Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3853/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) X3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «mobil nömrənin addan-ada keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «mobil nömrənin addan-ada keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq iddiaçının adına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 13.02.2021-ci il tarixli məktub əsasında hazırkı iş üzrə cavabdehə müraciət edərək, ********** mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq onun adına keçirilməsi ilə bağlı aidiyyatı şəxslərə göstəriş verilməsini xahiş etsə də, lakin bu günə qədər hər hansı bir rəsmi münasibət bildirilməmişdir. Bundan başqa email vasitəsi ilə "xxxx" MMC-nin əməkdaşı tərəfindən Cavabdeh MMC-yə müraciət olunmuşdur. Lakin cavabdeh tərəfindən 211 seriyalı nömrələrin addan ada keçirilməsinə icazə verilmədiyi əsası ilə imtina verilmişdir. İddiaçı "xxxx" MMC-nin əməkdaşı olduğunu, göstərilən nömrənin öz vəsaiti hesabına alındığını, ödənişlə bağlı qəbzin olduğunu qeyd etmişdir. Cavabdeh qeyd olunan nömrənin addan ada keçirilməsi ilə bağlı imtinanın səbəblərini əsaslandırmamışdır. Hazırda mübahisə predmeti olan möbil nömrə "xxxx" MMC-nin balansındadır və "xxxx" MMC nömrənin iddiaçının adına keçirilməsi ilə bağlı iradə ifadəsinin bildirmişdir. Bundan başqa nömrənin sahibi tərəfindən nömrədən birtərəfli qaydada imtina edilməmiş, müqaviləyə xitam verilməmiş və nömrə üzərində olan hüquqlar məhdudlaşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) X4 izahat verərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, o iddiaçı ilə "xxxx" MMC-də tanış olmuş və birlikdə işləmiş, qeyd olunan mobil nömrə iddiaçı tərəfindən əldə olunaraq istifadə edilmişdir. Mədaxil qəbzində ödənişin "xxxx" MMC tərəfindən edilməsi qeyd olunsa da, ödəniş iddiaçı tərəfindən həyata keçirilmişdir. Məhkəmə iddiaçının və cavabdeh nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Müraciət və elektron cavab məktubundan görünür ki, İddiaçı ********** mobil nömrəsinin "xxxx" MMC-nin adından çıxarılaraq onun adına keçirilməsinə dair Cavabdeh MMC tərəfindən imtina cavabı verilmişdir. 16 aprel 2014-cü il tarixli 618628 saylı mədaxil qəbzindən görünür ki, "xxxx" tərəfindən ********** mobil nömrəsi üçün "xxxx" MMC-yə 250 manat məbləğində pul ödənilmişdir. 30.04.2021-ci il tarixli, ********* saylı qəbzin sürətindən görünür ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının 14 iyun 2005-ci il tarixli Qanununun: 7.2-ci maddəsinə əsasən istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora, provayderə ayrılır. 7.3-cü maddəsinə görə nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir. 40.1-ci maddəsinə əsasən müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri və operator, provayder ilə abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Məhkəmə yuxarıda sadalanan normaların tələblərini nəzərə alaraq hesab edir ki, telekommunikasiya xidmətlərinin göstərilməsi operatorla abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Lakin işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, qeyd olunan tələblərin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı ********** mobil nömrəsinin məhz onun tərəfindən edilmiş ödəniş əsasında "xxxx" MMC tərəfindən əldə olunmasını bildirsə də, bunun təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və bu halları sübuta yetirə bilməmişdir. Əksinə iş materiallarından olan 16 aprel 2014-cü il tarixli 618628 saylı mədaxil qəbzindən görünür ki, məhz "xxxx" tərəfindən ********** mobil nömrəsi üçün "xxxx" MMCyə 250 manat məbləğində pul ödənilmişdir. Həmçinin məhkəmə hesab edir ki, şahid X1 ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, şahid iddiaçının iş yoldaşı olmaqla, iddiaçının mənafeyinə uyğun ifadə vermiş, həmçinin məhkəmə tərəfindən şahid ifadəsində ********** mobil nömrəsinin məhz iddiaçı tərəfindən Bakcell MMC-yə ödəniş edilərək əldə olunmasını təsdiq edən mötəbər və əsaslı məlumatlar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki-prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «mobil nömrənin addan-ada keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası rədd edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3853/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3853/2021
24.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver