Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-399/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Dadaşov Kənan İlqar oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Məlikov Ramal Teyyub oğlunun iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı (sığortaçı) "xxxx" ASC ilə bağlanmış AS 466/20_14 saylı “Nəqliyyat vasitələrinin sığortası” müqaviləsinə əsasən ** PZ *** dövlət qeydiyyat nömrəli “Hyundai Accent” minik markalı avtomobil sığortalanmışdır. 15.11.2020ci il tarixdə Hava limanı yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş vermiş və bir neçə nəqliyyat vasitəsi toqquşmuşdur. Bu vaxt Cavabdeh1 istifadəsində olan ** HR *** dövlət qeydiyyat nömrəli “Chevrolet Cruze” markalı avtomobili ilə Paşayev Ümid Afiq oğlunun istifadəsində olan ** RT *** dövlət qeydiyyat nömrəli "xxxx" markalı avtomobili idarə edərkən ASC-də sığortalanmış avtomobillə toqquşmuşlar. TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh1 və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən digər cavabdeh Ü.Paşayev yol hərəkət qaydalarını pozduğu üçün hadisədə təqsirli şəxslər kimi tanınmışlar. 03.05.2021-ci il tarixli zərər aktına əsasən hadisə nəticəsində sığortalanmış avtomobilə (“Hyundai Accent”) 7880 manat məbləğində zərər dəydiyi hesablanmışdır. 250 manat azadolma məbləği çıxıldıqdan sonra yerdə qalan 7630 manat sığorta ödənişi sığortalı "xxxx" QSC-yə ödənilmişdir. ** HR *** dövlət qeydiyyat nömrəli “Chevrolet Cruze” markalı avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortaçısı "xxxx" ASC tərəfindən 14.06.2021-ci il tarixində dəymiş zərərin 2127,72 manat, ** RT *** dövlət qeydiyyat nömrəli "xxxx" markalı avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortaçısı "xxxx" ASC tərəfindən 12.07.2021-ci il tarixində dəymiş zərərin 2423,12 manat hissəsi iddiaçıya ödənilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehlər təqsirli hesab edildiyi üçün iddiaçının onlara qarşı subroqasiya hüququ yaranır. Göstərilənlərə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 7630 manat sığorta ödənişinin yerdə qalan 3079,16 (7630-2127,72- 2423,12=3079,16) manat hissəsini və ödənilmiş 30,4 manat məhkəmə rüsumu olmaqla, cəmi 3109,56 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh Ü.Paşayev onun üzərinə düşən öhdəliyi tam ödəmişdir. Ona görə də "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 7630 manat sığorta ödənişinin yerdə qalan 1687,28 manat hissəsini və ödənilmiş 30,4 manat dövlət rüsumu olmaqla, cəmi 1717,58 manat pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Məlikov Ramal Teyyub oğlu iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmiş, sonrakı iclaslarda iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 17.05.2021-ci il tarixli sığorta aktının surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 15.11.2020-ci il tarixində onlara məxsus olan ** HR *** dövlət qeydiyyat nömrəli “Chevrolet Cruze” markalı avtomobili və ** RT *** dövlət qeydiyyat nömrəli "xxxx" markalı avtomobili idarə edərkən ASC-də sığortalanmış avtomobillə (** PZ *** dövlət qeydiyyat nömrəli “Hyundai Accent” minik markalı avtomobil) toqquşmuşlar, nəticədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığorta hadisəsinə görə 7630 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşin materiallarında olan TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən digər cavabdeh Ü.Paşayev yol hərəkət qaydalarını pozduğu üçün hadisədə təqsirli şəxslər kimi tanınmışlar. Həmçinin, işdə olan hesab üzrə çıxarışlardan görünür ki, "xxxx" ASC tərəfindən verilmiş sığorta ödənişinin ** HR *** dövlət qeydiyyat nömrəli “Chevrolet Cruze” markalı avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortaçısı "xxxx" ASC tərəfindən 14.06.2021-ci il tarixində 2127,72 manat, ** RT *** dövlət qeydiyyat nömrəli "xxxx" markalı avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortaçısı "xxxx" ASC tərəfindən 12.07.2021-ci il tarixində 2423,12 manat hissəsi iddiaçıya ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15.11.2020-ci il tarixində onlara məxsus olan avtomobilləri idarə edərkən, "xxxx" ASC-də sığortalanmış avtomobillə (** PZ *** dövlət qeydiyyat nömrəli “Hyundai Accent” minik markalı avtomobil) toqquşmuşlar, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş cavabdehlər inzibati məsuliyyətə cəlb olunmuşlar. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığorta hadisəsinə görə 7630 manat məbləğində sığorta ödənişi verilmiş, həmin məbləğin 4550,84 manat hissəsini cavabdehlərin icbari sığortaçıları "xxxx" ASC və "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmiş, sonradan cavabdehlərdən Ü.Paşayev iddiaçı qarşısında onun üzərinə düşən öhdəliyi yerinə yetirmiş, sığorta ödənişinin yerdə qalan 1687,28 manat hissəsi isə ödənilməmiş qalmış və hazırda "xxxx" ASC həmin pul məbləğinin Cavabdeh1 tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh1 tərəfindən idarə edildiyindən, həmçinin, onun təqsirli olması sübuta yetirildiyindən, həmin mənbənin vurduğu zərərə görə Cavabdeh1 məsuliyyət daşımalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh1 1687,28 (bir min altı yüz səksən yeddi manat, iyirmi səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 (otuz manat, qırx qəpik) manat, cəmi 1717,58 (bir min yeddi yüz on yeddi manat, əlli səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 1687,28 (bir min altı yüz səksən yeddi manat, iyirmi səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 (otuz manat, qırx qəpik) manat, cəmi 1717,58 (bir min yeddi yüz on yeddi manat, əlli səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-399/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-399/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver