Məhkəmə qərarları › İş №2(006)-3840/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3840/2024

05.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3840/2024 05.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini, 24000 ABŞ dolları hazırkı məzənnəyə əsasən 40800 manat pulun və 213 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum əri X3 vərəsəsidir. X4 ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, o, Cavabdeh 22 iyun 2015-ci il tarixədək qaytarmaq şərtilə 24.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Lakin iddiaçının qeyd edilən müqavilə barədə məlumatı olmamış, yalnız vərəsəliyi qəbul etdikdən və sorğu veriləndən sonra – xx.xx.2024-cü il tarixdə müqavilənin mövcudluğu barədə xəbər tutmuşdur. Vərəsəliyə dair notariat kontorundan iddiaçıya təqdim edilmiş arayışa əsasən onun tərəfindən borc tələbi irəli sürülə bilər. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Cavabdeh “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia müddətinin tətbiq edilməsi barədə ərizələr təqdim edərək, tələb üzrə iddia müddəti ötürüldüyündən iş üzrə icraata xitam verilməsini, sonra isə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tələbin bağlı olduğu 22 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlik 22 iyun 2015-ci il tarixdə bitmişdir. Deməli, 22 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə iddia müddəti 22 iyun 2018-ci il tarixdə bitmişdir. Bu cür tələb üzrə 10 ilə yaxın vaxt keçəndən sonra iddia irəli sürülməsi qanunvericiliklə mümkün olmamaqla yanaşı, ağlabatan və real deyildir. İddiaçı Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəsinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı mübahisə predmeti olan 22 aprel 2015-ci il tarixli kredit müqaviləsini rəsmi olaraq 2024-cü ilin iyul ayında əldə etmişdir. O da müqavilə tərəfi olan mərhum əri X3 vərəsəsi olması barədə arayışı əldə etdikdən sonra məhkəməyə müraciət etmişdir. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirdi ki, o, cavabdehin mərhum ərinə borcu olduğunu bilirdi, lakin müqavilədən xəbərsiz idi. Mərhumun dediklərinə istinad edib, əvvəllər dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının mərhum ərinə olan borcunu iddiaçıya ödəməmişdir. Buna görə də iddiaçı 2024-cü ildə müqaviləni rəsmi qaydada əldə edib, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, prosesin onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, cavabdehin ərizələrini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Nikahın bağlanması haqqında 392642 nömrəli şəhadətnamədən görünür ki, X4 ilə İddiaçı nikahı xx.xx.1990-cı il tarixdə 700 nömrə ilə qeydə alınmışdır. Doğum haqqında AZ-İ seriyalı 586167 nömrəli şəhadətnamədən görünür ki, X5 xx.xx.1992ci il tarixdə anadan olmuş, atası X4, anası İddiaçıdır. Doğum haqqında AZ-İİİ seriyalı 787168 nömrəli şəhadətnamədən görünür ki, X6 xx.xx.1996-cı il tarixdə anadan olmuş, atası X4, anası İddiaçıdır. Bakı şəhəri 32 saylı notariat kontorunun xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş və 3M-100 reyestr nömrəsi ilə qeydə alınmış 22 aprel 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tairəxədək qaytarmaq şərtilə X1 24000 (iyirmi dörd min) ABŞ dolları məbləğində borc almışdır. Cavabdeh tərəfindən ünvan 1 ünvanlanmış 22 aprel 2015-ci il tarixli ərizədən görünür ki, o, həqiqətən 24000 (iyirmi dörd min) ABŞ dolları məbləğində pulu X1 nağd şəkildə almışdır. Ölüm haqqında AZ-İ seriyalı 757368 nömrəli şəhadətnamədən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə ölmüşdür. X5 tərəfindən notariat kontoruna ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, o, xx.xx.2015-ci il tarixdə vəfat etmiş mərhum atası X2 qalmış miras payı qəbul etməmişdir və etmir. Gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. X6 tərəfindən notariat kontoruna ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, o, xx.xx.2015-ci il tarixdə vəfat etmiş mərhum atası X1 qalmış miras payı qəbul etməmişdir və etmir. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Bununla bağlı heç bir iddia tələbi olmayacaq və pay tələbi ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyəcəkdir. İddiaçı tərəfindən notariat kontoruna ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, xx.xx.2015-ci ildə vəfat etmiş əri X1 miras qalmış torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, həyat yoldaşı X3 xx.xx.2015-ci ildə vəfat etdiyini bildirərək, hazırda vərəsəlik işi açıldığından, adına hər hansısa borc və yaxud kredit müqaviləsinin olub-olmaması barədə rəsmi qaydada məlumat verilməsini xahiş etmişdir. Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli X- 2969 nömrəli məktubdan görünür ki, həmin notariat ofisində xx.xx.2015-ci ildə X4 ilə Cavabdeh arasında bağlanmış və reyestrdə 3M-100 nömrə ilə qeydə alınmış kredit müqaviləsi rəsmiləşdirilmişdir. ünvan 4 ünvanlanmış xx.xx.2024-cü il tarixli 1658 nömrəli arayışdan görünür ki, xx.xx.1962ci il təvəllüdlü və xx.xx.2015-ci il tarixdə vəfat etmiş ünvan 5 ünvanında qeydiyyatda olmuş X3 vərəsəlik işi ilə əlaqədar olaraq müraciət etmiş vərəsələrinin dairəsi müəyyən edilmişdir. Vərəsəsi arvadı – İddiaçıdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 212 (iki yüz on iki) manat rüsum ödənilmişdir. Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli X-3561 nömrəli məktubundan görünür ki, həmin ofisdə xx.xx.2015-ci il tarixdə bağlanmış və 3M-100 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsi ləğv olunmamışdır. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilən hallar ondan ibarət olmuşdur ki, notariat qaydasında təsdiq edimiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, X4 (iddiaçının mərhum əri) 24.000 ABŞ dolları məbləğində pulu Cavabdeh xx.xx.2015-ci il tairəxədək qaytarmaq şərtilə borc vermişdir. Məmmədov Cahangir xx.xx.2015-ci il tarixdə ölmüş, 2016-cı ilin oktyabr-noyabr aylarında övladları və arvadı – İddiaçı ərizə ilə müvafiq notariat kontoruna müraciət etmiş, övladları miras payından imtina etmiş, iddiaçı isə mirası qəbul edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bundan uzun müddət sonra – xx.xx.2024-cü il tarixdə iddiaçı notariat ofisinə müraciət edərək, mərhum ərinin adına hər hansısa borc və yaxud kredit müqaviləsinin olub-olmaması barədə rəsmi qaydada məlumat verilməsini xahiş etmiş və xx.xx.2024-cü ildə ona mərhum əri ilə cavabdeh arasında bağlanmış müqavilə barədə məlumat verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən, yaranmış borcun cavabdehdən tutularaq ona ödənilməsini, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra təqdim edilməsi səbəbindən iddianın təmin edilməməsini xahiş edirlər. Göründüyü kimi, iddiaçının mərhum əri ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Müqavilə müddəti bitdikdən qısa müddət sonra iddiaçının əri vəfat etmiş, iddiaçı isə ondan qalmış miras əmlakı tam şəkildə qəbul etmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış borcun ödənilməsini cavabdehdən tələb edir. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edildiyindən, məhkəmə tərəfindən tələb üzrə müddətin ötürülüb-ötürülməməsi araşdırılaraq müəyyən edilmişdir ki, hazırki iddia ərizəsi bu cür tələblər üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edildiyindən, iddia təmin edilməməlidir. Belə ki, müqavilə xx.xx.2015-ci il tarixdə 2 ay müddətinə bağlanılmış, yəni müqavilənin müddəti xx.xx.2015-ci ildə başa çatmış, xx.xx.2015-ci ildən etibarən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə müvafiq olaraq 3 illik iddia müddətinin axımı başlanmış, xx.xx.2015-ci ildə borcverən ölmüş, xx.xx.2016-cı ildə iddiaçı vərəsəliyi qəbul etmiş, iddia müddətinin sonunadək, yəni xx.xx.2018-ci ilədək nə cavabdeh tərəfindən ödəniş edilməsi, nə iddiaçı tərəfindən həmin borcun məhkəmə qaydasında tələb edilməsi, nə də iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olan hər hansı hal müəyyən edilməmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə iddia müddətinin axımı bitdikdən (xx.xx.2018-ci il tarixindən) 6 il 1 aya yaxın müddət keçdikdən sonra – xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildikdən sonra iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Göstərilənlər iddia tələbinin təmin edilməsini istisna etməklə, iddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsi zərurətini meydana çıxarır. Məhkəmə burada öhdəlikdə şəxslərin dəyişilməsinin iddia müddətinə və onun hesablanması qaydasına təsir etməməsini, iddiaçının izahatında cavabdehin onun ərinə borcunun olduğunu bildiyini, lakin müqavilədən xəbəri olmadığını qeyd etməsini, iddiaçının vərəsəliyi qəbul edən vaxt mərhumun aktivləri və passivlərinin siyahıya alınmasını tələb etmək hüququ olduğu halda, hərəkətsiz qalmasını, bundan uzun müddət sonra notariat ofisindən aldığı məlumat və arayışa istinadən iddia qaldırsa da, iddia müddətinin ötürülməsinin heç bir üzrlü səbəbini göstərməməsini, bununla da hazırkı iş üzrə iddia müddətinin ötürülməsinin mübahisəsiz olmasının müəyyən edildiyini vurğulamağı zəruri hesab edir. Əlavə olaraq qeyd edilməlidir ki, məhkəmənin hazırlıq iclasında iştirak edən zaman cavabdeh izahatında bu kredit müqaviləsinin əslində etibarsız olduğunu, belə ki, iddiaçının mərhum əri ilə onun arasında borc münasibətləri deyil, torpaq alqı-satqısı ilə bağlı münasibətlər olduğunu, lakin sonradan alqı-satqının baş tutmadığını, mərhumun əslində ona borc vermədiyini bildirmiş, iddiaçı isə bu dəlilləri qəbul etməyərək, alqı-satqı məsələsindən xəbərsiz olduğunu, belə ki, mərhumun yalnız cavabdehin ona borclu olduğunu dediyini qeyd etmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, etirazınn dəlilləri ilə bağlı sübutetmə yükü cavabdehin üzərində olduğundan, ona öz dəlillərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmək təklif edilsə də, cavabdeh heç bir əlavə sübuta ehtiyac olmadığını bildirmiş və iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin müqavilənin etibarsızlığı barədə dəlilləri heç bir sübutla öz təsdiqini tapmadığından, müqavilənin etibarsızlığına dəlalət edən heç bir hal müəyyən edilmədiyindən, əksinə cavabdehin özünün notariat ofisində yazdığı mərhumun ona pul verməsini təsdiq etməsi barədə ərizə iş materiallarında olduğundan məhkəmə mübahisələndirilən kredit müqaviləsinin etibarlı olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-377.2-ci maddələrinə müvafiq olaraq, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 378-ci maddəsinə görə, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. 380-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-1243.3-cü maddələrinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1254-cü maddəsinə müvafiq olaraq, vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 22 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Plenum vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki: İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında göstərilmişdir ki: Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığı kimi, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıdakı hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırki iddia ərizəsi əsaslı olmasına baxmayaraq, iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edildiyindən, məhkəmə tərəfindən iddia müddətinin ötürülməsi müəyyən edildiyindən, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, çəkilmiş məhkəmə xərci iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar