Məhkəmə qərarları › İş №2(006)-3904/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3904/2025

03.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3904/2025 03.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək haqqından qanunsuz tutulmuş vəsaitin geri qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, kredit borcunun məhkəmə qaydasında dəqiqləşdirilib dayandırılması, əmək haqqından aylıq 20 faiz həddindən yuxarı tutulmanın məhdudlaşdırılması və bankın dövlət orqanını aldatma və çaşdırmağa yönəlik hərəkətlərinə hüquqi qiymətin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək haqqından qanunsuz tutulmuş vəsaitin geri qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, kredit borcunun məhkəmə qaydasında dəqiqləşdirilib dayandırılması, əmək haqqından aylıq 20 faiz həddindən yuxarı tutulmanın məhdudlaşdırılması və bankın dövlət orqanını aldatma və çaşdırmağa yönəlik hərəkətlərinə hüquqi qiymətin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən, heç bir icra qərarı və heç bir məhkəmə qərarı olmadan onun əmək haqqı kartından xx.xx.2025-ci il tarixdə tutulan 881 manat, xx.xx.2025-ci il tarixdə tutulan 959 manat, xx.xx.2025-ci il tarixdə tutulan 176,05 manat və xx.xx.2025-ci il tarixdə tutulan 915,17 manat, cəmi 2.931 manat maddi ziyanın, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 2.000 manat təzminatın, hazırki iddia tələbinin qaldırılması üçün ödədiyi 70 manat dövlət rüsumunun, cəmi 5.001 manat vəsaitin alınıb ona verilməsi; "xxxx" ASC-yə olan borcunun müəyyən edilib sabit bir məbləğdə dayandırılaraq hər ay əmək haqqının 20 faizi məbləğində tutulmanın icra qaydasında ödənilməsi; "xxxx" ASCnin 29 may 2025-ci il tarixdə Nəsimi rayon İcra şöbəsinə göndərdiyi əsassız vədi nəticəsində icra orqanını aldatmağa hesablanmış əməllərinə hüquqi qiymətin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, «Azəriqaz» İstehsalat Birliyində işləyir və aylıq təxminən 880-950 manat əmək haqqı alır. Əmək haqqını "xxxx" ASC-yə məxsus əmək haqqı kartı vasitəsilə alır. xx.xx.2024-cü ildən etibarən müxtəlif vaxtlarda "xxxx" ASC-dən onlayn kreditlər götürmüşdür. xx.xx.2025-ci il tarixə olan məlumata əsasən "xxxx" MMC-nin hesabatına görə bank qarşısında 14.641 manat borcu var. Ailə vəziyyətilə əlaqədar olaraq bu borcları ödəməkdə çətinlik çəkir. Belə ki, Bakı şəhərində ailəsi ilə birlikdə kirayədə yaşayır, öhdəliyində 2 azyaşlı məktəbli övladı var. Aldığı maaş ailəsinin əsas ehtiyaclarını belə tam qarşılamır. Övladlarının məktəb və minimum istehlak xərcləri təxminən 500 manat civarındadır, kirayə qaldığı evə isə 400 manat məbləğində kirayə haqqı ödəyir. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə cavabdeh bank əmək haqqının bütün məbləğini müvafiq olaraq 881 və 959 manat olmaqla - onun razılığı olmadan və icra sənədi təqdim etmədən kredit borclarının ödənilməsinə yönəltmişdir. Bu hal əmək hüququnun pozulmasıdır. Əmək Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, əmək haqqından tutulma yalnız qanunla nəzərdə tutulan hallarda və ya məhkəmə qərarı əsasında mümkündür. Eyni zamanda, Əmək Məcəlləsinin 176.1-ci maddəsinə görə, əmək haqqının tutulması onun 20 faizindən artıq ola bilməz (bəzi hallar istisna olmaqla, 50 faizədək). xx.xx.2025-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və iddiası əsasında əmək haqqından tutulmanın dayandırılması barədə təminat tədbiri qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixdə Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əhmədov tərəfindən Banka «tələbin könüllü icrası haqqında bildiriş» göndərilmiş və bank həmin məktuba xx.xx.2025-ci il tarixdə cavab verərək tutulmanın olmayacağını bəyan etmişdir. Lakin eyni gün - xx.xx.2025-ci il tarixdə 176,05 manat, xx.xx.2025-ci il tarixdə isə 915,17 manat əmək haqqı qanunsuz olaraq tutulmuşdur. Bu cür hərəkətlər «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 5.1 və 32.1-ci maddələrinə zidd olmaqla yanaşı, Əmək Məcəlləsinin 174-177-ci maddələrini də pozur. Cavabdeh Bank könüllü icradan yayınmaq məqsədilə icra məmuruna yalan məzmunlu məktub göndərmişdir, bu isə «İcra haqqında» Qanunun 38.3-cü maddəsinə əsasən icradan yayınma halı sayılır. Əmək haqqının tam tutulması onun və ailəsinin sosial rifahına ciddi zərbə vurmuşdur. Uşaqlarının təhsili, qidalanması və mənzil xərclərini qarşılayacaq vəsait tapmadığına görə borca düşmüşdür. Bu isə ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. Belə bir vəziyyətdə bankın bilərəkdən bu addımları atması və icra orqanını da çaşdırması, ailəsinin maddi vəziyyətinin pisləşməsinə yönələn qanunsuz hərəkətlər həm də onu mənəvi cəhətdən sarsıtmış, bank sisteminə olan inamını itirmişdir. Eyni zamanda, hal-hazırda Bərdə rayon İcra Şöbəsində "xxxx" ASC-yə olan 4.742 manat məbləğində borcla bağlı icra işi başlamışdır. İcra məmuru Məhəmmədəli Qasımzadənin xx.xx.2025-ci il tarixli qərarına əsasən bu borc əmək haqqına yönələcəkdir. Belə olan halda əmək haqqının 50 faizindən artıq tutulması qanunla yolverilməzdir. O, öz öhdəliklərindən yayınmaq niyyətində deyil. "xxxx"na olan borcunun məhkəmə qaydasında müəyyən edilməsini və hər ay əmək haqqından maksimum 20 faiz həddində tutularaq ödənilməsini istəyir. Çünki bank qanunsuzluq edərək hər ay onun maaşından stabil pul tutur, ancaq bu pul əsas ana məbləğə heç bir təsir etmir, ödənilən vəsait yalnız cərimə ödənişlərinə gedir, bu da «Beynəlxalq Bank»ın birtərəfli mənafeyinə xidmət etməklə, vətəndaşın müflisləşməsinə hesablanmış addımdır. Lakin bankın qanunsuz hərəkətləri nəticəsində ona vurulan ziyanın aradan qaldırılmasını da tələb edir. Belə ki, "xxxx" ASC xx.xx.2025-ci il tarixdə 881 manat, xx.xx.2025-ci il tarixdə isə 959 manat, xx.xx.2025-ci il tarixdə 176,05 manat və xx.xx.2025ci il tarixdə 915,17 manat, cəmi 2.931 manat vəsaiti heç bir icra qərarı olmadan, heç bir məhkəmə qərarı olmadan onun əmək haqqından qanunsuz və əsassız yerə tutmuşdur. Həmin vəsaitlər onun əmək haqqıdır. Həmin vəsait onun maaş kartına köçmədiyi üçün 3 aydır evin kirayəsini, 2 azyaşlı övladlarının məktəb xərclərini və onların istehlak səbətini, həmçinin ailənin digər maddi ehtiyaclarını təmin etmək üçün yaxın iş yoldaşlarından, qohumlarından borclar almışdır. Həmin borcları geri qaytarmaq üçün əmək haqqından qanunsuz tutulan vəsaitin ona geri qaytarılması ədalətli olardı. Hesab edir ki, cavabdeh tərəfindən ona vurulan mənəvi ziyanın əvəzi olaraq 2.000 manatın ona ödənilməsi də ədalətli olardı. Nəzərə alınsa ki, bank həm icra şöbəsinə əmək haqqından pul tutmayacağı ilə bağlı məktub göndərməsi, maaşın köçəcəyi vədini verməsi onu arxayın etməsi, həm də əvvəlki aylarda mövcud qanunvericiliyin tələblərini pozaraq ailə vəziyyətini ağırlaşdırma hadisələrinə səbəb olması qarşılığında bu məbləğ ədalətli olardı. Banka olan kredit borcunun qalıq məbləği "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixə təxminən 15.000 manat məbləğində göstərilir. Həmin məbləğin məhkəmə tərəfindən, onun əmək haqqı kartından tutmaların geri qaytarıldıqdan sonra hesablanıb dəqiq rəqəminin müəyyən edilməsi və bundan sonra həmin kredit məbləğinin onun maaşının 20 faizi həddindən yuxarı olmamaq şərti ilə tutulma qaydası müəyyən edilməlidir. Çünki Bərdə rayon İcra Şöbəsində "xxxx" ASC-yə olan 4.742 manat borc üzrə də əmək haqqından tutma olduqda, bu icra məmuru tərəfindən 50 faiz həddində müəyyən ediləcək, belə olan halda "xxxx" ASC heç bir vəsait əldə edə bilməyəcək. Ona görə də, könüllü formada razılıq verərək maaşından 20 faiz məbləğ tutulmasına etiraz etmir. Belə olan halda Bərdə rayon İcra şöbəsi də "xxxx" ASC-yə olan borcuna görə tutmaya yönələn hərəkət etdikdə eyni faiz həddində tutma hərəkəti edəcək. Əmək haqqından geridə qalan 60 faiz həddi isə onun 2 azyaşlı övladının məktəb və istehlak xərclərinə, həmçinin kirayə ödənişlərinə kifayət edəcək. Cavabdeh bankın icra orqanına göndərdiyi əsassız məzmunlu məktub səbəbilə könüllü icradan yayınmasına, icraya tutmanın olmayacağı vədi verərək, de-fakto tutma hərəkəti etməsinə də məhkəmə hüquqi qiymət verməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh tərəfindən təqdim edilmiş iddia ərizəsinə münasibətdə göstərilmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, iddiaçı "xxxx" ASC tərəfindən onun əmək haqqından qanunsuz olaraq tutulduğunu iddia etdiyi pul vəsaitlərinin ona ödənilməsini, bankın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərə görə çəkdiyi mənəvi iztirabın qarşılığı olaraq 2.000 manat pulun ona ödənilməsini, banka olan kredit borcunun sabit məbləğdə müəyyən olunaraq hər ay əmək haqqının 20 %-nə yönəldilməklə tutulmasını, Bankın iddiaçının əmək haqqından tutma aparılmayacağı barədə icra şöbəsinə verdiyi cavab məktubuna hüquqi qiymət verilməsini xahiş edir. 1-ci halla bağlı qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış TL- EE002796474 nömrəli tam kart kredit müqaviləsi ilə bank tərəfindən iddiaçıya verilmiş kredit üzrə borcun əmək haqqı hesabından akseptsiz qaydada silinməsinə razılıq vermişdir. Sözügedən müqavilənin 15.3-cü bəndinə əsasən müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, Tam kart məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş, sonuncu tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərdə müəyyən edilmiş müvafiq müddəalarla tanışdır və ona sadalanan məsələlər, həmçinin Tam kartdan istifadə qaydası və şərtləri (həm kredit, həm debet və ya əmək haqqı funksiyaları üzrə), o cümlədən Taksit və Cashback əməliyyatları, xidmət haqqı və tariflər, Tam kartın qüvvədə olma müddəti, Müştərinin sərəncamı olmadan (akseptsiz qaydada) Hesablardan vəsaitin silinməsi şərtləri, Tam kartla aparılan əməliyyatlar üzrə limitlər, faiz dərəcələrinin müəyyən olunması və ya dəyişdirilməsi/ləğvi, habelə texniki overdraftların kredit xətti kimi nəzərə alınması/rəsmiləşdirilməsi barədə ABB tərəfindən məlumat verilmişdir. Xüsusilə də müqaviləyə əlavə olaraq müştəri tərəfindən təsdiq edilmiş razılıq ərizəsinə əsasən iddiaçı "xxxx" ASC arasında imzalanmış xx.xx.2024 tarixli, TL- EE002796474 nörməli Tam kart müqaviləsinə əsasən nağd kredit(lər) və kredit xətt(lər)i üzrə ödəniş gecikdirildikdə, ödənilməli olan aylıq ödəniş məbləğinin və gecikdirilmiş əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun, Bankda olan əmək haqqı, pensiya və digər hesablarından akseptsiz qaydada bloklaşdırılmaqla silinməsinə razılıq verir. İddiaçı qeyd olunan müqaviləni bank tərəfindən göndərilən OTP vasitəsilə bağlayaraq onlayn qaydada rəsmiləşdirmişdir. Bu hal (müqavilənin onun iradəsi ilə bağlanması) iddiaçı tərəfindən mübahisələndirilmir. Bu zaman tərəflər arasında razılaşdırılmalı bütün şərtlər və onlara dair müvafiq sənədlər tanış olması üçün iddiaçıya mobil tətbiq vasitəsi ilə təqdim edilmiş, məhz həmin sənədlərlə bütünlüklə tanış olduqdan və bütün səhifələri çevirərək ən sonuncu səhifəyə çatmaqla təsdiq düyməsinə toxunaraq OTP kodunu almış və yeni açılmış pəncərədə müvafiq xanalara daxil edərək həmin şərtlərə razılığını ifadə etmişdir. Təkrarən vurğulanmalıdır ki, iddiaçı yuxarıda qeyd olunan müqavilə və ona dair bütün sənədlərlə tanış olmadan bankdan OTP kodunu əldə etməsi mümkün deyildir. Nümunə olaraq hamıya açıq olan və onlayn kredit götürməyə imkan verən "xxxx" ASC-yə aid saytda «Onlayn kredit sifarişi» bölməsində kredit əldə etmək üçün video təlimat yüklənmişdir, onlayn kredit sifariş edən şəxslər bu təlimatla tanışa ola bilərlər və kredit sifarişinin bütün prosesləri təlimatla eyni qaydada həyata keçirilir. Həmin təlimatdan da iddiaçının sənədlərlə tanış olmasına imkan yaradıldığı, hətta o, buna məcbur edildiyi və şərtlərin ona uyğun olmaması və şərtlərlə razı olmasına dair iki fərqli seçim verildiyi, məhz razılığını ifadə etdikdən sonra kredit müqaviləsinin rəsmiləşdirilməsinə dair OTP göndərildiyi və müqavilə bağlandığı aydın olur. Yəni iddiaçı həm müqavilə, həm də akspetsiz silinmə ilə bağlı razılıq ərizəsi ilə tanış olmuş və razılığını ona göndərilmiş OTP kod vasitəsi ilə bildirmişdir. Göründüyü kimi, mülki qanunvericilik müştərinin hesabından onun sərəncamı olmadan silinmə aparılmasına 3 halda icazə vermişdir: bu cür silinmənin aparılmasının məhkəmə qərarından irəli gəlməsi; müştərinin hesabından onun sərəncamı olmadan silinmə aparılmasına qanunvericiliklə yol verildiyi hallar; bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallar. Bankla iddiaçı arasında bağlanmış müqavilədə müştərinin onun sərəncamı olmadan hansı halda bank tərəfindən onun hesabından silinmə aparıldığı aydın qeyd edilmişdir. Yəni bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 964.2-ci maddəsinə uyğun olaraq müştərinin sərəncamı olmadan bank tərəfindən hesabdan müvafiq silinmələrin aparılmasına əsas verir. Qeyd olunanlara əsasən iddiaçının sərəncamı olmadan bankın onun hesabından kredit borcuna silinmələr aparılmasının qanuni olmasını aydınlığa gətirdikdən sonra bank tərəfindən iddiaçının hesabından tutulmuş vəsaitlərə diqqət etdikdə görünür ki, xx.xx.2025-ci il tarixdə 175,06 manat pul iddiaçının ******************** nömrəli bank hesabından akseptsiz qaydada silinmişdir. Bu hesab əmək haqqı hesabı olmadığından qanunvericilikdə akseptsiz qaydada silinmə məbləğləri barədə hər hansı məhdudiyyət müəyyən edilməmişdir. Yəni bank bu hesabda olan pul vəsaitlərindən kredit borcuna silinmə aparması qanunla qadağan olunan hal olmayıb, iddiaçının qanunla qorunan hər hansı hüquqlarını pozmur. İddiaçının ******************** nömrəli əmək haqqı hesabına xx.xx.2025-ci il tarixdə 881,88 manat pulun mədaxil əməliyyatından sonra xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025ci il tarixdə 381,88 manat; xx.xx.2025-ci il tarixdə 959,19 manat pulun mədaxil əməliyyatından sonra 500 manat; xx.xx.2025-ci il tarixdə 915,17 manat pulun mədaxil əməliyyatından sonra xx.xx.2025-ci il tarixdə 205,26 manat və 458 manat pul iddiaçının tam kart kredit borcuna silinmişdir. Sonuncu silinmə əməliyyatı zamanı bankın texniki sistem əməliyyatları zamanı iddiaçının əmək haqqından qanunla müəyyən olunmuş həddən artıq silinmə aparıldığı müəyyən edilmiş və silinmiş 205,26 manat pul vəsaiti hesaba bərpa edilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli mədaxil əməliyyatından sonra 440 manat vəsaitin, xx.xx.2025-ci il tarixli mədaxil əməliyyatından sonra isə 20 manat pul vəsaitinin artıq silindiyi müəyyən edilmişdir. İddiaçının əlavə faiz borcunun yaranmaması məqsədi ilə borca silinmiş ödənişləri hesaba geri bərpa edilməmiş, qarşılığında növbəti ayın əmək haqqından hər hansı silinmə əməliyyatı aparılmamışdır. Belə ki, sözügedən hesaba xx.xx.2025-ci il tarixdə 905,45 manat pul vəsaiti mədaxil edilmişdir. Bank həmin vəsaitdən akseptsiz qaydada 452 manat məbləğində silinmə aparmaq hüququnu realizə etməmiş və bütün vəsait üzərində iddiaçının sərəncam verməsinə şərait yaratmışdır. Bununla da, iddiaçıya maddi zərər vuracaq hesaba bərpa əməliyyatından deyil, bankın öz hüququnu realizə etməməsi yolu ilə balans bərpa edilmişdir. Yəni hazırda iddiaçının hər hansı pozulmuş hüququnun məhkəmə müdafiəsindən söhbət gedə bilməz. İddiaçının pozulmuş hüququ bank tərəfindən məhkəməyədək iddiaçının mənafelərinə uyğun qaydada bərpa edilmişdir. İddiaçı mənəvi zərərin əvəzi olaraq pul vəsaitin ödənilməsini tələb etsə də, bu tələbini əsaslılığına dəlalət edən hər hansı sübut təqdim etməmiş, mənəvi sarsıntı keçirməsini «bank sisteminə olan inamını itirməsi», «maddi vəziyyətinin pisləşməsinə səbəb olan bankın hərəkətləri» kimi formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Banka olan kredit borcunun sabit məbləğdə müəyyən olunaraq hər ay əmək haqqının 20%-nə yönəldilməklə tutulması hissəsində iddia tələbləri ilə bağlı bildirilməldir ki, iddiaçı hazırda tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsızlığını mübahisələndirmir, müqavilə qüvvədə olmaqla tərəflər arasındakı münasibətlərin məzmununu müəyyən edir. Bu müqavilə ilə kredit limitinin məbləği, ödənilməsi qaydası və tərəflər arasında qarşılıqlı razılıq əldə edilməli məqamlar tənzimlənmişdir. Eyni zamanda iddiaçının kredit borcu barədə məlumatlar ona açıq məlumatlar olub, istər «ABB Mobile» mobil tətbiqindən, istərsə də banka yaxınlaşmaqla əldə etmək imkanına sahibdir. Bu hissədə iddia tələbinin hər hansı mahiyyəti, bu məzmunlu iddianın məhkəmədə qaldırılmasını zəruri edən hər hansı hal mövcud deyil. Həmçinin «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 iyul 2023-cü il tarixli Plenum Qərarında Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 35-ci maddələrinin, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq, əmək haqqının sosial- iqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın əlli faiz həddində aparılması mümkün hesab edilmişdir. Yəni iddiaçının əmək haqqından 50% həcmində tutuma aparılması qanunla yol verilən hal olub, iddiaçının hüquqlarını pozmur. Bankın iddiaçının əmək haqqından tutma aparılmayacağı barədə icra şöbəsinə verdiyi cavab məktubuna hüquqi qiymət verilməsi hissəsində iddia tələbləri ilə bağlı qeyd edilməlidir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(006)-276/2025 saylı qərardadı ilə İddiaçı Fəxrəddin oğlunun əmək haqqından 50%-dən artıq tutma aparılmaması qərara alınmışdır. Qərardad əsasında verilmiş icra vərəqəsi Nəsimi rayon İcra Şöbəsinin icra barədə müşayiət məktubu ilə banka daxil olmuş və icrası bank tərəfindən təmin edilmişdir. İddiaçı məhkəməyə yanlış informasiya verərək qərarın onun əmək haqqından heç bir tutulma aparılmaması barədə olması və bankın bu məzmunda icra şöbəsinə cavab məktubu təqdim etməsini qeyd etsə də, bu hallar reallığı əks etdirmir. Qeyd olunanlara əsaslanaraq, İddiaçı Fəxrəddin oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi, borc məbləğinin müəyyən edilməsi» tələbinə dair iddiasının tamamilə əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(006)-276/2025 saylı qərardadından görünür ki, İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi qismən təmin edilmiş, onun əmək haqqı kartından 50 % həddindən artıq hissədə tutulmaların aparılması "xxxx" ASC-yə qadağan edilmişdir. Müvəqqəti təminat tədbiri barədə qərardadın qüvvədən düşəcəyi tarix 23 iyun 2025-ci il müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(006)-276/2025 saylı qərardadı üzrə verilmiş icra sənədi icraata qəbul olunmuşdur. İddiaçı məxsus ******************** nömrəli hesabdan xx.xx.2024-xx.xx.2025-ci il tarixlərini əhatə edən çıxarışın surətindən görünür ki, hesab üzrə xx.xx.2025-ci il tarixdə 176,05 manat əqd üzrə silinmə həyata keçirilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, bank Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə məlumat verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(006)-276/2025 saylı qərardadı üzrə verilmiş icra sənədində göstərilən bütün tələblər bank tərəfindən könüllü icra üçün nəzərdə tutulmuş müddət daxilində dərhal icra edilmişdir. Bərdə rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bərdə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ-11188 reyestr saylı icra qeydi icraata qəbul olunmuşdur. Həmin icra qeydinə əsasən İddiaçı cəmi 4.742,90 manat pul vəsaiti tutularaq "xxxx" ASCyə ödənilməlidir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli SR8871 nömrəli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 15000 manat kredit məbləğini almış və xx.xx.2025-ci il tarixə 14.641,23 manat əsas, 234,22 manat faiz borcu yaranmışdır. "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış TL-EE002796474 nömrəli tam kart kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı üçün 59 ay müddətinə illik 24% olmaqla 15.000 manatadək kredit xətti açılmışdır. Sözügedən müqavilənin 15.3cü bəndinə əsasən müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, Tam kart məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş, sonuncu tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərdə müəyyən edilmiş müvafiq müddəalarla tanışdır və ona sadalanan məsələlər, həmçinin Tam kartdan istifadə qaydası və şərtləri (həm kredit, həm debet və ya əmək haqqı funksiyaları üzrə), o cümlədən Taksit və Cashback əməliyyatları, xidmət haqqı və tariflər, Tam kartın qüvvədə olma müddəti, Müştərinin sərəncamı olmadan (akseptsiz qaydada) Hesablardan vəsaitin silinməsi şərtləri, Tam kartla aparılan əməliyyatlar üzrə limitlər, faiz dərəcələrinin müəyyən olunması və ya dəyişdirilməsi/ləğvi, habelə texniki overdraftların kredit xətti kimi nəzərə alınması/rəsmiləşdirilməsi barədə ABB tərəfindən məlumat verilmişdir. "xxxx" ASC ABB Müştəri Xidməti Departamenti tərəfindən tərtib edilmiş fiziki şəxslər üçün kredit sifarişi sənədindən görünür ki, İddiaçı istehlak məqsədi ilə 35 ay müddətinə 15.000 manat məbləğində kredit sifariş vermişdir. İddiaçı tərəfindən "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixdə ünvanlanmış razılıq ərizəsinin surətindən görünür ki, kredit xətt(lər)i üzrə ödəniş gecikdirildikdə, ödənilməli olan aylıq ödəniş məbləğinin və gecikdirilmiş əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun, bankda olan əmək haqqı, pensiya və digər hesablarından akseptsiz qaydada bloklaşdırılmaqla silinməsinə razılıq vermişdir. xx.xx.2025-xx.xx.2025-ci il tarixlərini əhatə edən İddiaçı məxsus ******************** nömrəli hesabdan çıxarışın surətindən görünür ki, hesabdan xx.xx.2025-ci il tarixdə 245,58 manat, xx.xx.2025-ci il tarixdə 15,36 manat, xx.xx.2025-ci il tarixdə 1 manat, xx.xx.2025-ci il tarixdə 0,88 manat, xx.xx.2025-ci il tarixində 0,96 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 381,88 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 663,26 manat, xx.xx.2025-ci il tarixdə 0,26 manat və xx.xx.2025-ci il tarixdə 0,45 manat əqd üzrə silinmələr həyata keçirilmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixdə tutulmuş məbləğdən 205,26 manat xx.xx.2025-ci il tarixdə iddiaçıya qaytarılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə verilmiş kredit (35 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə, 15.000 manat həcmində) üzrə xx.xx.2025-ci il tarixə 14.262,39 manat əsas borc, 346,01 manat faiz olmaqla, 14.608,40 manat borcu vardır. xx.xx.2025-ci il tarixli 2542 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 70,60 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. 966-cı maddəsinə əsasən müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 35-ci maddələrinin, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq, əmək haqqının sosialiqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın əlli faiz həddində aparılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx.xx.2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.» Hazırkı mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edilməlidir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə iddiaçının iddia tələblərinin akseptsiz qaydada tutulmalara dair dəlilləri ilə bağlı bildirir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcuddur və müqavilə şərtlərinə, habelə qanunvericiliyin yol verdiyi tənzimləməyə uyğun olaraq kreditor bank tərəfindən borcalanın hesablarından akseptsiz qaydada tutulmalar aparılmışdır. Bank tərəfindən müəyyən edilmiş həddən artıq tutulma aparılması aydın olsa da,lakin yol verilmiş yalnışlığın aradan qaldırılması məqsədilə artıq tutulmuş məbləğ iddiaçıya geri qaytarılmış, digər halda isə borcalanın sonrakı ay üçün hesabından tutulma həyata keçirilməmiş və artıq tutulmuş məbləğ növbəti ayın kredit borcuna hesablanaraq silinmişdir. Məhkəmə bu hissədə iddia tələbi ilə bağlı bildirir ki, iddiaçının bildirməsinə görə əsassız tutulmuş məbləğ mövcud deyildir və belə olan halda bankdan hər hansı məbləğin geri qaytarılması tələbi təmin edilə bilməz. Qeyd edilməlidir ki, bank tərəfindən müvəqqəti təminat tədbiri barədə qərardad qəbul edilənədək aparılmış tutulmaların əsassız hesab edilməsinə qiymət verilməsi mümkün deyildir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş müvəqqəti təminat tədbiri barədə qərardad qəbul edildikdən sonra əmək haqqının 50%-i hissəsində aparılan tutulmalarla bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə onun hesabından 176,05 manatın silindiyini bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin məbləğin silindiyi hesab iddiaçının əmək haqqı hesabı deyildir, belə olan halda bu hesab məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadının təsiri altına düşmür. xx.xx.2025-ci il tarixdə aparılmış tutulma ilə bağlı müəyyən edilir ki, şəxsin hesabına 915,70 manat pul mədaxil olmuş, həmin məbləğdən 205,26 manat silinsə də, dərhal geri qaytarılmışdır. Həmin ay üçün tutulmuş məbləğ 458,00 manat təşkil etmişdir. Yəni iddiaçının sanki onun əmək haqqından 915,17 manat tutulması barədə dəlili təkzib olunur.Beləliklə iddiaçının bank tərəfindən 2931 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinin əsassızlığı tam aydındır. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, şəxsin yetərli vəsaitlərə malik olmaması fonunda banklardan götürmüş olduğu kredit borcları qarşısında düşmüş olduğu vəziyyət hər nə qədər anlaşılan olsa da, hazırki iddia tələbinin yönəldiyi bankın iddiaçıya mənəvi zərər vurulması ilə nəticələnən əməli müəyyən edilmədiyindən iddia bu hissədə də əsassız hesab edilir. İddiaçının borcunun müəyyən edilib sabit bir məbləğdə dayandırılaraq hər ay əmək haqqının 20%-i məbləğində tutulmanın icra qaydasında ödənilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında qüvvədə olan müqavilənin və iddiaçının əmək haqqından tutulmanın 50% həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qərardadının mövcudluğu nəzərə alınmaqla iddiaçı qeyd edilən məsələni borcun restrukturizasiya edilməklə bankla yeni müqavilənin bağlanması yolu ilə həll etmək hüququna malikdir. Nəhayət iddia tələbinin "xxxx" ASC-nin 29 may 2025-ci il tarixdə Nəsimi rayon İcra şöbəsinə göndərdiyi əsassız vədi nəticəsində icra orqanını aldatmağa hesablanmış əməllərinə hüquqi qiymətin verilməsi hissəsi ilə məhkəmə bildirir ki, bank ondan məhkəmə qərardadı ilə müəyyən edilmiş tələbin icrası barədə icra qurumuna məlumat vermişdir. Bank həmin məktubunda hər hansı vədlə çıxış etməmişdir.Sonrakı mərhələdə bankın müəyyən edilmiş məbləğdən artıq apardığı tutulma isə hesaba geri qaytarılmaqla mübahisəli hal bank tərəfindən aradan qaldırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəmə tərəfindən toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, bank tərəfindən iddiaçının hər hansı hüquqları pozulmamış, bank tərəfindən hər hansı qanunazidd hərəkət və ya hərəkətsizliyə yol verilməmiş, bank tərəfindən akseptsiz qaydada tutulmalar müəyyən edilmiş qaydada aparılmış, iddiaçıya hər hansı maddi və mənəvi zərər vurulmamışdır. Bu səbəbdən, iddia tələbi təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək haqqından qanunsuz tutulmuş vəsaitin geri qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, kredit borcunun məhkəmə qaydasında dəqiqləşdirilib dayandırılması, əmək haqqından aylıq 20 faiz həddindən yuxarı tutulmanın məhdudlaşdırılması və bankın dövlət orqanını aldatma və çaşdırmağa yönəlik hərəkətlərinə hüquqi qiymətin verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 70,60 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək haqqından qanunsuz tutulmuş vəsaitin geri qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, kredit borcunun məhkəmə qaydasında dəqiqləşdirilib dayandırılması, əmək haqqından aylıq 20 faiz həddindən yuxarı tutulmanın məhdudlaşdırılması və bankın dövlət orqanını aldatma və çaşdırmağa yönəlik hərəkətlərinə hüquqi qiymətin verilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 70,60 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar