Məhkəmə qərarları › İş №2(006)-3943/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3943/2024

22.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3943/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «artıq ödənilmiş pulun geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «artıq ödənilmiş pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən artıq ödədiyi 4532 manat məbləğində pulun və ödədiyi 66 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ona qarşı Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ondan istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 8564.33 manat pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və ondan cəmi 2868.25 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. O, həmin borcu 2024-cü ilə kimi hissə-hissə cavabdehin hesabına ödəmişdir. 2024-cü ilin aprel ayında o, öz yaşadığı evi satmaq qərarına gəlmiş və müştəri ilə ASAN xidmət mərkəzində yerləşən notariat ofisinə gedib evinə dair alqısatqı müqaviləsi bağlamaq istəmişdir. Həmin vaxt ona bildirmişlər ki, kompüterdə ona 7400 manat məbləğində işığa görə borc yazılmışdır. O, bildirmişdir ki, cavabdehə o, məbləğdə deyil, məhkəmənin qətnaməsilə 2868.25 manat borcu vardır. Lakin ona bildirilmişdir ki, kompüterdə məbləğ 7400.90 manat yazılıb. Belə olan halda evi alan müştəri bildirmişdir ki, ya həmin məbləği ödə, ya da ki evi almır. Ona görə də məcburiyyət qarşısında qalaraq 2868.25 manat əvəzinə, 7400.90 manat pulu cavabdehin hesabına ödəmişdir. Bundan sonra evi satmışdır. Cavabdeh bu günədək artıq ödənilmiş pulu geri qaytarmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, Azərbaycan Respublikasının MM-nin 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Odur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçı qarşısında artıq ödənilmiş 4532 manat məbləğində pulun və ödənilmiş 66 manat məbləğində dövlət rüsumunun geri qaytarılması öhdəliyi mövcud deyil. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5642/2021 saylı qətnaməsinə əsasən İddiaçı (abonent kodu **********80007) istifadə edilmiş elektrik enerjisi borcuna görə cəmi 2868.25 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Sabunçu rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli, 954/R saylı məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 5642/2021 saylı icra sənədi üzrə icraata “İcra haqqında qanunu”nun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, TT**********68474009 nömrəli qəbzdən görünür ki, İddiaçı 7400.90 manat məbləğində ödəniş etmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2005-xx.xx.2024-cü illərə aid, abunə kodu **********80007 olan abonentin saldosundan görünür ki, sayğac oxuması üzrə 10721 manat, aktlar üzrə 2995.55 manat, ödəmələr 14810 manat təşkil edir. "xxxx" ASC tərəfindən təqdim edilmiş abunə kodu **********80007 olan abonentin hərəkət cədvəlindən görünür ki: - 2017-ci il üzrə sərfiyyatın dəyəri 6560.72 manat, ödəniş 950 manat, borc məbləği 5610.72 manat; - 2018-ci il üzrə sərfiyyatın dəyəri 1057.31 manat, ödəniş 680 manat, borc məbləği 5988.03 manat; - 2019-cu il üzrə sərfiyyatın dəyəri 1000.22 manat, ödəniş 50 manat, borc məbləği 6938.25 manat; - 2020-ci il üzrə sərfiyyatın dəyəri 1001.68 manat, ödəniş 50 manat, borc məbləği 7889.93 manat; - 2021-ci il üzrə sərfiyyatın dəyəri 1029.38 manat, ödəniş 393 manat, borc məbləği 8526.31 manat; - 2022-ci il üzrə sərfiyyatın dəyəri 551.29 manat, ödəniş 1108 manat, borc məbləği 7969.6 manat; - 2023-cü il üzrə sərfiyyatın dəyəri 329.73 manat, ödəniş 684 manat, borc məbləği 7615.33 manat; - 2024-cü il üzrə sərfiyyatın dəyəri 258.07 manat, ödəniş 7878 manat, borc məbləği - 4.60 manat təşkil edir. ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 66 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən şəxsin həyata keçirdiyi notariat hərəkətləri barədə məlumatlardan aydın olur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı əməliyyatını həyata keçirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata icra sənədi tam icra olunduqda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: İddiaçı (abonent kodu **********80007) elektrik enerjisindən istifadə etmiş, sərfiyyat üzrə ödənişləri tam şəkildə icra etmədiyi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “cəmi 8564.33 manat borcun və 30 manat dövlət rüsumunun tutulması tələbi ilə” məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5642/2021 saylı qətnaməsi ilə 2018-ci il üzrə 377.31 manat, 2019-cu il üzrə 950.22 manat, 2020-ci il üzrə 951.68 manat, 2021-ci il üzrə 589.4 manat olmaqla, cəmi 2868.25 manat borc və 30 manat dövlət rüsumunun İddiaçı tutulması qət edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, iddia tələbinin təmin edilməyən hissəsi abonentin xidməti mənzildə yaşamadığı dövrdən əvvəl yazılmış borcdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5642/2021 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. İddiaçı mənzili digər şəxsə satmaq istəmiş, bu zaman elektrik sayğacında qalıq borc göstərildiyindən o, məcburiyyət qarşısında qalaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5642/2021 saylı icra sənədində göstəriləndən artıq miqdarda, sistem üzrə hesablanmış bütün borcu ödəmişdir. Bu səbəbdən də, iddiaçı artıq ödədiyi pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qətnamə üzrə ödəməli olduğu cəmi borc 2898.25 (2868.25 manat borc + 30 manat dövlət rüsumu) manat təşkil etmişdir. Lakin cavabdeh sistem üzrə borcu qətnamə üzrə hesablanmış borca vaxtında uyğunlaşdırmamış, iddiaçının hesabında əsassız olaraq artıq borc əks olunmuşdur. İddiaçı mənzili özgəninkiləşdirərkən hesabda göstərilən bütün borcu ödəmişdir. Bununla da cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan əsassız olaraq varlanmışdır. Ona görə də varlanmış şəxs – hazırkı halda "xxxx" Açıq Səhmdar Cəmiyyəti əldə etdiklərini məhrum olanın – hazırkı halda İddiaçı onun tələbi ilə qaytarmalıdır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4502.65 (7400.90 – 2898.25 = 4502.65) manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməlidir. Əsassız olduğundan iddia qalan hissədə rədd edilməlidir. Tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4502.65 (dörd min beş yüz iki manat altmış beş qəpik) manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar