Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3997/2025 05.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər ”Bank BTB” ASC-yə, Cavabdeh3 MMC-yə və Nəsimi rayon İcra şöbəsinə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı cavabdehlər ”Bank BTB” ASC-yə, Cavabdeh3 MMC-yə və Nəsimi rayon İcra şöbəsinə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC tərəfindən keçirilən hərracların nəticələri ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 273.3 kv.m. olan mənzilə dair bağlanmış alqısatqı müqaviləsi (protokol), icra orqanının nümayəndəsi, ”Bank BTB” ASC və Cavabdeh3 MMC arasında “ipoteka predmetinin əldə olunması ilə bağlı” xx.xx.2025-ci il tarixdə imzlanmış protokolun və bu protokol əsasında ”Bank BTB” ASC-yə verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verildiyindən ərizə və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə: a) İş materialları:
3. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2011-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış, əsas fəaliyyətini “tametlərin pərakəndə satışı” təşkil edir (statusu: fəaliyyətini müvəqqəti dayandırmış).
4. Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 99,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:
5. Beləliklə, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edildi ki, ərizəçi məhkəmə aidiyyəti normalarına riayət etməmişdir.
6. Belə ki, Gəncə Kommesiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli e-2-2(115)- 300/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bank "xxxx" ASC ilə cavabdeh "xxxx" Firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli ВKN00014-06/19A saylı əsas kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli BKN – A0014-06/19A saylı əlavə kredit müqaviləsi, xx.xx.2019cu il tarixli ВKX00014-06/19A saylı əlavə kredit xətti müqaviləsi və xx.xx.2020-ci il tarixli RPZ- B0014- 06/19A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2020-ci il tarixli RPZ-B0014- 06/19A saylı əlavə kredit müqaviləsi üzrə 257430 manat əsas borc, 19207 manat 12 qəpik faiz borcu, cəmi 276637 manat 12 qəpik məbləğində borc və xx.xx.2019-cu il tarixli ВKX-00014-06/19A saylı əlavə kredit xətti müqaviləsi üzrə 49500 manat əsas borc, 6848 manat 99 qəpik faiz borcu, cəmi 56348 manat 99 qəpik məbləğində borc olmaqla, ümumilikdə 332986 manat 11 qəpik məbləğində borc, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 50 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdeh "xxxx" Firmasından iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 40 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 680000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh İddiaçı qaytarılması, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdeh "xxxx" Firmasından tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra mənzilin boşaldılması, İddiaçı 300 manat məbləğində qiymətləndirmə haqqının tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(104)-10/2023 nömrəli qətnaməsi ilə Gəncə Kommesiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli e-2-2(115)-300/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Göründüyü kimi, qeyd olunan qətnamə ilə "xxxx" Firmasının "xxxx" ASC-yə borcu üzrə tutma İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 40 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilmiş, həmin mübahisəyə haqlı olaraq kommersiya məhkəməsində baxılmışdır. Qətnamənin icra edilməsi məqsədilə tərtib edilmiş ipoteka predmetinin əldə olunması ilə bağlı xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hərracın keçirilməsi üçün əsas Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(104)-10/2023 nömrəli icra sənədi olmuşdur. Hazırkı mübahisənin də təməlində kommersiya münasibətləri, həmin kommersiya münasibətlərinin həlli məqsədilə qəbul edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qətnaməsi və onun icrasının təmin edilməsi zamanı yaranan münasibətlər dayanır.
9. Mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edilməlidir ki, iddiaçı kommersiya məqsədilə "xxxx" Firmasına verilmiş kreditin təminatı olan evinin kommersiya hüquqi şəxsi olan hərrac təşkilatının keçirdiyi hərrac vasitəsilə digər kommersiya hüquqi şəxsi olan bankın mülkiyyətinə keçməsi barədə məsələni mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdeh qismində cəlb edilmiş hərrac təşkilatı və bank kommersiya hüquqi şəxsləri olmaqla, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması, eyni zamanda, iddiaçının fərdi sahibkar olması, mübahisənin yaranma əsasının kommersiya məqsədli kredit müqavilələri əsasında öhdəliyin təminatı olaraq bağlanmış ipoteka müqaviləsinin predmetinin satışı və həmin satışın nəticəsində kommersiya hüquqi şəxsləri arasında bağlanmış alqı-satqı müqaviləsi ilə bağlı olması nəzərə alınmalıdır.
10. Mübahisənin subyektiv tərkibi ilə bağlı qeyd edilir ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkardır. İddiaçının VÖEN-nin aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Cavabdeh ”Bank BTB” ASC-nin və Cavabdeh3 MMC-nin isə gəlir əldə etmək məqsədi daşıyan kommersiya hüquqi şəxsləri olması mübahisə mövzusu deyil. Digər cavabdeh Nəsimi rayon İcra şöbəsi isə dövlət qurumu olmaqla, qanunvericilikdə müəyyən edilmiş səlahiyyətlərə malikdir. Deməli, mübahisənin əsas subyektiv tərkibi olan iddiaçı və cavabdehlər ”Bank BTB” ASC və Cavabdeh3 MMC sahibkarlıq fəaliyyəti subyektləridir.
11. Məhkəmə qeyd olunmasını zərurui hesab edir ki, digər cavabdeh Nəsimi rayon İcra şöbəsinin hazırkı mübahisədə faydalanan və ya kommersiya fəaliyyəti ilə məşğul olan şəxs deyil, məhkəmə qətnaməsinin icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət göstərən dövlət qurumu olması nəzərə alınmalı və cavabdehlərdən birinin kommersiya fəaliyyəti ilə məşğul olan şəxs olmamasının mübahisəyə ümumi məhkəmədə baxılmalı olması mənasına gəlmədiyinə diqqət yetirilməlidir. Yəni, məhkəmə aidiyyəti müəyyən edilərkən mübahisənin əsas subyektiv tərkibi araşdırılmalı və digər meyarlarla birlikdə qarşılaşdırılmalıdır.
12. Məhkəmə hazırkı mübahisənin subyektiv tərkibini, predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisənin təməlində sahibkarlıq subyektləri arasında olan kommersiya münasibətləri dayandığına görə hazırkı mübahisə kommersiya hüquq münasibətlərinin tənzimlənməsi (öhdəliklərin yerinə yetirilməsi) zamanı yaranan kommersiya mübahisəsidir.
c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 114.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarı: 11-ci bənd. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 28-ci bənd. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.
15. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin xarakterinin, həm də mübahisənin predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, hazırkı iddia tələbinə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.
16. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 99,60 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalı, iddiaçıya aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
Nəticə:
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı cavabdehlər ”Bank BTB” ASC-yə, Cavabdeh3 MMC-yə və Nəsimi rayon İcra şöbəsinə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 99,60 (doxsan doqquz manat, altmış qəpik) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********). İddiaçıya izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova