Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3915/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, bina 44, 31 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməklə, onun həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti texniki inventarlaşdırma və mülkiyyət hüquqlarını qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, seriya ÖM, 205144 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, bina 44, 31 saylı mənzil onun tam mülkiyyətindədir. xx xxxx 1988-ci il təvəllüdlü oğlu X3 2010-cu il 04 aprel tarixindən Rusiya Federasiyasına gediş etdiyi zamandan onunla daha yaşamamış, 2019-cu ilin mart ayında Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyinə əsasən törətdiyi cinayət əməlinə görə cəza çəkmə müəssisəsindən azad olunduqdan sonra evə qonaq kimi gəlib getmiş və onunla yaşamamış, kirayə qalmış və hal-hazırda 2020-ci ilin avqust ayından hətta telefon və heç bir əlaqəsi yoxdur və onun mənzilinə daha gəlməmişdir. Göründüyü kimi bu şəxs cəza çəkmə müəssisəsindən azad olunduqdan sonra tüfeyli həyat yaşayır və ailəsinin yaşam prinsiplərinə uyğun gəlmir. Ümumiyyətlə o şəxsə bir övlad və yaxud oğul kimi baxmır. Əvvəl keçirilmiş məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2004-cü il tarixli ÖM seriyalı 205144 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, ev 44 ünvanında yerləşən 31 saylı mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, ev 44 ünvanında yerləşən 31 saylı mənzildə qeydiyyatdadır. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 082-34772-1222 saylı cavab məktubundan görünür ki, cavabdeh ünvan 2 ünvanına xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə tədqiqatı zamanı zamanı müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, ev 44 ünvanında yerləşən 31 saylı mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmaqla xx.xx.2004-cü il tarixli ÖM seriyalı 205144 saylı Qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. Cavabdeh xx.xx.2009-cu ildən iddiaçıya məxsus mənzilə qeydiyyata düşmüş, lakin o, 2010-cu ildən həmin mənzildə yaşamamışdır. Göründüyü kimi iddiaçı mübahisə predmeti olan mənzilə xx.xx.2009-cu il tarixdə qeydiyyata düşdüyündən hazırki hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Sözügedən mənzil 2004-cü il tarixdən iddiaçının mülkiyyətindədir və iddiaçının oğlu olan cavabdeh 2009-cu il tarixdən bu mənzilə pasport qeydiyyatına alınmışdır. Cavabdehin 2010-cu ildən həmin mənzildən getməsi və hazıradək geri qayıtmaması, onun hazırda sözügedən yaşayış sahəsinə ehtiyacının olmamasına dəlalət edir. Beləliklə, cavabdehin sözügedən yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından onun həmin mənzilə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi mümkündür ki, bu halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddia tələbinin digər cavabdehin mənzildən qeydiyyatdan çıxarılma hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, hazırda cavabdehin yaşayış sahəsinə olan istifadə hüququna yuxarıda göstərilən əsaslarla xitam verildiyindən onun həmin yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşıyır. Həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehin evə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda qeyd olunan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, cavabdehin həmin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, bina 44, 31 saylı mənzilə istifadə hüquqlarına xitam verilsin və Cavabdeh həmin mənzildən pasport qeydiyyatından çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3915/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3915/2022
27.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver