət üçün vaxtında ödənilməmiş 6.975,90 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 7.000,90 manat pul tutulsun». Yuxarıda qeyd edilən icra qeydi ilə razı deyil. Belə ki, onun əsas borcu 3.600 manat olduğu halda qalan hissə qanunsuz olaraq faiz kimi hesablanıb, baxmayaraq ki müqavilənin müddəti bitib. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat kontorlarına müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsi ilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Cavabdehlər qanunvericiliyin tələblərini pozmuşlar. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, bankın müştərisi olan İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli BPM**********89 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən borcluya 60 ay müddətinə illik 24 faiz olmaqla 9.600 manat məbləğində kredit xətti açılmışdır. Lakin borc alan tərəfindən müqavilə üzrə müəyyən edilmiş öhdəlik vaxtında yerinə yetirilmədiyindən müqavilənin şərtləri pozulmuşdur. Borcluya kredit borcunun qaytarılması haqqında bank tərəfindən, onun qeydiyyat ünvanı üzrə (Bakı şəhəri Yasamal rayonu F.İbrahimbəyov küçəsi məhəllə 616 ev 5 mənzil 44) xx.xx.2025-ci il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də, öhdəlik yerinə yetirilməmişdir. Bildiriş borcluya çatdırılmış, borclu ödəniş olunmayacağı təqdirdə icra qeydinin aparılması barədə məlumatlandırılmışdır. İddiaçı kredit borcu üzrə həm şifahi, həm də yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borcla bağlı banka hər hansı müraciəti olmamışdır. Bankın Qaradağ filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, borclunun xx.xx.2025-ci il tarixə, banka ödənilməmiş 4.296,65 manat əsas borc, 2.678,85 manat faiz olmaqla, cəmi 6.975,50 manat borcu qalmışdır. Daha sonra kredit üzrə icra qeydinin aparılması üçün notariusa müraciət edilərkən icra qeydi üçün 25 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Qanunun tələblərinə riayət edilərək borcluya bildiriş göndərilmiş, lakin öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Borcludan xx.xx.2019-cu il tarixli BPM**********89 saylı kredit müqaviləsinə əsasən, kredit borcunun tutulması üçün xx.xx.2025-cü il tarixində borclunun olduğu yer üzrə notariusa müraciət olunmuşdur. xx.xx.2019-cu il tarixli, BPM**********89 saylı müqaviləyə əsasən, kredit borcu üzrə xx.xx.2025-cü il tarixli, 8İ-770 nömrəli icra qeydi çıxarılmış və sözügedən icra qeydi üzrə borclu İddiaçı "xxxx" ASC-nin xeyrinə 6.975,90 manat məbləğində pul tutulması müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi icra qeydləri qanunvericiliyin tələblərinə uyğun çıxarıldığından icra qeydlərinin ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 may 2025-ci il tarixli qərarında da göstərilir ki, müvafiq şəxs icra qeydinin verilməsinə əsas olmuş maddi-hüquqi tələbi (onun yaranma əsasını, məbləğini və s.) isə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə mübahisələndirə bilər. Bu, «Notariat haqqında» Qanunun 76-cı maddəsinin 8ci hissəsində nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmçinin sözügedən qərarda göstərilir ki, Qanunverici orqan tərəfindən «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilsin. Odur ki, borclunun 8i-770 saylı, xx.xx.2025-ci il tarixli icra qeydi barəsində nə zaman xəbərdar olmasını müəyyən etmək məqsədilə, e-91411/2025-53-38 nömrəli icra işi üzrə bütün sənədlərin təsdiqləniş surətlərinin (tələbinin könüllü icrası barədə bildiriş, qərar, bildiriş və qərarın vətəndaşa çatdırılmasına dair xəbərnaməli poçt qəbzi, reyestrin surəti, vətəndaşın izahatı və s.) məhkəməyə təqdim edilməsinə dair Yasamal rayon İcra və Probasiya Şöbəsinə sorğu verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə (kredit müqaviləsi üzrə borcluya 60 ay müddətinə illik 24 faiz ödənilməsi şərti ilə 9.600 manat kredit verilmişdir) 4.296,65 manat əsas borc, 2.489,08 manat ödənilməmiş faiz, müqavilə müddətindən sonra ödənilməmiş 189,77 manat faiz olmaqla, cəmi 6.975,5 manat borcunun olduğu qeyd olunmuşdur. - Bakı şəhəri 42 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ-770 reyestr saylı icra qeydindən görünür ki, BPM**********89 (203YKLK1********) saylı müqaviləyə əsasən ödənilməmiş 6.975 manat 90 qəpik və ödənilmiş 25 manat dövlət rüsumu, cəmi 7.000 manat pul vəsaiti İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. - Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri 42 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ-770 reyestr saylı icra qeydi üzrə icraata başlanmışdır. - xx.xx.2025-ci il tarixli e91411/2025-53-38 saylı bildirişdən görünür ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru R.R.Atamoğlanov tərəfindən İddiaçı icra qeydində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verildiyi bildirilmiş, borcluya qanunvericiliyin tələbləri izah edilmişdir. - İcra məmuru tərəfindən tərtib edilmiş digər sənədlərdən görünür ki, borcluya icra sənədinin icrası ilə əlaqədar SMS bildirişlər ünvanlanmış, borcludan icra sənədi üzrə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə görüləsi tədbirlər barədə xəbərdar edilmişdir. - 19.06.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2025-ci il tarixli 4/1865 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 96-cı vərəqində olan 252596 nömrəli xx.xx.2025-ci il tarixli poçt qəbzində «Alan şəxsin soyadı:» bölməsindəki imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli BPM**********89 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən borcluya 60 ay müddətinə illik 24 faiz olmaqla 9.600 manat məbləğində kredit xətti açılmışdır. Borc alan tərəfindən müqavilə üzrə müəyyən edilmiş öhdəlik vaxtında yerinə yetirilmədiyindən müqavilənin şərtləri pozulması ilə bağlı borcluya kredit borcunun qaytarılması haqqında bank tərəfindən, onun qeydiyyat ünvanı üzrə (Bakı şəhəri Yasamal rayonu F.İbrahimbəyov küçəsi məhəllə 616 ev 5 mənzil 44) xx.xx.2025-ci il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də, öhdəlik yerinə yetirilmədiyindən kredit üzrə icra qeydinin aparılması üçün notariusa müraciət edilmişdir. xx.xx.2019-cu il tarixli, BPM**********89 saylı müqaviləyə əsasən, kredit borcu üzrə xx.xx.2025-ci il tarixli, 8İ- 770 nömrəli icra qeydi çıxarılmış və sözügedən icra qeydi üzrə borclu İddiaçı "xxxx" ASC-nin xeyrinə 6.975,90 manat məbləğində pul tutulması müəyyən olunmuşdur. İddiaçı icra qeydinin aparılması üçün tələbkarın notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsi ilə ona məlumat verilməməsini, buna baxmayaraq xx.xx.2025-ci il tarixli 8İ-770 reyestr saylı icra qeydinin qanunsuz verilməsini, cavabdeh tərəf isə icra qeydləri qanunvericiliyin tələblərinə uyğun çıxarıldığından icra qeydlərinin ləğvi üçün heç bir əsas olmamasını göstərməklə iddiaya etiraz etmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İş materiallarına əlavə olunmuş sənədlərdən və ekspert rəyindən göründüyü kimi, mülki işin 96-cı vərəqində olan 252596 nömrəli xx.xx.2025-ci il tarixli poçt qəbzində «Alan şəxsin soyadı:» bölməsindəki imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Beləliklə də müəyyən olunur ki, bank tərəfindən bildirişin borcluya çatdırılmasını təsdiq edən sənəd kimi təqdim edilmiş poçt qəbzinə başqa şəxs imza etmiş, qeyd edilən bildiriş mahiyyət etibarı ilə borclu, hazırki iş üzrə İddiaçı təqdim olunmamışdır. Belə olduğu təqdirdə, icra qeydi «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilmədən verilmiş sayılır və həmin icra qeydi ləğv edilməlidir. Lakin məhkəmə tələbin qeyd edilən hissəsini əsaslı saysa da digər hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Belə ki, hazırki məhkəmə icraatında icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət olunmamasına hüquqi qiymət verilməsi kredit müqaviləsi üzrə borc məbləğinin əsaslı olub-olmamasına qiymət verilə bilməz. İddia tələbindən də göünür ki, iddiaçı icra qeydi ilə həm də ona razı deyildir ki, onun əsas borcu 3.600 manat olduğu halda qalan hissə qanunsuz olaraq faiz kimi hesablanıb, baxmayaraq ki müqavilənin müddəti bitib. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Göründüyü kimi, iddiaçı faktiki olaraq əsas borc üzrə məsuliyyəti olmasını bir növ inkar etmir. Buna görə də məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borcun düzgün hesablanıb-hesablanmaması ayrıca mübahisə predmeti olduğu üçün tərəflərə bununla bağlı (pul tələbi və borc məbləğinin düzgün hesablanıb-hesablanmaması barədə və s.) məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə cavabdehin tərəfin iddiaya etirazının əsası kimi istinad etdiyi halar üzrə qeyd edir ki, borclunun 8i-770 saylı, xx.xx.2025-ci il tarixli icra qeydi barəsində nə zaman xəbərdar olmasını müəyyən etmək məqsədilə, e-91411/2025-53-38 nömrəli icra işi üzrə Yasamal rayon İcra və Probasiya Şöbəsindən təqdim edilmiş icra işinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçıya icra qeydi ilə bağlı bildiriş təqdim edildikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçı tərəfindən MPM-nin 282-ci maddəsinin (analoji olaraq) tələbləri pozulmamışdır. Məhkəmə cavabdeh tərəfin 252596 nömrəli xx.xx.2025-ci il tarixli poçt qəbzində imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilməsi ilə baglı iş üzrə xüsusi qərardad qəbul edilməsinə dair mövqeyi ilə əlaqədar qeyd edir ki, bu hal ciddi qanun pozuntuları ilə müşayət oluna biləcək hüquqi nəticələr yaratmadığına görə həmin halda hər hansı cinayət əməlinin əlamətləri müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri 42 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ-770 reyestr saylı icra qeydi ləğv olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri 42 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ-770 reyestr saylı icra qeydi ləğv olunsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 127 manat cavabdehlər "xxxx" ASCdən və Bakı şəhəri 42 saylı Notariat Ofisindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar