Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3994/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X11 məxsus Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0,03 ha torpaq sahəsinin satılmasına görə 4.800 manat, «Mercedes Benz E240» minik markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına görə 13.400 manat, bir illik gəlirini təşkil edən 41.000 manat, Vergi borcuna görə 2.637,27 manat olmaqla, vurulmuş maddi ziyana görə cəmi 61.837,27 manat və vurulmuş mənəvi ziyana görə 50.000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 25 mart 1985-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Evlidir və himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşaqları var. Lənkəran şəhər Mərkəzi Bazarında paltar satmaqla məşğul olmuşdur və bununla bağlı həbs olunduğu vaxta qədər hər ay düzənli olaraq vergiləri dövlət büdcəsinin hesabına ödəmişdir. Lənkəran rayonu Sütəmurdov kənd sakini X13 Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən 06 iyul 2022-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Regional Şöbəyə gətirilib üzərinə baxış keçirilərək sorğu-sual edilən zaman üzərindən aşkar edilmiş narkotik vasitəni Lənkəran rayonu Sütəmurdov kənd sakini Ramin adlı şəxsdən aldığını bildirmişdir. O, 06 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən saxlanılsa da, onun saxlanması barədə sənədləşmələr 07 iyul 2022-ci il tarixdə tərtib edilmişdir. 06 iyul 2022-ci il tarixdən 10 avqust 2023-cü il tarixədək olan müddət ərzində isə o, həbsdə olmuşdur. Belə ki, Lənkəran rayon Məhkəməsinin qərarı ilə onun barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. O, yalnız Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 1(099)-98/2023 saylı hökmünə əsasən bəraət aldıqdan sonra həbsdən azad edilmişdir. Yəni, 1 il 1 ay müddətində həbsdə saxlanılmışdır. Cinayət işi üzrə ittiham aktı tərtib edilmiş və həmin ittiham aktı təsdiq edilərək məhkəməyə verilmişdir. Onun barəsində olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılmış və məhkəmənin 10 avqust 2023-cü il tarixli 1(099)-98/2023 saylı hökmü ilə ona, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş və barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilmişdir. Beləliklə də, o, bütün bu dövr ərzində qanunsuz olaraq 1 il 1 ay müddətində həbsdə saxlanılmışdır. Buna baxmayaraq, həmin hökmdən Azərbaycan Respublikası Baş X4 Müdafiəsi Üzrə İdarəsinin birinci instansiya məhkəməsində X10 şöbəsinin dövlət ittihamçısı X15 apellyasiya protesti vermiş, onun apellyasiya protestinə baxan Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyası özünün 01 noyabr 2023-cü il tarixli 1(106)-680/2023 saylı qərarı ilə dövlət ittihamçısı X15 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 1(099)-98/2023 saylı hökmü dəyişiklik edilmədən saxlanılmışdır. Daha sonra yenidən Ali Məhkəməyə kassasiya protesti verilmiş və Ali Məhkəmədə də işə baxılaraq kassasiya protesti təmin edilməmişdir. O, həbs edilməmişdən əvvəl Lənkəran şəhərində yerləşən Mərkəzi Bazarda müxtəlif növ geyim əşyalarının satışı ilə məşğul olmuşdur və bununla öz ailəsini dolandırmışdır. Həmçinin mütəmadi olaraq gəlir vergisi ödəmişdir. O, hər ay təqribən 3.500-4.000 manat dəyərində qazanc əldə etmişdir. Həbsdə olduğu bu müddət ərzində 35.000-40.000 manat məbləğində gəlirdən məhrum olmuşdur. Onun Lənkəran şəhərində olan biznesi məhz həbsdə olduğu üçün çökmüşdür və o, iflas etmişdir. Artıq onun pulu olmadığına görə biznesini qura bilmir və bütün gəlirlərindən məhz günahsız yerə həbs olunduğu üçün məhrum olmuşdur. Bundan əlavə, onun həyat yoldaşı özlərinin tələbatını ödəmək üçün məcbur qalıb müxtəlif dükanlardan nisyə olaraq ərzaq məhsulları almışdır. Sonradan o, azadlığa çıxdıqdan sonra həmin dükanlara olan borcların ödənilməsi məqsədi ilə həyat yoldaşı X11 məxsus torpaq sahəsini 4.800 manat pul vəsaiti müqabilində satmış və əldə olunmuş pulla borcları ödəmişlər. Bundan əlavə, o, həbsdə olduğu müddət ərzində həmçinin arvadı evin dolanışığını təmin etmək məqsədi ilə ona məxsus olan «Mercedes Benz E240» markalı ** SB *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 13.400 manata satmışdır və əldə olunan pul ilə ailənin dolanışığını təmin etmişdir. Həmçinin o, həbsdə olduğu müddət ərzində vergilər ödənilmədiyinə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 2.637 manat 27 qəpik məbləğində vergi borcu yaranmış və onun həmin borcu ödəmədiyi üçün ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan əlavə, o, qanunsuz olaraq həbs olunduğu üçün həyat yoldaşı X16 yaddaşın itməsi xəstəliyinə tutulmuşdur və hazırda da xəstəlikdən əziyyət çəkir. Bundan əlavə, o, günahsız olaraq 1 il 1 ay müddətə haqsız yerə azadlığından məhrum olunduğu üçün, eləcə də, heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzab-əziyyət onda əsəb pozuntusu və ürək ağrısına gətirib çıxarmışdır. Belə ki, heç bir əsas olmadan Azərbaycan Respublikası CMnin 234.4.2 və 234.4.3-cü maddələri ilə barəsində cinayət işi başlanmış və bir il bir ay müddətinə həbsxanada qalmağa məcbur olmuşdur. Nəticədə isə çox böyük psixoloji sarsıntılar, əsəb gərginliyi keçirmişdir. Həmçinin saxlanıldığı zaman mütəmadi olaraq döyülmüşdür və şəxsiyyəti polis əməkdaşları tərəfindən alçaldılmışdır. Bu barədə məsələ hökmdə də öz əksini tapmışdır. Bu səbəbdən, hesab edir ki, cavabdehlər vurduqları maddi ziyanla yanaşı, həmçinin 50.000 manat məbləğində mənəvi ziyanı da ödəməyə borcludurlar. Bu səbəbdən, iddia tələbi məhkəmə tərəfindən təmin edildiyi təqdirdə qətnamənin icrası dövlət büdcəsi hesabına olacağı üçün hesab edir ki, hazırki iddia tələbinin yönələcəyi cavabdehlərdən biri də məhz Azərbaycan Respublikası Maliyyə Nazirliyidir. Yuxarıda qeyd olunanlara əsasən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi əsaslı olmaqla qanunidir və təmin olunmalıdır. Çünki, mənəvi zərərin miqdarını müəyyən edərkən keçirdiyi mənəvi sarsıntının və iztirabların ağırlığını, bu sarsıntıların uzun bir müddət ərzində, yəni 1 il 1 ay ərzində davam etdiyini və eyni zamanda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli hökmünə əsasən həbsdən azad edildiyi vaxtdan sonra da dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və kassasiya protesti verilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının son qərarı qəbul edilənədək davam etməsi nəzərə alınmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X8 məhkəməyə iddia ərizəsinə etiraz göndərmişdir. Həmin etirazda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə cinayət işinin başlanmasını və həbsdə saxlanılmasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş maddi ziyanın əvəzi olaraq 61.837,27 manat, mənəvi ziyanın əvəzi olaraq isə 50.000 manat pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə»də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda «müvafiq icra hakimiyyəti», yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi «Azərbaycan Respublikası» dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan başqa, iddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Məhkəmələr tərəfindən dəymiş olan zərərin müəyyən edilməsi zamanı iddia məbləği ilə bağlı işdə olan və ya təqdim olunan sübutlara da istinad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu səbəbdən, iddianın tam həcmdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: X6 AR CM-nin 234.1-ci maddəsi ilə, İddiaçı AR CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 22062049 nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli ittiham aktının surətindən görünür ki, X6 AR CM-nin 234.1-ci maddəsi ilə, İddiaçı AR CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə görə barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 1(099)-98/2023 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, ona qanunsuz olaraq həbsdə saxlanılmasına görə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 01 noyabr 2023-cü il tarixli 1(106)-680/2023 saylı qərarından görünür ki, apellyasiya protesti təmin edilməmiş, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 1(099)-98/2023 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 12 iyun 2024-cü il tarixli 1(102)-1213/2024 saylı qərarından görünür ki, kassasiya protesti təmin edilməmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 01 noyabr 2023-cü il tarixli 1(106)-680/2023 saylı qərarı kassasiya protestinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X16 21 yanvar 2023-cü il tarixdə Lənkəran rayon Mərkəzi Xəstəxanasına müvafiq diaqnozla daxil olmuş, 06 fevral 2023-cü il tarixdə müalicə tədbirləri başa çatdıqdan sonra xəstəxanadan evə yazılmışdır (çıxmışdır). “Elektron Notariat” X1 xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X16 xüsusi mülkiyyətində olan, Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0,03 ha torpaq sahəsini Lənkəran rayon 1 saylı notariat ofisində bağlanmış 18 dekabr 2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən 4.800 manata X3. 15 avqust 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X16 «Mercedes Benz E240» markalı ** SB *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 13.400 manata X2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 15 iyul 2024-cü il tarixli məktubundan görünür ki, uçotbaza məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləği 38.000 manat təşkil etmişdir. Həmçinin, qeyd olunan göstəricilərin vergi nəzarəti tədbirlərinin (yoxlamaların) nəticəsindən, eləcə də, təqdim olunan bəyannamə (hesabat) məlumatlarından asılı olaraq dəyişə bilən olduğunun nəzərə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 11 iyul 2024-cü il tarixli məktubundan görünür ki, şəxsi hesab vərəqəsinə əsasən vergilər üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 923,30 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X12 Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı 5 gün müddətində 2.637,27 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, qeyd olunan borc ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədi ilə məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. Şirvan Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli e-2-2(121)-2755/2023 saylı qətnaməsindən görünür ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsi təmin edilmiş, onun ölkədən getmək hüququ vergilər və digər məcburi dövlət ödənişləri üzrə olan öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti ilə əlaqədar bildirilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi 26000,0 manat təşkil etmişdir. Həmçinin, qeyd olunan göstəricilərin vergi nəzarəti tədbirlərinin (yoxlamaların) nəticəsindən, eləcə də təqdim olunan bəyannamə (hesabat) məlumatlarından asılı olaraq dəyişə bilən olduğunun nəzərə alınmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X9rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı bəraət alaraq həbsdən azad olunanadək 1 il 1 ay ərzində əsassız yerə həbsdə saxlanılması işin mübahisəsiz halıdır.Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar (təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində həbsdə saxlanılması və s.) doğrudur. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə, yəni 13.000 (on üç min) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 13.000 manat (1.000 manat x 13 ay) müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddia ərizəsinin məzmunundan aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə təqsirləndirilərək, həbs edilmiş, uzun müddət ərzində törətmədiyi cinayət əməlinə görə ittiham edilməsi ilə əlaqədar mənəvi iztirab çəkmiş, uzun müddət məşğul olduğu və ona qazanc gətirən işindən kənarda qalmış, gəlirdən məhrum olmuşdur. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və Dövlət Vergi Xidmətinin müvafiq məktubundan müəyyən edilir ki, şəxsin xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üzrə illik gəliri 26000 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddət üçün onun əvvəlki il üzrə gəlirləri nəzərə alınmalıdır. Belə ki, sahibkarlıq fəaliyyətində illik gəlirin dəyişəbilən (artması və ya azalması) nəzərə alınmaqla hesab etmək mümkündür ki, şəxsin gəlirləri 2022-2023-cü illərdə arta bilərdi. Bu baxımdan məhkəmə şəxsin gəlirlərindən məhrum olduğu dövr üçün də eyni məbləği nəzərə alır. İddiaçının 2021-ci ilin 12 ayı ərzində gəlirinin 26000 manat olması nəzərə alınmaqla onun aylıq gəliri (26000:12≈2167) 2167 manat və həbsdə saxlandığı 13 ay müddəti üçün (2167x13≈28170) 28170 manat təşkil edir. Məhkəmə iddiaçının vergi ödəyicisi olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olub, gəlir əldə etməsi nəzərə alınmaqla onun həbsdə saxlandığı 13 ay müddət üçün itirilmiş qazancının 28170 manat məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə iddia tələbinin iddiaçının arvadının xüsusi mülkiyyətində ola daşınmaz və daşınar əmlakını satması ilə bağlı pul tələb etməsini əsassız hesab edir. Əvvəla iddiaçının arvadı olan X16 öz xüsusi mülkiyyətində olan daşınmaz əmlak kimi torpaq sahəsinə və daşınar əmlak kimi isə avtomobilə dair sərəncam verməkdə səlahiyyətli olmuşdur. İddiaçının həbsdə olduğu müddətdə arvadının öz mülkiyyətində olan əmlakını özgəninkiləşdirməsi iddiaçının yalnız həmin əmlakın ər-arvadın ümumi birgə mülkiyyət hesab edilməsi halında hüquqlarını pozmuş olardı ki, iddiaçının hazırki iddia tələbində irəli sürdüyü dəlillər bununla bağlı deyil.Digər tərəfdən iddiaçının arvadı həmin əmlakları əvəzli qaydada özgəninkiləşdirmiş və bunun müqabilində pul əldə etmişdir. Həmin pulun hazırki iş üzrə cavabdehdən tələb etməsi tamamilə əsassızdır. Məhkəmə iddiaçının iddia tələbinin vergi borcuna görə 2637,27 manat pulun tutulması ilə bağlı qeyd edir ki, məhkəmə həmin borcun hesablanmasına dair sənədlərdən müəyyən edir ki, şəxsin vergi ödəyicisi olmaqla həbsdə olduğu dövrdə bu fəaliyyəti həyata keçirməməsi və bunun da nəticəsində ona vergi borclarının hesablanması aydındır. Lakin bu borcun şəxsin həbsdə olduğu dövrdə hesablanmasının əsaslılığı ilə bağlı məsələ şəxs tərəfindən müvafiq icraatda mübahisələndirilə bilər və hətta iddiaçı həmin vergi borcu ödəməmişdir. Odur ki, müvafiq icraatda mübahisələndirmək imkanına malik olduğu və üstəlik də faktiki olaraq ödəmədiyi pulu hazırki iş üzrə cavabdehdən tələb etməsi tamamilə əsassızdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 13.000 (on üç min) manat və vurulmuş maddi ziyana görə 28170 (iyirmi səkkiz min bir yüz yetmiş) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İşin araşdırılmış hallarına əsasən ddia qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 13.000 (on üç min) manat və vurulmuş maddi ziyana görə 28.170 (iyirmi səkkiz min bir yüz yetmiş) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3994/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3994/2024
05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver