Məhkəmə qərarları › İş №2(006)-3835/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3835/2022

15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3835/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi, mənəvi və fiziki zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi, mənəvi və fiziki zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurulmuş maddi ziyana görə 100.000 (yüz min) manat, mənəvi və fiziki zərərə görə hər birinə 150.000 (yüz əlli min) manat, cəmi 250.000 (iki yüz əlli min) manat məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, İddiaçı da daxil olmaqla bir qrup təqsirləndirilən şəxslər, guya onlar qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan zərərçəkmiş şəxslərin torpaq üzərində mülkiyyət hüququnu pozmuşlar. Belə ki, 09 fevral 2021-ci il tarixli ittiham aktına görə təqsirləndirilən şəxslər, həmçinin İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham verilmişdir ondan ötrü ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, arpa toxumu səpmək məqsədi ilə 12-13 avqust 2020-ci il tarixlərdə Qusar rayonu Aşağı Ləyər yolunun sağ tərəfində yerləşən Qusar rayonunun X4 məxsus ... (); koordinatlar daxilində yerləşən kənd təsərrüfatı torpaqları kateqoriyasına aid olan 0,88 ha və həmin torpaq sahəsinə bitişik Bakı şəhər sakini zərərçəkmiş şəxsə məxsus ... () koordinatları daxilində yerləşən sahibkarlıq torpaqları kateqoriyasına aid olan 2,00 ha torpaq sahələrini özbaşına şumlamış, 2020-ci ilin noyabr ayının ortalarında isə zərərçəkmiş şəxsə həmin 0,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0,39 ha hissəsinə «Qarabağ 22» arpa toxumu sortunu səpməklə zərərçəkmiş şəxslərin torpaq üzərində mülkiyyət hüququnu pozmuşlar. Qusar rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(029)-28/2021 nömrəli hökmü ilə təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, təqsirləndirilən şəxs İddiaçı 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin, digər məsələlər də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs İddiaçı apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(029)- 28/2021 nömrəli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci tarixli, 1(105)-496/2021 nömrəli hökmü ilə apellyasiya şikayətləri təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(029)-28/202 nömrəli hökmü ləğv edilmiş, təqsirləndirilən şəxs İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinin tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 1(105)-496/2021 nömrəli hökmdən dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi isə kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin Cinayət kollegiyasının 1(102)-657/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 1(105)-496/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Belə ki, cinayət prosesini həyata keçirən orqanlar İddiaçı qarşı əsassız cinayət işi qaldırmış, sübutlar saxtalaşdırılmışdır və o, xx.xx.2021-xx.xx.2022 müddətində əsassız olaraq saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, cinayət işi açıq-aşkar əsassız, qanunsuz qərəzlidir və bunun nəticəsində bəraət hökmü çıxarmışdır. Məhkəmənin çıxartdığı hökm tam əsaslı və qanuni olmuşdur. Hesab edilir ki, tədqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində külli miqdarda ziyan dəymişdir. Cinayət prosesini həyata keçirən orqanların bu hərəkətləri nəticəsində təqsirləndirilən şəxsin hüquqları kobud şəkildə pozulmuş, küllü miqdarda maddi və mənəvi zərər dəymiş və mənəvi iztirablar çəkmiş, işgüzar nüfuzuna, ailəsinin nüfuzuna və etibarına təsəvvür edilə bilməyəcək dərəcədə xələl gətirilmişdir. Təqsirləndirilən şəxs və ailəsinə dəymiş maddi, fiziki və mənəvi ziyan cinayət prosesini həyata keçirən orqanlar tərəfindən ödənilməlidir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində həbsdə olduğu müddətdə onun ailəsi, valideynləri onun yanına gedib-gəlmək üçün qohumlarından külli miqdarda borc pul götürmüşdür. Xüsusi ilə qeyd edilmişdir ki, həbsdə olduğu müddətdə mənəvi sarsıntı keçirmiş, depresiyaya düşmüş, ürək-qan damar xəstəliyi tapmış, səhhətində ciddi problemlər yaranmışdır. Ürək xəstəliyindən əziyyət çəkir, həbsdə qaldığı müddətdə bu xəstəlik daha da ağırlaşmış, həbsxanadan çıxdığı gündən hal-hazıradək müalicə alır. Saxlanıldığı andan onun hüquqları cinayət prosesi həyata keçirən orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi və cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurulmuş maddi ziyana görə 100.000 (yüz min) manat, mənəvi və fiziki zərərə görə 150.000 (yüz əlli min) manat, cəmi 250.000 (iki yüz əlli min) manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Abbasova Aynur məhkəməyə 16 sentyabr 2022-ci il tarixdə elektron kabinet vasitəsilə İddiaçı zərərin əvəzinin ödənilməsi tələbinə dair etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz əməlləri nəticəsində dəymiş maddi ziyana görə 100.000 manat və mənəvi ziyana görə 150.000 manat, ümumilikdə 250.000 manat ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan tələb əsaslı olmadığından iddia tələbi rədd edilməlidir. İddiaçı ərizəsində onun işgüzar nüfüzuna xələl yetirildiyini və ona külli miqdarda maddi ziyan dəydiyini qeyd etmişdir. Lakin, hansı fəaliyyətlə məşğul olması və aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etməmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. Həmçinin, iddiaçı ərizəsində həbsdə olduğu müddət ərzində ailə üzvlərinin onun yanına gəlib-getməsi üçün borc götürdüyünü və bunun əvəzinin kompensasiya edilməsini qeyd edir. Bununla bağlı bildirilmişdir ki,«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində ödənilən ziyanın növləri konkret göstərilir və iddiaçının tələb etdiyi xərclərin ödənilməsi bu Qanunda nəzərdə tutulmamışdır. İddiaçı həmçinin, 150.000 manat mənəvi ziyanın ödənilməsini tələb edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Lakin, iddiaçı «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa istinad edərək ona maddi və mənəvi ziyanın dəyməsi hallarını təsdiq edən hər hansı bir sübut təqdim etmədən və ümumi ifadələrlə kifayətlənərək ziyanın ödənilməsini tələb etmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 Nq-İİ Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə-üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə-yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə- əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə-on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Lakin, hazırkı iddiaçıya qarşı hər hansı cinayət törədilməmiş, yalnız onunla bağlı cinayət işi başlanılsa da, sonradan ona bəraət verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi də ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq iddia ərizəsinə etiraz etmiş və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Qusar Rayon Məhkəməsinin 1(029)-28/2021 saylı, 19 may 2021-ci il tarixli Hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, İddiaçı üzərinə yaşadığı Qusar rayonu Köhnə-Xudat kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vsaitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonunun ərazi hüdudlarını tərtk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, İddiaçı cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzaçəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-496/2021 saylı, 02 noyabr 2021-ci il tarixli Hökmünə əsasən, İddiaçı və X1 Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair Qusar Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(029)-28/2021 saylı hökmündən təqsirləndirilən şəxslər İddiaçı və X5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, İddiaçı və X1 Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair Qusar Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(029)-28/2021 saylı hökmü ləğv edilmiş, İddiaçı və X2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-657/2022 saylı, 28 aprel 2022-ci il tarixli Qərarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 1(105)- 496/2021 nömrəli hökmündən dövlət ittihamçısı X6 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, bəraət almış şəxslər İddiaçı və X5 barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 1(105)- 496/2021 nömrəli hökmü kassasiya protestinə və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Beləliklə, mülki işin araşdırılmış hallarından müəyyən olundu ki, İddiaçı da daxil olmaqla bir qrup təqsirləndirilən şəxslər, guya onlar qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan zərərçəkmiş şəxslərin torpaq üzərində mülkiyyət hüququnu pozmuşlar. 09 fevral 2021-ci il tarixli ittiham aktına görə təqsirləndirilən şəxslər, həmçinin İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham verilmiş və Qusar rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(029)-28/2021 nömrəli hökmü ilə təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, təqsirləndirilən şəxs İddiaçı 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxs İddiaçı apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(029)- 28/2021 nömrəli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci tarixli, 1(105)-496/2021 nömrəli hökmü ilə apellyasiya şikayətləri təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(029)-28/202 nömrəli hökmü ləğv edilmiş, təqsirləndirilən şəxs İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinin tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 1(105)-496/2021 nömrəli hökmdən dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi isə kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin Cinayət kollegiyasının 1(102)-657/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 1(105)-496/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı cavabdehdən qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbiri nəticəsində ona vurulmuş maddi ziyana görə 100.000 manat və mənəvi ziyana görə 150.000 manat məbləğində pulun tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi zərərlə bağlı (əmək haqqı, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, İddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və ona prosessual məcburiyyət tədbirinin tətbiqi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, İddiaçı xeyrinə ədalətli həddə, yəni vurulmuş mənəvi ziyana görə 2.000 (iki min) manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı barəsində 19 may 2021-ci ildən 02 noyabr 2021-ci il tarixədək azadlığın məhdudlaşdırılması cəzasının seçilməsi ona inamsızlıq, narahatlıq, məyusluq hisləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ijlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurulmuş mənəvi ziyana görə 2.000 (iki min) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurulmuş mənəvi ziyana görə 2.000 (iki min) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar