Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3901/2021 09.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2018-ci ilin iyun ayının 20-də Abşeron rayonu, Xırdalan şəhərində tanış olmuş, məqsəd cavabdehin onun özünə, bacısına və bacısının oğluna pensiya düzəltməsi olmuşdur. X7 tanış etmişdir. Belə ki, sonuncu Cavabdeh həyat yoldaşı Günayın əmisi oğludur. Həmin tarixdə, təqribən 20:00-21:00 radələrində iddiaçı, bacısı Gülsəba və C.Həsənovun iştirakı ilə Xırdalan şəhərində Günaya məxsus həyət evində Cavabdeh qəbzə imza atdırmaqla, şahidlərin iştirakı ilə, videoçəkiliş aparılmaqla 7000 (yeddi min) manat pul vəsaitini pensiya düzəltmək üçün Cavabdeh vermişdir. Cavabdeh onlara vəd verdi ki, 6 (altı) ayın tamamında pensiya kartlarını onlara təqdim edəcək, sənədləşmə işlərini özü həll edəcək. Düz 10 (on) ay müddətində Cavabdeh və həyat yoldaşı Günay xanım onları aldatmaqla məşğul oldu, heç bir iş görmədilər, onları aldadaraq yalan vədlər verməklə vaxt uzatdılar. Cavabdeh 04 aprel 2019cu il tarixində növbəti fırıldağa əl ataraq onları Abşeron rayonu 1 saylı Notariat kontoruna dəvət edərək adına etibarnamə yazdırdı ki, guya onun adında olan əmlaklara sərəncam verə bilər, lakin sonradan aydın oldu ki, cavabdeh bunu vaxt uzatmaq üçün etmişdi. Hər gün ona zəng etsə də, cavabdeh telefonunu tez-tez dəyişmiş, onlara isə avtomat telefonlardan zəng edirdi ki, nömrə tanınmasın. Dələduzluq əməllərinə görə Cavabdeh Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 1(012)-210/2021 saylı hökmü ilə 02(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdə cavabdehin onlardan aldatma yolu ilə 7000 (yeddi min) manat pul vəsaitini pensiya düzəltmək adı ilə mənimsəməsi təsdiq olunmuşdur. Həmçinin iddiaçı qeyd edir ki, həmin məbləğin cəmi 600 (altı yüz) manatı cavabdeh tərəfindən ona qaytarılmışdır. Cavabdeh almış olduğu pulu uzun müddət keçməsinə baxmayaraq qaytarmamış, müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüş, həmin pulla ailəsinin maddi ehtiyaclarını ödəyər, hər hansı bir ticarət işinə xərcləyərək fayda götürə bilərdi, yaxud da banka yatırıb dividend əldə edə bilərdi. Beləliklə cavabdehin dələduzluq hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Cavabdehin ona vurduğu maddi və mənəvi zərər nəticəsində səhhəti ağırlaşıb, uzun müddətdir ki, sarsıntı keçirir, əsəb sistemi pozulub. İddiaçı olaraq ona dəymiş maddi zərəri Abşeron rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli hökmünə əsasən, 6400 (altı min dörd yüz) manat, əldən çıxmış faydanın məbləğini – 2000 (iki min) min, mənəvi zərərin əvəzi olaraq - 5000(beş min) manat olmaqla, ümumilikdə 13400 (on üç min dörd yüz) manat məbləğində dəyərləndirir, həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh 16 saylı cəzaçəkmə müəssisəsində olduğuna görə iddia ərizəsinin surəti qeyd olunan müəssisəyə göndərilməklə, iddia ərizəsi ilə bağlı ona yazılı izahatın göndərilməsi təklif olunmuş, lakin o, öz yazılı izahatını məhkəməyə göndərməmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli, 1(012)-210/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilərək məhkəmə zalından həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi və ona təyin edilmiş cəzanın əvvəlinin 19.04.2021-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsinə əsasən ibtidai istintaq zamanı Cavabdeh göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 adına onun fəaliyyət göstərdiyi Abşeron rayon Vəkil Bürosunun hesabına cəmi 240 (iki yüz qırx) manat məbləğində pul keçirilməsi, zərərçəkmiş şəxs İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi müəyyən edilmişdir. Həmin hökmdən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh dindirilərkən bildirmişdir ki, ona elan olunmuş ittihamla özünü tam təqsirli bilir, həqiqətən də İddiaçı sonuncuya təqaüd düzəltməkdə köməklik edəcəyini vəd edərək, etibarından sui-istifadə etmiş, İddiaçı ümumilikdə 7000 manat almış, həmin məbləğdən 600 manatını ona qaytarsa da, qalan 6400 manat pulu isə qaytara bilməmişdir. Cavabdeh ifadəsində həmçinin İddiaçı aldığı pulu öz şəxsi ehtiyaclarına xərclədiyini də göstərmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2 və 1092.3-cü maddələrinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Bundan başqa, həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz. Göründüyü kimi cavabdehin iddiaçıya qarşı dələduzluq etməklə, ona məxsus pulu mənimsəməsi faktı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Belə olan halda, iddiaçı cavabdehdən vurulmuş maddi zərərə görə 6400 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. İddiaçının mənəvi zərərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1000 (bir min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Məhkəmə iddia tələbinin “əldən çıxmış faydanın məbləğinin - 2000 (iki min) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair tələbini isə kifayət qədər sübuta yetirilmədiyindən təmin edilməsini mümkün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurmuş olduğu maddi ziyana görə 6400 (altı min dörd yüz) manat, mənəvi ziyana görə isə 1000 (bir min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 6400 (altı min dörd yüz) manat, mənəvi ziyana görə isə 1000 (bir min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3901/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3901/2021
09.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver