Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3972/2024 18.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun olmaması barədə məlumatın sistemə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təsviri hissə: 1.İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı "borcun olmaması barədə məlumatın sistemə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC guya iddiaçı ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli, 2109 SBFMK №-li saxta kredit müqaviləsi üzrə ondan və digər borclu X3 1080 manat məbləğində əsas borc, 1062 manat məbləğində faiz borcu olmaqla, cəmi 2142 manat kredit borcu və tərəflərindən ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması dövründə iddiaçı haqlı olaraq sözügedən kredit müqaviləsinə imza etmədiyini bildirdi. Eyni zamanda, həmin iş üzrə cavabdeh qismində çıxış edən digər şəxs X9 onu tanımadığını və ona zamin durmadığını bildirdi. Buna görə də ona münasibətdə məhkəmə-xətşünaslıq ekspertizası təyin edildi. Məhkəmə Ekspertiza Mərkəzinin 08 noyabr 2016-cı il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən məlum olmuşdur ki, Cavabdeh ASC-nin Səbail Filialı ilə İddiaçı yəni, onun adından bağlanmış olan 05 dekabr 2013-cü il tarixli 0109 SBFMK nömrəli kredit müqaviləsindəki “Kredit alan” hissəsində “imza” qrafasındakı imza iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Qeyd olunanlara əsasən, Səbail Rayon Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 2(009)-2755/2016 saylı Qətnaməsilə hazırki Cavabdeh ASC-nin “kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi əsassız olduğu üçün təmin edilməmişdir. Qətnamədən narazı qalan Cavabdeh ASC apellyasiya şikayəti vermiş və təkrar məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2017-ci il tarixli, 7706 saylı ekspert rəyindən də məlum oldu ki, 05 dekabr 2013-cü il tarixli kredit müqaviləsindəki “Kredit alan” qrafasındakı imza, 05 dekabr 2013-cü il tarixli 169285/0512 nömrəli bank hesabı müqaviləsində “Müştəri” qrafasındakı imza, bank hesabının açılmasına dair ərizədə “Şəxsin (müvəkkil şəxsin)” qrafasındakı imza, fərdi sahibkarın imza nümunəsi vərəqəsində “İmza nümunələri” qrafasındakı imza, fiziki şəxslər üçün komissyon tarif dərəcələri cədvəlində “Müştəri” qrafasındakı imza, alqı-satqı müqaviləsində “Alıcı” qrafasındakı imza, məxaric qəbzində “Təhvil aldım” qrafasındakı imza, ödəniş cədvəlində “İddiaçı” qrafasındakı imza İddiaçı yəni, iddiaçı tərəfindən yox, başqa şəxs tərəfındən icra olunmuşdur. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(103)-3198/2017-ci il tarixli Qətnaməsi ilə Cavabdeh ASC-nin verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 06 dekabr 2216-cı ıl tarixli, 2(009)-2755/2016 saylı Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü Cavabdeh ASC iddiaçıya aid olmayan imza ilə onun adından xəbəri olmadan saxta Kredit müqaviləsi hazırlayaraq mənəvi sarsıntı və iztirablara səbəb olan qeyri-hüquqi, qanunsuz hərəkətləri ilə birbaşa hüquqlarına və qanuni mənafelərinə toxunmuşdur. Cavabdeh Atabank ASC-nin yuxarıda sadalanan məhkəmə aktları ilə təsdiqlənən qeyri-hüquqi, qanunsuz hərəkətləri iddiaçı üçün aşağıdakı maddi və mənəvi zərərlərlə nəticələnmişdir: İlk öncə, birbaşa iddia tələbilə səbəbli-əlaqəli olduğu üçün ailə vəziyyəti barədə qısa məlumat verməyi məqsədə müvafiq hesab edir. Hal-hazırda Saatlı rayonunun, Gomuşçu kəndində valideynləri, arvadı və 2 azyaşlı övladı ilə birlikdə yaşayır. 1951-ci il təvəllüdlü, anası X7 ağır forma 2-ci tip şəkərli diabet xəstəsidir, işləmir. Atası- X8 işləmir, təqaüdçüdür. Arvadı - X4 onkoloji xəstəlikdən əziyyət çəkir, işləmir. O isə həvəskar kimi dizayn xidmətləri göstərməklə fərdi əməklə məşğul olur. Göründüyü kimi, bütün ailə üzvlərinin ondan maddi asılılığı vardır. Qazancı yetərli qədər olmadığına görə, adətən, ehtiyaclarını, ailə üzvlərinin xəstəlikləri üçün lazım olan müayinə, müalicə xərclərini qarşılamaq üçün daim başqa bir kredit təşkilatından kredit götürüb, vaxtında borcunu ödəyirdi. 03-04 iyun 2016-cı tarixdə arvadının xəstəliyi ilə bağlı əməliyyat olunması üçün təcili İran İslam Respublikasına getməli olduğundan həmin kredit təşkilatından yenə kredit götürmək istəyən zaman ona Cavabdeh ASC-yə “borcunu” ödəmədiyindən qara siyahıya qeyd olunduğunu, buna görə də ona köməklik edə bilməyəcəklərini bildirdilər. Ailə vəziyyəti bu cür ağır olan birinin həmin an belə bir vəziyyətlə qarşılaması nə cür ağır mənəvi-psixoloji sarsıntılar keçirməsi deməkdir. Məhz buna görə də arvadını vaxtında əməliyyat etdirə bilmək üçün, o, hazırki bazar qiymətilə təxminən 45000 manat dəyəri olan evini, Cavabdeh ASC-nin qanunsuz hərəkəti, əsassız iddiası ucbatından təxminən təcili olaraq 20000 manata satdığına görə, mona 25000 (iyirmi beş min) manata yaxın maddi ziyan dəymişdir. Eyni zamanda, Saatlı rayonunda yaşadığına görə hər dəfə məhkəmə proseslərində iştirak etmək etmək üçün Bakı şəhərinə gəlməyi yol, yemək, qalmaq xərclərindən ibarət əsassız xərclərə səbəb olmuşdur. Məhkəmə proseslərində iştirak etməyi isə, iş üzrə çıxarılmış məhkəmə aktlarından da görünür. Təxminən 10 dəfəyə yaxın bu cür məhkəmə proseslərində iştirak edərək hər dəfəsində minimum 50 (əlli) manatdan ibarət yol, yemək, qalmaq xərclərim (10x50) 500 (beş yüz) manat təşkil etmişdir. Cavabdeh ASC ilə 2016-cı ilin noyabr ayından başlayan 7 ay müddətində davam edən məhkəmə çəkişmələri həmçinin fərdi əmək fəaliyyətinə də mane olmuşdur. Belə ki, bu əsassız məhkəmə prosesləri, həmin məhkəmə işinə görə fikirlərimin dağınıq olması yeganə qazanc yeri olan fərdi əməyinə diqqətlə .yanaşmağa, kifayət qədər vaxt ayırmağına mane olmuş, bu hal da öz növbəsində hər ay minimal hesabla 100 manatdan, 7 ay müddətində 700 (yeddi yüz) manat olmaqla, ümumilikdə sadaladığı digər maddi ziyanlarla birlikdə (25000+500+700) cəmi minimum 26200 (iyirmi altı min iki yüz) manat təşkil etmişdir.O cümlədən qeyd edir ki,.əlavə olaraq hec bir bankın xjdmətlərindən yararlana bilməməyinə görə istifadəsində olan bəzi əşya və torpaq sahəsini satmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Cavabdeh ASC öz qanunsuz hərəkətlərinin nəticəsi səbəbindən onun barəsində məhkəməyə müraciət etmiş, əsassız olaraq pul tələb etmişdir. Hətta, ona qarşı əsassız məhkəməyə müraciət etməsi ilə kifayətlənməyərək, dəfələrlə ona məlum olmayan mənbədən əldə etdikləri mobil nömrəsinə zənglər etməklə, həmin telefon danışıqları zamanı şərəf və ləyaqətini alçaltmaqla, nalayiq ifadələr işlətməklə, heç bir hüquq normasına əsaslanmayan, kobud, qeyri-insani rəftarla, heç xəbəri belə olmayan borcun ödənilməsini tələb edərək həm ümumi əxlaq normalarını, həm də ki, bank əməkdaşlarının riayət etməli olduğu etik davranış qaydalarını pozmuşlar. Eyni zamanda, qeyd olunan qanunsuz, əsassız hərəkətlərin davamı olaraq, müvafiq tarix, vaxtlarda yaşadığı ünvana məhkəmə bildirişlərinin gəlməsi onunla birlikdə yaşayan ailə üzvləri, 1951-ci il təvəllüdlü, ağır forma 2-ci tip şəkərli diabet xəstəsi anası X2, mütəmadi müalicəyə ehtiyacı olan onkoloji xəstəlikdən əziyyət çəkən arvadı X1 da ciddi narahatçılığına səbəb olmuşdur. Təbii ki, onun xüsusi qayğısına, maddi və mənəvi köməyinə ehtiyacı olan 2 nəfər yaxın qohumu, etecə də özü üçün, mövcud ağır şəraitdə ona aid olmayan borca görə məhkəməyə cəlb olunmağı ciddi mənəvi sarsıntı, psixoloji iztirab yaranması sübuta ehtiyacı olmayan bir haldır. Belə ki, məhkəmə proseslərinin vaxtı barədə bildirişlərin hər dəfə yaşadıqları ünvana göndərilməsi, onsuz da ağır xəstəlikdən əziyyət çəkən ailə üzvlərinin şüurunda müəyyən mənfi psixi reaksiya yaradaraq, onların daha da stressə, mənəvi sarsıntıya, psixoloji iztiraba məruz qalmalarına səbəb olmuşdur. Əvvəllər bu cür halla qarşılaşmadıqları üçün, haqsız yerə məsuliyyətə cəlb oluna biləcəyi ehtimalından qorxaraq xeyli tədirgin olmuşlar. Eyni zamanda, cavabdehin qeyd olunan qanunsuz hərəkətləri işgüzar nüfuzuna, eləcə də yaxın münasibətdə olduğu şəxslər arasında etibarına, mövqeyinə mənfi təsir göstərmiş, fəal ictimai həyat tərzindən məhrum olmağına səbəb olmuşdur. Belə ki, guya öhdəliklərini vaxtında icra etmədiyinə görə əmək fəaliyyəti ilə bağlı şəxslər, həmçinin digər münasibətdə olduğu şəxslər tərəfindən ictimai qınağa məruz qalmışdır. Bu cür hal ilə qarşılamağı, eyni zamanda ağır xəstəlikdən əziyyət yaxın qohumlarının cavabdehin qanunsuz hərəkətlərinə görə keçirdikləri ciddi narahatçılıq da onda əsaslı ruh düşkünlüyü, mənəvi sarsıntı, psixoloji iztirab yaratmışdır. Hal-hazırda yuxarıda qeyd etdiyi bankın səriştəsizliyi və səhlənkarlığı üzündən Mərkəzləşdirilmiş Kredit Reystrdə (MKR) onun hələ də Atabank ASC-yə 1080 manat borcunun qaldığı göstərilir. Halbuki, məhkəmələrdən sonra onu şifahi şəkildə əmin etmişdirlər ki, adında olan borc müqaviləsinə xitam veriləcək. Və o da öz növbəsində Yasamal rayonu prokrorluğunda qaldırılmış cinayət işində olan ərizəsini geri götürəcəkdir. Lakin verilən vədlərə baxmayaraq Atabank ASC öz üzərinə düşmüş öhdəliyi hələ də yerinə yetirmiyib. Bankın bu səriştəsizliyi nəticəsində o heç bir bankın kredit sifarişlərindən yararlana bilməmiş və buna görə də yuxarıda qeyd etdiyi kimi bir şəxs olaraq müflis durumuna düşmüşdür. 2013 və 2023 cü il tarixləri arasında yəni 10 il müddətində hər hansı bir bank kreditlərindən yararlan bilsəydi nə qəsəbəsində olan evini, nə Saatlı rayonu Gomuşçu kəndində olan dəyəri 8000 azn olan 1.29 ha torpaq sahəni, nə şəxsi olaraq dəyəri 15500 azn olan Fujifilim Frontier 350 foto çap avadanlığını, nə dəyəri 2400 azn olan Canon mark 4 (lens 24x70. Flas sp 910) foto aparatını satmazdı və müflis durumuna gəlməzdi. Özü əsəb və həyəcandan ağır xəstəliyə tutulmuş, hal-hazırda Sumqayıt 1 saylı poliklinikasında qeydiyyatdadır və 2021 ci ildə xəstəliyinə “Tüklü dil sindromu" K-14 sağalmaz xəstəliyi rəsmi diaqnozu qoyulub. Yuxarıda qeyd olunan mənəvi zərərin əvəzi olaraq məhkəmə tərəfindən 4000 (dörd min) manat məbləğin müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Göstərilənlərə əsasən məhkəmə aktları ilə sübut edilmiş Cavabdeh ASC-nin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya külli miqdarda maddi və mənəvi vurulmuş, lakin bankın müflüs vəziyyətini nəzərə alaraq maddi ziyana görə 3000 manat, mənəvi zərərə görə isə 4000 manat olmaqla, cəmi 7000 manat pul vəsaitinin Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi və Mərkəzləşdirilmiş Kredit Reystində olan borc müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsini və cavabdehin üzərinə 2013-cü il tarixli kredit müqaviləsi üzrə borcun olmaması ilə bağlı məlumatın "xxxx" MMC-nin üzərinə qoyulması və ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3972/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun olmaması barədə məlumatın sistemə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, maddi və mənəvi ziyanın ödənilməsi"nə dair iş üzrə tələbin “iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi”nə dair hissədə icraatına xitam verilməsi qərara alınmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh bank guya onunla aralarında bağlanmış xx.xx.2013-cü il tarixli saxta kredit müqaviləsi üzrə o və digər borclu R.Əliyevdən əsas, faiz borcu olmaqla ümumilikdə, 2142 manat kredit borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı toplanmış subutlar əsasında və məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən onun həmin müqaviləni bağlamadığı və müqavilənin etibarsız olması müəyyən edilmişdir. Nəticədə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə bankın ona qarşı iddiası təmin edilməmişdir. Daha sonra bank tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, lakin birinci instansiya məhkəmənin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəticə etibarı ilə cavabdeh bankın qanunsuz əməllər nəticəsində ona maddi və mənəvi ziyan vurulmuşdur. Cavabdeh bankdan heç bir kredit götürmədiyi halda hazırda "xxxx" MMC-də onun adına aktiv borc vardır. Bu da onun bir çox bank xidmətlərindən istifadəsinə maneə yaradır. Odur ki, hazırda və iddia ərizəsində qeyd etdiyi xüsusatları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, hazırki mübahisə ilə bağlı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddiası üzrə yekun məhkmə aktı çıxarılmış, lakin həmin aktın mövcudluğu barədə məlumatı olmayıb. O, həmin işin baxılmamış saxlanmasını zənn etmişdir. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 2(009)-2755/2016 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və X5 qarşı “kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamə əsasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 0109 SBFMK nömrəli kredit müqaviləsi əslində hazırki iş üzrə İddiaçı tərəfindən bağlanmamış, həmin müqavilə üzrə üzərinə öhdəlik götürməmiş, müqavilə onun adından naməlum şəxs tərəfindən saxtalaşdırılmışdır. Həmin qətnamə yuxarı instansiya məhkəmələrinin qərarlarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Lakin bütün bunlara baxmayaraq halhazırda iddiaçının mərkəzləşdirilmiş kredit reyestrində hazırda aktiv borc öhdəliyi mövcuddur. Hazırda iddiaçı cavabdehin üzərinə 2013-cü il tarixli kredit müqaviləsi üzrə borcun olmaması ilə bağlı məlumatın "xxxx" MMC-nin üzərinə qoyulmasını məhkəmədən tələb edir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında xx.xx.2023-cü il tarixli, 0109 SBFMK nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən kreditverən kreditalana kredit verməyi, kredit alan isə krediti qəbul edib ondan müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kreditverənə ödəməyi öhdəsinə götürür. 10.Mülki işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 08 noyabr 2016-cı il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 49-cu vərəqəsində Cavabdeh ASC-nin filialı ilə İddiaçı adından bağlanmış olan 05 dekabr 2013-cü il tarixli, 0109 SBFMK nömrəli kredit müqaviləsində “kredit alan” hissəsində “imza” qrafasında imza –İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 11.Mülki işin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 2(009)-2755/2016 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və X5 qarşı “kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması” tələbinə dair iddiasının əsassız olduğu üçün təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat məbləğində pulun Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. 12.Mülki işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2017-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 49-cu vərəqəsində olan “AtaBank" ASC nin Səbail filialı ilə İddiaçı arasında olan xx.xx.2013-cü il tarixli 0109 SBFMK nömrəli kredit müqaviləsində “Kredit alan” qrafasındakı imza, i/v 109-da olan xx.xx.2013-cü il tarixli 169285/0512 nömrəli bank hesabı müqaviləsində “Müştəri' qrafasındakı imza, i/v 114-də olan bank hesabının açılmasına dair ərizədə “Şəxsin (müvəkkil şəxsin)” qrafasındakı imza, i/v 113-də olan fərdi sahibkarın (fiziki şəxsin) imza nümunəsi vərəqəsində “İmza nümunələri” qrafasındakı imza, i/v 111-də olan fiziki şəxslər üçün komissyon tarif dərəcələri cədvəlində “Müştəri” qrafasındakı imza, i/v 115- də olan alqı-satqı müqaviləsində “Alıcı” qrafasındakı imza, i/v 106-da olan məxaric qəbzində “Təhvil aldım” qrafasındakı imza, i/v 110-da olan ödəniş cədvəlində “X11" qrafasındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 49-cu vərəqəsində olan 'AtaBank" ASC- nin Səbaii filialı ilə İddiaçı arasında olan xx.xx.2013-cü il tarixli 0109 SBFMK nömrəli kredit müqaviləsində “Kredit alan" qrafasındakı imza, i/v 109da olan xx.xx.2013-cü il tarixlı 169285/0512 nömrəli bank hesabı müqaviləsində “Müştəri” qrafasındakı imza, i/v 114-də olan bank hesabının açılmasına dair ərizədə “Şəxsin (müvəkkil şəxsin)" qrafasındakı imza, i/v 113-də olan fərdi sahibkarın (fiziki şəxsin) imza nümunəsi vərəqəsində “İmza nümunələri” qrafasındakı imza, i/v 111-də olan fiziki şəxslər üçün komissyon tarif dərəcələri cədvəlində “Müştəri” qrafasındakı imza i/v 115- də olan alqı-satqı müqaviləsində “Alıcı” qrafasındakı imza, i/v 106-da olan məxaric qəbzində “Təhvil aldım" qrafasındakı imza, i/v 110-da olan ödəniş cədvəlində “İddiaçı" qrafasındakı imza – İddiaçı tərəfindən yox, başga şəxs tərəfindən icra olunmuşdur. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2017-ci il tarixli, 2(102)- 7634/17 saylı qərarından görünür ki, ”Atabank” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 18 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 15.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. 16.Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 18.Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 19.Hazırki iş üzrə iş materialları əsasında İddiaçı və Ləğv prosesində olan Cavabdeh ASC arasında heç bir müqavilənin bağlanmadığı, hazırda da "xxxx" MMC-də iddiaçının adına texniki olaraq səhv qeyd edilən öhdəliyin də başqa şəxsə aid olduğu müəyyən edilmişdir. Yəni hal-hazırda iddiaçının cavabdeh qarşısında heç bir borc öhdəliyi mövcud deyildir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 20.Bundan başqa, "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. 21.“İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 22.Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. 23.Məhkəmə qeyd edir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçının aktiv olan ödəniş cədvəli üzrə adı siyahıda mövcud olduğundan onun adının Mərkəzi Kredit Reyetsrindən çıxarılması üçün borcunun olmaması barədə məlumatın Mərkəzi Kredit Reyetsrinə göndərilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. 24.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə və "xxxx" MMC-yə göndərilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. 25.Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 27.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 28.Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 30.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə və "xxxx" MMC-yə göndərilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3972/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3972/2024
18.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver