Məhkəmə qərarları › İş №2(006)-3862/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3862/2024

27.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3862/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC-yə və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit reyestrindən borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5100 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, onun Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1-1-212200010S********** saylı Kredit müqaviləsinə əsasən 14200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi ona məxsus ** BS *** dövlət qeydiyyat nişanlı, "BMW-745" minik markalı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. O, bank qarşısında öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-1722/2016 saylı qətnaməsi ilə, ondan Cavabdeh2 ASC-nin xeyrinə 8255,47 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Sözügedən kredit borcu formal olaraq onun adına götürülmüş və o, heç ipoteka ilə yüklü olan avtomobili görməmiş və heç bir vaxt idarə etməmiş, onun heç sürücülük vəsiqəsi yoxdur. O, xx.xx.2024-cü il tarixdə Ləğv prosesində olan "xxxx" ASC-nin Əmanətlərin Sığortalanması Fonduna rəsmi ərizə ilə müraciət edərək, bildirmişdir ki, qətnamə çıxarıldığı tarixdən sonra, Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən, 3000 ABŞ dolları məbləğində pul vəsaiti borcundan silinmişdir. Bundan başqa, girov qoyulmuş avtomobil xx.xx.2018-ci il tarixdə hərrac vasitəsi iəl, 5100 manata "xxxx" ASC-yə satılmışdır. Rəsmi ərizəsinə cavab olaraq Ləğv prosesində olan "xxxx" ASC-nin Əmanətlərin Sığortalanması Fondu 01 iyul 2024-cü il tarixli, №**********431 nömrəli məktubuna cavab olaraq bildirmişlər ki, "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1-1-212200010S********** saylı Kredit müqaviləsinə əsasən 14200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi ona məxsus ** BS *** dövlət qeydiyyat nişanlı, "BMW-745" minik markalı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-1722/2016 saylı qətnaməsi ilə, ondan "xxxx" ASC-nin xeyrinə 8255,47 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Sözügedən məhkəmə qərarına əsasən hesaba Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən 3800,48 ABŞ dolları məbləğində vəsait daxil olmuşdur. Tərəfinizdən isə 351,78 ABŞ dollar məbləğində ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixə sözügedən qətnamə üzrə ləğv prosesində olan "xxxx" ASC qarşısında 4.103,21 ABŞ dolları və 30 manat dövlət rüsumu borc öhdəliyi mövcuddur. Qeyd olunan borc məbləğinin ödənilməsi ona tövsiyyə olunmuşdur. "xxxx" ASC ərizəsinə olan cavabında "xxxx" MMC-nin № Y-375 protokolu ilə, "BMW-745" minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı 5100 manata satılmasını qeyd etməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin № Y-375 protokolunun surətindən görünür ki, "BMW-745" minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı 5100 manata satılmışdır, (protokol №Y- 375). Hesab etmişdir ki, irəli sürdüyü iddia tələbim tam qanuni və əsaslı olduğundan təmin edilərək, onun kredit borcundan 5100 manat silinməlidir. Sonradan iddiaçının ərizəsinə əsasən ləğv prosesində olan Cavabdeh2 ASC cavabdeh qismində cəlb edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi X2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Mərkəzləşdirilmiş Kredit Reyestrində əks olunmuş borcdan 5100 manat pulun silinməsi vəzifəsinin cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddiaçının banka borcunun mövcud olduğunu bildirməklə, onun tərəfindən heç bir ödənişin aparılmadığını qeyd etmişdir. Həmçinin izahatında bidlirmişdir ki, hərrac keçirilsə də avtomobil yararsız vəziyyətdə olduğu üçün balansa qəbul edilməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-1722/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə əsas borc üzrə 7601 ABŞ dolları, faiz borcu üzrə 654.47 ABŞ dolları, cəmi 8255.47 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması, tələbin girovla yüklü edilmiş cavabdeh İddiaçı məxsus ** BS *** dövlət qeydiyyat nişanlı “BMW-745” minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsaitin hesabına İddiaçı Cavabdeh2 ASC-yə borcunun ödənilməsi qət edilmişdir. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh2 ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən 2800.48 ABŞ dolları məbləğində vəsait daxil olmuşdur. Onun tərəfindən 351.78 ABŞ dolları məbləğində ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixə sözügedən qətnamə üzrə ləğv prosesində olan Cavabdeh2 ASC-nin qarşısında 4103.21 ABŞ dolları və 30 manat dövlət rüsumu borc öhdəliyi mövcuddur. İş materiallarında olan "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2017-ci il tarixli hesabatda ** BS *** dövlət qeydiyyat nişanlı “BMW-745” minik markalı nəqliyyat vasitəsinin qiyməti 8000 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin hərracın nəticələri haqqında xx.xx.2018-ci il tarixli yekun protokol № Y-375-dən görünür ki, ** BS *** dövlət qeydiyyat nişanlı “BMW- 745” minik markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 8000 manat, əmlakın satılmış qiyməti 5100 manat olmaqla, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan ləğv prosesində olan Cavabdeh2 ASC əmlakı 5100 manata almışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 42.4-cü maddəsinə əsasən ipotekasaxlayan ləğv prosesində olan Cavabdeh2 ASC tələbin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-1722/2016 saylı icra sənədinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixinə LPO Cavabdeh2 ASC qarşısında 3970.85 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu borc öhdəliyi mövcuddur. İpoteka predmetinin hərrac vasitəsi ilə LPO Cavabdeh2 ASC tərəfindən alınmasına baxmayaraq həmin əmlak yararsız vəziyyətdə olduğunu nəzərə alaraq LPO Cavabdeh2 ASC tərəfindən balansa götürülməmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Bakı şəhəri Xəzər rayon icra şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1722/2016 saylı icra sənədinə əsasən İddiaçı LPO Cavabdeh2 ASC qarşısında 3926.74 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu borc öhdəliyi mövcuddur. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1722/2016 saylı icra sənədinə əsasən İddiaçı tutulmalı olan borc ona məxsus ** BS *** dövlət qeydiyyat nişanlı “BMW-745” minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi nəzərdə tutulmuş, həmin əmlak 8000 manat qiymətləndirilməklə açıq hərracda LPO Cavabdeh2 ASC tərəfindən 5100 manata əldə edilmişdir. Cavabdeh tərəfin sözügedən əmlakın yararsız olması səbəbindən balansa götürülməməsi dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, girov və ipoteka hüququnun əsas təyinatı borclunun (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədiyi halda kreditorun (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüquqa malik olmasıdır. İpotekanın (girovun) məqsədi əsas öhdəliyin icrasının ipoteka (girov) predmeti hesabına təmin edilməsindən ibarətdir. Məhdud əşya hüququ olaraq ipoteka bu hüquq sahibinə (ipoteka saxlayana) borclu öhdəliyini icra etmədikdə və ya layiqincə icra etmədikdə ipoteka predmeti olan əşyanı satdıraraq əldə olunmuş vəsait hesabına tələbini təmin etmə imkanını verir. Əşyanın real dəyəri ipoteka qoyanla ipoteka saxlayan arasında razılaşdırılmaqla ipoteka predmetini təşkil edən əşyanın ilkin satış qiyməti olub konkret məbləğdə ifadə edilir. Məhkəmənin qənaətinə görə, əgər əmlaka müəyyən qiymət qoyulmaqla açıq hərracda əldə edilmişdirsə həmin əmlakın “yararsız” hesab edilməsi və məbləğin borcdan silinməsindən imtina edilməsi ipoteka institutunun prinsiplərinə ziddir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia əsaslı olmaqla təmin edilməli, Mərkəzləşdirilmiş Kredit Reyestrindən cavabdehdin avtomobilin açıq hərracda aldığı məbləğdə (5100 manat) borc İddiaçı adından silinməlidir. Məhkəmə iddianın “borcun silinməsi vəzifəsinin cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilsə də, sonuncu tam olaraq ləğv edilməmiş, onun hüquq qabiliyəti onun ləğvi barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış sayılacaqdır. Nə qədər ki, bu hal baş verməyib, ləğvetmə prosesi ərzində Cavabdeh2 ASC-nin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1722/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə İddiaçı Mərkəzləşdirilmiş Kredit Reyestrində əks olunmuş borcundan 5100 manat pulun silinməsi vəzifəsi cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1722/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə İddiaçı Mərkəzləşdirilmiş Kredit Reyestrində əks olunmuş borcundan 5100 manat pulun silinməsi vəzifəsi cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar