Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3836/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixində Cavabdeh ASCnin Qaradağ filialının inzibati binasının qarşısındakı (sağ tərəfdə) bakomatdan ona məxsus olan Kapital Banka aid plastik əmək haqqı kartından pul çıxarmaq üçün kartını bankomatın təmassız əlaqə (NFC) hissəsidə oxutmaqla pul çıxarmaq istəmişdir. Əməliyyat getmiş, balansının 390 manat olduğunu görmüşdür, balansından 280 manat çıxarmaq üçün düyməni basmış, 70 manat görünmüşdür, zənn etmişdir ki, bankomatda olan pul 70 manatdır, düyməni basıb 70 manatı götürmək istəmiş, sistem yenidən öz əvvəlki vəziyyətinə qayıtmışdır. Yenidən kartı oxutdurub pulunu çıxarmaq istəmişdir. Artıq balansının 40 manat olduğunu görmüşdür. Hesab etmişdir ki, bankomat işləmir. Sol tərəfdəki bankomata yaxınlaşıb 2 nəfəri gözləməklə kartı daxil etmişdir. Artıq balansının 40 manat qaldığına əmin olmuşdur. Şənbə günü olduğu üçün filial işləməmişdir, mobil telefonu da evdə qalmışdır. Evə qayıdıb 196 çağrı mərkəzinə bu barədə bildirmişdir. Xanım 5 iş günü müddətində baxılacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə telefonuna Kapital bankdan mesaj gəlmişdir ki, pul çıxıb kartdan, əgər özü çıxarmamışdırsa Polisə müraciət etsin. xx.xx.2024-cü il tarixdə Qaradağ rayon Polis İdarəsinin 10-cu bölməsinə bu barədə ərizə ilə müraciət etmişdir. Amma polis əməkdaşına ərizəni yazmazdan qabaq bildirmişdir ki, burada polislik heç bir şey yoxdur, hər şey gözünün qarşısında olmuşdur, bu sırf bankomatın nasazlığıdır. Polis əməkdaşı isə bildirmişdir ki, bəs onda niyə gəlib, onlar ancaq cinayətkarı axtarırlar. Qaradağ Rayon Məhkəməsinin qərarı əsasında araşdırmaq üçün zəruri əhmiyyət kəsb edən bank məlumatlarının əldə edilməsi məqsədilə müvafiq bank sorğusu göndərilmiş və görüntülər alınmışdır, pulun çıxarılmadığı aşkarlanmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. Həmçinin izahatında bildirdi ki, iddiada göstərilən hallar bank tərəfindən araşdırıldıqda müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı "xxxx" ASC-yə məxsus kartı bankomatın təmassız əlaqə (NFC) hissəsində əməliyyata başlamış, lakin əməliyyatı bitirmədən kartı götürməklə getmişdir. Bu zaman bir kişi cinsli şəxs bankomata yaxınlaşaraq heç bir kart daxil etmədən əvvəlki əməliyyatı davam etdirmiş, pulu bankomatdan çəkməklə oradan uzaqlaşmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qaradağ rayon RPİ-nin 10-cu PŞ-nin baş müstəntiqi, polis mayoru X4 xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, ünvan 1 ünvanda yaşayan vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə saat 16:22-də DİN-nin 102 xidmətinə verdiyi, ona məxsus Cavabdeh ASC-yə aid olan plastik bank kartından 350 manat pulun naməlum şəxs tərəfindən çıxarılmasını aşkar etməsini və həmin şəxsi müəyyən edib barəsində tədbir görülməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Kərimov X2 RPİ 10-cu PŞ-nə ərizə verərək heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə araşdırması zamanı "xxxx" ASC tərəfindən təqdim edilmiş video diskə baxış keçirilən zaman müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə saat 16:34:38-də iddiaçı "xxxx" ASC-yə məxsus bankomat vasitəsi ilə kartdan pulun məxaric edilməsinə dair əməliyyata başlamış, sonradan bankomatdan aralanmış, ora kişi cinsli şəxs yaxınlaşmaqla pulu çəkib oradan uzaqlaşmışdır. İşin mübahisələndirilməyən tərəfi ondan ibarətdir ki, iddiaçıya məxsus əmək haqqı kartından xx.xx.2024-cü il tarixində "xxxx" ASC-yə məxsus bankomatından pul çıxarılmışdır. Məhkəmə iclasında cavabdehin təqdim etdiyi subutlarla müəyyən edildi ki, həmin pul məbləği başqa şəxs tərəfindən götürülmüşdür. Təqdim edilmiş diskdə olan bankomatın nəzarət qurğusundan çıxarılmış fotoşəkillərdə digər şəxsin pulu götürməsi fotoşəkillərdə əks olunmuş texniki məlumatlarla sübut olunur. Bankomatın nəzarət qurğusu vasitəsi ilə əks olunmuş fotoşəkildəki texniki məlumatlara əsasən bankomatda nağd pulun sorğulanması əməliyyatına cavab (“transaction reply”) prosesi getdiyi zaman 16:34:45-də iddiaçının bankomatın qarşısında olması, bu prosesin 16:36:14 qədər davam etməsi, bu saatda əks olunmuş fotoşəkildə isə artıq bankomatın qarşısında iddiaçının deyil kişi cinsli başqa bir şəxsin olması açıq görünür. Həmin şəxs tərəfindən iddiaçının bank kartı üzrə əməlyyatların aparmasının davam etməsi bankomatın əməliyyat jurnalından çıxarışda əks olunmuş məlumatlarda görsənir. Bu hal öz təsdiqini çıxarış məlumatlarındakı əməliyyat adının və vaxtının bankomatın nəzarət qurğusu vasitəsi ilə əks olunmuş fotoşəkillərdəki əməliyyat adı və vaxtı ilə müqayisə etməklə tapır. Belə ki, əməliyyat jurnalından çıxarışda bankomatdan nağd pulun təqdim edildiyini (“cash presented”) bildirən saat 16:36:23 vaxtını və nağd pulun götürməsini (“cash taken”) bildirən 16:36:25 vaxtını nəzarət qurğusunun fotoşəkilləri ilə müqayisə etdikdə bankomat qarşısında iddiaçının deyil, yuxarıda qeyd edilən eyni kənar bir şəxsin olduğu görünür. Beləliklə, iddiaçı bank kartı üzrə bankomatdan uzaqlaşdığı zaman onun bankomatda başa çatdırılmamış əməliyyat pəncərəsi açıq qalmış, daha sonra bankomata yaxınlaşan şəxs həmin əməliyyat pəncərəsindən istifadə etməklə müvafiq əməliyyatlar aparmışdır. Bundan əlavə, cavabdeh tərəfindən qeyd olunan məlumatlara əlavə olaraq A0100376 nömrəli bankomat üzrə təqdim etdiyi “kassa mədaxil orderi”ndən görünür ki, bankomatda geri çəkmə (“retract”) məbləği sıfıra bərabərdir. Bununla da, pulun bankomata geri qaytarılmadığı, pulun kənar şəxs tərəfindən götürdüyü sübuta yetirilir. Nəticədə hadisədə cavabdehin təqsiri olmadığı sübuta yetirilir. Cavabdeh bankomatın mülkiyyətçisi olan hüquqi şəxs olmaqla, pulun qaytarılmasına dair tələbə münasibətdə cavabdehlik daşıya bilməz. Məhkəmə iddianın dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, iddia əsassızdır. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyekt müəyyən edilməklə ona qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia təlləbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. (Mülki Prosessual Məcəllənin 50-ci maddəsi) Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia üzrə cavab verməli olan şəxs cavabdeh "xxxx" ASC deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı cavabdehə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədi və göstərilənlər işin araşdırılmış halları ilə müəyyən olunmadı. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçının cavabdeh "xxxx" ASC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3836/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3836/2024
24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver