Məhkəmə qərarları › İş №2(006)-3975/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3975/2024

29.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3975/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 2250 (iki min iki yüz əlli) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 42.50 (qırx iki manat əlli qəpik) manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixində kart məlumatlarının “xakkerlər” tərəfindən ələ keçirildiyini bilərək cavabdeh "xxxx" ASC-nin “117” nömrəli qaynar xəttinə müraciət etmiş və kartının bloklanmasını tələb etmişdir. Müraciətindən dərhal sonra kartında olan məbləğin aqibətini soruşduqda iddiaçıya kartında olan məbləğin tam şəkildə yerində olduğu bildirilmiş, iddiaçı yenə də kartın bloklanmasını xahiş etmişdir. Ancaq həmin an iddiaçıya bir hesabda 2 (iki) kart olması haqqında məlumat verilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:43-də iddiaçı cavabdeh bankla əlaqə saxladıqdan sonra ona kartda pulun olmadığı barədə məlumat verilmişdir. İddiaçı bundan sonra, yəni xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Gəncə filialına müraciət edərək, kartındakı pulun köçürülmə tarixini soruşduqda ona məxsus kartdan pulun xx.xx.2024-cü il tarixdə saat 15:13-də çəkildiyi bildirilmişdir. "xxxx" ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşovun X1 iş departamentinin direktoru və iddiaçıya ünvanladığı məktubundan məlum olmuşdur ki, iddiaçının müraciəti ilə bağlı Məlumat Mərkəzi ilə edilmiş səs yazıları dinlənilmiş, müştəri zəng zamanı özünə məxsus “524375******3882” nömrəli "xxxx" kartının bloklaşdırılmasını tələb etmiş və kart anında bloklaşdırılmış, 2250 (iki min iki yüz əlli) manat məbləğində pul “524375******4218” nömrəli digər "xxxx" kartından çəkilmişdir. Məktubun sonunda isə iddiaçıya dələduzluq halının baş verdiyi halda birgə hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, iddiaçı ona məxsus “524375******4218” nömrəli "xxxx" kartın olmasından xəbərsiz olmuşdur. Əgər iddiaçı ona məxsus “524375******3882” nömrəli "xxxx" kartının bloklaşdırılmasını tələb etmişdirsə və həmin an təlaşlı halda olsa da belə, ona niyə "xxxx" ASC-nin “117” nömrəli qaynar xətti bu haqda məlumat verməmişdir?! Cavabdeh "xxxx" ASC İddiaçı kartının “xakkerlər” tərəfindən ələ keçirildiyi barədə məlumatı aldıqdan dərhal sonra iddiaçıya məxsus bütün kartları bloklaşdırmalı idi. Cavabdeh bank bunu etmədiyindən iddiaçıya vurulmuş zərərin əvəzini ödəməlidir.

3. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etiraz təqdim edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixli məktubla mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmiş və həmin məktub aidiyyəti üzrə Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə göndərilmişdir. "xxxx" ASC tərəfindən həmin müraciətə cavab məktubu Azərbaycan Respublikası Mərkəzi Bankına və İddiaçı göndərilmişdir. "xxxx" ASC-nin cavab məktubunda İddiaçı xx.xx.2024-cü il tarixdə (saat 15:04) məlumat mərkəzinə zəngi ilə bağlı dinləmələr aparıldığı qeyd edilmişdir. Belə ki, iş materiallarında olan səs yazısına əsasən, İddiaçı kart məlumatlarını 3-cü şəxslərə verdiyini bildirmiş və konkret olaraq “524375******3882” nömrəli kartının bloklaşdırılmasını tələb etmiş və tələb Çağrı mərkəzinin əməkdaşı tərəfindən dərhal bloklanmışdır. İddiaçı digər kartlarının bloklanmasını tələb etmədiyindən, 2250 manat məbləğində pul vəsaiti digər kartından, daha dəqiq “524375******4218” nömrəli kartından (xx.xx.2024-cü il tarixdə saat 15:13 radələrində) oğurlanmışdır. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin Marketing Departamentinin Əsasnaməsinin 8.3-cü bəndinə əsasən kartın bloka salınması və ya blokdan azad olunması əməkdaşın vəzifəsi kimi qeyd edilmiş, həmçinin "xxxx" ASC-nin Çağrı mərkəzinin əməkdaşı Əsasnaməyə və vəzifə təlimatına uyğun olaraq müraciət üzrə konkret tələbin icrasını, yəni “524375******3882” nömrəli kartının bloklanması tələbini dərhal icra etmişdir. Belə ki, səs yazılarından da aydın göründüyü kimi, Çağrı mərkəzinin əməkdaşı hansı kartın bloklanmasını soruşduqda, iddiaçı yalnız “524375******3882” nömrəli kartın bloklanmasını tələb etmiş, digər kartların bloklanması ilə bağlı heç bir danışıqlar aparılmamışdır. Bundan əlavə, səs yazılarında kartların cəm halında bloklanması ilə bağlı da iddiaçının heç bir tələbi olmamışdır. Bundan əlavə, iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, guya “524375******4218” nömrəli kartın (vəsaitin oğurlandığı kart) mövcudluğundan xəbərsiz olduğunu bildirərək məhkəməni aldatmağa çalışmışdır. Bununla bağlı, "xxxx" ASC tərəfindən həmin kartın müştəri tərəfindən bankdan alınmasına dair (imzalı balansdankənar məxaric və qəbz) mötəbər sübut məhkəməyə təqdim edilmişdir. Qanunvericiliyə əsasən, ödəniş xidməti alətinin bloklanması proseduru konkret olaraq ödəniş xidməti istifadəçisinin konkret bildirişi (konkret hansı kartın bloklanması bildirişi) əsasında həyata keçirilir. İş materiallarında olan səs yazısından da göründüyü kimi, iddiaçının kartın (ödəniş xidməti alətinin) bloklanması ilə bağlı bildirişi yalnız “524375******3882” nömrəli kartla bağlı olmuşdur.

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasında iştirak etməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini qeyd bildirib, baxış iclasının onun iştirakı olmadan keçiriilməsini məhkəmədən xahiş etmiş, üçüncü şəxs isə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddianı qəbul etməyib, yazılı şəkildə təqdim etdiyi etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. "xxxx" X8 Səhmdar Cəmiyyəti İdarə Heyətinin 09 iyul 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş (Protokol № 53) “Müştərilərlə əlaqələr Şöbəsinin Mütəxəssisi”nin vəzifə təlimatından görünür ki, Çağrı mərkəzinə (117, 012 – 541 33 33) daxil olan zənglərin və onlayn konsultasiya zamanı daxil olan müraciətlərin cavablandırılması, daxil olan müştəri müraciətlərinin müvafiq bölmə və strukturlara yönləndirilməsi, müddəti bitməkdə olan əmanət hesabları barədə müştəriyə məlumatın verilməsi, vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, bankdaxili prosedur və qaydalara, AR-nın bu sahədə mövcud qüvvədə olan qanunvericiliyinə uyğun həyata keçirmək, rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək müştərilərlə əlaqalər şöbəsinin mütəxəssisinin vəzifə öhdəlikləridir. X5 xx.xx.2023cü ildə bu təlimatla tanış olmasına dair imza etmişdir.

9. "xxxx" Kommersiya Bankı ASC ilə (“Borcverən”) ilə İddiaçı (“Borcalan”) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 154585sBANK/19 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən “Borcverən” ən çoxu 120 (bir yüz iyirmi) ay müddətinə, illik faiz dərəcəsi 35 % (otuz beş) faizədək olmaq şərtilə 20000 (iyirmi min) AZN məbləğədək krediti, kredit prosedurlarına görə 5 % (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 4 AZN komisyon haqqı tutmaqla, “Borcalan”a verə bilər. Bu müqavilə üzrə kreditin faktiki illik dərəcəsi min 18 % - max 40 % təşkil edir (1.1-ci bənd). Kart itirildiyi, oğurlandığı və “Borcalan”ın iradəsinə zidd olaraq digər vasitələrlə onun və ya istifadəçinin sahibliyindən çıxdığı hallarda, kartdan istifadə etməklə aparılan əməliyyatlara görə, eləcə də bu barədə məlumatın “Borcalan” tərəfindən “Borcverən”ə və prosessinq mərkəzinə vaxtında verilməməsinə görə “Borcverən” məsuliyyət daşımır (2.12-ci bənd). Kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem “Borcverən”in sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa, “Borcverən” bu problemlərə görə “Borcalan” qarşısında məsuliyyət daşımır. Mübahisə yarandıqda kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış problemin “Borcverən”in sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədar olmadığı “Borcalan” tərəfindən sübut edilməyincə, həmin problemə görə “Borcverən”in məsuliyyəti istisna olunur (2.13-cü bənd). “Borcverən” kartın itirilməsi, oğurlanması və İstifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə onun sahibliyindən çıxması barədə “Borcalan”ın yazılı məlumatı daxil olduğu halda həmin məlumatın daxil olduğu tarixdən etibarən ən geci növbəti iş günü ərzində kartın fəaliyyətinin dayandırılması haqqında prosessinq mərkəzinə məlumat verir (4.2.12-ci bənd). “Borcalan” kartın itməsi, oğurlanması üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməlidir. Kart itirildikdə, oğurlandıqda və “Borcalan”ın iradəsinə zidd olaraq onun və ya istifadəçinin sahibliyindən çıxdıqda prosessinq mərkəzinə və “Borcverən”ə dərhal yazılı məlumat verməlidir (4.3.15-ci bənd). Bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş “Borcalan”ın mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsi nəticəsində yaranmış risklərə görə “Borcalan” tam məsuliyyət daşıyır. Bu zaman “Borcalan” bu mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsinə istinad edərək, bu müqavilə əsasında verilmiş əlavə kredit üzrə öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıra bilməz.

10. "xxxx" Kommersiya Bankı ASC ilə (“Bank”) ilə İddiaçı (“Borcalan”) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 148923sBANK/19 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən “Bank” “Borcalan”a 84 (səksən dörd) ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) 10000 (on min) AZN-dək məbləğində kredit limiti ayırır və ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür (1.1-ci bənd). Kartın itirilməsi, oğurlanması və İstifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında ləngimədən onu bloklaşdırmaq lazımdır. Bu məqsədlə “Bank”ın Məlumat Mərkəzinə (tel: +99412 117), yaxud X3 (tel: +99412 4312202) müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri (SMS-banking, Mobil tətbiq və s.) haqqında müvafiq izahedici məlumatı “sayt”dan əldə etmək mümkündür (2.12-ci bənd). Kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem “Bank”ın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat informasiya sistemlərinin fəaliyyəti ilə əlaqəlidirsə, “Bank” bu problemlərə görə “Borcalan” qarşısında məsuliyyət daşımır. Mübahisə yarandıqda kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış problemin “Bank”ın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədar olmadığı “Borcalan” tərəfindən sübut edilməyincə, həmin problemə görə “Bank”ın məsuliyyəti istisna olunur (2.13-cü bənd). “Bank” “Kartın itirilməsi, oğurlanması və İstifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi barədə bu müqavilənin 2.12-ci maddəsində nəzərdə tutulan vasitələrlə “Borcalan”ın müraciəti daxil olduğu andan etibarən kartını bloklaşdırılmasını təmin edir (4.2.10-cu bənd). Kart “Bank”ın mülkiyyəti hesab edilir. “Bank” hesabın təhlükəsizliyi və digər risklər baxımından birtərəfli qaydada “Borcalan”ın kartını bloklaşdırmaq və ya karta xidmət göstərilməsini dayandırmaq, birdəfəlik, gündəlik, həftəlik və aylıq əməliyyat limitini dəyişmək, kartın risk qrupunu dəyişmək və kartın üzərində digər sərəncam vermək hüququna malikdir (4.2.26-cı bənd). “Borcalan” kartın itməsi, oğurlanması üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməlidir. Kartın itirilməsi, oğurlanması və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi halları aşkarlandıqda, kartın üzərində təhriflər edildikdə bu müqavilənin 2.12-ci maddəsində göstərilmiş qaydada, “Bank”ı, yaxud “Bank”a xidmət göstərən X4 dərhal məlumatlandırmalıdır. “Borcalan” tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə “Bank” məsuliyyət daşımır (4.3.15-ci bənd). “Bank” “Borcalan”ın ödəniş kartlarının oğurlandığı və itirildiyi zaman onun hesabından pul vəsaitinin qeyri-qanuni silinməsinə görə heç bir məsuliyyət daşımır. Ödəniş kartının oğurlanması və itirilməsi haqqında məlumatın “Borcalan” tərəfindən “Bank”a vaxtında çatdırılmamasına görə “Borcalan” məsuliyyət daşıyır (8.5-ci bənd).

11. xx.xx.2019-cu il tarixli OL4218 nömrəli balansdankənar məxaric orderindən görünür ki, İddiaçı "xxxx" ASC tərəfindən ona verilmiş “524375******4218” nömrəli “MC Kredit Albalı plus adsız World Contactless” adlı kartı təhvil almasını imzası ilə təsdiq etmişdir.

12. "xxxx" ASC tərəfindən X1 iş departamentinin direktoruna və İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müştərinin müraciəti ilə bağlı Məlumat Mərkəzi ilə edilmiş səs yazıları dinlənilmişdir. Müştəri zəng zamanı özünə məxsus “524375******3882” nömrəli "xxxx" kartının bloklaşdırılmasını tələb etmiş və kart anında bloklaşdırılmış, 2250 AZN vəsait müşəriyə məxsus “524375******3882” nömrəli digər Unibank kartından çəkilmişdir. Müştəri Bankda hesab açarkən müştəri və bank arasında olan hesab müqaviləsini imzalamaqla Bankın rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş ümui ofertanı qəbul (aksept) edir. Oferta şərtlərinə əsasən kartdan istifadə olunmamaqla aparılmış bütün əməliyyatlara görə müştəri məsuliyyət daşıyır. Kartın itirildiyi, oğurlandığı və müştərinin iradəsinə zidd olaraq digər vasitələrlə onun və ya istifadəçinin sahibliyindən çıxdığı hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə, Bank məsuliyyət daşımır. Kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı bir problem Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa, Bank bu problemlərə görə müştəri qarşısında məsuliyyət daşımır. Əgər vətəndaş kartından istifadə ilə bağlı hər hansı bir dələduzluq halının baş verdiyini iddia edirsə, qeyd olunan məlumatla birgə hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur.

13. İddiaçı məxsus AZ81UBAZ**********1010AZN001 nömrəli hesabdan xx.xx.2024xx.xx.2024-cü il (xx.xx.2019-xx.xx.2024; xx.xx.2019-xx.xx.2024) tarixləri əhatə edən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə “Card: xxxxxxxxxxxx4218, dosta köçürmə” təyinatı ilə hesaba 2.250 manat mədaxil edilmiş və “dosta köçürmə” təyinatı ilə həmin məbləğ hesabdan silinmişdir.

14. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 43 (qırx üç) manat dövlət rüsumu ödənilmişdir.

15. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ********* saylı nömrədən 117 saylı nömrəyə xx.xx.2024-cü il tarixdə "xxxx" şəbəkəsində zənglər qeydə alınmamışdır. Həmin nömrəyə sözügedən tarixdə daxil olan SMS siyahısı məktuba əlavə edilmiş qoşma şəklində məhkəməyə təqdim edilmişdir. "xxxx" MMC OTP kodları ilə daxil olan SMS-lər və onların mətnlərini təqdim etmək üçün texniki imkana malik deyil. Məktuba əlavə edilmiş 1 ədəd diskdə olan faylda nömrəyə SMS göndərən şəxslərin siyahısında "xxxx" ASC-nin adı olmamışdır.

16. İş materiallarına İddiaçı "xxxx" ASC-nin çağrı mərkəzinin əməkdaşları ilə olan telefon danışıqlarının səsyazıları olan 1 ədəd disk də əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə, iş materialları və tərəflərin izahatları əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-də bir hesaba bağlı olan 524375******3882 və 524375******4218 nömrəli 2 ədəd kartın istifadəçisidir.

18. İddiaçı iddia ərizəsində 524375******4218 nömrəli kartın olduğundan xəbərsiz olduğunu qeyd edərək, xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında isə həmin kartın olduğunun yadından çıxdığını, kartın evdə olduğunu, atasına verdiyini bildirərək ziddiyyətli izahatlar versə də, xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında hər 2 kartın onun tərəfindən idarə edilən mobil tətbiqdə əks olunduğunu etiraf etmiş, həmçinin, həmin kartın şəxsən iddiaçıya verilməsinə dair xx.xx.2019-cu il tarixli balansdankənar məxaric orderi cavabdeh bank tərəfindən məhkəməyə təqdim edilmişdir.

19. İddiaçı iddia ərizəsində xx.xx.2024-cü il tarixdə ev alqı-satqısı ilə bağlı Rusiyada yaşayan bir şəxsin beh vermək üçün onun kart məlumatlarını istədiyini, bu zaman içində pul olmayan 524375******3882 nömrəli kartının məlumatlarını və ona SMS vasitəsilə göndərilən kodu verdiyini, bundan sonra mobil tətbiqinin işləmədiyini, buna görə də banka zəng edərək kartın bloklanmasını tələb etdiyini, lakin xx.xx.2024-cü il tarixdə zəng edən zaman ona kartında pul olmadığını dediklərini qeyd etmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla tələb edildiyindən, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədəd diskdə olan səsyazısından müəyyən edilmişdir ki, iddiaçı cavabdeh bankın çağrı mərkəzinə zəng edərək, kartın CVV kodunu vermədən, ad, soyad, ata adını, kart nömrəsini və mesajdakı kodu verərək, kartının başqa şəxs tərəfindən ələ keçirilə bilib-bilməyəcəyini soruşmuş, bankın çağrı mərkəzinin əməkdaşı X5 mesajdakı kodu verməməli olduğunu, həmin kodun kartdan pul çıxarmaq üçün istifadə olunduğunu bildirdiyində, iddiaçı sonu “3882” ilə bitən kartının bloklanmasını tələb etmiş, bu zaman cavabdeh bankın əməkdaşı Zeynallı Ləman həmin kartın bloklandığını və tətbiqdən itəcəyini bildirmişdir. İddiaçının başqa kartları ilə bağlı heç bir tələbi olmamışdır.

20. İş materiallarında olan hesabdan çıxarışlardan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə iddiaçının istifadəsində olan 524375******4218 nömrəli kartdan “Card: xxxxxxxxxxxx4218, dosta köçürmə” təyinatı ilə 2.250 manat məbləğində pul məxaric edilmişdir.

21. Hazırda iddiaçı kibercinayətlə bağlı məlumat verən zaman cavabdeh bankın əməkdaşının onun istifadəsində olan digər kartları da bloklamalı olduğunu, lakin bunu etmədiyini mübahisələndirərək, kartından oğurlanmış 2.250 manat pulun və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsini; cavabdeh isə iddiaçı ilə aralarında bağlanmış müqavilələrin müvafiq bəndlərinə istinad edərək, çağrı mərkəzinin əməkdaşının iddiaçının tələbini tam icra etdiyini, iddiaçının başqa şəxslərə verməməli olduğu təhlükəsizlik kodunu üçüncü şəxsə verməklə bu pulun oğurlanmasına, yəni iddiaçıya ziyan dəyməsinə səbəb olduğunu bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər.

c) Məhkəmənin mövqeyi:

22. Məhkəmə hesab edir ki, iddiaçı şəxsi və 524375******3882 nömrəli kart məlumatlarını, habelə cavabdeh bank tərəfindən təhlükəsizliyin təmini məqsədilə ona göndərilən “OTP” kodu üçüncü şəxsə verdiyini, həm 524375******3882, həm də 524375******4218 nömrəli kartın onun idarə etdiyi mobil tətbiqdə əks olunduğunu, kodu verdikdən sonra isə mobil tətbiqə daxil ola bilmədiyini bildirdiyindən, ona ziyan vurulması ilə nəticələnən hadisədə cavabdeh bank (və ya əməkdaşı) tərəfindən hər hansı mülki hüquq pozuntusunun törədilməsi və iddiaçıya ziyan dəyməsinə səbəb olan hadisədə cavabdehin (işçisinin) təqsirinin olması istisna edilir.

23. Çünki cavabdeh bank iddiaçıya tətbiqə birdəfəlik giriş üçün təyin olunan həmin kodu göndərdikdən sonra iddiaçı məxfiliyini qorumalı olduğu məlumatlara lazımi diqqət və ehtiyatlılıq göstərməmiş, ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını qabaqcadan görməli olduğu halda bunu etməmiş, həmin kodu, özü və 524375******3882 nömrəli kartı barədə olan məlumatlarını üçüncü şəxsə ötürmüş, bununla da mobil tətbiqin üçüncü şəxsin əlinə keçməsinə və mobil tətbiqdə əks olunan 524375******4218 nömrəli digər kartından 2.250 manat məbləğində pulun oğurlanmasına səbəb olmaqla, maddi zərərə uğramışdır.

24. İddiaçının ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməməklə şəxsi, kart məlumatlarını və təhlükəsizlik kodunu üçüncü şəxsə ötürməsi, bununla da maddi zərərə uğraması isə heç bir halda cavabdeh bankın (və ya işçisinin) təhlükəsizlik tədbirlərinə əməl etməməsi kimi qiymətləndirilməməlidir. Çünki iş materialları əsasında müəyyən edilir ki, iddiaçının tələbi əsasında onun istifadəsində olan 524375******3882 nömrəli kart cavabdehin çağrı mərkəzinin əməkdaşı – hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X5 tərəfindən bloklanmış, danışıq zamanı iddiaçı başqa heç bir kartının bloklanmasını isə tələb etməmişdir. İddiaçı kibercinayətlə bağlı məlumat verən zaman cavabdehin onun bütün kartlarını bloklamalı olduğunu bildirsə də, nə tərəflər arasında olan müqavilənin şərtlərində, nə qanunvericilikdə, nə də çağrı mərkəzinin əməkdaşının vəzifə təlimatında cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyinin olmasını göstərən hər hansı bənd, norma müəyyən edilməmişdir. Çünki kreditoru müdafiəsiz qoyan, hüquqi qeyri-müəyyənlik yaranmasına gətirib çıxaran əks yanaşma gələcəkdə ümumi mülki dövriyyənin davamlılığına, kredit münasibətlərinin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarar.

25. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçıya maddi ziyan dəyməsi mübahisəsiz olsa da, bu ziyanın vurulmasında bankın heç bir hüquq pozuntusuna dəlalət edən hərəkət və ya hərəkətsizliyi, habelə təqsiri müəyyən edilmədiyindən, hazırkı iddia təmin edilməməlidir.

26. Məhkəmə mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

27. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.

28. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.

29. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

31. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.4. Bloklaşdırma – ödəniş aləti vasitəsilə əməliyyatların həyata keçirilməsinin dayandırılmasıdır. Maddə 37.2. Qanunda nəzərdə tutulmuş hallarla yanaşı, ödəniş xidməti təchizatçısı ödəyici ilə bağlanmış müqavilədə nəzərdə tutulduqda aşağıdakı məqsədlərlə ödəniş alətini bloklaşdırmaq hüququna malikdir: - ödəniş alətinin təhlükəsizliyinin təmin olunması; - ödəniş alətinin dələduzluq məqsədilə və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasının qarşısının alınması; - ödəyicinin kredit xətti ayrılmış ödəniş alətləri üzrə öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsinin qarşısının alınması. Maddə 38.1, 38.1.2-38.1.3. Ödəniş alətini əldə etdikdən dərhal sonra onun fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının təhlükəsiz saxlanmasını təmin etmək; ödəniş alətinin itirilməsini, oğurlanmasını və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi dərhal məlumatlandırmaq ödəniş xidməti istifadəçisinin ödəniş alətinə münasibətdə vəzifələrindəndir. Maddə 39.1, 39.1.4. Ödəniş xidməti istifadəçisi tərəfindən bu Qanunun 38.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda verilən bildirişdən dərhal sonra ödəniş alətini bloklaşdırmaq ödəniş alətini emissiya edən ödəniş xidməti təchizatçısının vəzifələrindəndir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz.

34. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

35. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

36. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

37. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar