Məhkəmə qərarları › İş №2(006)-3986/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3986/2025

27.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3986/2025 27.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1400 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2024-cu ildə ona məxsus şəxsi avtomobilini təmir etdirmək məqsədi ilə ünvan 1 ünvanda yerləşən avtomobil təmiri emalatxanasında tanış olmuş, avtomobil təmiri sexinin ustası Cavabdeh avtomobil hələ təmirdə olduğu müddətdə öz zəruri ehtiyaclarını ödəmək məqsədi ilə ondan ümumilikdə 1400 manat məbləğində vəsait istəmiş, o bu məbləği dörd hissəli olaraq ona vermiş, məbləğin 1200 manatı Leobank kartı vasitəsi ilə cavabdehin kart hesabına,200 manatı isə tərəfindən nağd şəkildə ona ödənilmiş,avtomobilin təmir edilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqda,onunla şifahi qaydada razılaşmaya əməl olunmadığını və avtomobilin təmir edilmədiyini görərək, avtomobili xüsusi maşın vasitəsi ilə başqa bir emalatxanaya aparmış, orada təmir etdirmiş, bundan sonra o Cavabdeh yanına dəfələrlə getsə də, görülməmiş işin müqabilində ona verilmiş pul məbləğini ala bilməmiş. Sonuncu dəfə pulun qaytarılması tələbi ilə emalatxanaya gedərkən,cavabdeh ona, tərəfindən pul qaytarilmayacağını demiş və hansı tədbiri istəyirsə görə biləcəyini bildimişdir. Dəfələrlə cavabdehə pulun ödənilməsi tələbi ilə bağlı, zənglər etsədə və onun yanına getsə də məbləğ qaytarılmamışdır. Bundan sonra o, 27 05 2025 çi tarixiııdə. Nəsimi rayon Polis idarəsinin 19 -cu Polis bölməsinə, pulun ona qaytarılmasına köməklik edilməsi xahişi ilə müraciət etmiş, Polis idarəsindən ona ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, iş məhkəmə icraatı qaydasında aparılmalıdı. Odur ki, o məhkəməyə edərək Cavabdeh 1400 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında verilən izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehdən tələb etdiyi 1400 manat pulun 700 manat ilə əvəzlənməsini və tələbinin 1400 manat deyil 700 manat olaraq məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edərək, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçının iddiasına etirazının olmadığını, iddianı qəbul etdiyini, iddiaçıya 700 manat pul borcu olduğunu etiraf etmiş və bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Tərəflər məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdirlər. Bunu nəzərə alan məhkəmə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: İş materiallarında olan “vhatsap” tətbiqi üzərindən aparılan yazışmaların sürətindən görünür ki, tərəflər arasına pul tələbi ilə bağlı mübahisə mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 27 may 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı 10 may 2025-c il tarixdə polisə müraciət etmiş və müraciətə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində baxılaraq, hüquqi münasibətlərindən irəli gələn mübahisəl-ər üzrə işlərə mühakimə icraatı qaydasında məhkəmələr tərəfindən baxıldığını və həllinin polis orqanlarının səlahiyyətinə aid olmadığını nəzərə alınmaqla xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüquqununun olması izah olunmuşdur. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı 35 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1 Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Tərəflərin vermiş olduğu izahatlardan və təqdim etdikləri materiallardan müəyyən edilir ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Beləki, iddiaçı tərəfindən göstərilən pul məbləği cavabdehə onun tərəfindən şəxsi avtomobilinin təmir işlərinə dair razılaşmaya əsasən ödənilmiş pul məbləğidir və cavabdeh tərəfindən üzərinə düşən öhdəlik vaxtında lazımi şəkildə yerinə yetirilmədiyi üçün iddiaçı həmin pul məbləğinin cavabdeh tərəfindən geri qaytarılmasını istəyir, lakin cavabdeh hazırki dövrə qədər ona hər hansı bir ödəniş etməmişdir. MPM-nin 220.4-cü maddəsinə əsasən,cavabdeh iddianı etiraf etdikdə, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırkı halda, cavabdeh yazılı ərizə verərək iddianı etiraf etmişdir, məhkəmə bunu qəbul etmiş. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar