Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3832/2025 20.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh1 ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-yə məxsus, iddia ərizəsində nömrəsi qeyd olunan bank kartına səhvən göndərilmiş 450 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 ASCdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 da cavabdeh qismində mülki işə cəlb edilməsi, iddia ərizəsində nömrəsi qeyd olunan bank kartına səhvən göndərilmiş 450 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 ASC-dən və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, özünün istifadəsində olan, "xxxx" ASC-yə məxsus bank hesabından öz adına olan, Cavabdeh1 ASC-yə məxsus bank kartına 450 manat pul köçürmək istəmişdir. Lakin səhvən həmin məbləği Cavabdeh1 ASC-yə məxsus, tanımadığı şəxsin adına olan bank kartına köçürmüşdür. Həmin məbləğin ona geri qaytarılması ilə bağlı banklara müraciət edərək, pulun geri qaytarılmasını xahiş etmişdir. Lakin bu məsələ bank sirri təşkil etdiyindən pulun qaytarılmasından imtina edilmişdir. Bu barədə polis şöbəsinə də müvafiq qaydada müraciət etmişdir. Lakin məsələ mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 ASC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 ASC-nin nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2025-ci il tarixli (saat 10:48) pul köçürmə əməliyyatı barədə məlumatdan görünür ki, iddiaçının istifadəsində olan 5522 **** **** 4280 nömrəli kartdan 4169 **** **** 3620 saylı karta 450 manat pul vəsaiti köçürülmüşdür. Cavabdeh1 ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli 2025/167/6852 saylı məktubdan görünür ki, digər şəxsin kart hesabına köçürmə ilə bağlı banka xx.xx.2025-ci il tarixdə daxil olmuş müraciətinə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, banka daha əvvəl digər bankdan daxil olmuş müraciətlər əsasında vəsaitin qaytarılması istiqamətində vəsaiti alan müştəri ilə aparılan danışıqlar nəticə verməmişdir. Bu səbəbdən, iddiaçıya qanunvericiliyin tələbləri izah edilməklə, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan (Binəqədi RPİ 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı L.Cənnətov tərəfindən qəbul edilmişdir) görünür ki, iddiaçının ərizəsi (səhvən başqa şəxsin kartına pul vəsaitinin köçürülməsi ilə bağlı xx.xx.2025-ci il tarixli ərizə) ilə əlaqədar HK-981 saylı material toplanmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli 6-1-26/2-Ə-21-7299/2025 saylı məktubundan görünür ki, iddiaçının xx.xx.2025-ci il tarixli müraciətinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilərək, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmənin sübutların cəlb edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq Cavabdeh1 ASC tərəfindən təqdim edilmiş İAMAS məlumatlarından görünür ki, 450 manat pul vəsaiti xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 məxsus olan bank kartına köçürmüşdür (tarix xx.xx.2025; vaxt 10:48:18). xx.xx.2025-ci il tarixli 25080 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim olunmuş sübutlardan göründüyü kimi, Cavabdeh2 İddiaçı hesabına 450 manat əsassız varlanmışdır. İş materiallarından görünür ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyil. İddiaçı, eləcə də sonuncunun ərizəsi əsasında "xxxx" ASC-nin ("xxxx" ASC) müraciətlərinə əsasən Cavabdeh1 ASC tərəfindən Cavabdeh2 ilə 450 manat pul vəsaitinin qaytarılması ilə bağlı danışıqlar aparılsa da, sonuncu vəsaiti geri qaytarmamış, danışıqlar heç bir nəticə verməmişdir. Cavabdeh V.Məmmədov nə banka, nə də məhkəməyə səhvən onun hesabına (kartına) köçürülmüş pul vəsaitini geri qaytarmamasının səbəblərini bildirməmişdir. Cavabdehin iddiaya dair mülahizə ilə məhkəməyə müraciət etmək, şəxsən və ya nümayəndəsi (vəkili) vasitəsi ilə məhkəmə iclasında iştirak etmək imkanları olsa da, o, bu imkandan istifadə etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 450 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. İddia qalan (Cavabdeh1 ASC-yə aid) hissədə təmin edilməməlidir. Belə ki, Cavabdeh1 ASC iddiaçının hüquqlarını və bank fəaliyyətini tənzimləyən qanunvericiliyin tələblərini pozmamış, iddiaçının hesabına hər hansı vəsait əldə etməmiş, onun hesabına əsassız varlanmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 450 (dörd yüz əlli) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3832/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3832/2025
20.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver