Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3850/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 50.000 (əlli min) manat, mənəvi zərərə görə 10.000 (bir yüz min) manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə təqsirli bilinərək 30 gün müddətinə inzibati həbs növündə cəzalandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 10 may 2024-cü il tarixli qərarı ilə müdafiəçisinin verdiyi apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli qərarı ləğv edilmiş, əməlində inzibati xətanın tərkibi olmadığından təqsirsiz hesab edilmiş və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Beləliklə, inzibati qaydada həbs olunaraq saxlanıldığından Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 10 may 2024-cü il tarixli qərarı çıxarılanadək xüsusi ilə külli miqdarda maddi və mənəvi ziyana məruz qalmışdır. Bu maddi zərərlər – təhqiqat, məhkəmə instansiyalarına çağırılan zaman yol, yemək xərcləri, vəkil xərcləri, poçt xərcləri, mənəvi zərərə görə – qanunsuz və əsassız həbs olunmaqla təcridxanada saxlanılması, ailə üzvləri, qohumları və dostlarının yanında biabır olması, həbsdə saxlanılan zaman depressiyaya düşərək xəstəliyə tutulması, ailə üzvlərinin bu illər ərzində qiymətli əşyalarının satılaraq istintaq, məhkəmə yollarında xərcləməsi, borca düşməsini heç bir maddi dəyərlə qiymətləndirmək ölçüyə gəlməzdir. Bu dəlillərini məhkəmə baxışı zamanı daha ətraflı izahatı ilə sübut edəcək. Daha sonra İddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, göstərmişdir ki, o, fermer təsərrüfatı ilə məşğul olduğu üçün 2015-ci ildə İqtisadiyyat Nazirliyi yanında sahibkarlara yardım fondunun xətti ilə "xxxx" QSC-dən mənzillərini girov qoyaraq 50.000 manat kredit götürmüşdür. 2 il vaxtı-vaxtında ödəniş etdiyinə baxmayaraq bank monitorinq keçirməkdən imtina etmişdir. Ona məlum olmuşdur ki, bank onun təqdim etdiyi biznes planı və evin qiymətləndirmə rəyində yoldaşının imzasını saxtalaşdırmışdır. O, bu saxtakarlığı bildikdə ödənişi dayandırmış, 1 il banka 35.000 manat borcu yaranmışdır. Bank onun girov qoyduğu mənzili 170.000 «RECİNVEST» şirkəti ilə qiymətləndirsə də, onu Nəsimi rayon Məhkəməsinə verərək 35.000 manat borcu tələb edən zaman, məhkəmədə keçirilən proses zamanı üzə çıxmışdır ki, Aqrarkredit evin qiymətləndirmə rəyini saxtalaşdıraraq 100.000 manata endirmişdir və iddia ərizəsində bank 100.000 manat tələb qoymuşdur. Proses gedən zaman hakim mənzilə yenidən qiymətləndirmə ekspertizası keçirmiş, 186.577 manata satılmasına, 35.000 manat banka olan borcun bağlanmasına, yerdə qalan pul vəsaitinin ona qaytarılmasına dair qərar vermişdir. Nəsimi Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixdə belə bir qərar vermişdir. xx.xx.2020-ci ildə mənzili açıq hərraca çıxarılmış, 250.000 manat qiyməti olan mənzilini bank saxtalaşdıraraq 118.942 manata saxta yollarla almışdır. Bu saxtakarlıqlar Ədliyyə Nazirliyi yanında ekspertiza rəyləri ilə sübuta yetirilmişdir. Bu günədək Nəsimi Rayon Məhkəməsinin qüvvədə olan qərarı icra olunmamışdır. Mənzilinin satışından yerdə qalan pulları bank və Binəqədi rayon İcra Şöbəsinin arasında mənimsənilmişdir və bu günədək onun pulları verilməmişdir. Bu qanunsuzluqları Şəhid qardaşına edən bankın cinayətkar məmurları, polislərə sifariş verərək, xx.xx.2024-cü il tarixdə «Ay İşığı» restoranından polislər onu toydan Baş Polis İdarəsinə və sonra 37-ci Polis Bölməsinə təhvil vermişlər. Səhərisi gün Xətai rayon Məhkəməsinin hakimi prosesi aparan zaman bütün kameraları, antenna dairələrini tələb etsə də, hakim sifarişi qəbul edərək, heç bir sübutları əldə etmədən, onun 4 azyaşlı övladı olduğuna, Şəhid ailəsi, məcburi köçkün olduğuna baxmayaraq, Abşeron rayonunda fermer təsərrüfatının nəzarətsiz və əkin-biçin işlərinin yarımçıq qaldığını və təsərrüfatın ancaq onun öhdəsində qaldığını bildirsə də, ədalətsiz hakim insan hüquqlarını kobud şəkildə pozaraq, xx.xx.2024-cü il tarixdə qanunsuz, vicdansız qərar çıxararaq onu 1 ay inzibati azadlıqdan məhrum etmişdir. O, 4 gün inzibatidə cəzasını çəkəndən sonra apellyasiya məhkəməsinə şikayət verərək bəraət almış və azadlığa buraxılmışdır. Bu ərəfədə ferma təsərrüfatında 2 baş inəyi, 6 baş qoyunu ölmüş və ona məxsus olan 10 ha torpaq sahəsində əkdiyi arpanı kəndin heyvanları sahə yiyəsiz olduğundan əkdiyi və xərc qoyduğu məhsulları heyvanlar məhv etmişlər. Bu cəhətdən ona iddia ərizəsində göstərdiyi maddi və mənəvi ziyan vurulmuşdur. Vurulmuş maddi zərərə görə 50.000 manat, mənəvi zərərə görə 10.000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki,o, bankla arasında olan mübahisədən prokurorluğa şikayət etdiyi üçün sifariş əsasında onu polislər şadlıq sarayından ailəsinin gözü qarşısında aparmışlar, o bundan sarsılmışdır. O, şəhid qardaşıdır, özü sahibkardır, bununla bağlı sənədlərini təqdim etmişdir, onun böyük təsərrüfatı var, onun həbsdə olduğu müddətdə bütün təsərrüfatı məhv olmuşdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 məhkəməyə iddia ərizəsinə etiraz göndərmişdir. Həmin etirazda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Daxili İşlər Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən qəbul edilmiş qərarını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mənəvi ziyanın əvəzi olaraq 10.000 manat və maddi zərər qismində 50.000 manat, ümumilikdə 60.000 manat məbləğində pul vəsaitinin cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia etdiyi kimi yuxarıda göstərilmiş məbləğlərin hər hansı bir əsası sübut olaraq işin materiallarında göstərilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, iddiaçının iddia edərək təzminat qismində tələb etdiyi məbləğlərin reallığı isbat olunmadığı təqdirdə şübhəli və ağlabatan olmayan kimi qəbul edilə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi maddi və mənəvi zərərlərin ona tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə birbaşa əlaqəsi yoxdur və faktiki olaraq heç bir əsasda isbat edilməmişdir. İş materiallarından göründüyü kimi İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarını əsas göstərərək maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi Maliyyə Nazirliyinə münasibətdə 3-cü şəxs qismində deyil, hüquq pozuntusunu törədən qurum qismində cavabdeh olaraq yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən daxili işlər orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. İnzibati xətalarla bağlı araşdırmalar zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanların cəlb olunması zəruridir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən hər 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi «Azərbaycan Respublikası» dedikdə təkcə Azərbaycan Respublikası Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 81-ci maddəsinin müddəalarına görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiasının tam həcmdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə gəlməyən tərəflərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-790/2018 saylı qərarından görünür ki, iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı əsas borc üzrə 33.313,36 (otuz üç min üç yüz on üç manat, otuz altı qəpik) manat, faiz borcu üzrə 1804,20 (bir min səkkiz yüz dörd manat, iyirmi qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 35.147,56 (otuz beş min yüz qırx yeddi manat, əlli altı qəpik) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, tutmanın ipotekaya qoyulmuş X1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 3169-cu məhəllə, Mir Cəlal küçəsi, 59 K saylı evin, 129 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 3169-cu məhəllə, Mir Cəlal küçəsi, 59 K saylı evin, 129 saylı mənzilin ilkin satış qiyməti 186.577 (bir yüz səksən altı min beş yüz yetmiş yeddi) manat müəyyən edilməklə, açıq hərracda satılması. Satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin X1 qaytarılması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-1617/2024 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 30 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, inzibati həbsdə saxlama müddətinin əvvəli 06 may 2024-cü il, saat 19:50-dən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 3(103)- 990/2024 saylı qərarından görünür ki, müdafiəçi M.N.Nemətov tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)- 1617/2024 saylı qərarı ləğv edilmiş, İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. «Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi» tərəfindən verilmiş 23 yanvar 2020-ci il tarixli, hərracın nəticələri haqqında Y-04/1 saylı protokoldan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-790/2018 saylı icra sənədinə, Binəqədi rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli xx/xx-111823-30 saylı sifariş məktubuna əsasən X1 məxsus olan Bakı şəhəri Binəqədi rayonu 3169-cu məhəllə M.Cəlal küçəsi 59k saylı evin 129 saylı mənzili 118.942 manata "xxxx" QSC tərəfindən alınmışdır. xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu 10 saylı «Bərk dərə» qış otlaq sahəsi ərazisində yerləşən 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 01 iyun 2021-ci il tarixdən başlayaraq 15 il müddətinə İddiaçı icarəyə verilmiş, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 1140 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində müvafiq qeydiyyat aparılmaqla iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim olunmuşdur. AA seriyalı 142837 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, iddiaçı Ağdam rayonundan məcburi köçkündür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi əsassız olaraq barəsində inzibati xəta haqqında icraat aparılmış və iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Lakin, məhkəmə iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi olmaqla iki hissədən ibarət olmasını nəzərə alaraq hər bir hissənin ayrıca sübutetmə predmetinə malik olmasını qeyd etməyi zəruri hesab edir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı birinci instansiya məhkəməsinin inzibati xəta haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 30 gün müddətinə inzibait həbs edilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsinin qərarına əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində aparılan icraata xitam verilərək inzibati həbsdən azad edilmişdir. Hazırki iş üzrə iddiaçının 06 may 2024-cü il tarixdən 10 may 2024-cü il tarixədək həbsdə saxlanılması işin mübahisəsiz halıdır. Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar (barəsində inzibati xətaya dair işə baxılması, törətmədiyi halda 30 gün müddətinə inzibati qaydada həbs edilməsi, iddia ərizəsində qeyd etdiyi müddət ərzində əsassız yerə həbsdə saxlanılması) doğrudur. İddia ərizəsinin məzmunundan aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə həbs edilmiş, törətmədiyi inzibati xətaya görə həbsdə saxlanılması ilə əlaqədar mənəvi iztirab çəkmişdir. Məhkəmə, iddiaçının qeyd olunanlar nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə, yəni 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır.Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 500 (beş yüz) manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə iddiaçıya vurulmuş mənəvi ziyanın onun iddia tələbində göstərdiyi kimi 10.000 manat məbləğində müəyyən edilməsi üçün əsaslar müəyyən etməmişdir. Həmçinin iddia tələbinin iddiaçıya vurulması qeyd edilən maddi zərərlə bağlı hissəsini araşdıraraq məhkəmə bu nəticəyə gəlir ki, həmin hissədə iddia tələbi ümumiyyətlə əsassızdır. Belə ki, iddiaçı onun təsərrüfatına vurulmuş maddi zərərə görə 50.000 manat məbləğində pulun tutulmasını tələb etmişdir. Bununla bağlı iddiaçı onun fermer təsərrüfatında 2 inəyinin, 6 qoyununun ölməsini göstərmiş və ona məxsus 10 ha torpaq sahəsində əkdiyi arpanın kəndin heyvanları sahə yiyəsiz olduğundan məhv etdiyini göstərmişdir. İddiaçı göstərdiyi halları təsbit etməyə imkan verən heç bir sübut təqdim etməmişdir. İddiaçının təqdim etdiyi torpaq sahəsinin icarə hüququ əsasında yüklülüyü barədə çıxarışdır ki, həmin çıxarış iddiaçıya dəyən maddi zərəri təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə iddiaçının ona vurulmuş maddi zərərin ödənilməsinə dair əsaslar müəyyən etmədiyindən bu hissədə iddia təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3850/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3850/2024
31.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver