Məhkəmə qərarları › İş №2(006)-3903/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3903/2021

09.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3903/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin yanvar ayında əvvəldən tanıdığı və broyler toyuqlarının topdan satışı ilə məşğul olan Cavabdeh ona yaxınlaşaraq pula ehtiyacı olduğunu bildirmiş, həmin vaxt aralarında münasibətlər normal olduğundan və Erkinin ticarət sahəsində bacarıqlı şəxs olduğunu düşünüb 2500 manat məbləğində pulu Erkinə borc şəklində vermişdir. Daha sonra həmin ilin mart ayında Erkin ondan öz istifadəsində olan nəqliyyat vasitəsinin aylıq icarə haqqını ödəyə bilmədiyindən yenidən 500 manat, lombarda olan borcuna görə isə 400 manat məbləğində borc istəmişdir. Əvəzində yenidən borc kimi 900 manat məbləğində pulu Erkinə vermişdir. Cavabdeh ümumilikdə 3400 manat məbləğində vəsaiti borc şəklində ondan almış, həmin məbləği qısa müddətə, yəni 2020-ci ilin may ayınadək qaytaracağına söz versə də hal-hazıradək borcu qaytarmamış, öz növbəsində isə onun telefon zənglərinə cavab verməməklə gizlənmiş və borcun qaytarılmasından yayınmışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh həm də tanışı olan X1 müəyyən məbləğdə borc adı ilə pul alaraq qaytarmamış və bununla bağlı X2 tərəfindən aidiyyəti üzrə Nəsimi RPİ-yə şikayət ərizəsi ünvanlanmışdır. Həmin şikayətlə Cavabdeh barəsində qanuni tədbir görülməsi xahiş olunmuşdur. Həmin ərizə üzrə Mürsəl İbrahimovdan savayı digər tanışı X3 da Polis Şöbəsinə çağrılaraq izahatları alınmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Cavabdeh həm də həmin şəxslərdən borc alaraq geri qaytarmamışdır. Cavabdeh özü də Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə dəvət edilərək izahatı alınmış, izahatında ondan qeyd edilən məbləğdə borc aldığını və hal-hazıradək qaytarmadığını etiraf etmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 3400 manat məbləğində pulun, gecikdirilmiş vaxt üçün illik beş faiz olaraq 200 manat vəsaitin və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3630 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri BPİnin Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin 20.08.2020-ci il tarixli məktubunda bildirilir ki, Cavabdeh ilə İddiaçı arasında yaranmış münasibətin mülki xarakterli olduğundan o, məhkəməyə müraciət etməlidir. İş materiallarındakı Cavabdeh Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, İddiaçı 2350 manat borclu olduğunu etiraf edir. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflər arasında borc pulun verilməsi ilə bağlı hüquq münasibətləri yaranmış, Cavabdeh İddiaçı 3400 manat məbləğində borc pul almışdır. Cavabdeh iddiaçıya olan borcunu qısa müddətə, yəni 2020ci ilin may ayıdadək qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsində iddiaçıya 2350 manat borcunun olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında şifahi müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış və cavabdeh iddiaçıya 2350 manat məbləğində (cavabdehin Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsində izahatında etiraf etdiyi məbləğdə) pul vəsaitini borclu qalmış və cavabdeh müqavilə üzrə onun üzərinə düşən öhdəliyi yerinə yetirməyərək həmin pulu iddiaçıya qaytarmamışdır. Məhkəmə həmçinin iddianın qismən təmin edilməsi hissəsində qeyd edir ki, iddiaçı tərəfindən 3400 manat borcun olduğu qeyd edilsədə, sırf həmin məbləğin 3400 olmasını təsdiq edən sübutu iddiaçı məhkəməyə təqdim edə bilmədiyindən, cavabdeh isə 3400 manatdan 2350 manat hissəsini Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsində izahatında etiraf etdiyindən iddia tələbi qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən verilmiş pulun bir illik 5% faizi miqdarında pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində də qismən təmin edilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə hesab edir ki, İddiaçı borc kimi verdiyi 2350 manat əsas borcun gecikdirilməsinə görə illik 5% olmaqla hesablanmış faiz borcu 117,50 manat (2350 x 5%=117,50) təşkil edir. Bir il müddətinin hesablanması ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi cavabdeh qeyd olunan məbləğin iddiaçıya may ayınadək qaytaracağını söz verməsi olmuş, iddiaçı isə məhkəməyə 05.05.2021-ci il tarixdə müraciət etmişdir. (05.2020-ci il tarixdən 05.05.2021-ci il tarixədək olan müddət) Həmçinin Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə əsas borc üzrə 2350 AZN (iki min üç yüz əlli), həmin borcun illik 5% olmaqla hesablanmış faiz borcu üzrə 117,50 AZN (bir yüz on yeddi manat, əlli qəpik) vəsaitin və ödənilmiş 30 AZN (otuz) məbləğində dövlət rüsumunun, ümumilikdə 2497,5 AZN (iki min dörd yüz doxsan yeddi manat, əlli qəpik) pul məbləğinin tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə əsas borc üzrə 2350 AZN (iki min üç yüz əlli), həmin borcun illik 5% olmaqla hesablanmış faiz borcu üzrə 117,50 AZN (bir yüz on yeddi manat, əlli qəpik) vəsaitin və ödənilmiş 30 AZN (otuz) məbləğində dövlət rüsumunun, ümumilikdə 2497,50 AZN (iki min dörd yüz doxsan yeddi manat, əlli qəpik) pul məbləğinin tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar