Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-393/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas karibi X4, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı6, Cavabdeh2, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, qanunsuz hətəkətlərin dayandırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, sakinləri olduqları Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın cavabdehlərə məxsus birinci mərtəbəsində və blokda qanunsuz fəaliyyət göstərən obyektlərin fəaliyyətinə qadağa qoyulması və birgə yaşayış qaydalarına riayət edilməsi vəzifəsinin cavabdehlərə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşadıqları Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın birinci mərtəbəsi cavabdehlərə məxsusdur. Lakin, cavabdehlər özlərinə məxsus birinci mərtəbədə yerləşən yaşayış mənzillərini qanunsuz olaraq qeyri-yaşayış sahəsi kimi istifadə etməklə orada müxtəlif obyektlər yaradaraq (dönərxana, dükan, aviabilet satışı ilə məşğul olan şirkət, dərzi, bərbər və pinəçi dükanları) icarəyə vermişlər. Blokun içində isə dönərxana üçün otaq tikilmiş və oranı həm də pivəxanaya çevirmişlər. Qeyd olunan obyektlərə gün ərzində çoxlu sayda insanlar giribçıxır, obyektlərin qapıları isə bloka açılır. Blokda anti-sanitariya hökm sürür. Dönər yemək üçün insanlar blokda yerləşən otağa girir, orada spirtli içki qəbul edir və nalayiq söyüşlər söyürlər. Dönərxanadan gələn qoxunun və alış-veriş edən insanların səs-küyündən ümumi yaşayış sahəsindən istifadə etmək mümkün deyildir. Dəfərlərlə müxtəlif qurumlara müraciət etməklərinə baxmayaraq cavabdehlərin qanunazidd hərəkətləri barədə heç bir tədbir görülmür. Cavabdehlərə narazılıqlarını bildirdikdə isə, onlar heç kimi saymadıqlarını, heç kimdən çəkinmədiklərini söyləyirlər. Cavabdehlər həmçinin, yaşadıqları binanın zirzəmisini qazmaqla dayaqları götürmüş və zirzəmini də ticarət obyektinə çevirmişlər. Yaşadıqları bina təhlükə mənbəyinə çevrilməklə yaşayışlarını qorxu hissi ilə doldurmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Daha sonra iddiaçılar iddia ərizəsinə dəqiqləşdirmələr təqdim edərək, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239 saylı evin giriş dəhlizində və pilləkən qəfəsində Cavabdeh1 istifadəsində olan 24,5 kv.metr qeyri-yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililərin özbaşına tikili hesab edilməsi, həmin tikililərin Cavabdeh1 hesabına sökülməsinin təmin edilməsi, Cavabdeh2 istifadəsindəki mənzil sahəsinin pəncərəsini sökülməklə əvəzində açılmış giriş qapısının qarşısında taxta pilləkənin sökülərək həmin qapının Cavabdeh2 hesabına qapadılmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olduğundan məhkəmə ərizələri mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı6 iddia tələblərinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin ona aid olan hissədə qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı6 ünvan 1 ünvanında qeydiyyatda olan hal-hazırda faktiki olaraq həmin ünvanda yaşamayanlar tərəfindən ona qarşı verdikləri iş üzrə qaldırılmış iddia tələbi ədalətsiz, qanunsuz, şər və böhtandır. Bunun üçün də, iddia tələbinin qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməsini və baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, mülki iş üzrə məhkəməyə təqdim edilmiş ekspertizanın rəyində gediş-gəlişə hər hansı bir maneə olduğu bildirilməyib. 30.4 kv.metr Cavabdeh1 mülkiyyətindədir, 24.5 kv.metr sahə üzrə isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürülüb. X3 buna qarşı heç bir etiraz irəli sürməmişdir. Cavabdeh 2004-cü il tarixdən etibarən vergi ödəyicisidir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin bununla bağlı sərəncamı da mövcuddur. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. İş üzrə cavabdeh qismində iştirak edən Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin və üçüncü şəxsin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasın cavabdehin və üçüncü şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il, 650 №-li; xx.xx.2021-ci il, 302 №-li; xx.xx.2021-ci il, 652 №-li; xx.xx.2021-ci il, 651 №-li Arayışlardan və AR Şəxsiyyət Vəsiqəsinin surətlərindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3 Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 33, mənzil 3; İddiaçı6, X2 və İddiaçı5 ünvan 2 ünvanında yaşayırlar. Bunu iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Akt da təsdiq edir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 239 saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 216 nömrəli reyestr kitabının 20319 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair Arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 239 saylı qeyri-yaşayış sahəsinin obyektin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2018-ci il tarixinə bazar dəyəri 395.000 manat təşkil edir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.1172 ha torpaq sahəsində yerləşən 239/8 nömrəli, 3 mərtəbəli binanın 1-ci mərtəbəsində, 30.0 kv.m ümumi, 18.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən 374 nömrəli reyestr kitabının 34879 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan X6 X1 Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən Cavabdeh1 adına qeydiyyata alınan ictimai iaşə obyekti (“Ləzzət Dönər” sürətli ictimai iaşə müəssisəsi) restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər göstərir. İş materiallarında olan 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən AR Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı binada vətəndaş Cavabdeh1 məxsus 2 saylı mənzilin altında yerləşən zirzəmidəki sahəsi 44,5 m2 olan qeyri-yaşayış sahəsinin onun tərəfindən icarəyə götürülməsinə və gələcəkdə özəlləşdirilməsinə 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi etiraz etməmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli İcarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 239 ünvanında yerləşən ümumi sahəsi 51.4 kv/m olan qeyri-yaşayış sahəsi Cavabdeh3 tərəfindən Cavabdeh2 icarəyə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 28 fevral 2022-ci il tarixli, 67 №-li Sərəncamından görünür ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzili DƏDRX-nin Seriya-MH, ******* nömrəli, xx.xx.2007ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 30.0 kv.metr-dən ibarət olmaqla tam mülkiyyət hüququ ilə vətəndaş Cavabdeh1 məxsusdur. Ünvanda aparılan yenidən ölçmə zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus sözügedən mənzilin faktiki ümumi sahəsi 60.0 kv.metr təşkil edir. Bu sərəncam əsasında Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzilinin ümumi sahəsi 60.0 kv.metr hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti MKTB-nin 17 saylı MKİS-nin 143 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 237 və 239 saylı yaşayış binalarının fasad üzlükləri, binaların ətrafındakı dəmir barmaqlıqlı hasarlar və binalara giriş pilləkənlərin "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6225/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2022ci il tarixli, 10/6160 №-li ekspert rəyindən görünür ki, Cavabdeh1 istifadəsində olan sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi, həmin mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinin AR Mənzil Məcəlləsinin tələblərinə uyğun olmadığı müəyyən edilmiş, Cavabdeh2 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin hüquqmüəyyənedici sənədlərdə qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasını nəzərə alaraq, həmin sahəsinin AR Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq istifadə edildiyi müəyyən edilmiş, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın birinci mərtəbəsində, Cavabdeh2 istifadəsində olan qeyri-yaşayış sahəsində həmin qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 04/2524 invertar nömrəli Texniki Paportda qeyd olunanlardan əlavə artırma tikililərin mövcud olmadığı müəyyən edilmiş, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın birinci mərtəbəsində, Cavabdeh1 faktiki istifadəsində olan sahədə Cavabdeh1 məxsus mənzilin planına qeyd olunmuş ümumi sahəsi 30,7 kv.m sahədən əlavə 24,5 kv.m sahənin mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (AR MM) 228.4-cü, 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 172.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir; 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir; 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır; 14.2-ci maddəsinə əsasən, yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın; 14.3-cü maddəsinə əsasən, yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir. Beləliklə, məhkəmə baxışı iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 239 ünvanında yerləşən 51.4 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh3 mülkiyyətindədir. O, icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 239 ünvanında yerləşən 51.4 kv.metr olan qeyri-yaşayış sahəsini oğlu Cavabdeh2 icarəyə vermişdir. Cavabdeh2 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsi hüquqmüəyyənedici sənədlərdə qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmışdır. Lakin, digər Cavabdeh1 məxsus həmin ünvanda yerləşən ümumi sahəsi 30,7 kv.m sahədən əlavə 24,5 kv.m sahənin mövcud olduğu müəyyən edilmişdir. Həmin əlavə sahənin Cavabdeh1 tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi, həmin mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, Cavabdeh1 faktiki istifadəsində olan sahədə ona məxsus mənzilin planında qeyd olunmuş ümumi sahədən əlavə 24.5 kv.metr sahənin mövcudluğu müəyyən edilmiş və həmin sahənin 12.3 kv.metr hissəsi yaşayış binasının pilləkən qəfəsinin alt hissəsində, 12.2 kv. metr hissəsi isə cavabdehə məxsus mənzilin planında göstərilmiş giriş qapısının (dəhlizin) önündə yerləşdirilmişdir. Həmin sahələri Cavabdeh1 qeyri-yaşayış sahəsi kimi istifadə edir, yaşayış binasının girişində (blokun içində) dönər xana və pivəxana işlədir, blokda antisanitariya hökm sürür, dönər yemək üçün insanlar blokda yerləşən otağa girir, orada spirtli içki qəbul edir və nalayiq söyüşlər söyürlər. Dönər xanadan gələn qoxu və alış-veriş edən insanların səs-küyündən ümumi yaşayış sahəsindən istifadə etmək mümkünsüzdür. Bu da həmin blokun yuxarı mərtəbələrində yaşayan şəxslərin mülkiyyət hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması deməkdir, həmçinin onların həyatı və sağlamlığı üçün təhlükə yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 tərəfindən məhkəməyə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının “vətəndaş Cavabdeh1 məxsus mənzilin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” 67 saylı, xx.xx.2022-ci il tarixli Sərəncam təqdim edilmişdir. Həmin Sərəncamda qeyd edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan yaşayış sahəsinin ümumi ölçüsü 30.0 kv.metr təşkil edir. Yenidən ölçmə zamanı mənzilin faktiki ümumi sahəsi 60.0 kv.metr hesablanmış və olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Məhkəmə hesab edir ki, həmin sənəd iş üzrə sübut kimi qəbul edilə bilməz, belə ki, Sərəncam məhkəmə gedişi zamanı verilmiş və hər bir halda əlavə tikintilərin altında olan 24.5 kv.metrdən ibarət sahədə Cavabdeh1 tərəfindən aparılmış tikinti-quraşdırma işləri qanunsuzdur, tikinti norma və qaydalara, binanın layihəsinə uyğun deyil, aparılmış tikintiquraşdırma işləri nəticəsində binanın ümumi girişi bağlanmış və həmin binada yaşayan sakinlərə mənzillərinə keçmək üçün maneçilik yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh2 istifadəsindəki mənzil sahəsinin pəncərəsini sökülməklə əvəzində açılmış giriş qapısının qarşısında taxta pilləkənin sökülərək həmin qapının Cavabdeh2 hesabına qapadılmasının müəyyən edilməsi tələbi ilə bağlı qeyd edir, həmin hissədə Cavabdeh2 iddia tələbini qəbul edir və giriş qapısının qarşısında taxta pilləkənin sökülməsin etiraz etmir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitutsiyanın 43cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülkiyyətçilər konstitusiya ilə qorunan hüquqlarından maneəsiz istifadə etmək hüquqlarına malik olduqlarından, cavabdehlərin iddiaçıların mülkiyyət hüquqlarını həyata keçirməsinə mane olan hərəkətləri əsassız hesab edilməli, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh1 istifadəsində olan 24,5 kv.m qeyri-yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililər özbaşına tikili hesab edilməklə Cavabdeh1 hesabına sökülməlidir. Digər cavabdehlərlə bağlı olan hissədə isə iddia tələbi yalnız Cavabdeh3 mülkiyyətində və Cavabdeh2 istifadəsində olan mənzilin pəncərəsinin qarşısında quraşdırılmış taxta pilləkən maneçilik törətdiyindən, Cavabdeh2 hesabına sökülməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məhkəmə məsrəflərinə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumun cavabdehlərdən müştərək qaydada iddiaçıların xeyrinə tutulmalıdır. Cavabdehlərdən ekspert rəyi üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239 saylı evin giriş dəhlizində və pilləkən qəfəsində Cavabdeh1 istifadəsində olan 24,5 kv.m qeyri-yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililər özbaşına tikili hesab edilsin. Həmin tikililər Cavabdeh1 hesabına sökülsün. Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239 saylı evin cavabdehlər Cavabdeh3 mülkiyyətində və Cavabdeh2 istifadəsində olan mənzilin pəncərəsinin qarşısında quraşdırılmış taxta pilləkən Cavabdeh2 hesabına sökülsün. İddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydadad tutularaq tutularaq dövlət nəfinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-393/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-393/2022
16.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver