Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3992/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci ildə İddiaçı onda olan 3750 (üç min yeddi yüz əlli) manatlıq mebeli türk vətəndaş Turqaya vermişdir. Turqay Bakı şəhəri, Nizami küçəsi 23-də yerləşən ofisi icarəyə götürmüşdür. O, iddiaçıya bildirmişdi ki, pulunu icarəyə götürdüyü ərazinin mülkiyyətçisi verəcəkdir. Bu yerin sahibi Cavabdeh (xx.xx.1962) idi. Bundan sonra dəfələrlə müraciət etsə də, verməyiblər. Nəticədə, məhkəmə qarşısında tələb etmək zərurətində qalmışdır. Göstərilənləri nəzərə alaraq cavabdehdən həmin mebellərin qalığı olan 3050 (üç min əlli) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia müddətinin tətbiqinə dair ərizə verərək, iş üzrə iddia müddəti ötürüldüyündən iddia tələbini tətbiq edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, onun mebelləri satdığı adam çıxıb getdikdən sonra həmin mebellər cavabdehin mükiyyətində olan obyektdə qalmağa davam etdi. O, bununla bağlı dəfələrlə cavabdehə müraciət edərək mebellərin və ya onların dəyərinin ona verilməsini xahiş etdi. Ən son cavabdeh işçisinə tapşırdı ki, mebellərə baxış keçirilsin, əgər həqiqətən mebellər onun obyektindədirsə, onların dəyərini ona ödəməyi boynuna götürdü. Daha sonra onun işçisi həqiqətən mebellərin onun obyektində olmasını yoxlayaraq təsdiqlədi. Cavabdeh ona bildirdi ki, mebellərin pulu olaraq ona 700 manat verir, yerdə qalan pulu isə daha sonra ödəyəcəkdir. O da həmin vaxt əməliyyat olmalı olduğundan bunu qəbul etdi. Nəticədə, onlar onu aldadaraq həmin sazişi imzalatdılar. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul qəbul etməyərək izahatında qeyd etdi ki, həmin mebellər türk vətəndaşına verilmişdir. Cavabdehin bununla heç bir əlaqəsi olmamışdır. Sadəcə cavabdeh Turqay adlı həmin türk vətəndaşının fəaliyyət göstərdiyi obyektin sahibi olub. Həmçinin, iddiaçı dəfələrlə cavabdehi narahat edərək mebellərin pulunu ondan tələb etmişdir. Cavabdeh də onun yaşlı adam olmasını nəzərə alaraq ona 700 manat pul vermişdir. İddiaçı da öhdəlik götürmüşdür ki, bununla bağlı gələcəkdə heç bir mübahisəsi olmayacaqdır. Həmçinin, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Ona görə də bu halları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. 6.Məhkəmə tərəflərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı 2012-ci il tarixdə türk vətəndaşına 3750 manat məbləğində dəyəri olan mebel vermiş, həmin mebellər hazırki iş üzrə cavabdehə məxsus obyektdə saxlanılmış, 2019-cu il tarixdə tərəflər arasında Saziş bağlanmış, həmin Sazişə əsasən iddiaçı 700 manat məbləğində pul vəsaitini mebel avadanlıqlarının əvəzi olaraq qəbul etmiş, eyni zamanda iddiaçı gələcəkdə bununla bağlı cavabdehə qarşı heç bir iddia tələbinin olmayacağını öz üzərinə götürmüşdür. Hazırda iddiaçı həmin Sazişin aldadılaraq bağlandığını iddia edərək, mebel avadanlığının dəyəri olan ödənilməyən 3050 manat mə b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanan xx.xx.2019-cu il tarixli Sazişdən görünür ki, İddiaçı Cavabdeh mülkiyyətində olan obyektində icarədə qaldığı müddət ərzində yeni mebel avadanlıqları ilə təchiz etmişdir. İcarə müddəti bitdikdən sonra tərəf 2 təchiz olunmuş mebel avadanlıqlarının qarşılığı olaraq 700 manat təşkil edir və birinci tərəf 700 manatı mebel avadanlıqlarının əvəzi olaraq qəbul edir. Həmin Sazişin 2-ci bəndinə əsasən İddiaçı gələcəkdə bununla əlaqədar Cavabdeh qarşı heç bir iddia tələbi olmayacaq. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 9.Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 11.Həmin Məcəllənin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 12.Həmin Məcəllənin 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 13.Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 14.Hazırki iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi tərəflər arasında 10 iyun 2019-cu il tarixdə Saziş bağlanmış, həmin Sazişin şərtlərinə əsasən cavabdeh tərəf iddiaçının verdiyi 700 manat məbləğində pul vəsaitini mebel avadanlığının əvəzi olaraq qəbul etməyi, iddiaçı tərəf isə gələcəkdə bununla bağlı cavabdehə qarşı heç bir iddia tələbinin olmamasına dair öz üzərlərinə öhdəlik götürmüşlər. Həmin Sazişin bağlanmasını hər iki tərəf qəbul edir. Bu, işin mübahisəsiz halıdır. 15.İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı sözügedən Sazişin bağlandığı zaman cavabdehin ona 700 manat məbləği verib, qalan məbləği sonradan ödəyəcəyinə bildirməsini və lakin hələ də pulun cavabdeh tərəfindən ödənilmədiyini, nəticədə sözügedən Sazişin onun aldadılaraq bağlandığını iddia etsə də, bununla bağlı mötəbər sübutlarını (iddia etdiyi mebellərin dəyərinin həqiqətən 3750 manat məbləğində olması və s.) məhkəməyə təqdim etməmiş, eyni zamanda məhkəmə tərəfindən həmin hallar, eləcə də Sazişin aldatma nəticəsində bağlanması faktı aşkar edilməmişdir. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, iddiaçı mebelleri hazıki cavabdehə vermədiyini, lakin razılaşma əsasında mebellərin dəyərinin hazırki cavabdehdən alınması faktı öz təsdiqini saziş ilə tapmış, lakin sazişdə iddiaçı mebellərin bütün dəyəri ilə (700 manat) razılaşaq həmin müqaviləni sərbəst şəkildə bağlamışdır. Bu isə onu deməyə bir daha əsas verir ki, iddiaçı məhkəməyə formal əsaslardan çıxış edərək müraciət etmiş və hazırki tələbi əsassız olmuşdur. 16.Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 17.Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 18.İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli qərarında göstərmişdir ki, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. 21.Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 22.İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. 23.Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iddia müddətini ötürməsi səbəbindən iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 24.Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddia tələbi əsassız olduğundan, cavabdeh tərəfindən verilən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsinə prosessual qənaət prsinpisi baxımından zərurət qalmır. 25.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası əsassız hesab edilməklə rədd edilməlidir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 28.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 29.Həmin Məcəlləniin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 31.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3992/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3992/2024
05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver